Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:34

İşgəncələr daha çox harada verilir?


Məhkəmələrin müstəqil olmaması işgəncənin üzə çıxmasına əngəl törədir
Məhkəmələrin müstəqil olmaması işgəncənin üzə çıxmasına əngəl törədir

İşgəncələr daha çox harada verilir? Hansı işgəncə üsullarından istifadə olunur?


İşgəncəni üzə çıxarıb sübut etmək niyə çətindir? İşgəncə verən hüquq-mühafizə orqanları əməkdaşları cəzalandırılırmı? İşgəncə faktlarıyla bağlı Avropa İnsan Haqları Məhkəməsinə indiyə qədər Azərbaycandan neçə şikayət gedib?


«Azadlıq» radiosunun həftə ərzində apardığı araşdırmalarda bu və başqa suallara cavab axtarılıb.


İş gəncəyə məruz qalmış adamlar bu haqda ilk dəfə ölkə məhkəmələrində 12 il əvvəl danışmağa başladılar. Həmin məhkəmələrdə jurnalistlər, hüquq müdafiəçiləri iştirak edirdi.


1995-ci ilin mart hadisələrində günahlandırılan Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) üzvləri onlara işgəncə verən adamların, işgəncə gördükləri yerlərin adlarını çəkir, işgəncə üsullarını təsvir edirdilər. Bakı Şəhər Baş Polis İdarəsinin 4-cü mərtəbəsində, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin qaranlıq otaqlarında necə başıaşağı asılıb maskalı adamların ayaqlarının altına taxta parçalarıyla, dəyənəklə vurmalarından, bir nəfəri 10-15 adamın özündən gedənə qədər döyməsindən, tələb olunan ifadələrə qol çəkməyəcəkləri halda ailələrinin qadın üzvlərini zorlayacaqlarıyla hədələnmələrindən danışırdılar...


Üstündən 12 il keçsə də indi də işgəncələrdən danışılır. Şahidlərin təsvir etdikləri şərait də əvvəlkilərdən fərqlənmir.


İşgəncəyə məruz qalanlar qadın qohumlarından onlara qarşı təzyiq vasitəsi kimi istifadə olunmasından tez-tez danışırlar. Hüquq-müdafiəçisi Rəna Sadəddinova deyir ki, işgəncənin bu üsulu haqda Azərbaycan cəmiyyəti ilk dəfə XTPD üzvlərinin dilindən eşidib:


«Onlara dəhşətli fiziki işgəncələr verilirdi, elektrik stullarına bağlayırdılar, döyürdülər. Ən dəhşətlisi isə bu işgəncələrdə onların ailə üzvlərindən istifadə olunurdu. Həmin qadınları polis bölmələrinə gətirir, deyilən ifadələrə qol çəkməyəcəkləri halda onları döyüləcəyi, təhqir olunacağı ilə hədələyirdilər…»


Adətən hüquq-mühafizə orqanları işgəncəylə bağlı deyilənləri inkar edirlər. Nə üçün işgəncə hallarını üzə çıxarıb sübut etmək çətindir? Buna mane olan nədir?


Ekspertlər deyirlər ki, məhkəmələrin müstəqil olmaması işgəncənin üzə çıxmasına əngəl törədir. «Hüquqi Dövlət» Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxışov 2003-cü ilin 15-16 oktyabr hadisələriylə bağlı keçirilən məhkəmə proseslərində ATƏT-in müşahidəçisi kimi iştirak edib, işgəncələrlə bağlı ətraflı hesabat hazırlayıb. O da məhkəmələrin müstəqil olmamasının işgəncələrin ört-basdır edilməsində əsas rol oynadığını deyir.


İşgəncənin sübut olunması asan deyil. Baxmayaraq ki, şahidlər, yəni işgəncə görənlər dəqiq ünvanlar göstərir, adlar çəkir, onlara işgəncə verənləri təsvir edir, sübut kimi bədənlərindəki izləri də göstərirlər. 2003-ci ilin 15-16 oktyabr hadisələriylə bağlı məhkəmənin sonunda hakim demişdi ki, müttəhimlərin onlara işgəncə verilməsiylə bağlı dedikləri sübut olunmadı. Həmin vaxt müttəhimlərdən biri İbrahim İbrahimli hakimə işləməyən barmağını göstərib deyirdi ki, bəs bu, sübut deyil, niyə barmağımın necə sındırılıb sıradan çıxarılmasını araşdırmadınız. İbrahim İbrahimli ona işgəncə verilməsiylə bağlı Avropa İnsan Haqları Məhkəməsinə də müraciət edib. Bu işə hələ baxılmasa da həmin məhkəmədə ittiham olunan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğluna işgəncə verilməsi Avropa Məhkəməsində təsdiqləndi.


H əm yerli, həm də beynəlxalq hüquq-müdafiə təşkilatlarının hesabatlarında işgəncə ünvanları kimi daha çox hüquq-mühafizə orqanları göstərilir.


«Human Rights Watch» təşkilatının icraçı direktoru Kennet Ross keçən yay Bakıda hüquq-mühafizə orqanları rəhbərləriylə görüşündə işgəncə verən polislərin cəzalandırılmasının vacib olduğunu demişdi. O, Baş prokuror Zakir Qaralovla görüşündən sonra bunları bildirmişdi:


«Biz işgəncələr haqqında və işgəncənin Azərbaycanda böyük bir problem olduğu barədə ətraflı söhbət etdik. Baş prokuror məhbuslara işgəncə verildiyinə görə mühakimə olunmuş hüquq-mühafizə orqanları işçilərinin siyahısını xahişimiz əsasında bizə təqdim etdi. Hökumətin işgəncələrə biganə qalmayacağını cəmiyyətə aydın bildirməsi üçün zorakılıq edən polis işçilərinin cəzalandırılması çox vacibdir. İşgəncələrlə bağlı çoxlu sayda məlumat daxil olsa da, bununla əlaqədar məsuliyyətə cəlb olunma hallarının çox cüzi olduğunu görürük. Yəni hökumətin işgəncə probleminə reaksiyası bu problemin miqyasına adekvat deyil».


Azərbaycan 1996-cı ildə BMT-nin, 2002-ci ildə isə Avropa Şurasının işgəncələr əleyhinə konvensiyalarına qoşulub. Bununla da üzərinə işgəncələrlə bağlı şikayətləri araşdıracağı və işgəncə verənləri cəzalandıracağı haqqında öhdəlik götürüb. Azərbaycan qanunvericiliyi işgəncəni və hər cür zorakılığı yolverilməz sayır.


«Müxbir saatı»nda həftənin araşdırması üçün reportajları Aygün Muradxanlı, İlqar Rəsul, Maarif Çingizoğlu, Şəhla Sultanova və Kəbiran Dilavərli hazırlayıblar.


XS
SM
MD
LG