Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:34

«Jurnalistlər minalanmış əraziyə buraxılıb»


«Müxalifət fəaliyyətsiz olduğundan indi ən çox jurnalistlər minaya düşür…»
«Müxalifət fəaliyyətsiz olduğundan indi ən çox jurnalistlər minaya düşür…»
«Azadlıq» qəzetinin rəhbərliyi indi də yeni təxribatlarla üzləşəcəklərindən ehtiyatlanır. Qəzetin texniki direktoru Azər Əhmədov deyir ki, hakimiyyət hər vəchlə onları susdurmaq yolunu tutub:

«Üst-üstə 300 min manatdan çox cərimələnmişik. Qəzetin binası zorla əlindən alınıb. İki əməkdaşımız - Nicat Dağlar və Fikrət Hüseynli döyülüb bıçaqlandı. Mirzə Sakit cılız ittihamla həbs edildi. Bundan sonra Qənimət Zahid həbs edildi. Daha sonra Aqil Xəlil bıçaqlandı və iyrənc ittihamlarla üzləşdi. Hakimiyyətin məqsədi bütünlükdə «Azadlıq» qəzetini susdurmaqdır».


Əhmədov hesab edir ki, məhz «Azadlıq» qəzetinin hədəf seçilməsi təsadüfi deyil. Bununla həm söz azadlığını boğmaq, həm də qəzetin mənsub olduğu düşərgəni zəiflədib yox etmək istəyirlər.


Azər Əhmədov deyir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası bəzi müxalifət partiyalarından fərqli olaraq qarşıdan gələn prezident seçkisinə demokratik görüntü vermək niyyətində deyil. Bu da vaxtı ilə «Azadlıq» qəzetini təsis edən təşkilata aqressiv münasibət yaradır.


«Tolerant» Sosial Araşdırma Birliyinin sədri Azər Rəşidoğlu isə hesab edir ki, hakimiyyət artıq müxalifəti zərərsizləşdirib. İndi müxalif və demokratik mətbuat susdurulmaqdadır:


«Mətbuat, jurnalistlər elə bil minalanmış əraziyə buraxılıb. Müxalifət fəaliyyətsiz olduğundan indi ən çox jurnalistlər minaya düşür…»


Rəşidoğlu deyir ki, onlar həmişə yarızarafat, yarıciddi bir siyahı tutub mətbuatda növbəti qurban ola biləcək şəxslərin adlarını tərtib etməyə çalışıblar. Onun sözlərinə görə, o qədər də tanınmayan Aqil Xəlilin hədəf seçilməsi isə göstərir ki, hakimiyyət tək aparıcı yazarları yox, bütünlükdə mətbuatı məhv etmək istəyir. Azər Rəşidoğlu deyir ki, indi hər bir jurnalistin içində daxili bir senzor yaranmaqdadır. Bu, ölümdən yox, biabır olmaqdan qorxmaqdır.


Ancaq hakimiyyət rəsmiləri baş verənlərin söz və siyasi azadlıqların boğulması kimi dəyərləndirilməsi ilə razılaşmırlar. «Azərbaycan» qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov deyir ki, Mirzə Sakit və Qənimət Zahid məhkəmə qarşısında konkret əməllərinə görə, cavab veriblər. Onun sözlərinə görə, əgər istintaq Aqil Xəlilin bıçaqlanma səbəbilə bağlı həqiqətləri üzə çıxarırsa, buna siyasi don geyindirməyə ehtiyac yoxdur:


«Azərbaycanda demokratiya inkişaf edir. Qarabağ kimi problem var. Biz çalışırıq ki, bu munaqişənin həlli üçün beynəlxalq təşkilatlardan istifadə edək. Bunlar isə öz fəaliyyətləri ilə ikili standartlarla işləyən beynəlxalq təşkilatlara bəhanə verirlər».


Bu vəziyyətin ölkəni hara apardığı da indi çoxlarını düşündürən suallardandır. Hakimiyyət rəsmilərinin açıqlamalarından asılı olmayaraq bəzi təhlilçilərin gələcəyə təxminləri o qədər də ürəkaçan deyil. «Zerkalo» qəzetinin şərhçisi Rauf Mirqədirov deyir ki, əslində indi Azərbaycanda idarə edilməyən özbaşınalıq hökm sürür. Üstəlik, qarşıdan prezident seçkisi gəldiyindən bu idarəedilməyən özbaşınalıqda siyasi maraqlar üst-üstə düşür.


«Tolerant» Sosial Araşdırma Birliyinin sədri Azər Rəşidoğlu isə deyir ki, indi bir məsələ dəqiq müəyyən edilməlidir: Azərbaycanın məqsədi Avropaya inteqrasıyadır, yoxsa bəzi Şərq ölkələrindən nümunə götürmək. Rəşidoğlunun fikrincə, bunu təkcə Azərbaycan cəmiyyəti yox, elə beynəlxalq təşkilatlar da müəyyən etməlidir. Əks halda Azərbaycanda baş verən hadisələri düzgün təhlil etmək mümkün olmayacaq.


XS
SM
MD
LG