Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:53

Yeni Azərbaycanın tək partiyası


Sadəcə fakt budur ki, YAP hakimiyyət partiyasıdır
Sadəcə fakt budur ki, YAP hakimiyyət partiyasıdır

Hakimiyyətdə olan Yeni Azərbaycan Partiyası (YAP) yaranmasının 15 ilini qeyd edir. Azərbaycanda siyasi partiyaların formalaşması və inkişafı əksər hallarda bir çox amillərlə şərtlənsə də YAP xüsusi tarixçəsi ilə fərqlənir.


Partiya mövcud olduğu 15 ilin 14-nü hakimiyyətdə keçirib. Məhz bu xüsusiyyət onu digər siyasi partiyalardan fərqləndirib.


Bir illik müxalifətçilik dövründə partiya xüsusi kütləviliyi və fəallığı ilə seçilməyib. Onun yaranışının ilk dövrlərində regionçuluq və Heydər Əliyevin şəxsiyyətinə pərəstiş amilləri mühüm rol oynayıb. Təsadüfi deyil ki, bu partiya təsis olunandan sonra digər siyasi təşkilatların, o cümlədən AXC və AMİP-in sıralarında olan, amma Heydər Əliyevə rəğbəti ilə seçilən insanlar YAP-ın sıralarına keçdilər. Amma həmin dövrdə YAP kütləvi partiyaya çevrilmədi. Bunun bir səbəbi də dövrün xüsusiyyətləri ilə bağlı idi. Daha çox yenilik və azadlıq arzusunda olan insanları o vaxt YAP-ın adında olan yeni sözü bir o qədər də cəlb etmirdi. Mübaliğəsiz demək olar ki, 1993-cü ildə Əbülfəz Elçibəy Heydər Əliyevi Bakıya dəvət etməsəydi, bəlkə də YAP hələ uzun müddət hakimiyyətə gəlməyəcəkdi və yaxud da hakimiyyət partiyası olmaq ona, ümumiyyətlə nəsib olmayacaqdı.


Bütün digər partiyalar kimi YAP-ın tarixində də müxtəlif inkişaf mərhələləri müəyyən etmək olar. Əsas mərhələ partiyanın siyasi hakimiyyətə yiyələnməsidir. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə hakim siyasi partiyaya çevrilən YAP tez bir zamanda hakimiyyət üçün əsas kadr partiyası oldu, məmurların hamısı bu partiyanın üzvlərindən təyin olundular.


Hakim partiya kimi inzibati və iqtisadi resurslara malik olmaq YAP-ı digər partiyalarla müqayisə olunmaz səviyyəyə gətirib çıxarıb. Belə bir faktı qeyd etmək kifayətdir ki, indi YAP şəhərin mərkəzində gözəl bir qərargaha malik olan yeganə siyasi partiyadır

İcra strukturlarına yiyələnən YAP 1995-ci ildə keçirilən parlament seçkilərindən sonra isə sözün bütün mənalarında hakim partiyaya çevrildi-indi hakimiyyətin elə bir qanadını göstərmək mümkün deyil ki, bu partiya orada mütləq üstünlüyə malik olmasın. Təkcə onu qeyd edək ki, hazırda YAP parlamentdə təmsil olunan 13 partiyadan qat-qat çox sayda deputat mandatına malikdir. Hakim partiya kimi inzibati və iqtisadi resurslara malik olmaq YAP-ı digər partiyalarla müqayisə olunmaz səviyyəyə gətirib çıxarıb. Belə bir faktı qeyd etmək kifayətdir ki, indi YAP şəhərin mərkəzində gözəl bir qərargaha malik olan yeganə siyasi partiyadır. Digər partiyalar ya şəhərin kənarlarında məskunlaşıblar, ya da heç qərargahları yoxdur. Müşahidəçilər belə bir detala diqqət yönəldirlər ki, 1998-ci ilin prezident seçkilərindən sonra AMİP, 2003-cü ilin prezident seçkilərindən sonra Müsavat, 2005-ci ilin parlament seçkilərindən sonra isə AXCP əvvəlki qərargahlarından məhrum oldular.


Azərbaycanda dəqiq və obyektiv sorğular keçirilmədiyindən YAP-ın elektoral bazası haqqında söz demək çətindir. Sadəcə fakt budur ki, YAP hakimiyyət partiyasıdır. Amma digər partiyalar, məsələn Müsavat partiyası bununla razılaşmır, sonuncu partiya 2000-ci ilin parlament və 2003-cü ilin isə prezident seçkilərini udduğunu iddia edir.


Hər halda bu bir faktdır ki, YAP 15 illik yubileyini faktiki olaraq təkpartiyalı fonda qeyd edir. Düzdür, formal olaraq Azərbaycanda otuzdan çox partiya var. Amma bunların əksəriyyəti kağız üzərində mövcuddur.


SSRİ vaxtında keçmiş sosialist respublikalarının bəzisində də formal olaraq çoxpartiyalı siyasi sistem hökm sürürdü, amma reallıq başqa idi. İndi Azərbaycanda da buna bənzər mənzərə müşahidə olunur.


İlham Əliyevin hakimiyyətə gəlişi ilə YAP-da müəyyən dəyişikliklərin baş verəcəyi güman edilirdi, çünki onun özünün gənc və islahatçı komandasının olması haqqında söhbətlər gəzirdi. Amma bu ümidlər özünü doğrultmadı. YAP əvvəlki strukturunu, üzvlərini və siyasətini qoruyub saxlayır.


İndi YAP-a kütləvi olmasa da, hər halda çoxsaylı partiya demək mümkündür. İnsanlar onu siyasi reallıq kimi qəbul edir və öz karyeralarını qurmaq üçün bu partiyaya üzv olurlar. Partiya da öz növbəsində bütün vasitələrlə ictimai şüura hakim olmağa çalışır, hətta bu məqsədlə son illərdəki bütün tarixi uğurları, o cümlədən Azərbaycanın müstəqil dövlətə çevrilməsini və ümumiyyətlə milli azadlıq hərəkatını öz adı ilə bağlamaqdan çəkinmir.


Qeyd etmək lazımdır ki, partiya buna da nail ola bilir, çünki əksər informasiya və təbliğat vasitələri onun nəzarətindədir. Beləcə, biz getdikcə Azərbaycanda daha çox bir partiyanın mövcudluğunu hiss etməkdəyik.


XS
SM
MD
LG