Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:18

«Tolışi-Sədo» qəzetinin əməkdaşlarının prosesi qapalı keçirilir


Əsas irəli sürülən ittihamlara görə, guya «Tolışi-Sədo» qəzeti İrandan maliyyələşirmiş
Əsas irəli sürülən ittihamlara görə, guya «Tolışi-Sədo» qəzeti İrandan maliyyələşirmiş

Dekabrın 13-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «Talış» Mədəniyyət Mərkəzinin sədr müavini, «Tolışi-Sədo» qəzetinin baş redaktoru Novruzəli Məmmədov və qəzetin əməkdaşı Elman Quliyevin prosesi başlayıb. Proses qapalı keçirildiyi üçün hələlik bu iş barədə məlumat o qədər də çox deyil. Rəsmi məlumat isə ondan ibarətdir ki, hər iki şəxs dövlətə xəyanətdə və irqi ayrı-seçkilikdə ittiham edilir.


Novruzəli Məmmədovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Hilal Məmmədov isə deyir ki, əsas irəli sürülən ittihamlara görə, guya «Tolışi-Sədo» qəzeti və «Talış» Mədəniyyət Mərkəzi İrandan maliyyələşirmiş.


İstintaq müddətində bunun həqiqət olmadığı aydınlaşanda, müstəntiqlər məsələni başqa səmtə yönəltməyə çalışıblar.


Guya «Tolışi-Sədo» qəzeti ifrat millətçiliyi təbliğ edib. Ancaq bunu da sübut edə bilmədikləri üçün hazırda məhkəmə qapalı keçirilir.


Hilal Məmmədov deyir ki, ittihamnaməyə görə, guya «Tolışi-Sədo» qəzetində talış idmançıları təbliğ edilib, talış təbiətinin vəziyyəti barədə materiallar dərc olunub. Və guya bütün bunlar İranın xüsusi xidmət orqanlarının tapşırığına əsasən olub: «İttihamnamədə o da var ki, guya Novruzəli Məmmədov kimlərisə gələcəkdə muxtariyyət qurmaq işinə yardımçı olması üçün XİN-də yerləşdirməyə cəhd edib. Azərbaycandakı talışlar barədə məlumatları İran tərəfinə çatdırıb».


Hilal Məmmədov hesab edir ki, bütün bunlar siyasi şoudur. Məqsəd ABŞ-a burada İranla bağlı casus şəbəkəsinin ifşa olunduğunu göstərməkdir. Həmçinin həmin ərazidə yaşayanlarda İrana münasibətdə xof yaratmaqdır. Onun sözlərinə görə, bu, Azərbaycana kənardan gələn siyasi sifarişdir.


Bir neçə gün əvvəl hökmü oxunan Səid Dadaşbəylinin dəstəsi, ondan əvvəl Sumqayıtda baş verən vəhhabi insidenti və digər hadisələr barədə də belə fikirlər səsləndirilib. Sonuncu məhkəmə birbaşa din, radikal islam amillərinə bağlı olmasa da, İranın adının çəkilməsi yenə də məsələni beynəlxalq aləmin necə deyərlər, yaralı yerinə bağlayır. Əgər belə deyilsə və Novruzəli Məmmədov sadəcə, «Tolışi-Sədo» qəzetində kimisə təbliğ etdiyinə görə həbs olunubsa, bu, məsələni yenə də beynəlxalq aləmin Azərbaycanı onsuz da az tənqid etmədiyi söz və mətbuat azadlığına bağlayır.


«Femida» qəzetinin baş redaktoru Eyyub Kərimov isə deyir ki, bu cür məsələlərdə Qərb və ya Şərq amili axtarmaq düz deyil. Əgər cinayət varsa, cəza da olmalıdır. Hadisənin kiminsə xoşuna gəlib-gəlməməsi də əsas məsələ deyil. Cinayətin olması və ya sübutların yetərliliyi barədə əlbəttə ki, məhkəmə və təqsirləndirilənin vəkili danışa bilər.


Məhkəmənin qapalı keçirilməsinə gəlincə, Eyyub Kərimov deyir ki, işlə tanış olmasa da, əgər orada dövlət sirri, kəşfiyyat xarakterli məqamlar varsa bu, qanunidir.


Kərimov bildirir ki, əgər jurnalist yox, adi adam da öz yazısında irqi, dini ayrı-seçkiliyə və s. bu kimi hallara yol verirsə, bundan ötrü qanunvericiliklə cəza nəzərdə tutulur. Onun sözlərinə görə, ancaq buna baxmayaraq hətta sovet dövründə də müəyyən məqsədləri – təfriqəçilik və sairəni həyata keçirmək üçün kəşfiyyat tərəfindən çox vaxt jurnalistlərdən istifadə olunub. Belə işlərdən ötrü bu, münbit sahə sayılır.


Novruzəli Məmmədovun vəkili Ramiz Məmmədov isə bildirir ki, məhkəmə Elman Quliyevin istəyi ilə qapalı keçirilir. Ancaq o, Quliyevin bu istəyinin nəzərə alındığı halda, niyə Novruzəli Məmmədovla bağlı qaldırılan üç əsaslandırılmış vəsatətdən heç olmasa birinin təmin edilməməsini anlamır. Onun sözlərinə görə, Novruzəli Məmmədovdan fərqli olaraq Elman Quliyev özünü günahkar sayır. Buna görə də prosesdə ilk olaraq o, dindirilir. Dekabrın 17-də proses davam edəcək.


XS
SM
MD
LG