Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:37

«Bütün gənclər qeydiyyatdan keçiriləcək»


«Xarici pasportum hazırdır. Məqam axtarıram ki, kimsə məni aparsın»
«Xarici pasportum hazırdır. Məqam axtarıram ki, kimsə məni aparsın»
«Gənclər çayxanalarda, kafedə bilyard, tennis və domino oynayırlar. Günümüzü buna sərf edirik. Amma yəqin ki, iş yeri olsa, cavanlar boş qalmazlar».

İsmayıllı rayonunun mərkəzindəki «Gənclər meydanı»nda tanış olduğum Fikrət Camalov 3 ildir iş axtarır. Deyir ki, dostları və qonşuluqdakı yaşıdları bir müddət rayonda onunla bərabər iş soraqlasalar da, tapa bilmədiklərindən ümidlərini üzərək paytaxta gediblər.


Amma valideynləri xəstə vəziyyətdə olduğundan o, ailəsini tərk etmək, ata-baba evini sahibsiz qoymaq istəmir.


İsmayıllıda qaz və elektrikə nə var demək olur, nə də yox. Bir yandan da gündən-günə qalxan qiymətlər bu bölgədəki 2000-dən artıq gəncə öz həyatlarını planlaşdırmağa imkan vermir. Köhnəlmiş təhsil və səhiyyə xidmətləri yaşayış şərtlərini daha da ağırlaşdırır.


İsmayıllı məktəblərindən birinin müəllimi Elxan Səfərli deyir ki, belə getsə, rayonda gənc qalmayacaq:


«Gənclər çıxıb gedirlər, ailəlikcə köçürlər. Çox acınacaqlı vəziyyətdir. Haradasa 10-15 evdə işıq yanır. İş yeri tapılmır və dolanışıq üzündən hamı dağılıb gedir».


Rəsmilər rayonun mərkəzində əsasən infrastrukturun inkişafına böyük diqqət ayırdıqlarını, kəndlərdə isə əsas məşğuliyyətin maldarlıq olduğunu bildirirlər. Hərçənd, nə rayon mərkəzində, nə də kəndlərə gedən yol boyunca elə böyük qoyun sürülərinə, mal-qaraya rast gəlmədim.


Şəhərdən təxminən 30 kilometr aralıda yerləşən Lahıc kəndində də həyat tempi çox ləngdir. Yastı papaqlı yaşlı kişilər günlərini tinlərdə və bərbərxanalarda yığışıb söhbət etməklə keçirirlər. Kəndin sakini 24 yaşlı Namiq deyir ki, burada nəinki iş yeri, heç işləyəcək adam da yoxdur:


«Bir çox uşaqlar öz mənliyini qoruyaraq, çıxıb gediblər. Mən özüm əvvəl heyvandarlıqla məşğul olmuşam. Amma bu, o qədər də əl vermir. Məcbursan ki, işləyəsən».


İsmayıllıda diqqətimi çəkən 2005-ci ildə parlament seçkiləri vaxtı divarlarda yapışdırılmış və hələ də qalmaqda olan deputatlığa namizədlərin plakatları və bir də xeyli yoxsul görünən mağazalar oldu.


Rəsmi məlumatlara görə, son 5 ildə ölkədə açılmış 643 min iş yerinin üçdə biri Şirvan zonasının payına düşür. Yenə həmin rəsmi rəqəmlərə görə, 100 minə yaxın sakini olan və Şirvan iqtisadi zonasına daxil olan İsmayıllıda da 3 mindən artıq iş yeri yaradılıb. Amma bu rəqəmlərə yerli sakinləri inandırmaq o qədər də asan deyil. Onlar deyirlər ki, işsizlikdən rayonda vur-tut 1000-1500 gənc qalıb ki, onlar da iş axtarışındadırlar.


İsmayıllı gənclərinin işsizlik problemi beynəlxalq təşkilatların da diqqətini cəlb edib. Beynəlxalq Əmək Təşkilatının (BƏT) nümayəndəsi Uolter Verxoyeve deyir ki, çıxış yolu aran rayonlarında turizmin səviyyəsini qaldırmaqdır:


«Bizim təşkilat Azərbaycanın bölgələrində, xüsusilə də İsmayıllıda əhalinin məşğulluğu ilə bağlı layihə həyata keçirir. Turizm bu layihənin əsas tərkib hissələrindən biridir. Lakin onun effekti və uğurlu inkişafı bir çox digər amillərdən, o cümlədən müvafiq infrastrukturun inkişafından asılıdır».


Cənab Verxoyeve deyir ki, gənclər arasında turizm biznesində iştirak etmək istəyi olsa da, müvafiq təcrübə və infrastruktur yoxdur və BƏT bu problemin həllinə yardım etmək niyyətindədir.


Gənclər və İdman Nazirliyinin sektor müdiri Nərminə Bağırova isə bölgələrdə gənclərin iş tapa bilməməsini onların peşə problemi ilə əlaqələndirir. Amma dediyinə görə, yeni iş yerlərinin neçə gəncə tətbiq olunması barədə rəsmi rəqəm yoxdur.


Hazırda gənclər arasında işsizlik problemini həll etmək üçün dövlət proqramı hazırlanır. Nərminə Bağırovanın sözlərinə görə, bütün məşğul və işsiz gənclər dövlət qeydiyyatından keçiriləcək:


«Söhbət yaşı 15-29 arasında olan 2 milyona yaxın insandan gedir və bu problem gənclərin iqtisadi cəhətdən fəal nümayəndələrinin maraqlarına toxunur».


Amma müstəqil ekspertlərin fikrincə, qeydiyyata almaqla da gənclərin məşğulluğunu həll etmək olmaz. Çünki xüsusilə bölgələrdə qeydə alınası gənc qalmayıb. Hamısı ya şəhərə axışıb, ya da güzəran dalınca xaricə üz tutublar.


Elə özünü Lahıc gənclərinin «sonuncu mogikan»ı adlandıran 24 yaşlı Namiq deyir ki, dostları kimi o da ölkəni tərk etməyə hazırlaşır:


«Xarici pasportum hazırdır. Məqam axtarıram ki, kimsə məni aparsın. Məcburam, çünki hüquqlarım çox tapdanır».


Sentyabrın ikinci yarısında Bakıda gənclərin məşğulluq problemlərinə həsr olunan beynəlxalq sammit keçiriləcək. Ənənəvi olaraq iki ildən bir keçirilən sammitin işində əsasən gənclərin məşğulluq probleminin xüsusilə aktual olduğu ölkələr iştirak edirlər. Bunlar Şərqi Avropa, Latın Amerikası, Afrika ölkələri və o cümlədən Azərbaycandır.


XS
SM
MD
LG