Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:26

Qadınların hüquqları daha çox harda pozulur?


«İctimai-siyasi həyatdakı təlatümlər qadınların həyatında ciddi dəyişikliklərə səbəb olub»
«İctimai-siyasi həyatdakı təlatümlər qadınların həyatında ciddi dəyişikliklərə səbəb olub»

Hüquq müdafiəçisi Səidə Qocamanlı deyir ki, Azərbaycan yüksək dövlət vəzifələrində daha çox güclü cinsin təmsilçiləri çalışsalar da ictimai-siyasi həyatda qadınların üzərinə düşən yük də az deyil. O, vətəndaşların fundamental azadlıqlarının müdafiəçiləri sırasında qadınların daha çox olmasını dediklərinə misal gətirir. Səidə Qocamanlıya görə, ictimai-siyasi həyatdakı təlatümlər, hakimiyyətlə onun siyasi rəqibləri arasında baş verən gərginliklər, vətəndaşların siyasi baxışlarına görə həbs edilməsi qadınların həyatında, onların yaşam tərzində ciddi dəyişikliklərə səbəb olub. İnsan haqları müdafiəçisi deyir ki, əgər qabaqlar qadınlar xeyli dərəcədə məişət problemləri ilə məşğul idilərsə, həyat onlara özlərinin və yaxınlarının siyasi haqları uğrunda mübarizə qabiliyyəti də öyrədib.


«Mən elə qadınlar tanıyıram ki, ərləri siyasi məhbus kimi tutulanda onların uşaqları lap kiçik yaşlarında idi. Ataları azadlığa çıxanda isə onların bəziləri hətta ali məktəblərdə oxuyurdular. Elə siyasi məhbus ailələri var ki, övladlar hətta ailə qurmaqlarını ataları dustaqxanada olduğuna görə yubatmalı olurlar. Belə ailələrdə bütün bu mənəvi, psixoloji, maddi yük isə birbaşa qadınların üzərinə düşür».


Vəkil İradə Cavadovanın fikrincə, Azərbaycanda qadınların ən böyük müdafiəçisi qanunlardır. Əmək Məcəlləsində, Mülki Məcəllədə qadınların xeyrinə ciddi diskriminasiyalar var. İradə Cavadovanın sözlərinə görə, Azərbaycan vətəndaşı olan qadınların ən ciddi problemləri hüquqi savadlarının aşağı olması ilə bağlıdır. Vəkil deyir ki, bu, daha çox əyalətlərdə hiss edilir. Son illər ölkədə iqtisadi problemlərin dərinləşməsi də qadınların ciddi hüquq pozmalarla qarşılaşmasına səbəb olub. Bu sırada ən qabarıq problem İradə Cavadovanın fikrincə, qadınların insan alverinin qurbanına çevrilməsidir.


Azərbaycan Şərqdə qadınlara siyasi haqlar verən ilk respublikadır. 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin qanunları kişilərlə bərabər qadınlara da seçim hüququ verirdi. Ancaq indi Azərbaycanda yaşayan bəzi qadınların konstitusiyon haqlarının çoxu, o sıradan seçki hüququ pozulur. Söhbət etiqadına görə hicab bağlayan xanımlardan gedir. Həmsöhbətim Humay Həsənova Azərbaycanda hicablı xanımların problemlərinin şəxsiyyət vəsiqəsi tələb olunan hər yerdə pozulduğunu bildirir. Qanunlar şəxsiyyət vəsiqəsi və pasportlar üçün şəkil çəkilən zaman vətəndaşın gündəlik həyatda göründüyü kimi olmasını tələb etsə də, rəsmilər inanclı qadınların pasport üçün hicabla şəkil çəkdirməsinə icazə vermir. Dediyinə görə, şəxsiyyət vəsiqələrinin olmaması onların rəsmi nikah bağlamaq, ali təhsil almaq, xaricə getmək, seçkilərə qatılmaq hüququnu pozur. Özü də bundan yalnız qadınlar deyil, onların övladları da ziyan çəkir. Rəsmi nikahı olmayan qadınlar övladlarına doğum şəhadətnaməsi də ala bilmir. Hətta məcburiyyət qarşısında başını açıb pasport üçün şəkil çəkdirən hicablı qadınlar ciddi problemlərlə üzləşirlər.


Humay deyir ki, onu ən çox təəccübləndirən başqa ölkələrdən gələn hicablı xanımların pasportlarının Azərbaycanda tanınmasında heç bir problemin olmamasıdır. Humayın sözlərinə görə, bu dini inancdan çox etiqad məsələsidir. Rəsmilər isə Azərbaycanda bütün dinlərə sayğı ilə yanaşıldığını bildirir. Bəs o zaman hansı səbəbdən hicablı qadınların hüquqları tanınmır? İndi bu sual Humayla bərabər Azərbaycanda sayı getdikcə artan hicablı qadınların çoxunu düşündürür.


Ombudsman Elmira Süleymanova Azərbaycan qadınlarının ombudsman aparatına daha çox mülkiyyət haqlarının pozulması ilə bağlı şikayət etdiyini bildirir. Onun sözlərinə görə, bu hallar daha çox boşanmalar zamanı meydana çıxır. Ombudsman Azərbaycanın bəzi bölgələrində erkən nikahların da qadınların haqlarının pozulmasına səbəb olduğunu bildirir.


XS
SM
MD
LG