Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:32

Avropa ilə Asiyanı təkcə enerji birləşdirirmi?


Sammitə ortaq keçmişə və tarixə malik olan gənc dövlətlər toplaşmışdı
Sammitə ortaq keçmişə və tarixə malik olan gənc dövlətlər toplaşmışdı

Siyasətdə də başqa sahələr kimi bəsit və mürəkkəb situasiyalar olur. Bəsit situasiyalar aydınlığı və sadəliyi ilə seçilir. Mürəkkəb situasiyalar isə həm struktur, həm də komponent baxımından qəliz olur. Bir qədər mübahisəli səslənsə də, çox böyük hadisələrin baş verdiyi 20-ci əsr sadəliyi ilə seçilirdi. 21-ci əsr haqqında isə bunu demək çətindir. İlk baxışda adidən adi görünsə də və bir çoxları tərəfindən sadəcə internet əsri adlandırılsa da, hər halda etiraf etmək lazımdır ki, 21-ci əsr daha çətin əsrdir. Bu çətinlik özünü ən çox siyasətdə təzahür etdirir.


«Köhnə Dünya», «Yeni Dünya», «Yeni Yaranmış Müstəqil Dövlətlər» və s. Bu sıranı və bölgünü davam etdirmək olar, amma buna lüzum yoxdur. Əsas odur ki, fərqlər qalır və ilk baxışda belə təəssürat yaranır ki, heç kim buna diqqət yetirmir.


Bir tərəfdən müxtəlif dövlətlər arasında təmaslar zamanı birləşdirici məqamların axtarılması yaxşı tendensiyadır. Amma birləşdirici məqamları da iki qrupa bölmək olar; fundamental və müvəqqəti məqamlar. Daha yaxşı olardı ki, birliklər yaranarkən, ortaq təmas nöqtələri axtarılarkən fundamental məqamlar da yaddan çıxmasın.


Litvada keçirilmiş növbəti enerji sammiti bizi belə bir kiçik fəlsəfi girişə vadar etdi. Bu sammit təbii sual doğurur: Avropa ilə Asiyanı, «Köhnə Dünya» ilə «Yeni Yaranmış Müstəqil Dövlətlər»i nə birləşdirir? Təkcə enerjimi? Sözsüz ki, enerji böyük problemdir. Hətta bəzən bəşəriyyətin tarixini enerji əldə edilməsinin formalarının tarixi kimi yozurlar. Enerji mövcudluğun əsasıdır. Bu baxımdan Avropa dövlətlərinin, xüsusən də gənc Avropa ölkələrinin narahatlığını başa düşmək mümkündür. Onlar Rusiya enerjisindən asılılığı minimuma endirməyə çalışırlar. Eləcə də Azərbaycanı və Qazaxstanı başa düşmək mümkündür. Onlar da öz enerji ehtiyatları üçün yeni bazarlar və istiqamətlər axtarır, özlərinin tranzit imkanlarını artırmağa cəhd edirlər. Həm də belə bir fakt diqqətəlayiqdir ki, sammitin gedişində GUAM-ın yubileyi də qeyd olunub. Bu, bir təşkilat kimi GUAM-a olan marağın göstəricisidir. İndi GUAM-la bağlı müxtəlif formatlar nəzərdən keçirilir, onun hətta yenidən genişlənməsi haqqında söhbətlər gəzir.


Sözsüz ki, Litvada keçirilmiş enerji sammiti müəyyən geosiyasi çalarlar da kəsb edir. Burada söhbət qeyri-Rusiya neftinin və qazının Avropaya nəql olunmasından gedir. Təbii ki, bu amil Rusiyanı qıcıqlandırmaya bilməz. Üstəlik, bu layihəyə Qazaxstanın maraq göstərməsi də diqqət çəkən amildir. Məlum olduğu kimi, Orta Asiya neftinin böyük bir hissəsini Rusiya nəql edir. Və onu da yada salmaq lazımdır ki, Rusiya alternativ tranzit imkanlarına həmişə qısqanclıqla yanaşıb. Bu baxımdan Litva sammiti kiçik miqyaslı olsa da, hər halda geoiqtisadi addımdır.


Amma sammitin gedişində diqqət çəkən başqa detallar da var. Sammitə ortaq keçmişə və tarixə malik olan gənc dövlətlər toplaşmışdı. Onların hamısını ortaq sovet və sosialist keçmişi birləşdirir. Bu dövlətlər vaxtilə sovet və sosialist düşərgəsinə məxsus olan dövlətlərdir. Amma indi onlar inkişafın müxtəlif pillələrində dayanıblar. Bir hissəsi artıq Avropadır, digər hissəsi Avropa ilə qonşuluqla kifayətlənir, qalan hissəsi isə Avropa ilə ciddi təmaslardan hələ çox uzaqdır. Bu, təkcə coğrafi fərqlər deyil. 21-ci əsrdə coğrafi fərqlər bir o qədər də böyük problem deyil. Söhbət dəyərlərin, xüsusən də siyasi dəyərlərin fərqindən gedir. Bu dövlətlər arasında demokratiya sahəsində daha çox irəliləmiş dövlətlər var. Amma elələri də var ki, demokratiya baxımından hələ çox inkişaf yolu keçməlidir. Əvvəldə fundamental məqamlar deyəndə, məhz bunu nəzərdə tutmuşduq.


90-cı illərin əvvəllərində universal, ümumbəşəri dəyərlər haqqında çox söhbətlər olurdu. Sonradan bu söhbətlərin yerini sivilizasiyaların müxtəlifliyi və toqquşması haqqında yeni nəzəriyyələr tutdu, sanki universal demokratik dəyərlər unuduldu. 20-ci əsrin böyük demokratiya dalğası zamanı toplantılarda ilk növbədə demokratiya problemləri müzakirə olunurdu. İndi isə enerji problemləri daha çox aktuallıq kəsb edir. Bu da 21-ci əsrin siyasətə gətirdiyi mürəkkəblikdir. Amma enerji inkişafın zəruri şərtidir, kafi şərti deyil. Əbədi olan isə müasir dəyərlərdir, xüsusən də universal demokratik dəyərlər…


XS
SM
MD
LG