Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:44

Həyatın dibi…


İnşaat Mühəndislər Universitetinə məxsus 1 saylı yataqxana
İnşaat Mühəndislər Universitetinə məxsus 1 saylı yataqxana
Bakının Dərnəgül qəsəbəsində bir-birinin yanında inşa edilmiş onlarla tələbə və fəhlə yataqxanalarında artıq 15 ildir məcburi köçkünlər yaşayırlar. Elə bu səbəbdən indi qəsəbədə yataqxanaların yerləşdiyi bu yeri əhali «qaçqın şəhərciyi» adlandırır. Şəhərcikdəki yataqxanları görünüşlərinə görə, bir-birindən fərqləndirmək olduqca çətindir. Onların hamsı sovet memarlıq məktəbinin ənənəvi yaradıcılıq məhsullarıdır. Ancaq onları bir-birindən ayırmayan təkcə sovet arxitekturasının standart üslubu deyil. Bu yataqxanaların hər birinin eyvanlarını taxta və ya parçalarla tutublar. Məcburi köçkünlər burada məskunlaşdıqdan sonra görünür yataqxanaların eyvanlarında özlərinə əlavə otaqlar düzəltmək qərarına gəliblər. Bir sözlə, burada sovet memarlarının əl işinə müstəqil Azərbaycanın öz torpaqlarından köçkün düşən sıravi insanları bir xeyli «yenliklər» ediblər.

Birgə yaşayışın yaratdığı birgə problemlər, birgə xəstəliklər…


Şəhərcikdəki mini bazarla, yataqxanaların birinci mərtəbələrindəki müxtəlif mağaza və kustar sexlərlə tanışlıq isə göstərir ki, məcburi köçkünlərin çoxu xırda ticərətlə məşğuldurlar. Ancaq burada hamının nə daimi işi, nə də ticarətlə məşğul olmağa imkanı var. Üstəlik, bu il qış da sərt keçdiyindən şəhərcikdəki mini bazarda müştərilər gözə dəymirdi. Yollar, ağaclar kimi elə-bil alış-verişdə donmuşdu. Bunun əvəzində həyətlərdən yataqxanalara dəmir, rezin qablarda su daşıyan qadın və uşaqlar şəhərcikdəki bu sakitliyi ara-sıra pozurdular:


- Borular donub. Heç bir mərtəbədə su yoxdur. Suyu həyətlərdən gətiririk…


Şəhərcikdə tək yataqxanalar bir-birilərinə bənzəmir. Yataqxanalardakı birgə yaşayış, sakinlər üçün də birgə problemlər, birgə xəstəliklər doğurub. Hər halda Dərnəgüldəki 4 saylı yataqxanada bunu sakinlər açıqca dilə gətirirlər:


- Burda vərəmdən tutmuş müxtəlif yoluxucu xəstəliklərə qədər var. Ancaq Səhiyə Nazirliyindən, Sanitar Epidemioloji Stansiyadan gəlib maraqlanan yoxdur. Kimə deyəsən ki, sənin uşağın vərəmdir, çıx get. Birgə yaşayırıq. Birgə sağlamlığımızın qayğısına qaldığımız kimi, xəstəliyi də birgə keçirməyə məcburuq.


Ancaq bu birgə yaşayış sovetlər dönəmində tələbələr üçün düşünülüb. İndi bu yataqxanalara sığınan məcburi köçkün ailələri üçün yox. Bir otaqda ata da, ana da, oğul da, qız da gün keçirir və elə bu bir otaqda da gecələyirlər. Üstəlik, həmin otağa gəlin də gəlməli, orada yeni doğulan körpələr böyüyüb boya-başa çatmalıdırlar. 4 saylı yataqxanada danışırlar ki, məhz birgəyaşayışın çətinlikləri üzündən bir çox köçkün gənclər vaxtında evlənə bilmirlər:


- Elə adamlar var ki, utandığından nə oğul evləndirə, nə də qız köçürə bilir.



Bakının Dərnəgül qəsəbəsindəki 4 saylı yataqxana
Üstəlik, 4 saylı yataqxananın kanalizasiya sistemi də sıradan çıxmışdı. Borular xarab olduğundan su axıdırdı. Əksər mərtəbələrdəki həm ayaqyolu, həm hamam, həm də mətbəx damırdı. Ona görə də məcburi köçkünlər nisbətən az daman mətbəxlərdə həm su qızdırır, həm paltarlarını yuyub-qurudur, həm də xörək bişirirlər:

- Burda insan yaşayar! Biz vəhşi deyilik ki, biz də insanıq. Bura bizim mətbəxdir. Burda neyləmək olar? Kanalizasiya suyu yeməyin içinə tökülür. Baxın hamama, görün su necə axır. Kanalizasiya suyu dolub zirzəmiyə. Bu bina çökə bilər. Burda 250-300 insan yaşayır. Ölüm-itim olandan sonra deyəcəklər ki, bizdə varıq.


«Qonşular olmasa, bu ailə ölməlidir»


Məcburi köçkünlərə 9 manat çörəkpulu verirlər. Üstəlik, onların kommunal xərclərini Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ödəyir. Ancaq çadır şəhərciklərindən fərqli olaraq Bakıda yataqxanalarda məskunlaşan məcburi köçkünlərə əlavə ərzaq yardımı verilmir. 4 saylı yataqxananın sakinləri deyirlər ki, əvvəlki Qurban bayramlarında onlara ət payları verilib. Sonuncu Qurban bayramında isə nədənsə yaddan çıxıblar. Düzdür, işləməyən, imkansız köçkün ailələri sosial müavinət ala bilirlər. Ancaq deyəsən, sosial müavinətlərin paylanmasında da bəzən anlaşılmazlıqlar olur:


- Bəri başdan 2 ayın pulunu istəyirlər.


Bunu iki uşaq anası Solmaz İsmayılova deyir. Onun həyat yoldaşı Pənah İsmayılov günəmuzd işlərlə ailəsini dolandırır. Şəhərə aramsız qar yağdığından indi günəmuzd iş də tapa bilmir. Çünki bir çox tikintilərdə işlər dayanıb. Üstəlik, onların deməsinə görə, uşaqlarından biri xəstələnib. Ancaq çarpayıda birgə yatmış iki uşağa baxanda hansının xəstə, hansının sağlam olduğunu demək çətin olardı. Çünki onların iksinin də sifətləri saralmışdı. Solmaz İsmayılova deyir ki, pulsuzluqdan uşağı müalicə etdirə bilmirlər.


Ancaq deyəsən, bu yataqxanada yaşamaq gənc ailələrlə müqayisədə yaşlı insanlar üçün daha ağırdı. Yataqxananın 4-cü mərtəbəsində Ağdam rayonundan məcburi köçkün düşən Çərkəz Quliyev qalır. O, infarkt keçirdiyindən yataqdan qalxa bilmir. Üstəlik, onun və həyat yoldaşının gözlərində katarakt yaranıb, gözlərinə mirvari suyu gəlib. Çərkəz Quliyevin ailəsi elə özündən və həyat yoldaşından ibarətdir. Onun həyat yoldaşı deyir ki, yaxın günlərə qədər otaqları da damırmış. Qonşuların köməyi ilə birtəhər otağın tavanını təmir etdirə bilblər:


- Qonumdan-qonşudan 50 manat yığıb tavanı düzəltdik. İndi damır. Ancaq otaq dağılıb gedir…



Bakının Dərnəgül qəsəbəsindəki 4 saylı yataqxana
Söhbətə Çərkəz Quliyevin qonşuları da qoşulur. Qonşular deyirlər ki, bu yaşlı, xəstə insanların himayəyə ehtiyacları var:

- Bayram günü işıqlar söndü. Lampa işiğında bu kişini ayaqyoluna apardıq. Qonşular olmasa, bu ailə ölməlidir. Bəs qoltuğu «pafkalılar» hara baxır? Neftin pulları hara gedir?
Burda hər şey bir-birini tamamlayır. Bu yataqxanaların üslubu və birgə yaşayışın doğurduğu problemlər kimi, burda yaşayan insanlar da bir-birilərinə çox bənzəyirlər. Əlbəttə, bunu ilk baxışda sezmək çətindir. Hər bir insan fərqli fizianomiyada dünyaya gəlir. Ancaq məcburi köçkünlərlə yaxından tanışlıq nəticəsində bu oxşarlığın nədən ibarət olduğunu görməmək mümkün deyil. Onların əksəriyyəti öz yaşlarından daha qoca görünürlər.


Məcburi köçkünlər yataqxanalara daimi yaşayış yeri kimi baxmılar


Yasamal rayonundakı tələbə yataqxanalarında da məcburi köçkünlər məskunlaşıblar. İnşaat Mühəndislər Universitetinə məxsus 1 saylı yataqxanada bizə bələdçiliyi ora qonaq gələn yerli insanlardan biri edir. Deməsinə görə, onun qızı bu yataqxanaya gəlin köçüb. Hər gün bura gəlməklə qızına yardım etməyə çalışır:


- Qaz yoxdur, bir işıqdır, onu da kəsirlər. Körpə uşağın əskisini bilmirik necə yuyub-qurudaq. Mən hər gün gəlirəm, qəhərlənib çıxıb gedirəm. Belə də yaşamaq olar…


Bu yataqxanada da kanalizasiya sistemi sıradan çıxıb. Bütün mərtəbələrdəki mətbəxi də, hamamı da, ayaqyolunu da su basıb. Demələrinə görə, yataqxanadakı ayaqyollarından istifadə etməyə məcbur olsalar da, nə bu mətbəxə, nə də bu hamama gedirlər. Yeməyi elə otqlarında bişirirlər.Yataqxananın həyətindəki qazanxanada isə bəzi işbaz insanlar yuyunmaq üçün yer düzəldiblər. Məcburi köçkünlərin deməsinə görə, pul verib bu qazanxanada yuyuna bilirlər. Ancaq şənbə və bazar günləri orada da uzun növbələr olur.


1 saylı yataqxanada danışırlar ki, onların bəzilərində revmatizm yaranıb. Uşaqların böük əksəriyyəti isə müxtəlif xəstəliklərdən əziyyət çəkir. Bu xəstəliklər də əsasən soyuq və qida çatışmazlığından yaranıb.


Yataqxanada yoluxucu xəstəliklərin də yayılma təhlükəsi var. Çünki həyətdə zibil qutuları yoxdur. Hərə zibilini elə pəncərəsindən həyətə atır. Bu da binanın həm giriş tərəfində, həm də arxasında böyük zibilliklərin yaranmasına gətirib çıxarıb:


- Nə olar bura bir zibil yeşiyi qoyanda. Həyət zibilxanaya dönüb. Axı qaçqının da haqqı var. Qaçqın olanda onu ayaqlar altına atmalısan…


Ancaq yataqxanaların həyətində belə üfunətli ərazilərin yaranmasını təkcə zibil yeşiklərinin yoxluğu ilə izah etmək olmaz. 1 saylı yataqxanadakı məcburi köçkünlərdən biri bunu həm də özlərinin məsuliyyətsizliyi kimi dəyərləndirdi.


Səttarxan zavoduna məxsus, tikintisi yarımçıq qalan 9 mərtəbəli bina
Görünür, bu məsuliyyətsizliyin də arxasında düşdükləri şəraiti bəyənməmək durur. Məcburi köçkünlər nə bu yataqxanalara, nə də onun həyətlərinə özlərinin daimi yaşayış yerləri kimi baxırlar. Ancaq hələ ki, orda çarəsizlikdən yaşayırlar və bu həyat onların ömürlərindən, günlərindən gedir…

Ölüm qaşla-göz, daha doğrusu, 2-ci mərtəbə ilə 9-cu mərtəbə arasındadır


Nərimanov rayonu ərazisində Səttarxan adına zavoda məxsus yarımçıq binanın həyətində məcburi köçkünlərə məxsus bir neçə gecəqondu olub. Ancaq bu yaxınlarda həmin gecəqondular yanıb. Ağdam rayonundan köçkün düşən bir ailəni çıxmaqla, bütün yanan gecəqonduların sakinləri kirayə tutduqları evlərə köçüblər. Bu bir ailə isə yenidən yanmış otaqlarını təmir etdirib, elə həmin həyətdə də yaşayır. Onların deməsinə görə, Nərimanov Rayon İcra Hakimiyyəti evi yanan hər bir ailəyə 500 dollar yardım edib. Yanğının səbəblərinə gəlincə isə məcburi köçkünlər bunu elektrik xətlərində yaranan qısaqapanma ilə izah edirlər:


- Qışqıra-qışqıra o qonşunu çağırdım, bu qonşunu çağırdım ki, ay camaat evimiz yandı. Bərk də külək idi. Yanğın söndürənlər də gəldi, elektrik xətləri yanıb yanğınsöndürənlərin də üstünə töküldü, ancaq alovu keçirə bilmədilər.


«Burda ölməkdənsə, çıxıb getmək yaxşıdır»


Səttarxan zavoduna məxsus, tikintisi yarımçıq qalan 9 mərtəbəli binada da elə məcburi köçkünlər yaşayırlar. Bu binada isə ölüm qaşla-göz, daha doğrusu, 2-ci mərtəbə ilə 9-cu mərtəbə arasındadır. Binanın ikinci mərtəbəsindən başlayaraq, 9-cu mərtəbəsinə qədər pilləkənlərin məhəccərləri yoxdur. Bilinmir ki, bu məhəccərləri söküb satıblar, yoxsa əvvəlcədən olmayıb. Har halda bu binada məskunlaşan məcburi köçkünlər məhəccərlərin olmamasının səbəbini izah etmirlər. Ancaq uşaq da, böyük də bu məhəccərsiz pilləkənlərlə hər gün düşüb-qalxırlar.


Ancaq deyəsən, məcburi köçkünlər pilləkənlərlə düşüb-çıxmağın təhlükəli olduğunun bir o qədər də fərqində deyillər. Çünki son günlər yağan aramsız qarın əriməsindən yaranan su panellərin arası ilə axıb onların otaqlarına tökülürdü. İndi daha çox bundan narahat idilər. Xüsusilə də yuxarı mərətəbədə olanlar:
- Su axıb evmizə tökülür. Həyat yoldaşım xəstədir, oğlum da ikinci qrup əlildir. Bilmirik nə edək.


Yarımçıq binanın 9-cu mərtəbəsində Şuşa rayonundan qaçqın düşən Fəxrəddin Məmmədovun ailəsi ilə tanış oldum. Onunla qonşuluqda isə oğlu, ikinci qrup Qarabağ əlili Hafiz Məmmədov yaşayır. Hafiz Məmmədovun üç uşağı var:


- Beş nəfər bir otaqda qalırıq. Yeməyimiz də, yatmağımız da burdadır. Özümün də bədənimdə iki güllə var. Sosial müavinət və bir də pensiya ilə dolanıram. Bir də mis toplayıram. Oğurluq edəsi deyiləm ki? Evə damır. Burda ölməkdənsə, çıxıb getmək yaxşıdır. Onusuz da bizə qızıldan şərait düzəltsələr də, vətənimizin yerini verməyəcək.



Səttarxan zavoduna məxsus, tikintisi yarımçıq qalan 9 mərtəbəli bina
Hafiz Məmmədov Dövlət Neft Akademiyasını bitirib. Deyir ki, səhhəti tikintidə işləməyə imkan vermir. Başqa iş isə tapa bilmir. Onun atası Fəxrəddin Məmmədov isə təkcə Şuşanın yox, yaxın qohumlarının da xiffətini çəkir. F.Məmmədovun deməsinə görə, neçə müddətdir bacısını görmək istəsə də, imkansızlıqdan Gəncəyə gedib onunla görüşə bilmir:

- Gəncə nədir, burdan-bura. Ancaq gedə bilmirəm. Bərdə də bibim, bibimin oğlanları öldü. Onların dəfnində iştirak edə bilmədim.


Getdikcə bu insanlarda doğma torpaqlarına qayıdacaqlarına inam da azalır. Fəxrəddin Məmmədov deyir ki, artıq inamsız yaşamağa öyrəşir:


- Yaxın vaxtlara qədər inanırdım, indi inanmıram.


«Köçkünlərin məskunlaşdığı 230-dan çox yataqxana əsaslı şəkildə təmir ediləcək»


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən isə deyirlər ki, bu il Bakıda yataqxana və yarımçıq tikililərdə məskunlaşan məcburi köçkünlərin şəraiti yaxşılaşdırılacaq. Hər halda prezident ötən ilin oktyabrında sərəncam verərək məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı dövlət proqramına bəzi əlavələr edib. Komitənin İctimaiyyətlə Ələqələr Şöbəsinin müdiri Sənan Hüseynovun sözlərinə görə, bütün çadır şəhərcikləri ləğv edildiyindən əsas diqqət Bakı şəhərinə veriləcək. Hüseynov deyir ki, bu il ümumilikdə məcburi köçkünlərin məskunlaşdığı 230-dan çox yataqxana əsaslı şəkildə təmir ediləcək:


- Həmin yataqxanaların 144-ü Bakının payına düşür. Eyni zamanda bu il hərbi hissələrdə, məktəblərdə məskunlaşan məcburi köçkünlər də evlərlə təmin ediləcəklər.


Sənan Hüseynov bildirir ki, bu il Bakı şəhərində 2 yarımçıq tikilidə məskunlaşan məcburi köçkünlər də evlərlə təmin edilməlidir. Onun sözlərinə görə, həmin yarımçıq tikililərdən biri də elə Səttarxan adına zavoda məxsus binadır.
Məcburi Köçkünlər Birliyinin sədri Kərim Kərimli isə deyir ki, onların şəraitinin yaxşılaşdırılacağı haqda xəbərlər sevindiricidir. Ancaq bir şərtlə ki, bütün bu vəsaitlərdən səmərəli istifadə edilsin:
- Hər il yataqxanaları təmir edirlər. Burda yeyinti var. Ondansa həmin vəsaitə Azərbaycanın boş ərazilərində şəhər salsınlar. Torpaqlar qayıdana qədər həm məcburi köçkünləri, həm də Bakıda evsiz insanları ora köçürsünlər.


«Elə məcburi köçkünlər var ki, onları hətta 5-10 manat da xoşbəxt edə bilər»


Kərimlinin sözlərinə görə, bununla həm yeni iş yerləri açılar, həm də Bakı kimi yüklənmiş şəhərlər yüngülləşmiş olar. Üstəlik, o, deyir ki, ötən hər gün məcburi köçkünlərin həyatından gedir. Ona görə də məcburi köçkünlər dövlət proqramı işə düşənə qədər başlı-başına buraxılmamalıdırlar.



Səttarxan zavoduna məxsus, tikintisi yarımçıq qalan 9 mərtəbəli bina
Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Elxan Ələkbərov isə məcburi köçkünlərin başlı-başına buraxılması fikri ilə razılaşmır. O, deyir ki, hər gün onlara gələn şikayətlər əsasında məcburi köçkünlərin problemlərini həll etməyə çalışırlar.

Ancaq Bakı şəhərinin əksər yataqxanalarında hələ də kanalizasiya problemləri qalmaqdadır. Üstəlik, bu dağılıb-sıradan çıxan kanalizasiya sistemləri yoluxucu xəstəliklər mənbəyinə çevrilməkdədir. Səhiyyə Nazirliyinin belə yataqxanalarda monitorinqlər aparıb-aparmadığı bizə məlum deyil. Çünki bu barədə Nazirlikdən bir söz demədilər. Ancaq ölkənin baş sanitar həkimi Viktor Qasımov deyir ki, həmin yataqxanalarda şərait yaxşılaşmayana qədər təhlükə aradan qalxmayacaq:


- Əgər bu yataqxanaların kanalizasiya sistemi, suyu yoxdursa, hansı xəstəliyin profilaktikasından danışmaq olar. Səhiyyə Nazirliyi orada təmir işləri aparmır ki. Hərənin öz işi var.


Bu günlərdə Şuşa rayonundan məcburi köçkün düşmüş gənc bir insanın dəfnində bu rayonun keçmişinə və bu gününə aid çox qəribə məlumatlar eşitdim. Təqribən 250 ilə yaxın yaşı olan Şuşa şəhərində cəmi iki qəbiristanlıq olub. İndi isə Azərbaycanın onlarla yaşayış məskənində Şuşadan köçkün düşən insanların dəfn olunduğu qəbiristanlıqlar var. Təkcə Pirşağı qəsəbəsində şuşalıların uyuduğu bir qəbiristanlığın ərazisi az qala həmin şəhərin özündəki qəbiristanlıqlara çatmaqdadır. Kərim Kərimli deyir ki, məcburi köçkünlər arasında orta ömür həddi də getdikcə azalmaqdadır:
- Mən adam tanıyıram ki, 20 ildir gülmür. Onu gülən görməmişəm. Azərbaycanda həddən çox imkanlı insanlar var. Onlar xarici maşınlarının rəngli şüşələrini aşağı salıb bu bədbəxt insanlara baxsalar, yaxşı olar. Bu bədbəxt insanlar da onların millətindən, dinindəndirlər.


Bu il dövlət proqramına əsasən, məcburi köçkünlərə yarım milyard manatdan çox vəsait xərclənməlidir. Bu vəsaitin necə xərclənəcəyi, onun məcburi köçkünlərin həyatını necə dəyişəcəyini indidən demək çətindir. Ancaq indi elə məcburi köçkünlər var ki, onları nəinki milyonlar, hətta 5-10 manat da xoşbəxt edə bilər…


XS
SM
MD
LG