Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:04

Azərbaycanda təmiz su qıtlığı yarana bilər


Ekoloji laboratoriyalar ölkə ərazisinə daxil olan transsərhəd sularının çirkləndiyini qeydə alıblar
Ekoloji laboratoriyalar ölkə ərazisinə daxil olan transsərhəd sularının çirkləndiyini qeydə alıblar

Azərbaycan Kür və Araz çaylarının qonşu ölkələr tərəfindən çirklənməsinin qarşısını almaq üçün beynəlxalq təşkilatlara müraciət edib. Ekoloji laboratoriyalar son vaxtlar ölkə ərazisinə daxil olan transsərhəd sularının çirkləndiyini qeydə alıblar.


Rəsmilərin dediyinə görə, bu, əsasən Gürcüstan və Ermənistandan gələn çayların tərkibində özünü göstərir.


Ekoloqlar artıq məsələ ilə bağlı həyacan təbili çalmağa başlayıblar. Belə ki, ölkə əhalisinin böyük bir qismi məhz bu sulardan istifadə edir.


Narahatlığa əsas yaradan odur ki, lokal təmizləyici qurğularla bu çirklərin qarşısını almaq artıq mümkünsüzləşib. Çünki adi halda çaya axıdılan kommunal sular 20-25 kilometrdən sonra necə deyərlər, öz-özünə təbii yolla təmizlənirsə, bu axın daimi olduqda çirkab su 250 kilometrə qədər gedib çıxır. Digər tərəfdən, xüsusilə Sovet dövrü salınmış məskunlaşma yerlərinin heç də hamısında təmizləyici qurğu yoxdur.


Ekoloqlara görə, belə getsə, ölkədə təmiz su qıtlığı yarana bilər. Bakı küçələrində də rəyini soruşduğumuz sakinlər deyirlər ki, artıq onlar suyun çirkləndiyini hiss edirlər.


«Davamlı İnkişaf» Ekoloji Cəmiyyətin sədri Fikrət Cəfərov isə deyir ki, qonşu ölkələrdən Kür və Araza çirkab sularla yanaşı, sənaye tullantıları da buraxılır ki, bu da çox qorxuludur. Onun fikrincə, Azərbaycan əhalisinin 80 faizi texniki sudan içməli su kimi istifadə edir:


«Biz ekoloqlar həmişə deyirdik ki, suyun tərkibi standartlara uyğun deyil. Ancaq buna heç kim fikir vermirdi. Həmin o çirkab sulardan bizim kənd təsərrüfatında istifadə edilir. Ağır metallar, çirkab maddələr məhsullara daxil olur və ondan da istifadə edirik. Aydındır ki, bu, əhalinin sağlamlığına təsir göstərir».



«Kür su kəməri birinci xətt kimi planlaşdırılanda alimlər deyirdilər ki, Kürün suyunu təmizləmək çox çətin və bahalı olacaq. O vaxt təklif edirdilər ki, ya Oğuzdan, ya da Samurdan su gətirilsin. Deməli, bu gün biz o səhvi düzəldirik»
Cənubi Qafqazın transsərhəd su problemi artıq beynəlxalq təşkilatların da diqqətini çəkib. ATƏT-in iqtisadi və ətraf mühit məsələləri üzrə nümayəndəsi Devid Svolli deyir ki, Azərbaycanın üzləşdiyi problem çox ciddidir. Çıxış yolu isə Ermənistan və Gürcüstanla əməkdaşlıq etməkdədir:


«Biz həm Gürcüstan, həm də Ermənistan hökuməti ilə bir sıra layihələr həyata keçiririk ki, Kür və Araz suyunun tərkibində hansı zəhərli maddələrin olduğunu müəyyən edə bilək. Amma bu iş üçün uzunmüddətli əməkdaşlıq lazımdır. Hazırkı vəziyyəti nəzərə alaraq regionda əməkdaşlığa nail olmaq çox çətindir. Amma Azərbaycanın təmiz suya ehtiyacı var. Başa düşmək lazımdır ki, ekoloji problemlər ölkənin sərhədində dayanmır, digər ölkələrlə də bağlı olan məsələdir».


Ötən ay Bakı ilə Tbilisi arasında Kür çayının çirklənməsinin səbəbləri müzakirə olunub. Belə nəticəyə gəlinib ki, problem təkcə suyun çirklənməsində yox, həm də onun analiz sistemindədir. Belə ki, Azərbaycan bu gün Sovet dövründən qalma metodika ilə qiymətləndirmə aparır. Gürcüstan isə Avropa metodologiyası ilə.


İndi ATƏT təklif edir ki, Cənubi Qafqazın hər üç ölkəsində vahid standart sistem tətbiq olunsun. Hərçənd, Bakıda bu ideyaya o qədər də nikbin yanaşmırlar.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi İmran Əbilov deyir ki, indi hər ölkə öz məsuliyyətini anlamalı və suyu çirkləndirməməlidir. Onun sözlərinə görə, Azərbaycan öz tərəfindən lazım olan tədbirləri görür, belə ki, ekoloji laboratoriya quraşdırır, beynəlxalq konvensiyalarla üzərinə öhdəlik götürür və sair:


«Belə tədbirlərin Gürcüstan və Ermənistan tərəfindən də görülməsini istərdik. Lakin bu ölkələr hələlik beynəlxalq konvensiyalara qoşulmayıblar».


O ki qaldı təmiz su çatışmazlığına, nazirlik nümayəndəsinin sözlərinə görə, bu ilin sonunda Bakıya alternativ kəmərlərlə su çəkilişi başa çatacaq və problem aradan qalxacaq.


Müstəqil ekspert Fikrət Cəfərov isə deyir ki, bu cür çıxış yolu real olsa da, həddindən artıq çox vaxt itirilib:


«Biz bu məsələni 20 il əvvəl qaldırmışdıq. Kür su kəməri birinci xətt kimi planlaşdırılanda alimlər deyirdilər ki, Kürün suyunu təmizləmək çox çətin və bahalı olacaq. O vaxt təklif edirdilər ki, ya Oğuzdan, ya da Samurdan su gətirilsin. Deməli, bu gün biz o səhvi düzəldirik».


Ekspertlərin fikrincə, hər nə qədər alternativ su xəttləri tapılsa da, Azərbaycan qonşuları ilə əməkdaşlığa nail olmadan, ekoloji təhlükəsizliyini tam təmin edə bilməz.


XS
SM
MD
LG