Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:16

Putin qalib gəldi, yoxsa Medvedev?


Real hakimiyyət kimdə olacaq? Baş nazir Putində, yoxsa Medvedevdə?
Real hakimiyyət kimdə olacaq? Baş nazir Putində, yoxsa Medvedevdə?

MDB ərazisində daha bir seçki tamaşası bitdi. Bu dəfə söhbət Rusiyadakı seçkidən gedir. Seçkinin ertəsi günü artıq KİV-lər Dmitri Medvedevin qalib gəldiyini bəyan etdilər. Beləliklə, daha bir «varis planı» baş tutdu. Seçki müəyyən ərazidə hakim elitanın iradəsini rəsmiləşdirmək üçün bir vasitəyə çevrildi və o qədər bəsit forma aldı ki, insanlar istər-istəməz bir sual üzərində düşünməyə məcbur oldular: Seçkidə kim qalib gəldi? Putin, yoxsa Medvedev? Putinin dəstəyinin olmayacağı təqdirdə Medvedevin qalib gələ bilməsi güman ki, çox çətin olardı. Təbii ki, bütün bunlar artıq keçmişdir. Amma çox yaxın keçmişdir. Əksər müşahidəçilər hələ əvvəlcədən seçkidən fərqli nəticə gözləmədiklərini deyirdilər. Deyilənlər və gümanlar özünü doğrultdu.


İndi müşahidəçiləri başqa suallar düşündürür. Real hakimiyyət kimdə olacaq? Baş nazir Putində, yoxsa Medvedevdə? Putin ilə Medvedevin ittifaqı nə qədər davam edəcək? Medvedev Putinin yenidən hakimiyyətə qayıtması üçün «siyasi pilləkən» rolunu oynamayacaqmı?


Hələlik bunu demək olar ki, hakimiyyət bir müddət məlum komandanın əlində olacaq. Bu komanda təbii ki, Medvedevin siyasi komandası deyil, Putinindir. Gələcək daha çox Medvedevin siyasi iradəsindən asılı olacaq. Amma yeni prezidentin belə bir iradəsi varmı? Əksəriyyət Medvedevi zəif siyasətçi kimi qiymətləndirir. Bununla razılaşmaq da olar, razılaşmamaq da.



«Azad, yoxsa sabit Rusiya?». Bu suala cavab verərkən sabitlik seçildi. Bu dəfə də sabitlik azadlıq çərçivəsindən kənarda axtarıldı. Rusiyanın seçimi və siyasi dərsi belə oldu

Putinin idarəçiliyi dövründə siyasi mühit elə idi ki, digərləri özlərini nümayiş etdirə bilmirdilər, bu mühitdə ancaq Putin seçilirdi, daha çox o, xarizma toplayırdı. Amma Medvedevin siyasi bioqrafiyası onun heç də tamamilə zəif bir fiqur olmadığını deməyə əsas verir. 42 yaşında hakimiyyət eşalonunda mühüm yer tutmaq bir o qədər də asan iş deyil. Sözsüz ki, Putinin də seçimi Medvedevin təkcə zəif fiqur olması ilə bağlı deyildi. Hakimiyyətdə Medvedevdən də zəif siyasi fiqurlar var idi. Buna misal olaraq indiki Baş naziri göstərmək olar.Təsadüfi deyil ki, o, vəzifəyə təyin olunarkən hamı onun varis olacağını güman edirdi. Putin prinsipcə onu da seçə bilərdi, amma o, Medvedevin üzərində dayandı.


İndiki siyasi ittifaqdan hamının öz umacağı var. Bu ittifaq Putinə siyasi karyerasını davam etdirmək və özünün rahat həyatını təmin etmək, Medvedevə isə prezident olmaq üçün lazım idi. İttifaqın nə qədər davam edəcəyini isə zaman göstərəcək.


Bəlkə də indi iki siyasətçinin taleyindən daha çox Rusiyanın taleyi, onun hansı istiqamətdə inkişaf edəcəyi maraq kəsb edir. Neft və qazdan gələn dollarlar Rusiya üçün avtoritar bir gələcək vəd edir. Putinin dövründə bu proses başlandı. Rusiyada siyasi azadlıqlar məhdudlaşdırıldı və yeni bir termin meydana çıxdı: «Effektiv dövlətçilik». Söhbət adət edilən demokratik dövlətdən yox, hansısa effektiv dövlətçilikdən gedir. Bu, nədir? Yeni terminologiya axtarışımı? Bəs bu terminologiya üçün zərurət haradan yarandı? «Rusiyanın prezidenti olmaq böyük məsuliyyət tələb edir», - bu, Putinin sözləridir. Sanki digər ölkələrdə prezident olmaq az məsuliyyət tələb edir! Sanki seçicilər öz seçimlərini edərkən məsuliyyət haqqında fikirləşmirlər!


Putinin siyasi ritorikasında yeni heç nə yoxdur. Avtoritar rejimlərin hamısında belə güman edirlər ki, xalq düzgün seçim edə bilmir, onun əvəzinə seçim etmək lazımdır. Elə Rusiyadakı son seçki ilə bağlı səsləndirilən rəqəmlər də cəmiyyətin seçiminə belə baxışın nəticəsidir – seçicilərin 70 faizinin Medvedevə səs verdiyi bildirilir.


Prosesin regionlara təsiri də az maraq kəsb etmir. Rusiya regionlardakı avtoritar rejimlərə həm dayaqdır, həm də nümunə. Artıq neçə gündür ki, Ermənistanda vəziyyət gərgin olaraq qalır, hakimiyyətlə müxalifət arasında toqquşma davam edir. Amma buna baxmayaraq Rusiya dərhal Ermənistanın yeni prezidentini tanıdığını bildirdi və onu öz ölkəsinə səfərə dəvət etdi.


«Azad, yoxsa sabit Rusiya?». Bu suala cavab verərkən sabitlik seçildi. Bu dəfə də sabitlik azadlıq çərçivəsindən kənarda axtarıldı. Rusiyanın seçimi və siyasi dərsi belə oldu. Amma bir məsələ getdikcə özünü daha çox təzahür etdirir: ən azı yaxın xaricdə Rusiya insanların rəğbətini itirir. Gürcüstan daha əvvəlki kimi Rusiyaya ehtiyac duymur. Elə Ermənistandakı gərginlik də bunu deməyə əsas verir. Dünyadakı avtoritar dövlətlərin heç birinin öz çevrəsi yoxdur, onlar siyasi tənhalıq içində vurnuxurlar. Böyük ehtimalla Rusiyanı da bu tale gözləyir.


XS
SM
MD
LG