Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:58

Yüz metr irəli!


Çətin vəziyyətdə və seçim qarşısında olan təkcə müxalifət deyil
Çətin vəziyyətdə və seçim qarşısında olan təkcə müxalifət deyil

Seçki ilə bağlı qanunvericilik prosesi başa çatdı. Milli Məclis təxminən eyni vaxtda iki mühüm qanuna əlavə və dəyişiklikləri qəbul etdi. İlk baxışda belə təəssürat yaranır ki, proses artıq tam şəkildə yekunlaşdı. Amma bununla razılaşmayanlar da var. Məsələ bundadır ki, beynəlxalq təşkilatlar hələ öz rəylərini açıqlamayıblar. Ola bilsin, məsələyə yenidən qayıdılacaq. Ancaq bu, fərziyyə və ehtimaldır.



İndi əvvəlki qanunların daha aydın və demokratik olması ilə bağlı fikirlər də səslənir. «Sərbəst toplaşmaq azadlığı» haqqında qanun müxalifətə və aksiya keçirmək fikrində olan vətəndaşlara dövlət obyektlərinə daha yüz metr yaxınlaşmağa imkan verdi. Qanunun məziyyətləri bununla da bitir. Aksiyalar barədə xəbərdar etmək məsələsi sənəddə elə formada işlənib ki, bunun icazədən nə ilə fərqləndiyi aydın deyil. Bundan başqa, qanunda «ərəfə» kimi qeyri-müəyyən vaxt anlayışlarından istifadə olunur. «Mühüm beynəlxalq tədbirlər ərəfəsində» aksiyaların keçirilməsinə, ümumiyyətlə icazə nəzərdə tutulmur.
Seçki Məcəlləsinə əlavə və dəyişiklərdə də yenilik olmadı. Komissiyaların paritet əsasda formalaşması məsələsi qəbul edilmədi. Maraqlıdır ki, bəzi deputatlar bunun günahını elə müxalifətin özündə görür.


İndi müxalifət düşərgəsində dəyişikliklərlə bağlı bir çaşqınlıq yaşanır. Boykot və aktiv boykot tərəfdarlarının siyasi mövqeləri xeyli zəifləyib. Ola bilsin, müxalifətdə yeni açıqlamalar olacaq. Hələki sükutdur. Təkcə seçkidə iştirakın fəal tərəfdarlarından biri olan deputat Pənah Hüseyn mövqeyində tərəddüd yarandığını bəyan edib.


Beləliklə, bu ilki payız Azərbaycana siyasi baxımdan qeyri-müəyyən bir durum vəd edir. Çox şey aydın olsa da, aydın olmayan məqamlar da var
Seçki tərəfdarları isə hələ susurlar. Ola bilsin, gündəliyə aktiv boykot ideyası gələcək. Amma təbliğat mərhələsinin 75 günə qədər azaldılması bunun ehtimalının böyük olmadığını deməyə əsas verir.

Beləliklə, çox qəribə mənzərə yaranıb. Seçkidə iştirak etməklə etməmək arasında seçim çətinləşib. Siyasi qərarlar arqumentləşdirilərək qəbul edilməlidir. Hər iki halda isə arqumentlər zəifdir. Müxalifətə yaxın ekspertlərin fikrincə, indiki durumda seçkidə iştirak etmək müxalifət üçün birmənalı məğlubiyyət deməkdir. İştirak etməmək isə müxalifətin ölkə siyasətindən tamamilə çəkilməsi kimi qiymətləndirilir. Amma fərqli mövqelər də var. Digər ekspertlərin rəyinə görə, pis seçki qanunu ilə yaxşı seçki keçirmək, ən yaxşı seçki qanunu ilə isə pis seçki keçirmək mümkündür.


Belə düşünən ekspertlər bütün hallarda seçkidə iştirakın tərəfdarlarıdır. Həqiqətən də bu yanaşmada rasional elementlər mövcuddur. Seçkidə iştirak etməmək cəmiyyətə və müxalifətə heç nə vəd etmir. Vətəndaşların böyük əksəriyyətinin boykot qərarından heç xəbəri də olmur. Üstəlik, indiki vəziyyətində müxalifət aktiv boykot həyata keçirmək iqtidarında deyil. Seçkidə iştirak edəcəyi halda isə təbliğat mərhələsinin və imkanlarının məhdud olmasına baxmayaraq müxalifət nəsə edə bilər. Ən azı öz fikirlərini cəmiyyətə çatdıra bilər. Təbii ki, seçim müxalifətindir və güman ki, yaxın müddətdə mövqelər tam şəkildə qətiləşəcək.


Hələlik isə ancaq bu qəti mövqeyi gözləmək qalır. Üstəlik, çətin vəziyyətdə və seçim qarşısında olan təkcə müxalifət deyil. Qeyri-hökumət təşkilatları da bu vəziyyətdədir. Onların bəzisinin hətta qeydiyyatı belə ləğv edilir. İndiki vəziyyətdə seçkinin müşahidəsi problemi də açıq qalır. Güman etmək olar ki, qeyri-hökumət təşkilatlarının da mövqeyində müəyyən aydınlaşma olacaq.


Beləliklə, bu ilki payız Azərbaycana siyasi baxımdan qeyri-müəyyən bir durum vəd edir. Çox şey aydın olsa da, aydın olmayan məqamlar da var. Məsələ bundadır ki, bu seçki 2003-cü ildəki hakimiyyət dəyişikliyindən sonra ölkədə keçirilən birinci prezident seçkisidir. Eləcə də gələcəkdə keçiriləcək seçkilər üçün bir növ nümunədir. Yeni hakimiyyətin siyasətə və seçki təcrübəsinə gətirmək istədiyi yeniliklər hamını maraqlandırır.


XS
SM
MD
LG