Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:29

Yenidən silahlanma?


Təxminən 15 il idi ki, Rusiya özünün hərbi ambisiyalarını bir o qədər də büruzə vermirdi
Təxminən 15 il idi ki, Rusiya özünün hərbi ambisiyalarını bir o qədər də büruzə vermirdi

Rusiya «Avropada adi silahlar haqqında» müqavilədə iştirakına birtərəfli qaydada moratorium qoyub. Bundan sonra Rusiya müqavilənin şərtlərinə əməl etməyəcək, xarici mütəxəssislərə öz silahlı qüvvələrində təftiş aparmağa icazə verməyəcək.


Bu xəbər yekunlaşmaqda olan 2007-ci ilin ən mühüm siyasi xəbərlərindən biridir. Dünyada silahlanma prosesi yeni mərhələyə qədəm qoyur. Təxminən 15 il idi ki, Rusiya daha çox özünün daxili siyasi və iqtisadi problemləri ilə məşğul idi, hərbi ambisiyalarını bir o qədər də büruzə vermirdi. Hiss olunur ki, artıq dövr dəyişir. Siyasi və iqtisadi böhrandan qurtulan Rusiya yenidən beynəlxalq hərb müstəvisinə qayıdır.



Xatırladaq ki, müqavilə 1990-cı ildə imzalanmışdı. Bu vaxta qədər onu bir neçə dövlət ratifikasiya etmişdi ki, onlardan biri də Rusiya idi. Uzun fasilədən sonra Rusiya yenidən öz mövqeyini dəyişmək qərarına gəlib. Bəs səbəb nədir? Müşahidəçilər bir neçə səbəb göstərir.


Əsas səbəblərdən biri budur ki, müqavilə iştirakçısı olan NATO dövlətləri onu hələ də ratifikasiya etməyiblər. Üstəlik, SSRİ-nin süqutundan və Varşava müqaviləsinin ləğvindən sonra NATO nəinki tərkisilahla məşğul olmayıb, əksinə öz silah arsenalını və coğrafiyasını genişləndirib. Hazırda Avropada əsas hərbi blok olan NATO ilə Rusiyanın münasibətlərinin müsbət mənada formalaşa bilməməsi də səbəblərdən biri kimi göstərilir. Rusiya məlum olduğu kimi NATO-dan xüsusi status istəmişdi və bu istək yerinə yetirilməyəndən sonra isə o, daha çox öz qəlibinə çəkilmişdi. Amma Rusiyanın yenidən hərbi xülyalara qapılması sözün həqiqi mənasında təəccüblü görünür. Rusiya ABŞ-la hərbi rəqabət aparmaq iqtidarında deyil. NATO-da onlarla dövlət təmsil olunub.


Klassik rus şairi Tyutçevin belə bir fikri var ki, Rusiyanı ağılla dərk etmək mümkün deyil. Bu fikir bir qədər filoloji və ritorik səslənsə də real məzmundan xali deyil. Amma ortalıqda siyasət də var
Bəs Rusiya kiminlə hərbi ittifaqdadır? Bu suala cavab vermək üçün ancaq bir neçə MDB dövlətinin adını çəkmək olar. Belə olan təqdirdə Rusiyanın yenidən fövqəldövlətçilik xülyalarına qapılmasının hər hansı əsası varmı?

Klassik rus şairi Tyutçevin belə bir fikri var ki, Rusiyanı ağılla dərk etmək mümkün deyil. Bu fikir bir qədər filoloji və ritorik səslənsə də real məzmundan xali deyil. Amma ortalıqda siyasət də var. Siyasətin isə həm sosioloji, həm də politoloji aspektləri var. Rusiyadakı ictimai şüur dövlətin kiçilməsi, daha əvvəlki kimi qlobal missiya daşımaması fikri ilə barışa bilmirdi. Dünyada Rusiyanın missiyasının gerçəkləşməsi üçün ünvanların azalmasına baxmayaraq bu fikir yenidən fövqəldövlət ideyasına səsləyirdi.


Rus siyasətçiləri ictimai şüurun əsiri olmasalar da, onu nəzərə almaya bilməzlər. Məsələnin politoloji aspektlərinə gəldikdə isə bir neçə detalı qeyd etmək olar. Böhrandan çıxan, neft və qazın hesabına yenidən dirçələn Rusiya özünün dünyadakı mövqeyinə təkrar baxmalı idi. Amma burada digər arqumentlər də səslənir. Rusiya Polşada və Çexiyada ABŞ-ın raket hücumundan müdafiə qüvvələrinin yerləşməsindən narahatdır. Bu məsələni həll etmək üçün Rusiya ABŞ və NATO ilə bir neçə təmas nöqtələri axtardı.


Məsələn, ABŞ-a Azərbaycan ərazisindəki Qəbələ RLS-dən birgə istifadə etmək təklif olundu. Amma təklif yetərincə dəstək tapmadı. İndi də bəzi müşahidəçilərin fikrincə Rusiya «Avropada adi silahlar haqqında» müqavilənin qüvvəsini müvəqqəti dayandırmaqla ABŞ-a və NATO-ya təzyiq etmək istəyir. Bu təzyiq səmərə verəcəkmi? Çətin sual olsa da, cavabı aydındır: bunun heç bir təsiri olmayacaq. Rusiyanın yenidən fövqəldövlət qüdrətinin bərpa edilməsi ən yaxşı halda uzaq gələcəyin işidir. Rus siyasətçilərinin özləri də bu ambisiyaların tam real olmadığını dərk edirlər. Ona görə də geriyə qayıtmaq üçün yol saxlamağı da unutmurlar. Hələlik qərarın müəyyən müddət üçün qəbul edildiyi bildirilir.


Qərar daha çox zond xarakteri daşıyır. Amma irəlicədən aydındır ki, bu, çox uğursuz təşəbbüsdür. Nə ABŞ, nə də NATO daha Rusiyanı əvvəlki kimi fövqəldövlət hesab etmirlər. Hətta strateji araşdırmaların bəzisində Rusiyaya heç regional güc mərkəzi kimi də baxılmır. Səbəb də budur ki, inkişaf iqtisadiyyata bağlıdır, o cümlədən də hərbi inkişaf. Neft və qaz ixracını və hasilatını nəzərə almasaq, Rusiyanın rəqabət qabiliyyətli iqtisadiyyatı yoxdur. Bu isə o deməkdir ki, ən azı yaxın on illər üçün Rusiya rəqabət qabiliyyətli hərbi tərəf də deyil.


XS
SM
MD
LG