Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:58

Azərbaycanda parlamentarizm problemləri


İndiki Azərbaycan parlamenti öz sələfini əbədiləşdirmək üçün çox az iş görüb
İndiki Azərbaycan parlamenti öz sələfini əbədiləşdirmək üçün çox az iş görüb

Azərbaycan parlamenti 90 illiyini qeyd edir. Buna bayram kimi də yanaşmaq, problemləri xatırlamaq üçün məqam kimi də baxmaq olar. Parlamentarizm problemləri müasir Azərbaycan üçün həqiqətən də çox aktualdır. Ən azı ona görə ki, indiki parlament özünü varisi saydığı klassik parlamentdən xeyli fərqlənir. Bu fərqlər həm parlamentlərin strukturunda, həm də fəaliyyətində təzahür edir. Əslində fərqlər daha dərindir. Azərbaycan Xalq Cümhuriyyəti parlament respublikası idi, müasir Azərbaycan Respublikası isə prezident respublikasıdır. Amma problem təkcə bununla məhdudlaşmır və keçmişlə müqayisə indiki parlamentə və onun üzvlərinə yaxşı heç nə vəd etmir. Bəlkə də ən birinci problem siyasi irsə münasibətdir. İndiki Azərbaycan parlamenti öz sələfini əbədiləşdirmək üçün çox az iş görüb. Ölkədə şərəfli keçmişi xatırladan yeganə İstiqlaliyyət abidəsi var ki, bu da görülən işlər baxımından çox azdır.


Amma problemlər təkcə keçmişə münasibətlə tükənmir. Bu günün parlamenti ölkənin siyasi həyatında hansı rol oynayır? Bir siyasi vahid kimi o, hansı struktura və çəkiyə malikdir? Ona həqiqətən də müstəqil və demokratik dövlətin parlamenti kimi yanaşmaq olarmı? Azərbaycan parlamentinə ictimai münasibət necədir?



İndiki parlamentin siyasi spektri onun aynasıdır. Parlament faktiki olaraq bir partiyanın üzvlərindən və təəssübkeşlərindən təşkil olunub. 125 deputat arasında cəmi bir neçə müxalifət nümayəndəsi var

Bu sualların sırasını davam etdirmək olar, amma buna lüzum yoxdur. Hətta kiçik bir təhlil belə vəziyyətin heç də ürəkaçan və qənaətbəxş olmadığını deməyə əsas verir.


İndiki parlamentin siyasi spektri onun aynasıdır. Parlament faktiki olaraq bir partiyanın üzvlərindən və təəssübkeşlərindən təşkil olunub. 125 deputat arasında cəmi bir neçə müxalifət nümayəndəsi var.


Müxalifətçi çıxışlar edənlərin sayı isə daha azdır və müzakirələr zamanı onlara bir qayda olaraq söz verilmir və yaxud da müxtəlif maneələr yaradılır.


Parlament ölkədəki seçkilərin mühüm göstəricisidir. Çünki formal da olsa seçki yolu ilə formalaşır və bütün seçkilər parlamentin qəbul etdiyi qanun və qaydalar əsasında həyata keçirilir. Azərbaycanda bunun necə baş verdiyini hiss etmək üçün uzağa getmək lazım deyil. Parlament bu günlərdə iki qanuna əlavə və düzəlişlər etdi. Bunlar Seçki Məcəlləsi və «Sərbəst toplaşmaq azadlığı haqqında» qanun idi. Hər iki layihəni Prezident Aparatı təqdim etmişdi. Bu da ölkə parlamentinin səciyyəvi xüsusiyyətlərindən biridir – əsas qanun layihələrini Prezident Aparatı təqdim edir, parlament isə sadəcə onları qəbul edir. Hər iki qanun ölkədə böyük diskussiyalara səbəb olub.


İndi bu qanunlarla bağlı Avropa Şurasının Venesiya Komissiyasının tövsiyələrini nəzərdən keçirmək üçün vaxt olmadığını bildirirlər. Amma parlamentin kifayət qədər vaxtı var idi. Sadəcə parlament də Prezident Aparatı kimi Venesiya Komissiyasının irad və tövsiyələrini nəzərə almadı.


Vaxtın azlığına gəldikdə isə bu, sadəcə taktiki addımdır. Parlament bir qayda olaraq bütün seçkilər zamanı belə edir. Vaxtı yubadır, sonra da onun çatışmadığını deyir. Elə bu hal onun icra hakimiyyətinin zəif bir əlavəsi olduğunu deməyə əsas verir. Hökumətə təsir etmək, onun siyasətinə düzəlişlər vermək üçün parlamentin heç bir səlahiyyəti yoxdur. Vaxtilə bu məsələ Azərbaycan Avropa Şurasına üzv qəbul edilərkən müzakirə predmeti olmuşdu. Həmin vaxtlar maraqlı mənzərə müşahidə olunurdu. Parlament rəhbərliyi hökumətin hesabatını tələb edən azsaylı müxalifət deputatlarına deyirdi ki, Milli Məclisin belə bir səlahiyyəti yoxdur, o sırf qanunverici orqandır. Avropa Şurasının ekspertlərinə isə bildirilirdi ki, ölkə parlamenti kifayət qədər müstəqil qurumdur və mühüm səlahiyyətlərə malikdir. Bu məsələ elə bu cür də həll edilməmiş qaldı. Konstitusiyaya düzəlişlər zamanı nəinki nəzərə alınmadı, hətta əvvəlki illərdən fərqli olaraq parlament sədrinə ölkədə üçüncü şəxs statusu verildi, ikinci şəxs isə hökumət başçısı oldu.


İlk Azərbaycan parlamenti cəmi iki il fəaliyyət göstərib. Amma bu iki il bütöv bir tarixə çevrilib. İndiki parlamentin tarixə çevrilməsi üçün isə ölkədə parlamentarizm problemləri ciddi şəkildə çözülməlidir. Parlamentə və ona yaxın dövlət institutlarına yeni baxış tələb olunur. Əslində tələblər bir o qədər də böyük deyil. Parlament azad seçki nəticəsində formalaşmalı və müstəqil fəaliyyət göstərməlidir. Amma bunun üçün Azərbaycana neçə illər lazımdır? İndi ən təcrübəli ekspertlər belə bu suala cavab verməyə çətinlik çəkirlər.


XS
SM
MD
LG