Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:01

Geosiyasətin tapmacaları…


Gürcüstandan fərqli olaraq Azərbaycanda Rusiyanın hərbi fəaliyyəti davam etməkdədir
Gürcüstandan fərqli olaraq Azərbaycanda Rusiyanın hərbi fəaliyyəti davam etməkdədir

Qafqaz təkcə etnik və dini baxımdan rəngarəng deyil, bu kiçik regiondakı geosiyasi prosesləri araşdırarkən buranın həm də mürəkkəb siyasi region olması fikri ilə razılaşırsan. Cəmi üç respublikadan ibarət olan Cənubi Qafqaz regionu indi ən böyük sürprizlər nümayiş etdirməkdədir. Əvvəllər bu üç respublikanın inkişaf təmayülləri biri-birinə bənzəyirdi, amma indi fərqlər daha qabarıqdır, əvvəllər oxşar detallardan danışmaq dəbdə idisə, indi fərqlərdən söhbət açmaq zərurəti yaranır. Üç respublikanın heç biri daxili siyasi sisteminə, iqtisadi durumuna və geosiyasi təmayülünə görə biri-birinə bənzəmir. Onları Yeni Yaranmış Müstəqil Dövlətlər adı birləşdirsə də, ayıran məqamlar daha çoxdur.


Gələn il prezident seçkiləri zamanı Gürcüstanda həm də ölkənin NATO-ya üzv olub- olmaması haqqında referendum keçiriləcək. Gürcüstan tədricən Rusiyadan uzaqlaşmaqda davam edir. Ermənistan özünü Rusiyasız təsəvvür etmir. Azərbaycan isə daha çox mərkəzçi siyasət yürüdür, Qərblə Rusiya arasında balans axtarmaqda davam edir. Bakıda həm Qərbin, həm də Rusiyanın hərbi diplomatlarının görünməsi adi haldır.


Təsadüfi deyil ki, Rusiyanın müdafiə naziri Bakıya səfərə gəldi. Elə ilk baxışdan maraqlı mənzərə yaranır: Gürcüstan NATO-nun qapılarını döyür, Rusiya müdafiə naziri isə Bakının. Bu da geosiyasətin tapmacalarından biridir. Ona görə ki, heç kim Azərbaycanın NATO-ya münasibətinin gələcək təzahürlərini dəqiq müəyyənləşdirə bilmir. Politoloqların və analitiklərin qənaəti budur ki, qonşu Gürcüstanın NATO-ya üzv olacağı təqdirdə Azərbaycan da bu yolu seçəcək. Amma zaman keçdikcə bu proqnozlara inam azalır, məmurların NATO-ya ehtiyatlı münasibəti ciddi və dəqiq proqnozlar üçün yer qoymur.



Gürcüstan NATO-nun qapılarını döyür, Rusiya müdafiə naziri isə Bakının. Bu da geosiyasətin tapmacalarından biridir

Vaxtilə ABŞ politoloqu Zbiqnev Bjezinski maraqlı ifadə işlətmişdi: geosiyasi plüralizm. Balanslaşdırılmış xarici siyasət də müəyyən mənada bu ifadənin təzahürüdür. Müstəqilliyinin ilk illərində Azərbaycan bu yolu tutdu. Güman edilirdi ki, zaman keçdikcə balans Qərbin xeyrinə pozulacaq. Çox maraqlıdır ki, digər məsələlərdə bu, baş versə də təhlükəsizlik məsələlərində qeyri-müəyyənlik qalmaqdadır.


Dünya təhlükəsizlik müstəvisində Azərbaycanın öz geosiyasi yerini müəyyən etməsi üçün ciddi maneə yoxdur, əksinə bu yoldakı təzyiqlər üçün Gürcüstan daha kövrəkdir. Amma Qərbə inteqrasiya məsələsində Gürcüstan tez bir zamanda önə keçdi. Bu ölkə artıq Rusiya ilə bütün hərbi ilişgiləri qırmaq üzrədir. Ortalıqda müəyyənlik və ardıcıl siyasət var. Ola bilsin ki, hakimiyyət dəyişikliyi bu siyasəti müvəqqəti olaraq dəyişsin. Amma siyasi müşahidəçilər bunu istisna edirlər. Azərbaycana gəldikdə isə məmurların ifrat dərəcədə ehtiyatlı davranışı ölkənin NATO-ya üzv olmaq məsələsini aktuallaşdırmağa imkan vermir. Gürcüstandan fərqli olaraq Azərbaycanda Rusiyanın hərbi fəaliyyəti davam etməkdədir. Məsələ bundadır ki, Qəbələ RLS-i Azərbaycanın mülkiyyəti olsa da onu istismar edən Rusiyadır. Elə Rusiyanın müdafiə naziri də səfərinin bir hissəsini Qəbələ RLS-nə həsr etdi.


Beləcə, Cənubi Qafqazın geosiyasəti tapmaca içindədir. Siyasi tapmacalar isə adilərdən çox fərqlənir. Milli təhlükəsizlik anlayışına adətən üç pillədən yanaşırlar: fərdin, cəmiyyətin və dövlətin təhlükəsizliyi. Seçim edəndə bu halların hər biri nəzərə alınır. Məsələyə bu aspektdən yanaşanda Gürcüstan referendum keçirməklə düzgün hərəkət edir. İnsanların rəyini bilmək vacibdir. Onlar özlərinin təhlükəsiz həyatı üçün təminatları harada, hansı alyansda görürlər? NATO-ya etibar edirlərmi? Bu suallara referendumsuz cavab vermək çətindir.


Azərbaycanda siyasi partiyaların əksəriyyəti Qərbə meyl edir. Əvvəlki illərdə olduğu kimi Rusiya meylli siyasi qüvvələr, demək olar ki, yoxdur. Amma buna baxmayaraq qərbçiliyin hakim ideologiya olmasını iddia etmək də olmur, çünki Azərbaycan qərbçiliyi özündə Avropanın siyasi dəyərlərini və institutlarını axıra qədər ehtiva etmir. NATO da Qərb strukturudur. Elə bu səbəbdən də NATO ilə bağlı ən azı məmurlar arasında tərəddüd var. Ona görə də perspektivi müəyyən etmək çətindir. Geosiyasət öz tapmacalarını bölgədən əsirgəmir. Hələlik Cənubi Qafqazın NATO-ya inteqrasiya olunması məsələsində Gürcüstan avanqard rol oynayır. Bəs NATO necə edəcək? Bir respublikanı öz sıralarına qatmaqla kifayətlənəcəkmi? Bütün bunlar təkcə sual deyil, həm də geosiyasətin tapmacalarıdır. Zaman özü bu tapmacaların cavabını verəcək.


XS
SM
MD
LG