Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:19

MTN zabitinin jurnalisti döyməsi iddiası araşdırılır


Aqil Xəlil fevralın 22-də «Zeytun Bağları» adlanan ərazidə döyülüb
Aqil Xəlil fevralın 22-də «Zeytun Bağları» adlanan ərazidə döyülüb

İstintaq «Azadlıq» qəzetinin əməkdaşı Aqil Xəlilinin onu Milli Təhlükəsizlik Nazirliyinin ( MTN ) zabitinin döyməsi barədə iddialarını da araşdırır. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Vüqar Əliyev «Azadlıq» radiosuna bildirib.


«Jurnalistin «Zeytun Bağları»nda döyülməsi ilə bağlı Binəqədi Rayon 7-ci polis bölməsində toplanmış material hazırda cinayət işinə əlavə edilib. Cinayət işinin gedişində bu məsələ yoxlanılır və ona da hüquqi qiymət veriləcək».


Vüqar Əliyev onu da bildirib ki, Aqil Xəlil foto çəkilişlər apararkən KİV haqqında qanunun 10-cu maddəsini pozub. Belə ki, o, qarşı tərəfin yazılı razılığından sonra çəkiliş aparmalı imiş:


«İnsident nədən qaynaqlanıb? Aqil Xəlil «Zeytun Bağları» adlanan ərazidə heç kəsi xəbərdar etmədən foto çəkilişlər aparmağa başlayıb. Orada olan şəxslər də bundan şübhələniblər və məsələni araşdırmağa çalışıblar».


«Jurnalistin çəkiliş aparması onun MTN zabiti tərəfindən döyülməsinə əsas verirmi» sualını isə Vüqar Əliyev belə cavablandırıb:


«Prokurorluq bu məsələni öz icraatına götürüb və bu məsələ də araşdırılacaq».


Aqil Xəlilin döyülməsi ilə bağlı qaldırılan cinayət işi üzrə bir nəfər həbs olunub. Bu, «Zeytun Bağları» Kəndli Fermer Təsərrüfatı Birliyinin rəhbəri Natiq Allahverdiyevdir. O, jurnalisti döyənlərdən biri MTN -nin zabiti olduğu bildirilən Dağbəyi Allahverdiyevin qardaşıdır.


«Azadlıq» qəzetinin müxbiri Aqil Xəlil fevralın 22-də «Zeytun Bağları» adlanan ərazidə döyüldükdən sonra martın 13-də isə naməlum şəxslər tərəfindən ürək nahiyəsindən bıçaqlanıb.


Prokurorluq jurnalistin homoseksuallar tərəfindən bıçaqlandığını iddia edir.


Aqil Xəlil istintaqda döyüldüyünü bildirir və işin qərəzli aparılması ilə bağlı baş prokurora müraciət edib. O, müraciətində «Zeytun Bağları»nda onu döyən Dağbəyi Allahverdiyev və Akif Çovdarovun məsuliyyətə cəlb edilməsini xahiş edib.


XS
SM
MD
LG