Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:07

«Serj Sarkisyan çox cəsarətli addım atıb»


«Tərəflərin yaxınlaşması istiqamətində Rusiyanın hər hansı addımından xəbərsizəm»
«Tərəflərin yaxınlaşması istiqamətində Rusiyanın hər hansı addımından xəbərsizəm»
ABŞ Dövlət katibi yardımçısının müavini, ATƏT-in Minsk Qrupunun həmsədri Metyu Brayza «Azadlıq» radiosuna eksklüziv müsahibəsində Türkiyə-Ermənistan danışıqları ilə bağlı Birləşmiş Ştatların mövqeyini açıqlayıb.

Sual: İlk sualımız futbol diplomatiyası barədə olacaq. Ermənistan prezidenti Serj Sarkisyan türkiyəli həmkarı Abdulla Gülü Ermənistana dəvət edib. Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Türkiyəyə səfəri, Sarkisyanın «Wall Street Journal»dakı məqaləsi, ardınca da Berndə Türkiyə və Ermənistan rəsmiləri arasında gizli danışıqlar... Sizcə nəsə baş verir?


Cavab: Elədir. Bir həftə yarım bundan əvvəl mən Yerevanda oldum, orada prezident Sarkisyan, Xarici İşlər naziri Edvard Nalbandyanla görüşdüm. Sonra da Ankarada oldum, orada Baş nazir, Xarici İşlər naziri, Qafqazla əlaqələr üzrə məsul şəxslərlə, Baş nazirin xarici məsələlər və ordu üzrə müşavirləri ilə görüşdüm. Hiss edirəm ki, ortada maraqlı fikirlər var. Müəyyən dərəcədə əminliklə deyə bilərəm ki, həm Ankarada, həm də Yerevanda iki ölkə arasında münasibətləri normallaşdırmaq istiqamətində həqiqi səylər var.


Sual: Yəni söhbət sərhədlərin açılmasından gedir?


Cavab: Normal əlaqələr dedikdə, hər şey nəzərdə tutulur – diplomatik, insani, iqtisadi, mədəni əlaqələr. Amma bu, prosesdir, daha doğrusu, onun başlanğıcıdır. Tərəflər detalları müəyyənləşdirirlər ki, münasibətlərin müxtəlif elementlərini necə və nə qədər tez normallaşdıra bilərlər. Nədən başlana bilər? Hansı elementlər eyni zamanda müzakirə oluna bilər? Konkret addımlara aparıb çıxaran danışıqlar strukturu necə yaradılmalıdır? Mənim anladığım qədər, müzakirənin statusu elə budur.


Sual: Siz Ankaranın əvəzinə danışa bilməzsiniz. Amma indi yəqin ki, prezident Gülün futbol dəvətini qəbul edəcəyini gözləmək olar…


Cavab: Mən ümid edirəm ki, hə. Əlbəttə, mən prezident Gülün və Türkiyə hökumətinin əvəzinə danışa bilmərəm. Amma biz ümid edirik ki, o, bu «qızıl imkan»dan yararlanacaq və bu oyundan təqvimin hədiyyəsi kimi istifadə edərək, prosesi irəli aparacaq. Onu da qeyd etməliyəm ki, Türkiyə prezidentini dəvət etməklə, eləcə də tarixçilərdən ibarət müştərək komissiyanın mümkünlüyü barədə danışmaqla Sarkisyan çox cəsarətli addım atıb. Çünki, eyni addımı təklif edən bir çox müxalif qüvvələr var.


Sual: Rusiya da bu prosesdə aparıcı rol oynayan tərəf kimi görünür. Rusiya bu işi Vaşinqtonla birgə aparır? Danışılmış addımlar var, ya bu, sadəcə təsadüfdür?


Cavab: Mən Türkiyə və Ermənistanın yaxınlaşması istiqamətində Rusiyanın hər hansı addımından xəbərsizəm. Siz Lavrovun səfərini qeyd etdiniz. Mən bu məsələ ilə bağlı hər hansı bir bəyanat, ya addımdan xəbərsizəm. Mən bilirəm ki, biz prosesi təşviq edirik. Odur ki, bəlkə, Siz məni məlumatlandırasınız...


Sual: Maraqlı olan budur ki, Sarkisyan həmin bəyanatı məhz Moskvada verib. O, bunu razılıq almadan çətin ki, edərdi. Bir həftə sonra Lavrov Türkiyədə idi. Xarici İşlər Nazirliyinin internet saytındakı məlumata əsasən, Ermənistan məsələsi də gündəlikdə olub, amma heç bir bəyanat verilmədi. Siz deyirsiniz ki, heç bir koordinasiya olmayıb. Eləmi?


Cavab: Dediyim kimi, Rusiyanın tərəflərin yaxınlaşması üçün hər hansı addım atmasından xəbərsizəm. Bu tənqid deyil, sadəcə, faktın konstatasiyasıdır. Məncə, Türkiyə və Ermənistan bunu özləri edir. Ola bilsin ki, ruslar pərdə arxasında nələrisə deyirlər, mən bilmirəm.


Sual: Erməni politoloqu Aleksandr İskandaryan deyib ki, rus diplomatlarına prosesi amerikalıların əlindən almaq əmri verilib...


Cavab: Əla! Onlar bunu ediblərsə, lap əla. Mən bunun hər hansı bir əyani sübutunun şahidi olmamışam. Amma əgər onlar bunu edirlərsə, bu çox əla xəbərdir.


Sual: Bəs onda Birləşmiş Ştatların burada rolu nədir? Siz dediniz ki, Ermənistan və Türkiyə bu addımları özləri atırlar. Bəs ABŞ nə dərəcədə rol oynayır?


Cavab: Dediyim kimi, bu, Ermənistan və Türkiyənin təşəbbüsüdür. Amma bizim siyasətimiz çoxdan bəllidir - biz yaxınlaşmanı dəstəkləyirik. Mən Sizə keçən həftələrdə harada olduğumu da dedim. Amma bu, bizim proses deyil. Bu, Türkiyə-Ermənistan prosesidir. Biz sadəcə, arzularımızı ifadə edə bilərik. Və əgər tərəflər istəsələr, biz onlara müəyyən şeyləri aydınlaşdırmaqda, mesajları çatdırmaqda yardımçı ola bilərik. Amma biz məsələnin mərkəzində, hətta mərkəzə yaxın bir yerdə deyilik. Biz sadəcə, tərəflərdən birinin, ya hər ikisinin buna ehtiyacı olarsa, yardım etməyə hazır vəziyyətdəyik.


Sual: Sizin Ermənistana və Türkiyəyə səfəriniz sadəcə, adi bir səfər idi, ya bu məsələ ilə bağlı idi?


Cavab: Mən Türkiyəyə Boyden Qrey (Dövlət Departamentinin Avrasiyada energetika məsələləri üzrə xüsusi nümayəndəsi – red.) ilə birgə səfər etmişdim. Bizim Türkiyə ilə münasibətlərimizdə Ermənistan, Türkiyə-Ermənistan yaxınlaşması əsas məsələlərdən biridir. Bundan əlavə, Qafqazla bağlı ümumi məsələlər, Gürcüstan, Kipr, Avropa Birliyinə üzvlük məsələsi, Türkiyənin daxili məsələləri və əlbəttə ki, Türkiyə-İraq münasibətləri müzakirə olunur. Sonuncuya təkcə terrorla mübarizə məsələsi deyil, həm də sünnilərin İraqda daxili siyasi proseslərdə iştirakına Türkiyənin yardımı da daxildir. Odur ki, müzakirə ediləsi məsələ çoxdur. Mən Ermənistana da səfər etdim, səfərdə Türkiyə-Ermənistan yaxınlaşması məsələsi də gündəlikdə idi. Amma Minsk Qrupunun həmsədri olaraq, mənim əsas müzakirə predmetim Qarabağ danışıqları və əlbəttə ki, Ermənistanın daxili məsələləri idi. Ermənistan seçki ilə bağlı faciəvi proseslərdən sonra özünə gəlir...


XS
SM
MD
LG