Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:34

«İraqda qələbə, İranda məğlubiyyət və Şimali Koreyada heç-heçə»


«İraqda uduzulan müharibə indi qələbəyə çevrilir»
«İraqda uduzulan müharibə indi qələbəyə çevrilir»

Dekabrın 21-də Çarlz Krauthammer «Vaşinqton Post» qəzetində «Buşun «Şər üçbucağı», altı il sonra» başlıqlı məqalə ilə çıxış edib.


Yazar qeyd edir ki, 11 Sentyabrdan dörd ay sonra Corc Buş üç ölkəni – İraq, İran və Şimali Koreyanı «Şər üçbucağı» elan edərək, onlara qarşı mübarizəyə başladı. Bu hadisənin üstündən altı il keçib. Yazarın fikrincə, hazırda ABŞ-ın bu ölkələrə qarşı mübarizəsinin nəticələri belədir: «İraqda qələbə, İranda məğlubiyyət və Şimali Koreyada heç-heçə».


Çarlz Krauthammer bir-bir adıçəkilən ölkələrə qarşı mübarizənin dinamikasını və nəticələri şərh edir.


İran


İranın nüvə proqramı məsələsində Buş administrasiyası «ağ bayraq» qaldırdı. Çünki, ABŞ kəşfiyyatı İranın nüvə silahı proqramını 2003-cü ildə dayandırdığını bəyan etdi. Hərçənd, hamı bilir ki, nüvə silahı proqramlarının ən çətin hissəsi nüvə yanacağının istehsalıdır. Hazırda İran 3000 aktiv sentrifuqa quraşdıraraq, uranı zənginləşdirməkdə davam edir. Lazımi yanacağı əldə etdikdən sonra nüvə bombasını bir neçə aya da düzəltmək olar. Odur ki, uranın zənginləşdirilməsi davam etdikcə, İranın nüvə silahı proqramını dayandırdığını elan etmək «absurddur».


Müəllif yazır ki, siyasi səbəblərdən Buş administrasiyası kəşfiyyatın bu məruzəsini qəbul etməli oldu. Çünki, əks halda, administrasiyanı yenə də yaxşı xəbərləri bilərəkdən gizlədərək, ölkəni müharibəyə sürükləməkdə ittiham edəcəkdilər. Nəticədə, kəşfiyyatın «təhrif olunmuş» məlumatı İrana qarşı hərbi əməliyyatların mümkünlüyünü heçə endirməklə yanaşı, sanksiyaların tətbiqini də sual altına qoyub.


Şimali Koreya


ABŞ-ın təzyiqləri Şimali Koreyanı plutonium istehsalı proqramını dayandırmağa məcbur etdi. İndi növbəti addım bütün nüvə fəaliyyətlərinin üzə çıxarılmasıdır. Yəni, Pxenyan gizlicə uranı zənginləşdirdiyini etiraf etməlidir. O, bir vaxtlar bunu boynuna alsa da, indi inkar edir.


Çarlz Krauthammer yazır ki, Şimali Koreyaya hərbi təzyiq imkanları məhdud olduğundan, ABŞ «kökə» siyasətindən yararlandı və müəyyən nəticələr əldə edildi. Ancaq plutonium reaktoru sökülsə də, Şimali Koreyanın artıq düzəltdiyi nüvə başlıqları qalır və təhlükə törətməkdə davam edir.


İraq


Çarlz Krauthammer yazır ki, İraq məsələsində xeyli çətinliklər olsa da, sonucda ölkədəki Səddam Hüseyn hökuməti devrilib. Bu ölkə ABŞ oranı tərk etdikdən sonra belə uzun müddət beynəlxalq təhlükəsizliyə ciddi zərər vura bilməyəcək. Müəllif general Devid Petreusun son uğurlarına işarə edərək yazır ki, Buş öz generalını düz üç il axtardı, lakin sonda onu tapdı və uduzulan müharibə indi qələbəyə çevrilir:


«Hazırda Bağdad və Vaşinqton ABŞ-a İraqda daimi hərbi baza saxlamaq hüququ verən uzunmüddətli müqaviləni nəzərdən keçirirlər ki, bu da böyük strateji nailiyyətdir».


Yekunda Çarlz Krauthammer yazır: İran və Şimali Koreya məsələsində real təsir rıçaqları olmayan ABŞ vaxtilə senator Corc Aykenin Vyetnam məsələsində təklif etdiyi yolu tutub – «qələbə elan edib evə getmək». Bu da digər imkanların olmadığı yerdə tamamilə başa düşüləndir. Amma «Buş, və ya onun varisi real uğur imkanlarının olduğu İraqda Aykenin yolunu tutsalar, tarix onları sərt mühakimə edəcək».


XS
SM
MD
LG