Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:56

Təbiəti ən az zibilləyən ölkə Əfqanıstandır


Son 30 ildə heyvan, quş və balıq növlərinin dörddə birindən çoxu yoxa çıxıb
Son 30 ildə heyvan, quş və balıq növlərinin dörddə birindən çoxu yoxa çıxıb

Son 30 ildə heyvan, quş və balıq növlərinin dörddə birindən çoxu yoxa çıxıb. Bu, Dünya Təbiət Fondunun araşdırması nəticəsində məlum olub. Fond bildirir ki, dinozavrların kökü kəsiləndən bəri belə böyük itki olmamışdı. Heyvanların kökünün kəsilməsi sürəti indi normadan 10 min dəfə çoxdur. Quruda yaşayan heyvan növləri 1970-ci ildən bəri 25%, dəniz heyvanları isə 28% azalıb. Təmiz suda yaşayan heyvan növləri isə son 30 ildə az qala 30% azalıb.


Halbuki bu müddətdə insanların sayı 2 dəfə artıb. Problem də elə bundadır. Araşdırma müəllifləri deyirlər ki, insan artmaqda olan tələbatını təbiəti çirkləndirmək hesabına ödəyir. Heyvanların kökünün kəsilməsinə həm də iqlim dəyişikliyi səbəb olub. İqlim dəyişikliyi alplarda, şimal qütbündə, dəniz sahillərində ekosistemə mənfi təsir göstərməkdədir. Bəzi heyvan növləri yaşadıqları məkanı itirdiyi üçün yox olurlar. İnsanlarsa bəzi fəsadlara dözməkdədir.


Oksford Universitetinin keçən ay nəşr etdiyi kitablardan biri «Dözən həyat» adlanır. Kitabda yazılıb ki, bəzi heyvan növləri insanla, xəstəliklərlə bağlı faydalı informasiya mənbəyi ola bilər. Hələ tədqiq olunmamış heyvan növləri artıq yox olmaq təhlükəsiylə üzləşib. Məsələn, alimlər aşkar ediblər ki, Avstraliya meşələrində elə bir qurbağa varmış ki, insanın həzm orqanlarında yaranın qarşısını alan maddə istehsal edirmiş. İndi həmin qurbağanın kökü kəsilib.


Dünya Təbiət Fondunun hesabatında ölkələrin ekoloji izi göstərilir. Yəni hər ölkənin, daha doğrusu, 150 dövlətin sakinlərinin istifadəsi və zibilləməsinə sərf olunan torpaq və su sahəsi hesablanıb. Məlum olub ki, təbiətdən ən çox istifadə edənlər ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Kanada və Küveytdir. Siyahıda Azərbaycan 66-cı, Ermənistan 97-ci, Gürcüstan isə 124-cü yerdədir. Təbitədən ən az istifadə edən, ən az sahəni zibilləyən ölkə Əfqanıstandır. Azərbaycanın qonşuları arasında təbiətə ən çox təsiri olanlar Rusiya və İrandır. Siyahıda Rusiya 25-ci, İran 46-cı yerdədir.


XS
SM
MD
LG