Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:15

Bir seçki, iki mövqe


Bundan sonra pulsuz təbliğata ancaq İctimai Televiziyada icazə veriləcək
Bundan sonra pulsuz təbliğata ancaq İctimai Televiziyada icazə veriləcək

Seçki Məcəlləsinə təklif olunan yeni əlavə və dəyişikliklərə tədricən aydınlıq gəlməkdədir. Əvvəlcə çox təzadlı mənzərə yaranmışdı. Qısa müddət ərzində faktiki olaraq iki layihə meydana çıxmışdı. Birinci layihədə seçkinin təbliğat mərhələsinin və ümumiyyətlə seçki kampaniyasının müddətinin azaldılması nəzərdə tutulmuşdu. İkinci layihədə isə belə məhdudiyyət yox idi. Artıq dünən parlamentin komissiyası layihəni müzakirə edərək onun plenar iclasa çıxarılması haqqında qərar qəbul etdi. Müzakirələrdə seçki prosesinin müddətinin qısaldılması haqqında heç nə deyilmədi. Bu isə o deməkdir ki, parlamentin müzakirəsinə ikinci layihə çıxarılacaq və seçkinin müddəti qısaldılmayacaq.


Müzakirələrdə diqqəti cəlb edən detallardan biri pulsuz təbliğatın olduqca məhdudlaşdırılması idi. Bundan sonra pulsuz təbliğata ancaq İctimai Televiziyada icazə veriləcək. Qalan bütün hallarda təbliğat «Reklam haqqında» qanunla tənzimlənəcək. Bunu müxalifət üçün ağır detal kimi qiymətləndirmək olardı, çünki müxalifətin iqtisadi imkanları çox zəifdir. Amma namizədlərin seçki fondunun böyük həddə müəyyənləşdirilməsi bu problemi aradan qaldırır.



Seçki prosesinin müddəti qısaldılmasa, namizədlərin seçki fonduna dövlət tərəfindən zəruri qədər maliyyə vəsaiti ayrılsa, sərbəst toplaşmaq hüququ təmin edilsə, namizədlər üçün bərabər şərait və imkanlar yaradılsa, onda müxalifətin bu prosesdə güclü iştirakını proqnozlaşdırmaq mümkündür

Seçki Məcəlləsinə dəyişiklərdə iki mövqeyin müşahidə olunması hakimiyyət düşərgəsində bu məsələ ilə bağlı yekdil rəyin olmamasına dəlalət edir. Ola bilsin, belə hal parlamentdə müzakirələr zamanı özünü büruzə vercək. Amma təcrübə göstərir ki, parlamentdə müzakirələr zamanı Prezident Aparatının iradəsi daha çox üstünlük təşkil edir. Çox maraqlıdır ki, Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin Avropa Şurasının Venesiya Komissiyası ilə müzakirə olunduğu bildirilir. Belə olan təqdirdə necə olub ki, faktiki olaraq iki layihə, iki mövqe meydana çıxıb? Bu suala cavab vermək mümkün deyil. Mümkündür ki, seçkinin müddətinin qısaldılması təklifini gündəliyə gətirməklə hakimiyyət müxalifətin və ictimai dairələrin mövqeyini bilmək istəyirdi.


Maraqlıdır ki, seçkidə iştirakın ən ardıcıl tərəfdarları belə müddətin qısaldılacağı təqdirdə boykot ideyasının gündəmə gələcəyini dedilər. Həm də mümkündür ki, bu, sadəcə taktiki addım idi. Hakimiyyət belə addımlarla özünün güzəşt və kompromis tərəfdarı olduğunu göstərmək istəyirdi.


Parlamentdə müzakirələr may ayında bitməlidir və Seçki Məcəlləsinə əlavə və dəyişikliklər qəbul edilməlidir. Belə nəticə çıxarmaq olar ki, may ayı seçki üçün həlledici ay olacaq. Müxalifətin də bir hissəsinin seçkiyə münasibəti tam şəkildə may ayında bilinəcək. Əslində müxtəlif vaxtlarda və ayrı-ayrılıqda partiyalar seçkiyə münasibətlərini bildiriblər. Hələ ki təkcə «Azadlıq» blokunun mövqeyi tam məlum deyil. Amma bu blok seçkiyə təsiri ola biləcək əsas siyasi mərkəzlərdən biridir və onun mövqeyi müəyyən maraq kəsb edir.


Namizədlərin seçki fondunun yüksək həddə müəyyən edilməsi və bu fonda dövlət tərəfindən beş yüz mindən bir milyon manata qədər maliyyə vəsaitlərinin ayırılacağı haqqındakı təkliflər də seçkiyə maraq yarada biləcək amillərdəndir. Bura beynəlxalq tövsiyələri də əlavə etmək lazımdır.


Müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar da müxalifəti seçkidə iştirak etməyə səsləyir.


Seçki prosesinin müddəti qısaldılmasa, namizədlərin seçki fonduna dövlət tərəfindən zəruri qədər maliyyə vəsaiti ayrılsa, sərbəst toplaşmaq hüququ təmin edilsə, namizədlər üçün bərabər şərait və imkanlar yaradılsa, onda müxalifətin bu prosesdə güclü iştirakını proqnozlaşdırmaq mümkündür. Bu şərtlərlə seçkiyə qatılan müxalifət prosesi udmasa da ondan güclənərək çıxa bilər. Bu isə digər seçki-2010-cu ilin parlament seçkisi ərəfəsində müxalifət üçün çox vacibdir.


2008-ci ilin prezident seçkisi ölkə üçün mühüm siyasi önəm kəsb edir. Artıq indidən vaxtaşırı olaraq prezidentlik müddətinin uzadılması və yaxud prezident seçilmək üçün nəzərdə tutulan iki dəfəlik məhdudiyyətin götürülməsi haqqında təkliflər səslənir. Bu təkliflərin nə qədər real olmasını və onların nə dərəcədə hakimiyyətin iradəsini ifadə etməsini demək çətindir. Amma müxalifəti zəif olan ölkədə istənilən siyasi təklif reallaşa bilər. Elə bu səbəbdən 2008-ci ilin prezident seçkisi müəyyən mənada siyasi sınaq prosesi olacaq.



XS
SM
MD
LG