Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:06

ETTELAAT toylarda Azərbaycan musiqisinin səslənməsinə mane olur


Universitet müəllimi Məhəmmədli Heydəri Tehranda həbs edilib
Universitet müəllimi Məhəmmədli Heydəri Tehranda həbs edilib

İranın İSNA xəbər agentliyinin bildirdiyinə görə azərbaycanlı siyasi fəallar, universitet alimləri üzləşdikləri çətinliklərlə əlaqədar Təbriz, Üskü və Azərşəhri İran parlamentdə təmsil edən Əkbər Ələmi ilə görüşüblər.


Oktyabrın 28-də keçirilən görüşdən sonra jurnalistlərə açıqlama verən cənab Ələmi azərbaycanlıların bütün istəklərinin ölkə konstitusiyasına uyğun olduğu və bu tələbatın asanlıqla qanun çərçivəsində həyata keçirilə biləcəyini söyləyib. O deyib:


«Təəssüf olsun ki, bəzi şəxslər Azərbaycan xalqının İslam Respublikasının konstitusiya və dövlət qanunlarına uyğun tələblərini separatçı düşüncələr kimi qiymətləndirməyə çalışırlar... Bu şəxslər işi ora gətirib çıxarıblar ki, mənim özümü də separatçıları himayə etməkdə ittiham edirlər...»


İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü olan azərbaycanlı millət vəkili daha sonra bildirib ki, onun fikrincə ölkənin birliyi orada yaşayan bütün xalqların mənafeyi və düzgün təmsilindən asılıdır. Elə buna görə də Azərbaycan xalqının öz mədəniyyəti, dili, ədəbiyyatı və musiqisini ölkənin qanunları çərçivəsində inkişaf etdirməsi nəinki İranın parçalanması daha çox birliyinin möhkəmlənməsinə xidmət edir.


İranın azərbaycanlı ziyalılarının millət vəkili ilə görüşü elə bir vaxta təsadüf edib ki, bir gün bundan əvvəl tanınmış azərbaycanlı alimlərdən İqtisadi İnkişaf Nazirliyinin əməkdaşı və universitet müəllimi Məhəmmədli Heydəri qəfildən Tehranda həbs edilib.


Milli hüquqlar uğrunda apardığı fəaliyyətlərinə görə tanınan azərbaycanlı alim axşam saat dörd radələrində Tehranın Beheşti xiyabanındakı iş yerini tərk edən vaxt ETTELAAT məmurları tərəfindən gizli şəkildə nəzarət altına alınıb. Təhlükəsizlik idarəsinin əməkdaşları onun evindəki şəxsi əşyaları, kompüter və yazılı sənədlərini də müsadirə ediblər.


«Savalan Səsi» saytının verdiyi məlumata görə axtarış vaxtı evə daxil olan alimin kürəkəni də nəzarət altına alınıb və o vaxtdan bəri harada saxlandığı bilinmir.


Doktor Məhəmmədli Heydəri Təbriz və Marağa Universitetlərində beynəlxalq siyasətdən dərs keçir, vaxtilə «Düzgün» adlı tələbə jurnalının baş redaktoru olub. Lakin, hazırda nəyin əsasında tutulduğu aydın deyil. Onun harada saxlandığı barədə də məlumat yoxdur.


Son günlər milli fəaliyyətlərə meyl göstərən alim və müharibə veteranlarının həbs və məhkəməsi insan hüquqları təşkilatlarını təşvişə salıb.


Kanadada fəaliyyət göstərən «Azərbaycan Məhbuslarını Müdafiə Assosiasiyası»nın sədri, Faxtə Zəmani jurnalistlərə verdiyi açıqlamada bildirib ki, hazırda 20-dən çox tanınmış milli fəal uzunmüddətli həbs cəzası çəkir.


Həbslərdən başqa İran azərbaycanlılarının mədəni fəaliyyətlərin də ciddi şəkildə qarşısı alınır. Urmiyədən verilən xəbərlərə görə, son vaxtlar ETTELAAT toylarda belə Azərbaycan musiqiçilərinin ifasına mane olur.


XS
SM
MD
LG