Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:53

Neft və demokratiya


Təsadüfi deyil ki, bəzən politoloqlar nefti «lənətlənmiş resurs» adlandırırlar
Təsadüfi deyil ki, bəzən politoloqlar nefti «lənətlənmiş resurs» adlandırırlar

Bu günlərdə prezident İlham Əliyev növbəti dəfə Qərbə və beynəlxalq institutlara sərt ittihamlar ünvanladı. Beləcə, ölkədə demokratiyanın və insan haqlarının vəziyyəti ilə bağlı tənqidlər artdıqca yerli hakimiyyətin buna reaksiyası da sərtləşir, tənqidə qarşı dözümsüzlük hətta bəzən diplomatik çərçivələri də aşır. Müşahidəçilər bunu birmənalı şəkildə neft gəlirlərinin artımı ilə bağlayırlar. Neft gəlirləri artdıqca dövlət rəsmiləri və məmurlar «dövlət müstəqilliyi» məfhumunu daha tez-tez xatırlayır, özlərini yerli ictimai rəydən və beynəlxalq münasibətlərdən asılı olmayan kimi aparmağa başlayırlar.


Yaranmış vəziyyət artıq beynəlxalq dairələrdə də müəyyən narahatlıqla qarşılanır. Bəzi beynəlxalq təşkilatların hesabatlarında qeyd edilir ki, Qazaxıstanda, Rusiyada və Azərbaycanda neft gəlirlərinin artması bu ölkələrdə demokratiyanın azalması ilə nəticələnib. Orta Asiyada və Cənubi Qafqazdakı bəzi hakimiyyətlərə münasibət bildirən ABŞ-ın Dövlət katibi Kondoliza Rays isə deyib ki, onlar neft pulları hesabına qısa müddət üçün oynaya bilərlər və 18-ci əsrə məxsus sistemləri ilə heç vaxt beynəlxalq ictimaiyyətə və müasir dünyaya qovuşa bilməzlər.


Beləliklə, neft Azərbaycanın siyasi və iqtisadi həyatında özünün mürəkkəb rolunu oynamağa başlayıb. Neft gəlirləri ilə demokratiya demək olar ki, tərs mütənasiblik təşkil edir, gəlirlər artdıqca demokratiyanın sərhədləri daralır. Neftin demokratik proseslərə, iqtisadiyyatın sağlam inkişafına təsiri haqqında əvvəllər də pessimist proqnozlar səslənirdi. Bunun üçün dünyada kifayət qədər təcrübə toplanıb. Təsadüfi deyil ki, bəzən politoloqlar nefti «lənətlənmiş resurs» adlandırırlar. Bəs neft gəlirləri demokratik prosesləri necə ləngidir, ona necə təsir edir?



Dövlət rəsmiləri açıq şəkildə bildirirlər ki, beynəlxalq təşkilatların, hətta Avropa Birliyi kimi ittifaqların ayıracağı böyük maliyyə resurslarına ehtiyacları yoxdur. Deməli, siyasi və iqtisadi islahatlara da ehtiyac duyulmur və ölkəni məmur kapitalizmi istiqamətində inkişaf etdirmək olar

Neft bir neçə parametr üzrə Azərbaycandakı siyasi hakimiyyətin müstəqilliyini artırır, onun beynəlxalq mühitdən asılılığını azaldır. Öncə Azərbaycanın yaxın keçmişinə qayıtmaq lazımdır. Əvvəllər ölkə müəyyən mənada beynəlxalq maliyyə institutlarından asılı idi, öz iqtisadiyyatını onların ayırdığı kreditlər hesabına inkişaf etdirirdi. Bu kreditlərin verilməsi, maliyyə ayırmaları isə ölkədə demokratiyanın və insan haqlarının vəziyyətinin yaxşılaşdırılması, ardıcıl iqtisadi islahatların aparılması ilə şərtləndirilirdi. Bu isə Azərbaycan hakimiyyətini qane etmirdi. İndi bu asılılıq yoxdur. Neft gəlirlərinin ölkəyə böyük miqdarda daxil olması hətta Azərbaycanın özünü investora çevirib, Azərbaycan Gürcüstanda və Türkiyədə böyük investisiya layihələri həyata keçirir.


Dövlət rəsmiləri açıq şəkildə bildirirlər ki, beynəlxalq təşkilatların, hətta Avropa Birliyi kimi ittifaqların ayıracağı böyük maliyyə resurslarına ehtiyacları yoxdur. Deməli, siyasi və iqtisadi islahatlara da ehtiyac duyulmur və ölkəni məmur kapitalizmi istiqamətində inkişaf etdirmək olar. Üstəlik, milli resurslar orta səviyyəli məmurlara da böyük sərbəstlik verir. Beynəlxalq təşkilatların ayırdığı maliyyəyə görə, onlar müəyyən mənada hesabat verməli olurdular, baxmayaraq ki, həmin dövrdə də korrupsiya vardı və məmurlar müxtəlif texniki yardım proqramlarından özləri üçün yararlana bilirdilər. İndiki böyük layihələrə isə heç bir - nə yerli, nə də xarici nəzarət yoxdur. Məmurlar nazirliklərin ildən-ilə artan büdcəsi hesabına öz problemlərini həll edə, həm də büdcə xərclərində böyük yer tutan təmir–tikinti layihələrindən vəsait mənimsəyə bilirlər. Burada böyük tikinti və kommunikasiya layihələrini xüsusilə qeyd etmək lazımdır. Neft gəlirləri artdıqca hakimiyyətin belə layihələrə marağı daha da artır.


Demokratiyanın məhdudlaşdırılmasının digər yolu böyük enerji layihələrinin ölkə üçün yaratdığı geosiyasi manevr imkanlarıdır. Qərb dövlətlərinin təzyiqini hiss edən Azərbaycan bunu Rusiyanın və digər ölkələrin təsiri ilə tarazlaşdıra bilir. Üstəlik, Qərb dövlətlərinin özlərinin də Azərbaycana marağında enerji məsələləri xüsusi önəm kəsb edir və onlar bunu gizlətmirlər.


Təbii ki, hakimiyyətin inzibati resurslarını, xüsusən də güc strukturlarını qeyd etmək lazımdır, çünki ölkədəki siyasi hakimiyyətin yaşarlığını təmin edən ilk növbədə onlardır. Neft gəlirləri artdıqca güc strukturlarının büdcə vəsaitləri çoxalır, bu da onların hakimiyyətə qarşı sədaqətini artırır.


Hətta sosial narazılıqları da pensiya artımları və müxtəlif sosial yardımlar vasitəsilə səngitmək mümkündür. Hakimiyyət neftdən gələn gəlirlərin kiçik bir hissəsini məcburi köçkünlərin və aztəminatlı təbəqənin problemlərinin həllinə yönəldir və bununla da narazılığın qismən azalmasına nail olur. Ziyalıların önəmli hissəsi də hakimiyyətə qarşı loyallığın müqabilində mükafatlandırılır.


O da həqiqətdir ki, siyasi və iqtisadi islahatları aparmaq üçün müəyyən sosial stimula ehtiyac var. Neftin mənfi təsiri məhz ondadır ki, bu stimulu azaldır, ölkə rəhbərliyini arxayınlaşdırır, onun daxili rəydən asılılığını zəiflədir və beynəlxalq öhdəliklərə qarşı etinasızlaşdırır.


Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələri d ir.


XS
SM
MD
LG