Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:32

Vaqon məktəb…


Qubadlı rayonunun 3 saylı məktəbi bir neçə yük vaqonuna sığınıb
Qubadlı rayonunun 3 saylı məktəbi bir neçə yük vaqonuna sığınıb

Ötən il Təhsil Nazirliyinin xətti ilə Azərbaycanda 200 yeni məktəb binası tikilib. 80 min şagird 2007-2008-ci tədris ilinə yeni korpuslarda başlayıb. Ancaq ölkədə nəinki köhnə, təmirə ehtiyacı olan, hətta yük vaqonlarında yerləşən məktəblər də qalmaqdadır. Belə məktəblərdən biri Bakı-Sumqayıt yolunda, Xırdalan dairəsindədir. Bu ərazidə əsasən Qarabağdan məcburi köçkünlər məskunlaşıb. Qubadlı rayonunun 3 saylı məktəbi isə əraziyə qoyulmuş bir neçə yük vaqonuna sığınıb. Sakinlər deyirlər ki, dəfələrlə müraciət etmələrinə baxmayaraq, məktəb üçün bina tikilmir:


«Məktəbimiz köhnə vaqonlarda yerləşdirilib. Uşaqlar burda revmatizm, böyrək xəstəliklərinə tutulur. Belə şəraitdə hansı normal təhsildən söhbət gedə bilər?»



Buradakı vaqonlarda 15 sinif otağı düzəldilib. Sinif otaqlarının qapısı düz qəsəbədaxili asfalt yola açılır. Müəllimlər də, valideynlər də deyirlər ki, bu səbəbdən ərazidə tez-tez yol-nəqliyyat qəzaları baş verir: «Uşaqlar maşın yolunun düz ortasında oynayırlar. Dəfələrlə burda onları maşın vurub».

Məktəbin direktorunu tapa bilmədik. Müəllimlərdən öyrəndik ki, bina tikintisi üçün Təhsil Nazirliyinə müraciət etsələr də, dəqiq cavab ala bilməyiblər. Valideynlər isə bildirirlər ki, bir neçə il öncə vaqon məktəbin yaxınlığındakı boş torpaq sahəsində məktəb binası üçün yer ayrıldığı xəbəri yayılıb. Ancaq sonradan həmin yerdə məktəb binası yox, yaşayış evi tikilib.


Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədovun sözlərinə görə isə, vaqon məktəblərin birdəfəlik ləğv edilməsi gözlənilir. Ancaq köçkün rayonların məktəbləri üçün bina tikilməsi Təhsil Nazirliyinin deyil, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin səlahiyyətindədir.



Sözügedən Komitənin Mətbuat Xidmətinin rəhbəri Sənan Hüseynov isə Təhsil Nazirliyinin mövqeyilə razı deyil: «Azərbaycanda məktəblər Təhsil Nazirliyinin xətti ilə tikilir. Köçkün rayonların məktəbləri üçün binaların inşası da birbaşa Nazirliyin səlahiyyətindədir».

Hələlik, rəsmi strukturların səlahiyyətləri bölüşdürə bilməməsinin əziyyətini köçkün rayonların azyaşlı sakinləri çəkir. Yazda isti, havasız, qışda isə buz kimi soyuq vaqonlarda dərs keçməklə…


XS
SM
MD
LG