Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:15

Mətbuatın payızı…


2007-ci il mətbuatın ciddi tənəzzül ili kimi yadda qalır
2007-ci il mətbuatın ciddi tənəzzül ili kimi yadda qalır

Azərbaycanda müstəqil və azad mətbuat bəlkə də formalaşandan bu günə qədər 2007-ci il kimi mürəkkəb il yaşamamışdı. Sözün həqiqi mənasında 2007-ci il çox qəliz il oldu. Bu ili sözün mənfi mənasında mətbuat üçün dönüş ili adlandırmaq olar. Söhbət ondan getmir ki, əvvəlki illərdə mətbuata və jurnalistlərə qarşı təzyiqlər olmurdu. Yox, əvvəllər də təzyiqlər olurdu, jurnalistlər əvvəlki illərdə də həbs edilirdilər. Məsələ heç həbs olunmuş media işçilərinin sayında da deyil, baxmayaraq ki, bu, böyük həddə çatıb, artıq səkkiz jurnalist həbs edilib.


Əvvəlki illərdə jurnalistika ilə bağlı problemlərə diqqət böyük idi, bu da ümid etməyə və yaşamağa imkan verirdi. İndi də bu diqqət yox deyil, amma kəsərsiz və nəticəsizdir-beynəlxalq təşkilatların jurnalistlərlə bağlı bəyanatları ancaq jurnalistlərin öz dairəsində dolaşır, rəsmi orqanlar onlara tam etinasız yanaşırlar. Rəsmi orqanlar bir tərəfə, hətta yerli elektron informasiya vasitələrinin nümayəndələri öz mətbuat həmkarlarını müdafiə etmirlər, onlar haqqındakı informasiyaları bir çox hallarda efirdə səsləndirmirlər. İndi sözün həqiqi mənasında mətbuatın payızından danışmaq mümkündür. Amma payızdan bir fəsil sonra bahar gəlir. Azərbaycan jurnalistikasının baharından danışmaq olarmı? Bax, bu suala müsbət cavab vermək getdikcə çətinləşir.


Payızda həbs olunmuş jurnalistlərin əfv ediləcəyi gözlənirdi. Amma artıq bunun baş verməyəcəyi aydınlaşır. Rəsmi hökumət nümayəndələri bu problemdən müxtəlif vasitələrlə yayınırlar. Səbəb kimi də belə bir arqument səslənir ki, əfv olunandan sonra jurnalistlər islah olunmurlar.


Rəsmi hökumət nümayəndələri belə bir arqument səsləndirirlər ki, əfv olunandan sonra jurnalistlər islah olunmurlar

Bax, problemin biri də bu islah olunmaq məsələsindədir. Jurnalistin islah olunması nə deməkdir? Adətən hansısa cinayətkarın islah olunmasından danışmaq olar. Həbsdən azad olan jurnalistlər sadəcə peşə fəaliyyətlərini davam etdirirlər. Onların peşəsi jurnalistikadır. Jurnalist isə araşdırmalı və yazmalıdır. Jurnalistlərin islah olunması haqqında söhbətlərə qulaq asanda aydın olur ki, məmurların istəyi budur ki, onlar ya öz peşələrindən imtina etsinlər, ya da hakimiyyəti tərifləməklə məşğul olsunlar.


Qeyd etmək lazımdır ki, məmurlar öz istəklərinə tam olmasa da, əsasən nail olurlar-indi jurnalistika ilə çox az adam məşğul olur, peşəkarlar bu sahədən uzaqlaşır, ya da qeyri- siyasi mövzularda yazmağa üstünlük verirlər. Qəzetlərin sayı və dövriliyi azalır.


Mütəmadi olaraq çıxan bir neçə qəzet var, onlar da daim təzyiq altındadırlar. Qəzetlərin tirajı da kəskin şəkildə azalıb. Reklam isə hələ də söz-söhbət mövzusu olaraq qalır.


Bu ilin payızında Milli Məclisdə həm də «Diffamasiya haqqında» qanunun qəbul ediləcəyi gözlənirdi. Amma hiss olunur ki, bu da bir arzu olaraq qalacaq. Məlum olur ki, Azərbaycan hələ buna hazır deyil və nə vaxt hazır olacağı da bir sirrdir. Əvvəllər ümid böyük idi. Hətta bir neçə millət vəkili böyük əminliklə iddia edirdi ki, qanun güman ki, payız sessiyasında qəbul olunacaq. İndi yeni bir tendensiya hiss olunur və bunu xüsusi qeyd etməyə dəyər. Artıq jurnalistlər başqa maddələrlə ittiham olunurlar. Bu maddələrin təsir gücü isə adi böhtan maddəsindən qat-qat ağırdır.


Beləcə, hər şey mənfi istiqamətdə inkişaf edir. 2007-ci il mətbuatın ciddi tənəzzül ili kimi yadda qalır. Bu tənəzzül mətbuatın öz mahiyyətindən yox, xarici təzyiqlərdən yaranır. Azad mətbuat sözün həqiqi mənasında hədəfə alınıb. Mətbuat sonuncu etiraz ocağıdır. Görünür, bu ocağı söndürmək çox lazımdır. Siyasi partiyalar daha əvvəlki kimi fəal deyillər. Qeyri-hökumət təşkilatları zəifdir. Qalır bir mətbuat.


Qəribə budur ki, qarşıdan prezident seçkiləri gəlir. Seçkiləri informasiya dəstəyi olmadan necə təsəvvür etmək olar? Ola bilsin, seçki ilində nisbi yumşalma olacaq. Amma bu, nə qədər davam edəcək? Mətbuatın zəiflədilməsi bir tendensiya kimi aradan götürüləcəkmi? Güman ki, yox. Ona görə ki, digər sahələr kimi mətbuatın da dirçəlişi ölkədəki siyasətin liberallaşmasından asılıdır. Azərbaycandakı siyasi və iqtisadi mühit isə liberallıqdan çox uzaqdır. Məşhur bir filmdə deyildiyi kimi:«bura elə səhralıqdır ki, hətta üfüqlərində belə keçici qırmızı bayraq görünmür…»



XS
SM
MD
LG