Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:34

Azərbaycandakı seçkilərin iki problemi


Prezident seçkisinə bir il qalsa da, seçki ilə bağlı problemlər indidən özünün aktuallığını diqtə edir
Prezident seçkisinə bir il qalsa da, seçki ilə bağlı problemlər indidən özünün aktuallığını diqtə edir

Prezident seçkisinə bir il qalsa da, seçki ilə bağlı problemlər indidən özünün aktuallığını diqtə edir. Hətta soyuq payız günləri belə isti seçki problemlərindən diqqəti yayındıra bilmir. Artıq iki gündür ki, Seçki Məcəlləsinin müzakirəsi gedir. Müzakirələrdə Avropa Şurasının, ATƏT-in və yerli siyasi partiyaların nümayəndələri iştirak edirlər. Hələlik müzakirələr daha çox texniki xarakter daşıyan məsələlər ətrafında aparılır və bundan sonra digər problemlərin də müzakirə olunacağı gözlənir.


Digər qanunlarla müqayisədə seçki qanunları bəlkə də ən çox təftişə məruz qalanıdır. Artıq hər bir seçki ərəfəsində seçki qanunlarına əlavə və düzəlişlərin edilməsi bir ənənə halını alıb. Prinsipcə, bu, çox müsbət haldır. Hər bir seçki ərəfəsində seçici siyahılarının dəqiqləşdirilməsi və seçki qanunvericiliyinə növbəti baxışın keçirilməsi istər-istəməz seçicilərin və beynəlxalq ictimaiyyətin diqqətini seçkilərə cəlb edir. Amma hazırda Seçki Məcəlləsi ilə bağlı əsas problemlərin dairəsi bir o qədər də geniş deyil. Hər halda müxalifət partiyaları belə hesab edir və əsas problemi çox yığcam şəkildə ifadə edirlər. Onların fikrincə, əsas problem komissiyaların paritet əsasında təşkil edilməməsidir. Müxalifət partiyalarının funksionerlərinin sözlərinə görə, digər problemlər texniki xarakter daşıyır və onları razılaşdırmaq mümkündür.


Amma paritet məsələsi həmişə ciddi mübahisələrə səbəb olur. Dərindən fikirləşəndə bu, həqiqətən də ciddi problemdir. Hazırda parlamentdə ondan yuxarı siyasi partiyanın nümayəndəsi təmsil olunub. Paritet kimlər arasında nəzərdə tutulmalıdır? Bu suala birmənalı cavab yoxdur. Prinsipcə, parlamentdə təmsil olunan bütün siyasi partiyalar komissiyalarda iştirak etmək istəyirlər. Amma burada bir detal var. Seçki Məcəlləsi ilə bağlı mübahisələr daha çox hakimiyyətlə müxalifət partiyaları arasında gedir. Müxalifət partiyaları isə parlamentə münasibətdə müxtəlif vəziyyətdədirlər - onların arasında parlamentdə təmsil olunanlar da var, olunmayanlar da. Hətta parlamentdə təmsil olunan partiyalar belə əhəmiyyətli sayda mandata malik deyillər. Ona görə də onları parlamentdə təmsil olunan digər partiyalardan fərqləndirmək çətindir.


Qeyd etmək lazımdır ki, əsas müxalifət partiyalarının özləri arasında paritetlə bağlı yekdil fikir yoxdur. Bəziləri ancaq parlamentdə təmsil olunan partiyalarla paritet təşkil edilməsindən danışır, digərləri isə bura parlamentdə təmsil olunmayan partiyaların da əlavə olunmasını tələb edirlər. Mövqelərin müxtəlifliyinin nəticəsidir ki, indi iki əsas müxalifət partiyası - AXCP və Müsavat öz aralarında müzakirələr aparırlar. Bu partiyaların funksionerlərinin fikrincə, onlar ümumi razılığa gələ biləcəklər. Amma bu, hələ o demək deyil ki, digər partiyalar onların mövqeyini bölüşəcək.


Göründüyü kimi, problem çox ciddidir. Bütün dünyada seçkilərin iki əsas problemi var. Birinci problem seçkilərin nəticələrinin qəbul edilməsidir. Əksər ölkələrdə bununla bağlı problem yaranmır. Məsələn, bu yaxınlarda iki ölkədə - Ukraynada və Türkiyədə parlament seçkiləri keçirildi. Bütün siyasi partiyalar seçkilərin nəticələrini qəbul etdilər. Amma Azərbaycanda bu problem hələ də öz həllini tapmayıb. Azərbaycan müstəqillik əldə edəndən təxminən ona yaxın müxtəlif səviyyəli seçkilər keçirilib. Bu seçkilərin nəticələri onun iştirakçılarının heç də hamısı tərəfindən qəbul edilməyib - kimsə bu seçkiləri düzgün hesab edib, kimsə də onun nəticələri ilə barışmayıb. Beləcə, həmişə mübahisələr olub. İkinci problem növbəti seçkilərin vaxtını gözləməkdir. Burada vəziyyət dəyişir. Digər ölkələrdən fərqli olaraq Azərbaycan müxalifəti həmişə seçkilərin vaxtını gözləyir, Konstitusiyanın müəyyən etdiyi reqlamenti pozmur. Beləcə, iki əsas problemdən biri Azərbaycanda həllini tapıb, digəri isə hələ də öz həllini gözləyir.


Bəs seçicilər nə fikirləşir? Seçiciləri seçkilərdən hələ bir illik zaman intervalı ayırır. Seçicilər indi bazarlardakı qiymətləri, növbəti il üçün maaş və pensiya artımlarını daha ciddi izləyirlər, nəinki seçki qanunvericiliyinə dəyişiklikləri. Bu da təbiidir. Hazırda seçicilərin mövqeyinin müəyyənləşməsi prosesi gedir. Onların mövqeyi bir ildən sonra, seçki günü məlum olacaq. İndi söz seçki fəallarının və siyasi partiyalarındır. Seçki qaydalarını onlar müəyyən etməlidirlər.


XS
SM
MD
LG