Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:46

Culiani respublikaçı namizədlər arasında liderdir


Culiani öz gələcək hökumətinin daha səriştəli və daha etibarlı olacağını vurğulayır
Culiani öz gələcək hökumətinin daha səriştəli və daha etibarlı olacağını vurğulayır

Amerikada prezident seçkiləri yaxınlaşdıqca respublikaçı düşərgədə dörd əsas namizəd – Rudolf Culiani, Con Mak Keyn, Mit Romni və Fred Tompson arasında mübarizə kəskinləşir. Gərgin yay kampaniyasında keçmiş Nyu-York meri Rudolf Culiani əsas respublikaçı namizəd kimi seçkilərə qatılmış Con Mak Keyni həm seçicilər arasındakı reytinq, həm də seçki kampaniyası üçün yığılan vəsaitin miqdarına görə üstələməyə nail olub. Son sorğuların nəticələrinə görə, Culiani seçicilərin 26 %-nin rəğbətini qazanıb ki, bu da respublikaçı düşərgədə onun ən yaxın rəqibi Con Mak Keynin 13 %-lik populyarlıq reytinqindən iki dəfə çoxdur. Seçki kampaniyası üçün yığılan vəsaitin həcminə görə, digər respublikaçı namizəd Mit Romnidən geri qalan Culiani tezliklə bu fərqi də aradan qaldıracağına ümid edir.


Oktyabrın 7-də «New York Times» qəzetinin dərc etdiyi təhlili məqalədə qeyd olunub ki, seçki kampaniyası başlayanda siyasi ekspertlərin əksəriyyəti ümid etmirdi ki, abort haqlarının müdafiəsi və silah hüquqlarının məhdudlaşdırılmasının qatı tərəfdarı olan keçmiş Nyu York meri respublikaçıların əsas namizədinə çevrilə bilər. «New York Times» yazır ki, 2001-ci il sentyabrın 11-i hadisələri zamanı cəsarət göstərib əhalinin arasına çıxmış Culiani bu hadisələr zamanı öz davranışı barədə danışarkən iki əsas məsələni diqqət mərkəzinə çıxarır. Birincisi, o, bu hadisələr zamanı liderlik keyfiyyəti göstərdiyini qeyd edir və bildirir ki, respublikaçı seçicilər onun bəzi məsələlər – məsələn, abort haqları və silah hüquqları məsələsindəki mövqeyi ilə razılaşmasalar da, onun liderliyinə və çətin sınaq qarşısında düzgün və cəsarətli qərar qəbul edəcəyinə əmin ola bilərlər. İkincisi, Culiani sentyabrın 11-i hadisələri zamanı göstərdiyi səriştəni Corc Buş hökumətinin Katrina qasırğası zamanı göstərdiyi səriştəsizliklə müqayisə edir və öz gələcək hökumətinin daha səriştəli və daha etibarlı olacağını vurğulayır. Etdiyi tənqidlərə baxmayaraq, Culiani Corc Buşun İraq müharibəsi ilə bağlı siyasətini tam dəstəkləyir.


«New York Times» yazır ki, Culiani respublikaçıların əsas namizədi olmaq üçün hələ də bir sıra ciddi əngəlləri dəf etməlidir. Qəzetin yazdığına əsasən, reytinqinə görə respublikaçı namizədlər arasında birinci yerdə gedən Culiani 2007-ci il üçün Konservativ Siyasi Aksiya Komitəsinin yığıncağında kifayət qədər ilıq qarşılanmışdı. Onun oğlu Endryu Culianinin atası ilə soyuq münasibətlərinin olduğunu deməsi də seçicilər arasında səs itirməyə səbəb ola bilən faktordur. Culiani şəxsi həyatının siyasətə dəxli olmadığını dəfələrlə vurğulasa da, qəzet yazır ki, Amerika seçki kampaniyalarının təcrübəsi göstərir ki, kampaniyaya qatılan insan şəxsi həyatını ictimai həyatdan ayrı saxlaya bilməz.


Digər bir qəzet «Washington Post» oktyabrın 7-də dərc etdiyi təhlili materialda göstərir ki, Culiani vergi məsələsində digər respublikaçı namizəd Mit Romni ilə toqquşası olub. Culiani verdiyi müsahibələrin birində deyib ki, mer kimi 23 dəfə vergiləri azaltmaq barədə qərarlar verib və bu addımı «təkcə Nyu Yorkun siyasi mədəniyyəti deyil, vergilərin azaldılmasını əxlaqa zidd hesab edən Nyu York intellektual və elita mədəniyyətini dəyişdirərək etməli olub». O, digər respublikaçı namizədlərin vergiləri azaltmaq vədlərini nəzəriyyə adlandıraraq özünün Nyu York şəhərindəki vergiləri azaltmaq təcrübəsini önə çəkib. Mit Romni dərhal reaksiya verərək radio reklamında özünün vergiləri artırmayacağını vəd edən seçkiqabağı sənədə imza atmış yeganə əsas respublikaçı namizəd olduğunu vurğulayıb.


«Vaşinqton Post»un dərc etdiyi digər bir məqalədə Culianinin respublikaçıların mühafizəkar qanadına təsiri olan Milli Tüfəng Assosiasiyasında görüşü təhlil olunub. Qəzet yazır ki, Culiani silah haqlarını məhdudlaşdırmaq tərəfdarı olsa da, respublikaçı mühafizəkarları sakitləşdirmək üçün bu istiqamətdə öz siyasətini yumşaltmaq zorundadır və bunu edir.


Rudolf Culiani respublikaçı namizədlər arasında reytinq lideri kimi qalmaqda davam edir. Lakin digər respublikaçı namizədlərin onu məğlub etmə şansları hələ də ciddi təhdid olaraq qalır. Misal kimi onu göstərmək olar ki, bir neçə gün əvvəl oktyabrın 5-də ABŞ-ın səkkiz keçmiş dövlət katibi – Corc Şults, Henri Kissincer, Aleksandr Heyq, Lourens İqlburger, Ceyms Şlezinger, Con Leman, Ceyms Vusley, Robert Mak Farlan bəyanat yayaraq ölkənin milli təhlükəsizliyi naminə bütün amerikalıları respublikaçı namizəd Con Mak Keyni müdafiə etməyə çağırıblar. Bu addım öz seçki kampaniyasını xeyli dərəcədə milli təhlükəsizlik məsələləri üzərində qurmuş Culianiyə ağır zərbədir. Yəqin ki, seçki cədvəli sıxlaşdıqca Culianinin digər respublikaçı rəqibləri Mit Romni və Fred Tompson da buna bənzər sürprizlərlə çıxış edəcəklər.


XS
SM
MD
LG