Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:46

«Bu saat Bakıda məndən güclü killer dəstəsi var»


«Killerlərin ünvanı olmur»
«Killerlərin ünvanı olmur»

Oktyabrın 10-da Bakı Apellyasiya Məhkəməsində bir sıra adam oğurluqları və qətllərdə təqsirləndirilən Hacı Məmmədov və onun rəhbərlik etdiyi deyilən dəstənin digər üzvlərinin apellyasiya şikayətinə baxılması davam etdirilib. ANS PRESS-in məlumatına görə, H.Məmmədov xalq artisti Afaq Məlikovanın evinin qərət olunması epizodu ilə bağlı suallara cavab verərkən bildirib ki, o istintaq zamanı düzgün ifadələr verməyib. Bunun səbəbi isə intihar cəhdindən sonra ona vurulan güclü psixotrop maddələrin təsiri olub: «Müalicə prosesi davam etdiyi bir vaxtda dindirilmişəm. Verdiyim cavablar istintaqı başımdan etmək üçün idi».


Fətulla Hüseynovla bağlı epizoddan danışarkən isə o, müstəntiqin yazdıqlarına qol çəkdiyini bildirib.


Şirxan Albıyevin ölüm epizodu ilə bağlı dövlət ittihamçısının suallarını cavablandıran H.Məmmədov «əgər mən Şirxanı öldürməsəydim, Şirxan məni sağ buraxmayacaqdı» deyib.


Digər qətl hadisələrindən danışan Hacı Məmmədov deyib: «Mən manyak deyiləm. Amma qisas alarkən həzz alırdım. Öz qisasımı heç kimdə qoymamışam. Adam oğurluğunda məqsədim pul olub. Boris, Dilbər Novruzova və Ruslan Ukuşovu öldürməyim isə qisas xarakteri olub».


Hakimin təqsirləndirilənin həyat yoldaşı Nailə Quliyevanın qətl hadisələrində iştirakı ilə bağlı verdiyi suallara H.Məmmədov etiraz edib. O, bildirib ki, Nailə Quliyeva heç bir qətl hadisəsində iştirak etməyib, xəbər tutanda isə etiraz edib: «3-4 ay Almaniyaya, ya da Rusiyaya gedərdi. O, həmişə məndən qorxub. Əgər bu boyda kişilər məndən qorxduqlarını etiraf edirlərsə, Nailə niyə qorxmayaydı? O, iş adamı idi. Amma nə Dubaya, nə də Türkiyəyə gedirdi. Almaniya və Rusiyada bir sıra iri şirkətlərlə biznes əlaqələri qurmuşdu».


Adam oğurluğu ilə bağlı epizodlarda H.Məmmədov bildirib ki, onun oğurladığı adamlar hətta onlardan nə qədər pul almasına baxmayaraq sonradan «Cip»də gəzər, 4-5 min dollarlıq kostyumlar geyinərdilər: «Onlardan aldığım pulu haram saymıram».


Hakim Fətulla Hüseynovun və Rövşən Əliyevin qətl epizodu ilə bağlı, həmçinin H.Məmmədovun istintaqa verdiyi yalan ifadələrə aydınlıq gətirməsini istəyib. H.Məmmədov bildirib ki, F.Hüseynovun sifarişli qətl edilməsi ilə bağlı dünən etiraf edib: «Onun ailəsi sifarişçinin kim olduğunu bilir, amma təsdiqini məndən istəyirlər. Deməyəcəm. Əgər sifarişin səbəbini açsam, avtomatik təsdiqlənəcək. Ona görə də mən bu suallara cavab vermək istəmirəm». Hakim «həmin sifarişçilər belə güclüdürlərsə, niyə sifarişlərini sizin vasitənizlə həyata keçiriblər? Haradan biliblər ki, siz killersiniz» sualına H.Məmmədov «Killerlərin ünvanı olmur. Bu saat Bakıda məndən güclü killer dəstəsi var»,- deyə cavab verib.


XS
SM
MD
LG