Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:31

Kitab yazan prezidentlər…


İslam Kərimov əsər yazan yeganə prezident deyil
İslam Kərimov əsər yazan yeganə prezident deyil

Özbəkistan prezidenti İslam Kərimovun yeni kitabı işıq üzü görüb. Asiyanın ən qatı diktatorlarından sayılan Kərimov kitabında mənəviyyatdan danışır. Kitab «Mənəviyyat basılmaz qüvvədir» adlanır.


Kitabın nəşriylə bağlı mərasimi keçən həftə Özbəkistan dövlət televiziyası yayımlayıb. Mərasimdə iştirakçıları İslam Kərimovun yeni kitabının fəlsəfə və mənəviyyatla bağlı ən yaxşı əsər olduğunu deyiblər, hətta qədim yunan filosofu Sokratın dövründən bəri ən yaxşı kitab adlandırıblar.


Özbək şairi Mahmud Tohir İslam Kərimovun yeni kitabını oxuyub. Mahmud Tohir deyir ki, Kərimovun kitabı tək özbəklər üçün yox, bütün dünya xalqları üçün mənəvi bələdçi ola bilər:


«Kamil, yüksək mənəviyyatı olan insanlar bütün dövrlərdə xalqın mənəvi bələdçisi olub. Nəticədə, əlbəttə, səviyyəsindən asılı olaraq, həmin kamil insan bütün insanlığın mənəvi bələdçisinə çevrilib. İslam Kərimovun yeni kitabı əvvəl dünyanın inkişafına nəzər salır, sonra anamız Özbəkistanın, onun zəhmətkeş xalqının gələcəyinə baxır».



Çox güman ki, İslam Kərimovun bu kitabı da məktəb və universitetlərdə, tələbələr, professorlar üçün məcburi dərslik olacaq. Özbəkistanda ixtisasından asılı olmayaraq, bütün tələbələr hər il prezidentin əsərləriylə bağlı imtahan verir. Ali məktəbə daxil olmaq istəyənlər də, İslam Kərimovun əsərlərindən imtahan verirlər.

Əndicanda əsgərlər camaata atəş açıb, yüzlərlə adamı qırdı, repressiyadan qaçan özbəklərin çoxu xaricdən sığınacaq aldı. Prezident isə bir neçə ay sonra çıxan kitabını belə adlandırmışdı: «Özbək xalqı heç kimdən asılı olmayacaq»
Mətbuata danışan gənclər prezidentin kitablarının çox maraqsız olduğunu deyirlər.


İslam Kərimovun əsərləri sadə özbək dilindədir və onun kitabları əsasən siyasi motivlidir.


2005-ci il Əndican hadisələrindən sonra da Kərimovun kitabı çıxıb. Əndicanda əsgərlər camaata atəş açıb, yüzlərlə adamı qırdı, repressiyadan qaçan özbəklərin çoxu xaricdən sığınacaq aldı. Bir neçə ay sonra çıxan kitabını prezident belə adlandırmışdı: «Özbək xalqı heç kimdən asılı olmayacaq».


İslam Kərimov əsər yazan yeganə prezident deyil. Asiyada prezidentlərin ədəbiyyatla məşğul olması elə bil dəbdir. Mərkəzi Asiyanın, demək olar ki, bütün liderlərinin ən azı nitqlərindən, məqalələrindən ibarət kitabları çıxır.


İslam Kərimovun indiyə qədər 30 milyon nüsxəlik əsərləri çap olunub.


Qazaxıstan prezidenti Nursultan Nazarbayevin iki kitabı var. Kitablardan biri «Müstəqilliyin strategiyası», o biri «Avrasiyanın ürəyində» adlanır. Tacikistan prezidenti İmomali Rahmon ölkənin tarixiylə bağlı bir neçə kitab yazdığını deyir. Düzdür, Tacikistanda prezidentin kitabını oxumaq məcburi deyil, amma o ölkədə də rəsmilər ev və iş yerlərində prezidentin kitablarını saxlayır, bununla dövlət başçısına sədaqətli olduqlarını bildirirlər.


Hakimiyyətə yenicə gələn Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov da kitab yazıb. Səhiyyəyə həsr olunan kitabı Berdiməhəmmədov prezident olandan bir neçə ay sonra çıxıb.


Amma bu sarıdan heç bir prezident Türkmənistanın əvvəlki lideri Saparmurad Niyazova çatmır. Niyazovun «Ruhnamə»si türkmən xalqının az qala ədəbiyyatının, incəsənətinin əsası sayılır. Bütün dövlət idarələri, məscidlər, kilsələr «Ruhnamə»nin bir nümunəsini açıqda saxlamalıdırlar. Təhsil Nazirliyi isə «Ruhnamə»ni tədrisin tərkib hissə elan edib, liderin əsəri bütün məktəblərdə məcburi öyrədilir. Hətta sürücülük vəsiqəsi almaq istəyənlər də bu kitabdan imtahan verməlidir. Paytaxt Aşqabadda «Ruhnamə» kitabına iri bir heykəl də qoyublar.


XS
SM
MD
LG