Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 15:46

Süleyman Sani Axundov. Eşq və intiqam


Beş pərdəli, yeddi şəkildə faciə

İŞTİRAK EDƏNLƏR

Ə l i m ə r d a n - quldur dəstəsinin atamanı.
İ b a d - onun yoldaşı.
P i r i b a b a - ovçu meşə qarovulçusu.
Y a s ə m ə n - Əlimərdanın arvadı.
X a l i s ə n ə n ə - Piri babanın arvadı.
Ç i n g i z - surətən Əlimərdanın oğlu,
Q ə m ə r - Əlimərdanın qızı.
C ə b i - Əlimərdanın nökəri.
Ş a h b a z b ə y - mülkədar bəy.
H ə c ə r x a n ı m - onun arvadı.
Ş ə m s i b ə y - onun oğlu
Z ö h r ə x a n ı m - onun qızı.
S ə f i b ə y - qəza naziri.
X a v ə r - xidmətci qız.
H e y d ə r q u l u - }nökərlər
S ə f a
P r i s t a v.
S t r a j n i k l ə r.


BİRİNCİ PƏRDƏ

Səhnə meşə içində ağac çəpərlə hasarlanmış bir həyət göstərir. Həyətin sağ tərəfində Piri babanın koması, sol tərəfdə meşə sahibi Həsənqulu ağanın ikimərtəbəli evi görünür, Həyətde neçə yerdə skamyalar qoyulmuşdur. Yasəmən komanın onündə oturub özünü günə verir. Yanında bir beşik. Pərdə qalxdıqda Piri baba çiynində tüfəng, əlində qırqovul daxil olur.
P i r i b a b a. Yasəmən, gör sənə nə kök qırqovul ovlamışam.
Y a s ə m ə n. Ah, nə gözəl qırqovuldur.
P i r i b a b a. Qızım, gərək bu gün də durmayaydın. Özünü gözlə, yoxsa
üzülərsən.
Y a s ə m ə n. Baba, doğrudur, mən şəhərdə tərbiyə almışam, amma əslim
kürddür. Bizim arvadlar köç üstündə atdan düşüb, doğarlar, yenə atı minib köçdən qalmazlar. Üç gün yatdığım kifayət edər. Ürəyim darıxdı, çıxdım
ki, özümü bir az havaya verim.
P i r i b a b a. Bəs, Xalisə haradadır?
Y a s ə m ə n. Xalisə nənə bulaqdan su gətirməyə, həm də çağanın əsgilərini
yumağa gedibdir.
P i r i b a b a. Topal gəlib çıxdımı?
Y a s ə m ə n. Xeyr.
P i r i b a b a. Görəsən, nə qəziyyə üz verdi ki, bu üç günün ərzində gəlib çıxa
bilmədi. (Tüfəngi ağacdan asıb Yasəmənin yanında oturur.) Yasəmən, Əlimərdanın
sədası bizim torpaqdan gəlir, görünür İrandan bu tərəfə keçmişdir.
Y a s ə m ə n. Ah, baba, bu nə ömürdür ki, mən sürürəm. Bu gün tamam yeddi
aydır ki, Əlimərdan məni burada qoyub özü qaçaq olmuşdur. Bu uzun müddətdə nə gecə, nə gündüz xəyalımdan, ürəyimdən sevgili ərim çıxmır. (Ağlayır.)
P i r i b a b a. Yasəmən, səbir et, naşükür olma. Allaha dua et, ürəyin təsəlli
tapsın. Bu bəlalar, bu cəfalar ki, sən çəkirsən, hamısı Əlimərdanın ucundandır.
Rəhmətlik qardaşımın cəmi xasiyyəti oğlu Əlimərdana keçmişdir. Atası kimi
təkəbbürlü, kinli, höcət, qoçaq bir dəliqanlıdır. Hansı bir rəiyyət qızının irznamusuna ağaları toxunmamışdır?
Ya s ə m ə n. Allah o ağaları dünya üzündən məhv edəydi, ta bizlər də rahat
gün görəydik.
P i r i b a b a. Nə etməli, qızım, dünya belə gəlib, belə də gedəcəkdir. Qüvvətli
zəifi basacaq, əzəcək, zalım məzlumu incidəcək, məhv edəcək, dövlətli kasıbı
sıxacaq, boğacaqdır. Qızım, bunlar tək insanda deyil, heyvanda da belədir. Tamam
qırx ildir ki, mən bu meşədə ömür sürürəm. Bu bağlarda ov edirəm. Hər bir
heyvanın, quşun, həşəratın yaşayışına diqqət etmişəm. Bir də görürsən, bir tərlan
kəklik ovlayıb qaya başında yeməyə məşğuldur. Qəflətən ondan qüvvətli bir şahin
ildırım kimi şığıdı, onun əlindən aldı, havaya qalxdı. Bax, böcəkləri qurbağalar,
onlan ilanlar, ilanları da kirpilər yeyib tələf edirlər.
Y a s ə m ə n. Baba, onlar heyvandır, anlamır, ağılları yoxdur. Bəs bu insanlar
nə üçün bir-birlərini qırırlar?
P i r i b a b a. Qızım, biri dövlət üstə, biri şöhrət üstə, biri tamah üstə, səbəbləri
çoxdur. Mənim qardaşım oğlu Əlimərdan da qeyrət, namus üstə. Mənim
nəsihətimə qulaq asmadı, dedi gərək Şahbaz bəyin nəslini qırıb, yer üzündən məhv edəm. Onun əmisi oğlu Tağı bəyi və nökəri Fərəci öldürüb qaçaq düşdü.
Y a s ə m ə n. Piri baba, nə vaxt ki, bədbəxtlik bizə üz verməmişdi, Əlimərdan
məni sevib mehriban dolanırdı. Qəmər qəziyyəsindən sonra büsbütün dəyişilib,
arvad adını yanında çəkmək mümkün deyil. Mənlə xudahafiz edendə dedi ki,
Yasəmən, qız doğsan öz əlimlə, qədim ərəblər tək, boğub atacağam. Baba, dönmüş
taleyim burada da məni ərimin yanında xəcil etdi, qız doğdum.
P i r i b a b a. Qəm etmə, qızım, övlad şirin olar. Özün görəcəksən ki, necə
əzizləyib sevəcəkdir.
Y a s ə m ə n. Allah sən deyən kimi edəydi, baba.
P i r i b a b a. Qorxma, elə də olacaqdır, bax, bu meşə sahibi Həsənqulu ağa da
oğul həsrəti çəkirdi. Allahtaala ona qızı Züleyxanı verdi. Mən bu sinnə çatmışam,
amma atanın qıza elə məhəbbət bağladığını görməmişəm, eşitməmişəm. Bax, bu
evi Həsənqulu ağa qızı üçün tikdirmişdir. Ağa burada həftələrlə ov edəndə,
Züleyxa xanım da qaravaşları ilə burada yaşardı. Xalisə onun istəkli
qulluqçularından biri idi. Ağanın ondan başqa övladı olmadı. İndi bu meşənin
sahibi həmin Züleyxa xanımdır. Yasəmən, Əlimərdan da qızını inşallah elə
sevəcəkdir.
Y a s ə m ə n. Ah, o günü görsəydim, ölməzdim.
P i r i b a b a. Xalisə gəlib çıxmadı. Xörək nə vaxtı bişəcəkdir?
Y a s ə m ə n. Odun yoxdur, olsaydı durub özüm bişirərdim.
P i r i b a b a. Onda, mən durum oduna gedim, ona kimi də Xalisə gəlib çıxar.
(Baltanı və ipi goturub gedir.)
Y a s ə m ə n (yalnız, cağanı beşikdən goturub). Xudaya, dərgahına el götürüb
dua edirəm, mənə əta etdiyini - bu məsum balanı ata məhəbbətindən məhrum etmə.
(Laylay calır.)
Laylay dedim yatasan,
Qızıl gülə batasan.
Qızıl gül bağın olsun,
Kölgəsində yatasan.
Balam, a laylay.
Gülüm, a laylay, a laylay.
Mən aşiqəm balasın,
Laçın verməz balasın.
Mən balamı istərəm,
Balam istər balasın.

Bu halda həyət qapısı döyülür. Yasəmən gedib açır, Həcər xanım qucağında bir körpə uşaq daxil olur.

H ə c ə r. Yasəmən, nə təəccüblə mənə baxırsan? Yoxsa məni tanımırsan?
Y a s ə m ə n. Bilmirəm, yuxu görürəm, ya doğrudan da Həcər xanımı görürəm.
H ə c ə r x a n ı m. Doğru deyirsən, Şahbaz bəyin arvadı quldurbaşı
Əlimərdanın evində, bu yuxu deyil nədir? Gəl, otur dərdimi sənə söyləyim.
(Skamyada otururlar.) Yasəmən, irəlidə sən mənim xidmətçim olmusan. Xeyr,
səhv etdim, xidmətçim yox, sevgili bacım olmusan, sirr yoldaşım olmusan.
Yasəmən, o günlər yadındadırmı?
Y a s ə m ə n. Bəli, yadımdadır.
H ə c ə r x a n ı m. Başımızda eşq sevdası, ürəyimizdə məhəbbət atəşi, son
Əlimərdanı sevirdin, mən Nadir bəyi. Sən məhəbbət uğrunda cəfa çəkdinsə de,
axırda sevgilinə gedib, məramına çatdın. Lakin mənim baharım solub, zimistan
oldu. Yadındadırmı, bir gündə iki şəxs mənə elçi düşdü, biri sevdiyim, söz
verdiyim Nadir bəy, o biri bədəxlaq, bədxasiyyət, çaxır içən, günlərini
meyxanalarda keçirən
Ş a h b a z b ə y. Nadir bəy kasıb, Şahbaz bəy dövlətli. Borc boğazına çıxmış,
mülkü, evi Şahbaz bəyin yanında girovda olan atamın meyli kimdə olması məlum
idi. Yadındadırmı, mən Şahbaz bəyə getmək istəmədim.
Y a s ə m ə n. Bəli, yadımdadır. Atanız dedi: Həcər, Şahbaz bəyə getməsən,
özümü öldürəcəyəm.
H ə c ə r x a n ı m. Anam da saçlarını yoldu ki, bizi bədbəxt etmə, küçələrə
salma. Axırı mən razı oldum. Şahbaz bəyə gözləri yaşlı getdim. O gündən
cəfalarım, bəlalarım başlandı... Şahbaz bəy evimi cürdüxanaya, qumarxanaya
döndərib, çəngilər ilə kef etməyə başladı. Nadir mənim göz yaşıma dözə bilməyib
baş götürüb bu vilayətdən getdi. Axırda Şahbaz bəyin binamusluğu bir dərəcəyə
çatdı ki, öz süd bacısı, qardaşı Əlimərdanın bacısı Qəmərin namusuna toxundu.
Y a s ə m ə n. Ah, indi məni də gözü yaşlı qoyan o binamus oldu.
H ə c ə r x a n ı m. Yasəmən, o zaman, o iki körpəm olmasaydı, biri Şəmsi, o
biri Zöhrə, inan ki, mən də özümü Qəmər kimi qayadan atmışdım.
Y a s ə m ə n. Yazıq Qəmər, qardaşım İbada nişanlı idi. Bir-birlərini çox
istəyirdilər. Sonra İbad da gedib Əlimərdanın qaçaq dəstəsinə qoşuldu. Piri babanın deməyinə görə siz altı aydır ki, Züleyxa xalanızın yanında olursunuz və heç kəsə də görünmürsünüz.
H ə c ə r x a n ı m. Doğrudur, orada gizli olmağımın sirrini gılmişım sənı açıb
söyləyım və səndən kömək istəyəm. Başqası məni anlayıb dadıma çatmayacaqdır.
Y a s ə m ə n. Söyləyiniz görüm, məndən nə kömək istəyirsiniz? Özünüz
bilirsiniz ki, əlimdən gələni müzayiqə etmərəm.
H ə c ə r x a n ı m. Yasəmən, Şahbaz bəy Parisə gedəndən üç ay sonar, qəflətən
Nadir bəy gəlib çıxdı. "Həcər, sevgilim, bu iki ilin müddətində dünyanı səyahət
edib gəzdim ki, bəlkə səni unudam, fəqət bacarmadım. Axırda sənin fəraqına dözə
bilməyib gəlmişəm" - deyə fəryad etdi. Yasəmən, biz qadınlar hissimiz ilə
yaşayırıq. Biz qadınlar ürəklərimizin quluyuq. Mən də eşq atəşinə yandım, nəticəsi
bu... (Oğlunu gostərir.)
Y a s ə m ə n. Demək, bu uşaq Nadir bəyindir? Həcər xanım. Bəli, mənə tənə,
məzəmmətmi edəceksən? Mənə lənət, nifrətmi edəcəksən?
Y a s ə m ə n. Mən? Xeyr!.. Başqalarını bilmirəm. İndi söyləyiniz görüm,
məndən nə kömək istəyirsiniz?
H ə c ə r x a n ı m. Nadirlə belə qət etmişik ki, mən Şahbaz bəydən boşanıb
azad olacaqdım, sonra ona gedəcəkdim. Ah, fələk cəmi səadətimi, ümidimi bir
anda puç etdi. Bir ay bundan əvvəl Nadir xəstə düsüb şam kimi əridi, axırda söndü.
(Ağlayır.)
Y a s ə m ə n. Ah, sizin taleyiniz də mənimki kimi çönmüş. (Gozlərini silir.)
H ə c ə r x a n ı m. Yasəmən, çəkdiyim cəfalar, görünür, kifayət deyilmiş ki,
təzə bəlalarım yenidən zühur edir. Şahbaz bəy teleqrafla Parisdən çıxmağını xəbər
verir, indi anlayırsanmı?
Y a s ə m ə n. Bəli, anlayıram, bu uşağı gizlətmək lazımdır.
H ə c ə r x a n ı m. Bəli, onu da ancaq sən bacararsan.
Y a s ə m ə n. Nə tövr? Unutmayınız ki, siz mənim ərim Əlimərdanın düşməni
Şahbaz bəyin arvadısınız. Sizlərdən buraya gəliş-gediş ola bilməz.
H ə c ə r x a n ı m. Mən onların hamısını fikir etmişəm. Ona görə də oğlumu
həmişəlik sənə verirəm. Üç gündür ki, doğmuşam. Sənin qızın da həmin vaxtda.
Hamıya deyərsən ki, əkiz doğmuşam. Sirr bizim aramızda qalar.
Y a s ə m ə n. Bəs, Piri baba ilə Xalisə nənə necə olsun.
H ə c ə r x a n ı m. Bu barədə xalam ilə danışmışam. O deyir ki, mənim xatirim
üçün onlar razı olarlar və sirri də kimsəyə açmazlar.
Y a s ə m ə n. Mənim qorxum Əlimərdandan və Cəbidəndir.
H ə c ə r x a n ı m. Mənə məlumdur ki, Cəbi sənin doğmağından hələ
xəbərsizdir.
Y a s ə m ə n. Yenə də qorxuram. Bu sirr bir vaxtı açılar, onda mənim halım
necə olar? Yox, yox, bu ağır və qorxulu işi öhdəmə götürməyə cürət etmirəm.
H ə c ə r x a n ı m (ayağa qalxır.) Onda bircə yol qaldı.
Y a s ə m ə n. Hansı?
H ə c ə r x a n ı m. Mən müqəssir ananın əli ilə bu məsum uşağın ölməyi.
(Getmək istəyir.)
Y a s ə m ə n (onun qabağını kəsir.) Yox, yox, onu etməyiniz, veriniz, razıyam.
(Uşağı alıb beşiyə qoyur. Bu halda qapı doyulur.) Siz içəriyə giriniz, görüm
kimdir.
Həcər xanım komaya girir.
P i r i b a b a (qapının dalından). Yasəmən, bizik qapını aç. Yasəmən qapını
açır, Piri haba ilə Xalisə nənə daxil olurlar.
P i r i b a b a. Xalisə, tez ol ocağı qala, xörək bişir. Xalisə nənə. Bu saat.
Y a s ə m ə n. Xalisə nənə, xörəyi mən hazır edərəm. İçəridə bir əziz qonaq səni
gözləyir.
X a l i s ə n ə n ə. Kimdir? Buraya qorxudan heç kəs gəlməz.
Y a s ə m ə n. İçəri get, görərsən.
Xalisə nənə komaya girir.
P i r i b a b a. Yoxsa Əlimərdandır?
Y a s ə m ə n. Xeyr, Həcər xanımdır, Piri baba.
P i r i b a b a. Həcər xanım?.. O bura əbəs yerə gəlməz, nə böyük qəziyyə üz
veribdir ki, cürət edib gəlibdir.
Y a s ə m ə n. Baba, doğrudan da böyük qəziyyədir. Həcər xanım səndən bir
şey təvəqqə edəcəkdir, onu qəbul etməyinizi mən də rica edirəm.
P i r i b a b a. Nədir?
Y a s ə m ə n. Sizi gözləyir, gediniz desin. (Piri baba girir. Yasəmən Həcər
xanımın oğlunu qucağına goturur.) Ah, nə gözəl uşaqdır, mən oğul həsrəti
çəkirdim, allah verdi. Bunu öz balam kimi sevəcəyəm. Əlimərdan da məndən razı
qalacaqdır. Allahın sirrini bilmək olmaz, gör kimi Əlimərdana oğul göndərdi.
Cəbi daxil olur.
C ə b i. Gözləriniz aydın olsun, oğlandır, qız?
Y a s ə m ə n. Oğlandır.
C ə b i. Onda sahib şad olacaqdır.
Y a s ə m ə n. Topal, biri də var.
C ə b i. O kimdir?
Y a s ə m ə n. O da mənimdir, əkiz doğmuşam, biri oğlan biri qız.
C ə b i. Sahib bu saat özü gələcəkdir.
Y a s ə m ə n (ozunu itirir.) Ah, ürəyim nə döyünür. Cəbi, o sudan tök, mənə
ver içim.
C ə b i (su verərkən). Sahibin gəlməsindən niyə qorxursan?
Y a s ə m ə n. Qorxuram ki, ona burada bir xətər yetə.
C ə b i. Sahibin dəstəsi meşədədir.
Piri baba komadan çıxır.
P i r i b a b a. Topal, bu üç gündə harada qalmışdın?
C ə b i. Kəndə anamı yoxlamağa getmişdim. Bərk naxoş olduğuna görə qoyub
gələ bilmədim. İndi bir az yaxşıdır.
P i r i b a b a. Xalisə çağanın əsgisini yuyanda birini orada unudubdur, get onu
gətir, gəl.
Cəbi gedir.
Y a s ə m ə n. Baba, böyük bəlaya düşdük. Cəbinin deməyinə görə, Əlimərdan
bu saat buraya gələcəkdir. Mən çox qorxuram.
P i r i b a b a. Özünü itirmə, toxdaq saxla, hər bir şey allahın əlindədir, nə
istərsə, o olacaqdır. Xalisə, Xalisə!
X a l i s ə n ə n ə (komadan cıxır, Yasəmən uşağı beşiyə qoyub cuna ilə uzunu
ortur.) Nə var?
P i r i b a b a. Cəld Həcər xanımı Həsənqulu ağanın otağında gizlət, özün də
yanında ol.
X a l i s ə n ə n ə. Nə var, nə olubdur?
P i r i b a b a. Danışıq yeri deyil, Əlimərdan bu saat gələcəkdir.
X a l i s ə n ə n ə. Vay, evimiz yıxıldı.
Qapı bərk döyülür.
P i r i b a b a. Arvad, cəld ol.
Xalisə nənə otağa girir.
Ə l i m ə r d a n (qapının dalından qışqırır.) Topal!
Piri baba gedib qapını açır, Əlimərdan və İbad üstlərində əsləhə daxil olurlar.
Ə l i m ə r d a n. Əmi!
P i r i b a b a. Can!
Ə l i m ə r d a n. Hamı salamatmı?
P i r i b a b a. Salamat!
Yasəmən onun boynunu qucaqlayır.
Ə l i m ə r d a n. Kürd qızı, toxda, oğlandır, ya qız?
Y a s ə m ə n. Qız.
Ə l i m ə r d a n. Qız?
P i r i b a b a. Qəm etmə, allah hər ikinizin istəyini veribdir. Yasəmən əkiz
doğubdur, biri oğlan, biri qız.
Ə l i m ə r d a n. Bu yaxşı. Kürd qızı, oğlan mənim, qız sənin. Gətir baxım.
Y a s ə m ə n (cunanı goturub). İkisi də yatıbdır.
Ə l i m ə r d a n. Onda tərpətmə, qoy yatsınlar. Kürd qızı mən oğlumun adını
Çingiz qoydum... Sən qızının adını nə qoyursan?
Y a s ə m ə n. İzin versən Qəmər qoyaram.
Ə l i m ə r d a n. Onda izni qardaşın İbaddan al.
İ b a d. Bacım, hərgah onun kimi qeyrətli, namuslu bir qız yetirəcəksənsə, izin
verirəm. Mən əhd etmişəm ki, nişanlım Qəmərin intiqamını düşməndən almayınca
dünyada rahat yaşamayam.
Ə l i m ə r d a n. Əmi, Şahbaz bəyin qardaşı İlyas bəy elə bildi ki, İrana qacmaq
ilə mənim əlimdən qurtaracaqdır. Qardaşın oğlu onu da babalarının yanına
göndərdi.
P i r i b a b a. Əlimərdan, bu işdən əl çək, su sənəyi axırda suda sınar.
Ə l i m ə r d a n. Əmi, insan üçün də ölüm bir dəfə olacaqdır.
İ b a d. Piri baba, biqeyrət olub uzun ömür sürməkdənsə, namus üstə cavan
ölmək daha əfzəldir.
P i r i b a b a. Ay dəliqanlılar, aqibətinizi çox pis görürəm. Gəlin, mən qoca
babanızın nəsihətinə qulaq asın.
Ə l i m ə r d a n. Əmi, ac qonaqları nəsihət ilə doydurmaq olmaz, nəyin varsa
əmr et gətirsinlər, yeyək.
Y a s ə m ə n. Bir azca səbir ediniz, bu saat hazır edim.
Ə l i m ə r d a n. İbad, xörək hazır olunca biz də bir az rahat olaq.
Otağa tərəf yönəlirlər. Yasəmən onların qabağını kəsib.
Y a s ə m ə n. Ay, oraya getməyiniz.
Ə l i m ə r d a n. Nə üçün?
P i r i b a b a. Orada Xalisə çimir.
Ə l i m ə r d a n. Ha-ha-ha... Ay qoca əmi. Dinc durmursan ha.
İ b a d. Piri baba bizim kimi cavanları yarı yolda qoyub keçər.
Ə l i m ə r d a n. Kürd qızı, buraya palaz sal oturaq.
Yasəmən palaz salır, Əlimərdan və İbad tüfəngləri ağacdan asıb otururlar. Bu
halda qapı döyülür, Əlimərdan cəld ayağa qalxıb.
Ə l i m ə r d a n. Kim ola?
P i r i b a b a. Təşvişə düşmə, yəqin Topaldır. (Qapını acır.)
Ə l i m ə r d a n. Topal?
C ə b i. Sahib.
Ə l i m ə r d a n. Haradan gəlirsən?
C ə b i. Bulaqdan, sahib.
Ə l i m ə r d a n. Ətrafda qaraltı-zad görünürmü?
C ə b i. Uzaqdan atlı dəstəsi görünür, çaparlara oxşayır.
Ə l i m ə r d a n. Get pusquda dur, şübhəli adamlar olsa cəld gəlib xəbər ver.
C ə b i. Baş üstə, sahib. (Gedir.)
İ b a d. Təzə uyezdni naçalnik Səfi bəy bizim müqabilimizə çıxmaq ilə
qubernatordan malades almaq istəyir.
Ə l i m ə r d a n. Eybi yoxdur, buyursun, onu daknyaz Vaçinadzenin gününə
salaram.
P i r i b a b a. Bir neçə vaxtdan bəri meşədə strajniklər görünür. Birinə rast
gəlib soruşdum: burada nə qayırırsınız? Cavab verdi ki, Səfi bəyin əmrinə görə
yolları qaçaqlardan mühafizə edirik.
İ b a d. Ha-ha-ha... Piri baba çox yaxşı mühafizə edirlər, allah onları
bədnəzərdən saxlasın. Üç gün bundan irəli iki yoldaşımız, Xaspolad və Qarabəkir,
Razyonnı poçt üstə düşürlər, bir-iki güllə atan kimi igid çaparlar qoyub qaçırlar.
Yoldaşlarımız da xəzinəni qulluğumuza gətirdilər.
Ə l i m ə r d a n. Əmi, mənim qorxumdan hökumət qulluqçuları cürət edib
kəndliləri incidə bilmirlər. Mənim üç düşmənim var: hökumət, bəylər, tacirlər də
pulları ilə mənə tövçü verirlər. Mən kəndliləri onların zülmündən saxlayıram.
Yasəmən xörək gətirib süfrəyə qoyur, bu halda meşədən tüfəng səsi gəlir.
Əlimərdan və İbad cəld qalxıb tüfənglərini götürürlər.
Ə l i m ə r d a n. Əmi, xudahafiz. Kürd qızı, Çingizdən muğayat ol. Bir igid,
qoçaq oğlan meydana çıxarmağı səndən tələb edirəm.
Y a s ə m ə n (onların qabağını kəsib). Qoymaram, sizi öldürərlər.
Ə l i m ə r d a n. Məni öldürərlər, yerimdə oğlum Çingiz qalar.
Gedirlər.
Y a s ə m ə n. Xudaya, dəxi səbir edə bilmirəm, məni öldür, bu əzabdan qurtar.
Yeddi ay həsrətini çəkdiyim sevgili ərim ilə belə görüşdük. (Ağlayır.)
P i r i b a b a. Yasəmən, səbir et, göz yaşı tökmədən nə çıxar?
Y a s ə m ə n. Ondan başqa mənə nə qalıbdır, onadamı mane olacaqsan.
X a l i s ə n ə n ə (gəlir.)Əlimərdan getdimi? Vay, qızım, ağlayırsan?
Y a s ə m ə n. Xalisə nənə, necə ağlamayım, bu birəhm fələk mən zavallını elə
tilsimə satıbdır ki, sevgili ərimin gəlməsi mənim üçün qorxu, getməsi bəla.
(Ağlayır.)
X a l i s ə n ə n ə. Qızım, yenə də səbir etmək lazımdır, hər bir qara günün bir
ağ günü də var.
Bu halda Səfi bəy, pristav və ücstrajnik daxil olurlar.
S ə f i b ə y. Tərpənməyin! Piri kişi, Əlimərdanın yerini de.
P i r i b a b a. Səfi bəy, Əlimərdan burada yoxdur.
S ə f i b ə y. Yalan deyirsən, quldurbaşı qardaşın oğlunu ələ vermək istəmirsən.
Fəqət mən sənə dedirdərəm. Bunları alınız.
Strajniklər onları əhatə edirlər.
P i r i b a b a. Səfi bəy, arvadları nə üçün qorxudursan, mənə inanmırsan, buyur
axtar.
S ə f i b ə y. Mən dedim ki, sən özün yerlərini göstərəsən, təki həm bu
arvadları, həm də özünü Sibir sürgünündən xilas edəsən. İndi Əlimərdan buradan
çıxsa, tənbehin böyük olacaqdır. Tüfənglərinizi bunların döşlərinə tutun.
(Strajnikiər tuturlar.) Belə hazırda durarsınız, üzərinizə tüfəng açılsa, üçünü də
güllələyib yerə yıxarsınız. Sən, İsrafil bəy, dalımca gəl.
Komaya girirlər. Bir azdan sonra cıxırlar.
P r i s t a v. Səfi bəy, yəqin o evdə gizlənmişlər, oranı axtarmalı.
S ə f i b ə y. Doğru.
Bu halda H ə c ə r xanım otaqdan çıxıb qaçaraq gəlir.
H ə c ə r x a n ı m. Səfi bəy, toxda, bunları nə üçün güllələyirsiniz?
S ə f i b ə y. Çünki Əlimərdanı burada gizlədib yerini demək istəmirlər.
H ə c ə r x a n ı m. İndi sizə məlum oldu ki, Əlimərdan burada ola bilməz.
S ə f i b ə y. Bəli, Şahbaz bəyin arvadı olan yerdə Əlimərdan ola bilməz. (Piri
babagilə.) Azadsınız, Həcər xanım siz burada nə qayırırsınız?
H ə c ə r x a n ı m. Şəhərə gedirdim, buraya döndüm ki, Züleyxa xalamın
sifarişini Piri babaya yetirəm.
S ə f i b ə y. O yolda duran fayton sizinkidirmi?
H ə c ə r x a n ı m. Bəli.
S ə f i b ə y. Həcər xanım, heç bilirsinizmi sizi nə böyük bəladan xilas edirəm.
Əlimərdanın quldur dəstəsi meşədədir. Mən onu əhatə etmişəm. Bu gün dayım
İlyas bəyin intiqamını ondan alacağam. Buyurunuz gedək, adam qoşum sizi
xalanızgilə aparsınlar. Şəhərə getmək mümkün deyil.
H ə c ə r x a n ı m. Piri baba, Xalisə nənə, xudahafiz, Yasəmən, oğlunu gətir
baxım.
S ə f i b ə y. Həcər xanım, düşmənin ailəsinə mərhəmət etmək caizmidir?
H ə c ə r x a n ı m. Siz bilirsiniz ki, Yasəmən mənim sevgili xidmətçim
olmuşdur. Onun və bu məsum uşağın nə günahı var? (Yasəməndən uşağı alıb
opur.) Yasəmən, səni və bunu bir allaha tapşırıram.
Tüfəng səsi gəlir.
S ə f i b ə y. Həcər xanım, gedək.
H ə c ə r x a n ı m. Xudahafiz. (Gozlərini silir, gedirlər.)
Y a s ə m ə n. Ey uca tanrı, mən də sevgili ərimi sənə tapşırıram.

Pərdə


İKİNCİ PƏRDƏ

Birinci pərdənin mənzərəsi. Birinci pərdədən iyirmi il keçibdir.

P i r i b a b a. Ey vəfalı silahım, sahibin tək sən də köhnəlmisən, paslanmısan.
Keçmişdə sənin güllən heç puça çıxmazdı. Ağzından od parladıqda ovu yerdə
görmüşəm. İndi sinnim həştada çatmış, gözlərimin nuru getmiş, qollarımın qüvvəti
azalmış. İndi səni qaldırıb qırqovulu nişana aldıqda qaqqıltı ilə uçub uzaqlaşır. O,
qaqqıltı ilə sanki deyir, ey piri-natəvan, nə vaxta kimi bizləri ovlayacaqsan? Çəkil,
rahat ol, daha vaxtın keçmiş. Bəli keçmiş... (Yasəmən samovarı gətirib sufrəyə
qoyur.) Yasəmən Qəmər durubdurmu?
Y a s ə m ə n. Qəmər sübh tezdən durub meşəyə gedibdir.
P i r i b a b a. Erkən durmaq yaxşı şeydir, bədəni saflaşdırar. Ancaq o zaman
meşə rütubətdir, gəzməsin, dağa çıxsın, təmiz hava udsun.
Y a s ə m ə n. Qəmər şəhərdə o qədər darıxıb, sıxılıbdır ki, buraya gələndən
bəri evdə oturmaq istəmir. Deyir: Ana can, doqquz ay dərs zamanı günlərimi
sanamışam ki, yay fəsli haçan gələcəkdir ki, Piri babama qonaq gedəm, doyunca
meşəni, dağı, çəməni gəzəm.
P i r i b a b a. Qoy gəzsin, yesin, içsin, hala gəlsin. Ancaq gəzməyə yoldaşı
yoxdur. Məni tutur ki, Piri baba dur gəzməyə gedək. Deyirəm, ay qızım, babanın nə gücü qalmışdır ki, sənə yoldaşlıq etsin, sənin iti ayaqların ilə yeriş etsin. Deyirəm, səbir et, qardaşın Çingiz gəlsin o zaman ürəyiniz istədikcə gəziniz.

Yasəmən çay töküb Piri babaya verir.

Y a s ə m ə n. Piri baba, Qəmər ilə Çingizi görəndə elə bil ki, dünya mənimdir.
Necə mehriban bacı-qardaşdırlar. Necə məni sevib ehtiramımı saxlayırlar. Çingiz
ona atalıq edir. Bax nə sənə baxdı, nə mənə, bacısını oxutdu.
P i r i b a b a. Çingiz çox ağıllı, kamallı cavandır.
Y a s ə m ə n. Allah sevgili ərimi əlimdən aldısa da, yerində belə oğul qoydu.
Qəmər qucağında çiçək və əlində dəsmal bağlısı daxil olur.
Q ə m ə r. Baba, sabahın xeyir.
P i r i b a b a. Qızım, aqibətin xeyir.
Q ə m ə r. Baba, tap görüm, mənim bu dəsmalımdakı nədir?
P i r i b a b a. Qızım, kirpidir.
Q ə m ə r. Vay, baba nədən bildin?
P i r i b a b a. Dəsmalına bax, özün bilərsən.
Q ə m ə r (baxır.) Hə, kirpinin tikanları dəsmalı dəlib çıxıbdır.
P i r i b a b a. Bu kirpini nə edəcəksən?
Q ə m ə r. Sənin bostanına buraxacağam.
Y a s ə m ə n. Qızım, bu heyvan bostanı tərk edər.
Q ə m ə r. Piri baba, beləmi?
P i r i b a b a. Yox, ağıllı qızım, fikrini anlayıram. Kirpi bostanın qurdlarını
yeyib tələf edər, onu salamat saxlar.
Y a s ə m ə n. Qızım, bunu sən haradan bilirsən?
Q ə m ə r. Mən kitabda oxumuşam. Piri baba da təbiətin içində yaşayıb, görübgütürübdür.
Baba, təzə qoruqçunu aparım bostanına buraxım. (Gedir.)
P i r i b a b a. Yasəmən, görürsən oxumaq nə gözəl şeydir.
Y a s ə m ə n. Baba, doğru deyirsən, ancaq oxuyub elmli olandan sonra, bizim
kəndli qızları öz ayağı çarıqlılarına ərə getmirlər.
P i r i b a b a. Nə üçün getmirlər? Ürək elmə-zada baxmaz. Səni bəyzadələr
istəyirdilər, bəs nə üçün getmədin?
Y a s ə m ə n. Çünki Əlimərdanı sevirdim. Biz müsəlmanca oxumuşuq. Onlar
kimi elmimiz yoxdur. (Qəmər daxil olur.) Qızım, gəl otur, çayın soyuyur.
Q ə m ə r (cay icərkən). Baba, indi tap görüm, bu çiçəkləri nə edəcəyəm?
P i r i b a b a. Dəstə tutub otağına qoyacaqsan.
Q ə m ə r. Yox, baba, bilmədin. Bunlardan tac hörüb sənin başına qoyacağam.
Səni bu meşənin, bu bağların sultanı edəcəyəm.
Gülüşürlər.
P i r i b a b a. A qızım, mənim bu qoca qulaqlarıma gahdan bir gəlib çatır ki,
rəiyyətlər üsyan edib padşahlarını taxtdan salırlar. Sən də təzədən mənim başıma
tac qoymaq istəyirsən.
Q ə m ə r. Onlar öz rəiyyətlərilə ədalətlə rəftar etməyiblər, onlara zülm ediblər,
onun üçün də taclarını itiriblər. Fəqət sən öz vəzifəni çox yaxşı ifa etmisən. Ona
görə də meşə əhli məni öz tərəflərindən vəkil seçib hüzurunuza göndəriblər ki, bu
tacı qəbul edib onlara sultan olasan.
Gülüşürlər.
P i r i b a b a. Qızım, bu gətirdiyin vəkalətnaməyə tülkülər, dovşanlar,
kəkliklər, qırqovullar da qol çəkirlərmi?
Q ə m ə r. Onlar tərəfindən bir qədər narazılıq oldu, fəqət əksəriyyət səni
özlərinə sultan seçdilər.
P i r i b a b a. Qızım, bu meşənin sultanlığını qəbul edirəm, bu şərtlə ki, sən də
mənə vəliəhd olasan.
Gülüşürlər.
Q ə m ə r. Mən qəbul edirəm. (Qapı doyulur.) Birdən Çingiz ola.
Gedib qapını açır. Həcər xanım, Zöhrə xanım, Şəmsi bəy daxil olurlar.
H ə c ə r x a n ı m. Qəmər, nə gözəl, nə göyçək qız olmusan. (Onu opur.)
Y a s ə m ə n. Ah, nə əziz qonaqlarım gəlmiş. (Həcər xanım ilə goruşurlər.)
Buyurunuz, buyurunuz, Piri baba çox şad olacaqdır.
H ə c ə r x a n ı m. Qəmər, bu mənim oğlum Şəmsi bəy, bu da qızım Zöhrədir.
Tanış olunuz.
Qəmər onlara əl verir, qonaqlar Piri baba tərəfə gəlirlər.
P i r i b a b a. Həcərxanım, çox xoş gəlmişsiniz, səfa gətirmişsiniz, mən qocanı
yad etmisiniz, buyurun əyləşin.
Otururlar.
H ə c ə r x a n ı m. Züleyxa xalama qonaq gedirik, dedim dönüb sizlə görüşüm.
Çoxdan bəridir ki, sizdən xəbərim yoxdur. Yaxşı oldu ki, Qəməri də gördüm,
maşallah, gözəl qız olubdur.
Y a s ə m ə n. Qəmər on gündür ki, dərslərini qurtarıb gəlibdir. Dedi ana, gedək
bu yay da Piri babaya qonaq olaq, o da təkdir.
P i r i b a b a. Xalisə vəfat edəndən bəri burada Topal ilə ikimiz oluruq.
Yasəmən istədi məni də kəndə öz yanına aparsın, razı olmadım, çünki balıq susuz
yaşaya bilməyən kimi, mən də meşəsiz ömür sürə bilmərəm.
H ə c ə r x a n ı m. Çingizdən nə xəbər var?
Q ə m ə r. Mənə yazmışdı ki, iki gündən sonra çıxacağam, gərək bu gün-sabah
gəlib çıxsın.
Ş ə m s i b ə y. Çingiz həkimlikmi oxuyur?
Q ə m ə r. Bəli.
Z ö h r ə x a n ı m. Yenə Kiyev şəhərində oxuyur?
Q ə m ə r. Bəli, orada oxuyur.
H ə c ə r x a n ı m. Uşaqlar, durun gedin bir az meşədə gəzin.
Y a s ə m ə n. Qoyun çayı təzələyim, içsinlər, sonra gedərlər.
H ə c ə r x a n ı m. Zəhmət çəkməyin, bir azdan sonra gedəcəyik. Xalam bizi
gözləyir.
P i r i b a b a. Nə tələsirsən? Buradan Züleyxa xanımgilə yarım saatlıq yoldur,
bir az rahat olub çörək yeyərsiniz, sonra gedərsiniz. Ona kimi də cavanlar meşədə
gəzərlər. Qəmər də bu gün məni meşə sultanı təyin edibdir. Təzə sultanın hökmü
belədir, gərək tabe olasınız.
Gülüşürlər.
Ş ə m s i b ə y. Meşə sultanı Piri babadan rica edirəm ki, mənə öz ormanında
bir qədər ov etməyə izin versin.
P i r i b a b a. İzin verirəm, ancaq mənim tüfəngim ilə çətin ov edə biləcəksən.
Ş ə m s i b ə y. Öz tüfəngim odur faytonda, sizinkinə ehtiyac yoxdur. Xanımlar,
buyurunuz.
H ə c ə r x a n ı m. Şəmsi, Heydərquluya de ki, atları açıb rahat etsin, bir azdan
sonra gedəcəyik.
Ş ə m s i b ə y. Yaxşı, deyərəm.
Gedirlər.
Y a s ə m ə n. Xudaya, Çingizi de bunlar ilə belə mehriban görsəydim dünyada
bir qəmim olmazdı.
H ə c ə r x a n ı m. Yasəmən, iyirmi ildir ki, mən bədbəxt ana, oğlum Çingiz
üçün göz yaşı tökmüşəm. Sən Yasəmənə həsəd aparmışam ki, Çingizi bağrına
basıb əzizləmisən, ona süd vermisən, oğlum demisən. Amma mən yad kimi
kənardan baxmışam. Ah, ana üçün dünyada bundan artıq əzab olarmı?
P i r i b a b a. Həcər xanım, bugünə kimi səbir etmisiniz, yenə də etməlisiniz.
Yoxsa cümlənizi böyük bəlaya salarsınız. İndiyə kimi sirr açılmayıbdır, bundan
sonra da açılmamalıdır.
Y a s ə m ə n. Həcər xanım, mən də sizdən rica edirəm ki, məni bəlaya
salmayasınız, məgər mən Çingizə doğma ana kimi baxmamışam?
H ə c ə r x a n ı m. Dogru deyirsən, sən Çingizə həqiqi analıq etmisən. Ölənə
kimi sənə qul olsam, yenə də borcundan çıxa bilmərəm.
P i r i b a b a. Həcər xanım, indi bizim seyimiz onda olmalıdır ki, ataları kimi
cavanların da arasına ədavət düşməsin.
H ə c ə r x a n ı m. Piri baba, Çingizin burada olmasının xətası çoxdur, Şahbaz
bəyin qohum-əqrəbası dinc durmayacaqdır. Qorxuram onu da Əlimərdan kimi tələf
edələr.
Y a s ə m ə n. Nə qədər ki, Əlimərdan tutulmamışdı, sağdı, onun qorxusundan
Çingizə əziyyət verə bilmirdilər, amma indi mən də qorxuram.
P i r i b a b a. Həcər xanım, Çingizin gələcəyi üçün heç fikirləşmisinizmi?
H ə c ə r x a n ı m. Bəli, o barədə xalam ilə danışmışam. Onun fikri odur ki,
dayısı oğlu Əli bəyin qızını ona ala və cəmi mülkünü də onların adına keçirə. Əli bəyin qohum-əqrəbası çoxdur, ona heç kəs bata bilməz.
Yasəmən, sən bu fikrə nə deyirsən?
Y a s ə m ə n . Mən nə deyəcəyəm? Çox gözəl fikirdir.
Qəmər, Zöhrə və Şəmsi bəy daxil olurlar.
Q ə m ə r. Ha-ha-ha...
Z ö h r ə. Ha-ha-ha...
H ə c ə r x a n ı m. A qızlar, deyin görüm, nəyə gülürsünüz?
Q ə m ə r. Piri baba, bu saatdan sən sultanı əzl edib yerinə Şəmsi bəyi təyin
edirəm.
P i r i b a b a. A qızım, buna səbəb nə olmuş?
Q ə m ə r. Şəmsi bəyin bimisl ovçu olmağı.
Zöhrə gülür.
Ş ə m s i b ə y. Qəmər bəyim, rica edirəm məni Piri babanın yanında xəcil
etməyəsiniz.
Z ö h r ə x a n ı m. Xeyr, gərək nağıl oluna, yoxsa mən Piri babanın əzlinə razı
deyiləm.
Ş ə m s i b ə y. Onda qoyun mən özüm söyləyim.
Z ö h r ə x a n ı m. Xeyr, mən razı deyiləm. Qoy Qəmər söyləsin.
Ş ə m s i b ə y. Nə etməli, siz iki, mən tək, Qəmər bəyim, söyləyiniz.
Q ə m ə r. Piri baba, meşəyə girdikdə qarşımıza dovşan çıxdı. Bunu gördükdə
Şəmsi bəy, bizim ölkənin birinci ovçusu, xeyli nəzakət ilə qoşalüləsini çiynindən
çıxarıb...
P i r i b a b a. Ov etdikdə, ovçunun tüfəngi əlində hazır olmalıdır.
Z ö h r ə x a n ı m. Buda onun özünə arxayın olmasına bir sübut.
Q ə m ə r. Dovşan dayanıb durmuşdu. Şəmsi bəyin gülləsi açıldı, dovşan
yerindən tərpəndi. Güllənin biri də açıldı, dovşan yenə qaçmadı. Burada Zöhrə
xanım ilə inən elə qəhqəhə etdik ki, dovşan ildırım kimi götürüldü.
Gülüşürlər.
P i r i b a b a. Görünür, dovşan uzaqda durmuşmuş.
Z ö h r ə x a n ı m. Xeyr, Piribaba, sonar ölçdük, bizim ayağımız ilə dovşan on
iki addımda durmuşdu.
Ş ə m s i b ə y. Piri baba, bunlar mənim ovçulğumu lağa qoyub güldü, fəqət öz
qüsurlarını açmaq istəmirlər.
P i r i b a b a. Sən də onlarınkını aç söylə, görək nə olmuş.
Ş ə m s i b ə y. Piri baba meşəyə bir az qalmış onda gördük ki, bu iki igid
xanımdan bir elə qışqırıq qalxdı ki, dedim yəqin bunların qarşısına aslan çıxmışdır.
Bilirsinizmi, Piri baba, bunlar nə görmüşlər?
P i r i b a b a. Yəqin siçan görmüşlər.
Ş ə m s i b ə y. Bəli.
Gülüşürlər.
P i r i b a b a. Oğlum, arvad tayfasının əksəri siçandan qorxur. Rəhmətlik
Xalisə də belə idi.
Bu halda Cəbi əlində bir çamadan, dalınca Çingiz daxil olurlar.
Q ə m ə r. Çingiz gəldi. (Qacaraq gedib onun boynunu qucaqlayıb opur.)
Y a s ə m ə n. Ah, oğlum, gəldi, Allah, sənə şükür. Ay qız, bir dayan, mən də
öpüm! (Cingizi opur.)
H ə c ə r x a n ı m. Oğlum, gəl səni mən də öpüm.
İstəyir öpsün, Çingiz kənara çəkilir.
Ç i n g i z. Həcər xanım, mən haradan sizin oğlunuz oldum. Mən sizin
qulluqçunuz kürd qızının oğluyam.
H ə c ə r x a n ı m. Ah, Çingiz, oğlum, məni atəşə yaxma, Yasəmən mənim
qulluqçum olmayıbdır, sevgili bacım olubdur.
Q ə m ə r. Çingiz, gəl su töküm əl-üzünü yu, yoldan gəlmisən, yorulmusan.
Gəl, qardaşım, sonra danışarsan.
Ç i n g i z. Toxda, Həcər xanım, Əlimərdanı ölmüş görüb, mən oğlu Çingizi
Rusiyada bilib buraya gəlməyə cürət etmisiniz?
P i r i b a b a. Çingiz, Həcər xanım övladları ilə mənə qonaq gəlmişlər, sənə
dəxli yoxdur.
Ç i n g i z. Bəs sən Əlimərdanın əmisi deyilsən? Necə qeyrətin qəbul edir ki,
onun düşmənlərini qonaq edirsən? Məgər bilmirsən ki, mənim atam Əlimərdanın
Sibirdə əlləri, ayaqları qandalda, sızlayıb fəryad etməyinə səbəb binamus Şahbaz
bəy olmuşdur.
Ş ə m s i b ə y. Çingiz, mən elə fikir edirdim ki, atalarımızın ədavəti biz
övladlarına keçməyəcəkdir, çünki hər iki tərəf bir-birlərindən intiqamını almış.
Mən əmim İlyas bəyin və başqa qohumlarımın qanını səndən iddia etmirəm. Fəqət
indi görürəm ki, siz başqa fikrə düşmüşsünüz, bismillah, mən meydandan qaçan
oğlan deyiləm.
Ç i n g i z. Hə, indi biqeyrət Şahbaz bəyin oğlu Şəmsi bəy özünü büruzə verdi.
Ş ə m s i b ə y. Quldurbaşı Əlimərdanın oğlu Çingiz də öz gədalığını göstərdi.
Ç i n g i z. Mənə gəda deyirsən?
Onun üstünə yeriş edir, Zöhrə xanım başını uca tutaraq, döşünü gərərək onun qarşısında
durur. Həcər xanım qışqırıb qəşş edir, Qəmər ağlayır.
Z ö h r ə x a n ı m. Çingiz, biz düşmən də olsaq qapınıza gəlmişik, sizə qonaq
olmuşuq, qonağın ehtiramı beləmi olur?
Ç i n g i z (başını aşağı salaraq). Zöhrə xanım, məni əfv ediniz, xəcalətimdən
üzünüzə baxa bilmirəm. Tutduğum əməldən özüm də peşmanam.
Z ö h r ə x a n ı m. Öz tərbiyəsilə cavanlar arasında şöhrət tapmış Çingizi indi
tanıdım, əfvinizi qəbul edirəm. Ancaq anamız Həcər xanımdan üzr istəməlisiniz.
Ç i n g i z. Həcər xanım, məni əfv etməlisiniz. (Əllərindən opur, Həcər də onun
alnından opur.)
H ə c ə r x a n ı m. Oğlum, Çingiz, mənə yenidən ruh verib diriltdin, allah səni
hər bəladan hifz etsin.
Q ə m ə r (gedib Cingizin əlindən tutub Şəmsi bəyə tərəf gedir.) Çingiz, Şəmsi
bəylə də barış.
Ç i n g i z (ona əl verərək). Şəmsi bəy, məni əfv ediniz, o sözləri deməyə
ürəyimin qəm-qüssəsi səbəb oldu. Qürbətdə çəkdiyim əziyyətdən sonra əziz anamı,
sevgili bacımı, qoca babamı sağ və salamat gördükdə bəxtiyar ömrünü Sibirdə
çürüdüb axırı canını namus yolunda fəda edən yazıq atam yadıma düşdü. Özümü
saxlaya bilməyib sizlərə biehtiramlıq etdim.
Y a s ə m ə n (gedib onu qucaqlayaraq). Oğlum, bu sözlərin ilə yaralı ürəyimi
oxladın. (Ağlayır.)
P i r i b a b a. Yasəmən, sakit ol, naşükür olma, Çingiz kimi oğlun, Qəmər kimi
qızın var. Ölüm cümlə yaranmış üçün var. Oğlum, Çingiz, bəs mən qoca baban ilə
nə üçün görüşmürsən?
Ç i n g i z. Bağışla baba, bu gün özümü başqa halda görürəm. (Gedib onun
əllərini opur.)
Q ə m ə r. İndi gəl gedək, su töküm əl üzünü yu.
Otağa gedirlər.
Ş ə m s i b ə y. Ana, siz də hazır olun, mən də gedib faytonu qoşdurum.
P i r i b a b a. Oğlum, nə tələsirsən, çörək yeyib gedərsiniz.
H ə c ə r x a n ı m. Şəmsinin fikrini anlayıram, o qorxur ki, yenə aralarında
toqquşma ola. Mən də onun fikrinə şərikəm.
Y a s ə m ə n. İndi Çingiz nəinki yenidən toqquşmaq, hətta səy edəcəkdir ki,
sizin könlünüzü alsın.
P i r i b a b a. Yasəmən doğru deyir, Çingizin ürəyi çox yumşaqdır, heç kəsi
özündən incitməz.
Z ö h r ə x a n ı m. Biz Çingizdən rəncidə olmuruq. Ürəyi yanıqlı idi, onun
üçün də təbiətindən çıxdı. Sonra peşman olub bizdən üzr istədi. Bu bizə kifayət
edər. İrəlilərdə mənə heç vaxt ədavət göstərməyibdir. Çox mehriban rəftar edibdir.
Çingiz və Qəmər gülə -gülə gəlirlər.
Ç i n g i z. Piri baba, eşitdim səni sultanlıqdan əzl ediblər.
P i r i b a b a. Ay oğul, çox da yaxşı ediblər, mənim sultanlığım keçmiş.
Cavanlıqda atdığım güllə boşa çıxmazdı, indi isə çox vaxtı ovdan əliboş qayıdıram.
Ç i n g i z. Demək on iki addımda durmuş dovşanı daha vura bilmirsiniz.
Gülüşürlər.
Z ö h r ə x a n ı m. Şəmsi, payını aldın?
Ş ə m s i b ə y. Allah heç kəsi Qəmər bəyimin dilinə salmasın.
Q ə m ə r. Allah heç kəsi Şəmsi bəy kimi ovçunun ümidinə qoymasın, çünki
şamsız yatar.
Gülüşürlər.
Ç i n g i z. Allah heç qardası Qəmər kimi bacının ümidinə qoymasın, çünki
səfərdən gəlmiş qardaşım çaysız qoyar.
Q ə m ə r. Bu saat, qardaşım. (ona caytokub verir.) Gör bacın sənə
badımcandan, pamidordan nə dürlü-dürlü ləziz xörəklər bişirəcəkdir.
Ş ə m s i b ə y. Qəmər bəyim, nə qədər xörək bişirməkdə mahir olsanız, yenə
də mənim bacım Zöhrəyə çata bilməzsiniz.
Z ö h r ə x a n ı m. Yəqin yenə də mənim qayğanaq məsələm meydana
çıxacaqdır.
Ş ə m s i b ə y. Əlbəttə çıxacaqdır. Camaat, bir dəfə çox bərk acmışdım, evdə
də Zöhrədən başqa heç kəs yoxdu. O da oturub roman oxuyurdu. Dedim, bacım dur
mənə qayğanaq bişir, yeyim. O vaxtı Zöhrə xanım təzəcə gimnaziyanı qurtarmışdı.
Bacım bişirdi, mən də yedim. Nəticəsi - indi də qayğanağa baxa bilmirəm.
H ə c ə r x a n ı m (gulur.) Zöhrə yumurtanı əvvəl suya salıb sonra yağ
tökmüşdür.
Gülüşürlər.
Ş ə m s i b ə y. Ana, mən bacımın icadının sirrini açmaq istəmədim, sən niyə
açırsan?
Ç i n g i z. Piri baba, arıların nə haldadır?
Y a s ə m ə n. Anan ölsün, hər bal yeyəndə boğazımdan getmirdi. Bilirəm, sən
balı çox sevirsən.
P i r i b a b a. Oğlum, sənin bəxtindən bu il balım boldur, nə qədər xətrin istəsə
ye, qurtaran deyil.
Ç i n g i z. Cəbi lələ, get Piri babanın o tərifli balından kəs gətir, yeyək.
P i r i b a b a. Topal, cökə ağacının altındakı səbətdən kəs gətir. Onun balı çox
dadlıdır.
Cəbi gedir. Səfa daxil olur.
H ə c ə r x a n ı m. Səfa nə var, xeyir ola.
S ə f a. Xanım siz gedəndən sonra Şahbaz bəy gəlib çıxdı. Nurəli bəyin evində
qumar oynayırmışlar. Ağa gecə də orada yatıb qalıbmış. Məndən soruşdu ki, Həcər
xanım və usaqlar haraya gediblər. Dedim Züleyxa xanımgilə qonaq gediblər, üç
gündən sonra gələcəklər. Elə bunu demiş oldum, ağa hirslənib qışqırdı, söyməmiş
bir xidmətçi qoymadı. Mənə dedi ki, atı minib çaparsan, harada çatdın qaytararsan. Bu halda ürəyi bitab olub yıxıldı. Qurban həkim dalınca getdi, mən də sizin.
Ş ə m s i b ə y. Ana, durma gedək. Ax, atamın köhnə azarı qalxmış.
H ə c ə r x a n ı m. Gedək. (Qalxırlar.) Səfa, get faytonun yanında gözlə.
Səfa gedir.
P i r i b a b a. Allah şəfa versin, daha sizi saxlaya bilmərəm. İnşallah yaxşı
olar, yenə mənə qonaq gələrsiniz.
Həcər xanım ilə Yasəmən, Qəmər ilə Şəmsi bəy və Çingiz ilə Zöhrə xanım kənara
çəkilib məxfi danışırlar.
Ç i n g i z. Zöhrə xanım, siz ilə əlvida edərək yenə də rica edirəm ki, sizə
etdiyim ehtiramsızlığı qəlbinizdən çıxarasınız.
Z ö h r ə x a n ı m. Çingiz, mənim qəlbimdə, bilirsən, sənə ədavət yoxdur,
başqa bir hiss...
Ç i n g i z. Müşgül.
Z ö h r ə x a n ı m. Nə üçün?
Ç i n g i z. Çünki çox sədd var...
Z ö h r ə x a n ı m. Ürəyin incə oxları müqabilində elə sədlər durmaz...
Ç i n g i z. Ürəyin özünə sədd çəkməli.
Z ö h r ə x a n ı m. O nə üçün?
Ç i n g i z. Fələyin istədiyi bu.
H ə c ə r x a n ı m. Uşaqlar, gedək.
Z ö h r ə x a n ı m. Əlvida, Çingizim.
Ç i n g i z. Əlvida, xoyali-naümidim.
H ə c ə r x a n ı m. Xudahafiz.
P i r i b a b a. Xudahafiz, yaxşıyol.

Gedirlər.

Pərdə

davamı
XS
SM
MD
LG