Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 19:02

Süleyman Sani Axundov "Nurəddin" (2) "Qorxulu nağıllar" seriyasından


əvvəli

Qara Hüseyn Nurəddinin qıçını əlləşdirib dedi:

- Sağ ayağı diz qapağından çıxmışdır. - Sonra şaqqıltı ilə ayağı yerinə saldı vı qıçın dörd itrafına ağac düzüb bərk sarıdı. Nurəddin ağrıya davam edib əsla səs çıxartmırdı.

- Yaşasın belə qoçaq uşaq, - deyə Qara Hüseyn Nurəddini tərif etdi. Sonra
da evdı tapşırdı ki, Nurəddinin qıçı üç gün belə qalasıdır. Heç tərpətməyin, sonra
gəlib özüm açacağam. Bundan sonra üzünü Nurəddinə çevirib dedi:
- Ağıllı oğlum, ayağını heç tərpətmə, onda ağrıtmaz və sən də rahat olarsan.
Qara Hüseyn xudahafiz edib getdi.

Gecədən xeyli keçdi. Amma Nurəddin ayağının ağrısından yata bilmirdi.
İmamverdi baba onun yanında oturub keşiyini çəkirdi. Amma Gülpəri o biri otaqda
xoruldayırdı. Axırda Nurəddin yuxuya getdi. Bir də gözünü açanda gördü ki, günəş
pəncərədən içəri düşmüşdür. İmamverdi baba Nurəddinin yanına gəldi.
- Sabahın xeyir, oğlum, rahat yata bildinmi? Ayağın ağrıyırmı?
- Azacıq ağrıyır, baba.
- Darıxma, oğlum allah qoysa bir neçə günə sağalıb duracaqsan və səni
gəzməyə aparacağam. Bir bax gör babanın nə gözəl bağçası vardır. Bu sözləri
deyib İmamverdi pəncərəni açdı və özü də bayıra çıxdı.
Sübhün təmiz havası, güllərin və çiçəklərin qoxusu otağı ətirləndirdi. Quşlar
gömgöy budaqlarda oturub oxuşurdular. Pəncərənin ağzında bir tut və bir gilas
ağacı bitmişdi. Gilasın budaqları pəncərəyə o qədər yaxın idi ki, əl uzadanda
çatırdı. Bu ağacın üstü qırmızı gilasla dolu idi. Quşların bəzisi gilas və bəzisi də tut
ağacında oturub, gah oxuyurdular və gah da balaca dimdikləri ilə tutdan və
gilasdan qopardıb yeyirdilər. Nurəddin bunlara çox həvəslə baxırdı. Bu quşlardan
sərçədən başqa qeyrilərini tanımırdı. Nurəddin bir də gördü ki, bir ana sərçə
ağzında bir göy cücü pəncərənin üstünə qondu və oradan cik-cik səsi gəldi.
Nurəddin gözlərini dolandıranda gördü ki, bir yuvadan dörd dənə sərçə balası
başlarını bayıra çıxardıb civildəyirlər. Anaları uçub yuvanın ağzına qondu.
Balaları, sarı ağızlarını açıb civiltini bərkitdilər. Ana sərçə ağzını açıb cücünü
birinin ağzına verib uçdu. Bir azdan soııra yenə ağzında cücü yuvasının yanında
hazır oldu. Bu dəfə cücünü o biri balasına verdi. Gələn dəfə üçüncüsünə və sonra
dördüncüsünə verdi. Bu qayda ilə ana sərçə balalarına dən daşıyırdı və bir dəfə də olsa növbəti pozmurdu.

Bu sərçə yuvası və onun içində olan balaların yaşamaları Nurəddinə bir
məşğələ oldu. Bir dəfə balaca sərçələrdən biri yuvadan sürüşüb, uçaraq otağın içinə
düşdü. Bu halda İmamverdi baba içəri daxil oldu.
- Baba, indicə yuvadan bir sərçə balası uçub içəri düşdü. Onu tut mənə ver.
İmamverdi sərçəni tutub Nurəddinə verdi:
- Oğlum, yaxşı öyrətməli vaxtıdır.
- Baba, sərçəni necə öyrədirlər? Mənə də öyrət.
- Yaxşı, oğlum, öyrədərəm.
İmamverdi sərçəni Nurəddindən alıb yerə qoydu və bir az kənara çəkilib
muşqurmağa başladı. Sərçə muşquruğu eşidəndə cik-cik etməyə başladı, amma
uçub çağırışa gelmədi. İmamverdi baba dedi:
- İndi bu toxdur, ona görə mənə qulaq asmır. Qoy bir az ac qalsın, o vaxt
muşquranda uçub gələcəkdir. İndi, oğlum, gəl sərçən üçün mənzil qayıraq.
İmamverdi baba bunu deyib rəfdən bir boş tütün qutusu və bir qədər pambıq
götürdü və Nurəddinə verdi:
- Bu da sərçənin evciyi.
Nurəddin sevinib sərçəni qutuda rahat etdi.
- Baba, sərçəm acanda nə verim?
- Çörək çeynəyib ver, tut ver, amma bunlardan yaxşısı cücüdür. Mən
bağçamızdan tutub gətirərəm.
Bu halda, Cəfər əlində podnos, içində çay-çörək, şora batırılmış təzə inək yağı
içəri daxil oldu. Çayı Nurəddinin qabağına qoyub halını soruşdu və dedi:
- Ağa, bu gün mən evə qayıdıram, nə qulluğun varsa, buyur.
Nurəddin dedi:
- Məndən Bahara salam-dua yetir, amma ayağımın çıxmağını demə, ürəyi
xarab olar və bir də mümkün olsa, mənim şəkil dəftərlərimi və rəng qutumu
göndərərsiniz. Gələndə almışdım ki, burada şəkil çəkəm. Yadımdan çıxıb qalıbdır.
- Baş üstə, ağa, özüm adam tapıb göndərərəm, hələ ki, xudahafiz.
Allah sənə tezliklə şəfa versin, - deyə Cəfər getdi.
Üçüncü günü Qara Hüseyn gəlib Nurəddinin ayağını açıb dedi:
- İndi, oğlum, ayağın yaxşıdır, daha sarımayacağam. Ancaq bir müddət
gərək üsullu dolanasan. Atılıb düşməyəsən. Bir-iki gün evdən çıxma. Yavaşcayavaşca
evdə gəz. Eyvanda otur, babanın bağçasına tamaşa eylə, sonra səni bağıma
gəzməyə aparacağam.
Qara Hüseyn xudahafiz edəndə İmamverdi baba ona pul verdi. Amma o qəbul
etməyib dedi:
- Mən heç vaxt pul qəbul etmərəm. Hələ səninlə dostluğum dursun,
Nurəddinin atası mənə çox yaxşılıq edibdir. O yaxşılığın əvəzində mən ona heç bir
şey etməmişəm. İndi borcumu verirəm, artıq bir şey etmirəm.
Qara Hüseyn gedəndən sonra İmamverdi baba Nurəddinin başını sığallayıb
dedi:
- Görürsən, oğlum, yaxşılıq nə gözəl şeydir. Atanın yaxşılığının əvəzini
övladına edirlər. Bax, oğlum, bu əyləşdiyin evi atanın köməkliyi ilə tikdirmişəm.
İndi mən də bunu və qabağındakı bağçanı vəsiyyət etmişəm ki, sənə verüsin. Bunu
bu kənddə hamı bilir. Mən öləndən sonra bunlar sənindir. Bunların Gülpəriyə dəxli
yoxdur.
Gülpəri pəncərənin qabağından keçərkən bu sözləri eşidib dedi:
- Ata, o nə şeydir ki, mənə dəxli yoxdur?
- İçəri gəl deyim.
Gülpəri gəldi, İmamverdi baba dedi:
- İndi Nurəddinə vəsiyyət edirəm ki, bu oturduğu ev və qabağındakı bağça
onundur, sənə dəxli yoxdur. Bu vəsiyyətimi sənə deyirəm, qızım, bunu əmələ
gətirərsən. Özün də yaxşı bilirsən ki, bunlar onun atasının pulu ilə tikilmişdir.
Gülpəri dedi:
- Ata, əmrini yerinə yetirməyə hazıram. Ancaq mənim də səndən bir
təvəqqəm var.
- Söylə, qızım, görüm nədir?
- Mən söyləməyəcəyəm, Əmiraslan söyləyəcəkdir.
- Məni Əmiraslanla heç bir işim ola bilməz. Bunu özün də bilirsən. Bir də
siz bura gələndən bəri, o, Nurəddini yoxlamağı əldə bəhanə edib, bura tez-tez
gəlməsin, yoxsa qovaram.
- Ata, elə iş etmə, bu gün o səndən bir şey təvəqqə edəcəkdir. Onun
təvəqqəsini qəbul et, çünki, mən də o təvəqqeyə şərikəm.
- Yenə deyirəm, Əmiraslanla mənim heç bir işim ola bilməz.
- Onda nə etməli, sənsiz olacaqdır, məni bağışla.
- Gülpəri, açıq danış, görüm nə istəyirsən?
- Bu gün Əmiraslan sənə mənim üçün elçi düşəcəkdir, sənin razılığım
istəyirəm.
- Heç vaxt!
- Onda sənsiz olacaqdır!
- Nə qədər sağ varam, bu iş baş tutmaz.
- Baxarıq! İndi də mən balaca qız deyiləm ki, iyirmi beş yaşında, hər
ixtiyarı öz əlində bir arvadam. Mən dedim ki, bu iş, ata izini ilə olsun, sən
istəmirsən, daha təqsir məndən götürüldü. Təvəqqe edirəm ki, bir də mənim işimə
qarışmayasan.
Bunu deyəndən sonra Gülpəri hirslə qapını vurub çıxdı. İmamverdi baba
kürsüyə çöküb, başı aşağı xeyli fikrə getdi.
Bir azdan sonra Əmiraslan gəldi. İmamverdi baba o biri otağa keçdi, orada iş nə
yerdə qaldığını Nurəddin bilmədi. Ancaq oradan İmamverdi babanın qışqırığı
gəlirdi.
Bu ittifaqdan üç gün keçmiş, Gülpəri atasından izinsiz, kəbinini kəsdirib
Əmiraslana gəlin köçdü.
Gülpəri gətirdiyi şeylərin hamısını özü ilə bərabər apardı.
Gülpəri Nurəddinin İmamverdi babanın yanında qalmağına mane olmadı.
Nurəddin bu işə çox şad idi, çünki Gülpəri buraya gələn gündən onunla mehriban
rəftar etməyi atıb, əvvəlki kimi pis dolanırdı. Qızının belə itaətsizliyi İmamverdiyə
artıq dərəcədə təsir etmişdi.
Nurəddinin ayağı təmiz sağalmışdı. Hər gün İmamverdi baba ilə gah bağçada
bal ansına tamaşa etməyə məşğul idi, gah da ipək qurduna tut yarpağı daşıyırdı,
gah da meyvə bağına gedib İmamverdi baba ilə meyvə dərirdi. Ya da çayda balıq
tuturdu və burada çimirdi, gah da meşəyə gedib moruq, göbələk yığırdı. Haraya
getsəydi, sərçəsini də özü ilə aparırdı. İmamverdi baba sərçəni qırmızı rəngə
boyamışdı. Ona görə Nurəddin ona Qızılca adı qoymuşdu. İndi Qızılca elə
öyrənmişdi ki, Nurəddin haraya getsəydi, sərçə də çağırılmamış, öz-özünə uçub
onun dalınca gedərdi.
Hər həftə şənbə günləri Güllücə kəndində bazar olardı. Bu günləri ətraf və
ətrafda sakin olanlar tökülüb bazara gələrdilər. Kimi mal almağa, kimi mal
satmağa gəlirdi. İmamverdi baba da hər şənbə Nurəddin ilə bazara çıxardı.
Nurəddinin məktəb paltarı cümlənin nəzərini özünə cəlb edərdi, ələlxüsus kənd
uşaqlarının...
Nurəddin İmamverdi babanın yanında çox gözəl vaxt keçirirdi və şükür edirdi
ki, Gülpəri onu özü ilə aparmadı. Şəhərin natəmiz havasından saralıb heyvaya
dönən Nurəddini bir ayın ərzİndə tanımaq olmurdu. Ətə-cana gəlib üzü lalə kimi
qızarırdı. Əfsus ki, zavallı Nurəddin üçün bu xoşbextlik çox çokmədi. Gülpəri əre
gedəndə öz razılığı və Nurəddinin razılığı i]e onu atasrnm yanında qoymuşdu.
Amma indi nədənsə fikrini deyişdirib, Nurəddini öz yanma aparmaq istəyirdi.
Lakin İmamverdi baba əsla razı olmurdu. Buna görə de hər gün ata və qız arasında
bu barede qovğa vardı. Bu isə Nurəddinə çox tesir edirdi. Axırda Nurəddin dedi:
- Baba, daha Gülpəri ilə dalaşma, men razıyam. Onun yanında olanda nə
olar? Qoy gedim, yenə hər gün sənin yanına gələrəm.
İmamverdi baba, istər-istəməz razı oldu. Nurəddin də Əmiraslanın evinə köçdü.
Az bir müddətdə Əmiraslan Gülpərinin əlində olan nəqdi pulunu gah yalvarmaq və
gah da qorxutmaq ilə alıb qumara, kefə tələf etdi. Əmiraslan elə bilirdi ki, Gülpəri
Hacı Nəsirin dövlətindən lazımınca yükünü tutubdur. Amma onun əliboş olması
tezliklə məlum oldu. Bu cəhətə Əmiraslan gündə Gülpəri ilə dava-qalmaqal etməyə
başladı. Gülpəri işi bu halda gördükdə neçə müddətdən bəri ürəyində Nurəddinin
dövləti barəsində bəslədiyi gizli fikri açıb Əmiraslana söylədi və ondan bu işə çarə
istədi. Əmiraslan çox şad olub dedi:
- Hərgah indiyə kimi bunu məndən gizlətməsəydin, çoxdan çarə
tanımışdım. Yenə də taparam. Sənin işin yoxdur.

* * *

Nurəddin elə bilirdi ki, hər vaxt istəsə, İmamverdi babanın yanına gedə bilər.
Lakin bu fikrin yanlış olması ertəsi günü ona məlum oldu. Bu tərəfdən də Gülpəri,
və ələlxüsus, Püstə qarı yazıq uşağa göz verib, işıq vermirdi. Ancaq Əmiraslan öz
fikri cəhətincə Nurəddinlə mehriban dolanıb onu yanından iraq qoymayırdı.
Haraya gedirdi özü ile apa-nrdı. Bir dəfə Əmiraslan Nurəddini götürüb bağına
gezməyə apardı. Orada onu gilas ağacına çıxartdı ki, gilas dərsin. Nurəddin gilas
ilə ətəyini doldurub aşağı düşmək istədikdə Əmiraslan dedi:
- Nurəddin, o əlinlə tutduğun budağın başında gör nə çox gilas var, çıx o
şaxı sındır. Eləcə evimizə aparaq.
Nurəddin dedi:
- Budaq nazikdir, qorxuram sına.
- Bəs sən deyirdin, mən qorxaq deyiləm. O budaq mən yekəlikdə adamı
götürər.
Bu sözlərdən Nurəddin qeyrətə gəlib yuxarı dırmaşdı. Ağacın başına çatdıqda,
budaq şaqqıltı ilə sınıb yerə düşdü. Amma Nurəddin iki budaq arasına pərçim olub
ölümdən xilas oldu. Nurəddin aşağı düşəndə Əmiraslan sınıq budağı çiyninə
götürüb dedi:
- Gedək, Nurəddin, allah bu səfər səni ölümdən qurtardı, - bunu deyib
qəhqəhə ilə güldü.
Nurəddin Əmiraslanın "bu səfər" deməsinə və gülməsinə təəccüb etdisə də
onun fikrini anlamadı.
O biri gün Əmiraslan Ceyranbasanı çullayıb dedi:
- Nurəddin, atımızı apar həm çayda sula və həm də bir az gəz. Nurəddin
razı olmayıb, dedi:
- Mən Ceyranbasandan qorxuram. Onu heç vaxt minməyəcəyəm.
- Axırı ki, qorxaqlığını boynuna aldın. Bunu deyib Əmiraslan atın belinə
sıçradı.
- Elə isə gəl tərkimə min, gedib cayda çimək.
Nurəddin çimməyi cox sevirdi. Ona görə də tez razı oldu.
Çayda Əmiraslan soyunub atı mindi və suyun dərin yerinə salıb bir necə dəfə
üzdürdü. Sonra üzünü Nurəddinə tərəf tutub dedi:
- Hərgah qorxmursan gəl səni də mindirim.
Nurəddin razı oldu, Əmiraslan Nurəddini ata mindirib, noxtanın ucundan
yapışdı. Əmiraslan atı lap dərin yerə salıb bir neçə dəf’ üzdürdu. Bir dəfə at dərin
yerə düşəndə qəflətən ipi çəkdi, at burxulub Nurəddini üstündən saldı. O, suya
batdı və bir neçə saniyədən sonra suyun üzünə çıxıb üzməyə başladı. Hərgah bu
dəmdə Nurəddinin nəzəri Əmiraslana düşsəydi, onun gözlərindən parlayan odu və
üzündə zuhur edən acığı görərdi. Nurəddin üzüb kənara çıxanda Əmiraslan
soruşdu:
- Bu üzməyi haradan öyrənmisən?
- İmamverdi baba öyrətmişdir. Sizə gəlməmişdən əvvəl hər gün çayda
çimirdik. İndi İmamverdi baba azarlamışdır.
- Onu haradan bilirsən, yoxsa qaçıb getmisən?
- Xeyr, dünən bağbanından eşitdim.
- Yenə deyirəm ki, sənin onun ilə əsla işin olmasın. Tez ol geyin, gedək.
Nurəddin Əmiraslanı acıqlı görüb dinməz-söyləməz tezcə geyindi. Yol uzunu
Əmiraslan fikirdə olub bir kəlmə söz demədi. Əmiraslan bu ittifaqdan sonra yenə
öz pis fikrindən əl götürməyib. Nurəddin isə başına gelən xataları qəza işi bilib,
Əmiraslandan şəklənməyirdi. Ancaq bir ittifaq onu şəkkə saldı. Bir defə Əmiraslan
onunla bazardan evə qayıdanda yolda çəpər üstündə bir gürzəni qıvrılıb yatmış
gördülər. Əmiraslan dedi:
- Nurəddin, gör nə gözəl koramal balasıdır. Tut, aparıb kirpimə verək yesin.
Qorxma, koramalın zəhəri yoxdur, adamı vurmaz.
- Mən də bilirəm zəhəri yoxdur. Ancaq o koramal deyil gürzədir.
- Yox, sən tanımırsan, koramaldır.
- Koramalın başı sarımtıl olur, elə qara rəngli olmur.
- Onu sənə kim deyibdir?
- İmamverdi baba, neçə dəfə bağçada koramalı mənə göstəribdir.
Əmiraslan qəhqəhə ilə gülüb dedi:
- Koramaldan qorxursan, ona görə də ilanı bəhanə gətirirsən.
Nurəddin bir söz deməyib, əlindəki ağacla tez ilanın başından vurub öldürdü.
- İndi bax, gör ilandır, ya koramaldır.
Bu halda yol gedən iki adam buna baxıb dedi:
- Əlbəttə, ilandır, özü də gürzədir.
Adamlar gedəndən sonra Əmiraslan ilanın o yan-bu yanına baxıb dedi:
- Düzdür, mən səhv edirəm, bu koramal deyil. İlan koramala çox oxşayır,
ona görə səhv etmək olar.
Nurəddin ona cavab verməyib, ancaq fikrindən bunu keçirdi:
- Sənə qulaq assaydım indi meyidim bu yol üstündə qalmışdı.
Bu ittifaqdan sonra Nurəddin Əmiraslandan şəklənib, sərvaxt dolanmağa
başladı.
Bir dəfə Nurəddin sərçəsini götürüb bağçada oynamaq bəhanəsi ilə qaçıb
İmamverdi babanı yoxlamağa getdi. İmamverdi baba döşəkdə yatırdı, azardan çox
zəif düşmüsdü. Yazıq kişi Nurəddini qucaqlayıb, sevindiyindən ağladı. Nurəddin
də başına gələn hadisələri nağıl etdikdə, İmamverdi babanın üzündə təşviş artırdı.
Nurəddin axırıncı ilan fəqərəsini1 nağıl etdikdə, İmamverdi baba daha səbir edə bilməyib, zəif səsi ilə belə qışqırdı:
- Yox, daha səni orada qoymaq olmaz. Mən azarlıyam, durmağa taqətim
yoxdur, səni o iki şeytanın şerindən mühafizə erməyi bacarmıram. Oğlum, gərək
tezliklə şəhərə Baharın yanına qayıdasan. Yoxsa tələf olarsan. İndi get, mən də
görüm nə çarə tapıram. Ancaq sərvaxt ol, Əmiraslanın sözünə əsla inanma.
İmamverdi baba Nurəddini qucaqlayıb öpdü. Zavallı kişinin gözlərindən yaş
dolu kimi yağıb, üzünü, ağ saqqalını islatdı.
Murəddin çox qəmgin evə qayıdırdı. Yol uzunu başına gələn qəza-qədərdən
fikir edirdi:
- İndi anlayıram ki, Əmiraslan nə məqsəd ilə məni gah uca nazik budağa
çıxardırmış, gah dərin suya salınırmış və gah da ilanı koramal adına əlimlə
tutdururmuş. Bəli, mənim ölməyimi istəyirmiş. Ancaq burasını anlamıram ki, mən
ona nə etmişəm ki, mənim ölümümü istəsin və bundan ona nə mənfəət ola bilər. -
Bu barədə fikirdə ikən birdən Baharın bu sözü yadına düşdü: "Qorxma, ağam, nə
qədər sən sağsan, Gülpəri sənin bir qəpiyinə də əl vura bilməz", - Demək ki, mən
ölsəm malım Gülpəriyə düşəsidir. Əlbəttə, belədir, bu sadə fikri mən indiyə kimi
niyə anlamamışam?!
Nurəddin evə qayıdanda, həyətdə Əmiraslana rast gəldi.
- Haradan gəlirsən?
- Bağçadan gəlirəm, - deyə Nurəddin cavab verdi və qızarıb başını aşağı
saldı, çünki Nurəddin ömründo əvvəlinci dəfə idi ki, yalan deyirdi. Bunun
halətindən yalan deməyini duyub Əmiraslan acıqlı yenə soruşdu:
- Düzünü de görüm, harada idin?
- İmamverdi babanı yoxlamağa getmişdim.
- Sən nə cürət edib mənim əmrimdən çıxırsan? - Əmiraslan bunu deyib
qışqırdı və Nurəddini çomaq ilə döyüb, anbara saldı və ağzını kilidləyib getdi.
Bu İttifaqdan iki gün sonra İmamverdi babanın iflic azarından dili tutulmaq
xəbəri gəldi. Gülpəri və Əmiraslan cəld geyinib getdilər, amma Nurəddini
aparmadılar. İlan fəqərəsindən bəri Əmiraslan Nurəddinlə mehriban dolanmağı bilmərrə buraxıb, hər bir cüzi şeyi bəhanə edərək, onu tez-tez döyüb anbarda dustaq edirdi.

Gecə Əmiraslan ilə Gülpərinin söhbətindən Nurəddin anladı ki, İmamverdi
babanın dili tutulubsa da hələ ölüm haləti yoxdur. Bu xəbərdən Nurəddin şad olub
öz-özünə dedi:
- Yox, Əmiraslan məni öldürsə de səhər sübhdən qaçıb babamı yoxlamağa
gedəcəyəm.
Bu fikir ilə Nurəddin yatdı. Nurəddin Püstə nənə ilə bir otaqda yatırdı. Səhər
gözlərini açanda gördü ki, Püstə nənə otaqda yoxdur. Bundan şad olub cəld
geyinməyə başladı. Sonra sərçəsini görürüb bağçaya girdi ki, gizlincə bağ arası
İmamverdi babagilə getsin. Nurəddin nar koluna çatdıqda, qəflətən onun dalından
Əmiraslan ilə Gülpərinin səsini eşitdi. Cəld və üsulluca kolun içinə girib gizləndi.
Əmiraslan Gülpəriyə deyirdi:
- Sənə yenə deyirəm ki, zəhər verməkdən başqa çarə yoxdur.
- Yazıq baba, bu zalmılar sənə zəhər vermək istəyirlər. Yox, qoymaram, nə
yaxşı oldu ki, bunların fikrini bildim.
Nurəddin bu fikirdə ikən Əmiraslan başladı:
- İndi yaxşı fürsətdir. Əminün dili tutulub, xəstəlikdə yatır, Bahar da ki,
uzaqdadır. Kimə nə gərəkdir ki, Nurəddin nə azardan öldü.
Bu sözləri eşidəndə Nurəddinin rəngi qaçıb tükləri biz-biz durdu. Yazıq uşaq
qorxusundan nəfəsini içinə elə çəkmişdi ki, deyəsən biruh idi.
Gülpəri dedi:
- Yox, Əmiraslan, bunu bacarmayacağam. Mən deyirəm ki, bu isdə
öldürmək olmasın.
- Elə isə heç çarəsi yoxdur. Nə şəriət ilə, nə zakon ilə Nurəddin sağ ikən
onun malını sənə vermək olmaz. İndi ki, sən bacarmırsan, mən bacararam. Qulaq
as, gör bu fikir necədir?
- Nurəddini göndərəcəyəm ki, həyətdə quyudan su çəksin. Özün də bilirsən
ki, quyunun dərinliyi qırx arşından artıqdır. Nurəddin su çəkdiyi halda daldan
itələyib quyuya salacağam. Hamıya deyərik ki, quyudan su çəkdiyi yerdə özü
düşüb boğulmuşdur. Hərgah razısansa de, bu axşam əmələ gətirim.
Gülpəri bir dəqiqəyə kimi dayanıb cavab vermədi. Bu bir dəqiqə Nurəddinə bir
il göründü və ürəyindən keçirtdi ki, hərgah Gülpəri bu əmrə razı olmasa, bütün mənə etdiyi zülmü yaddan çıxarıb ömrümün axırına kimi onu öz anam kimi sevməyə söz verirəm...
- Razıyam, - deyə Gülpəri cavab verdi.
Əmiraslan dedi:
- Onda gedək. Mən səni əmimin yanında qoyub axşam evə qayıdaram. Sən də
gecə orada qalarsan. Daha heç kəsin sənə gümanı gəlməz.
Əmiraslan və Gülpəri getdilər. Bir azdan sonra Nurəddin koldan çıxdı. O yanbu
yana baxıb qorxa-qorxa yola düşdü.
- İndi daha mən İmamverdi babanın yanına niyə gedim. O özü ölüm halında
ikən məni bu zalımların əlindən necə xilas edə bilər? Yox, yox, qaçıb özümü
Bahara çatdırmaqdan başqa bir çarə yoxdur. Bunu deyib Nurəddin sürətlə meşəyə
tərəf üz qoydu. Ancaq meşəyə girib gözdən itəndə bir az ürəyi sakit oldu.
- Hərgah yolu azmasam, axşama kimi gedib şəhərə çataram.
Nurəddin meşə ilə iki saata qədər gedəndən sonra bir çaya rast gəldi. Gecə
güclü yağış yağdığına görə çayda su çox idi. Nurəddin dayaz yer axtarırkən gəlib
bir yerə çatdı ki, orada bir uzun ağac sınıb körpü kimi çayın üstünə düşmüşdü.
Nurəddin bu ağacın üstü ilə keçdiyi zaman ayağı sürüşüb çaya düşdü. Bu yerdə çay
xeyli dərin və kənarları da hündür idi. Nurəddin qol atdı ki, üzsün. Gördü ki,
paltarlı üzmək çox çətindir. Bir neçə dəfə batıb çıxandan sonra bir sallanmış şax
əlinə keçdi. Bu şaxdan tutub, bulanlıq su ilə islanmış halda, papağını itirmiş kənara
çıxdı və bihuş bir halda xeyli uzanıb qaldı. Bir az rahat olandan sonra Nurəddin
paltarını çıxarıb suyunu sıxdı və günün qabağında sərdi ki, qurusun. Paltarı
quruyandan sonra geyinib çayaşağı xeyli getdi ki, bəlkə papağını tapsın, lakin nə
ondan, nə də sərçəsindən ki, suya düşəndə çiynində oturmuşdu, bir əsər tapmadı.
Bunlardan əl çəkib yenə şəhərə getməyə başladı. Ancaq bu səfər yolu azıb
meşədən çıxa bilmədi. İki saat, üç saat dolanıb yenə həmin yerə çıxırdı. Bununla
belə cürətli uşaq, yolu tapıb meşədən çıxmaqdan ümidini kəsmirdi. Axırda gün
batan zaman, Nurəddin yolu tapdı və bir qədər gedəndən sonra yoldan bir az kənar
bir şaxlı-budaqlı ağac tapıb üstünə çıxdı ki, orada gecə yatsın. Yaxın budaqları əyib
yarpaqların arasında Nurəddin özünə yer qayırdı və çox yorğun olduğuna görə ac
və susuzluğa baxmayıb, tez yuxuya getdi. Gecənin bir vaxtı heybətli bir səsdən
Nurəddin diksinib qalxdı və az qaldı ki, ağacdan yıxılsın. Zavallı uşağın ürəyi elə
atlanırdı kt, deyəsən bu saat partlayıb çıxacaqdır. Bir azdan sonra yenə səs təkrar
oldu. Ancaq bu səfər Nurəddin qorxmayıb dedi:
- Bayquşdur, ulayir. O vaxt kəndə gedəndə də bizi qorxutdu.
Bu ittifaqdan sonra daha Nurəddin yata bilmədi. Bütün bədəni ağrıyırdı.
Gecenin qaranlığı, meşənin vahiməsi yalnız uşağa deyil, hətta böyük adama da
qorxu hissi gətirirdi. Amma Nurəddin bu halətə şükür edirdi:
- Hərgah Əmiraslan ilə Gülpərinin danışığını eşitməsəydi, indi meyidim
qırx arşın quyunun dibində idi. Ah, bircə özümü Bahara çatdırsaydım, ürəyim sakit
olardı.
Nurəddin fikrə getdi. Bütün keçmişi gözünün qabağından bir-bir gəlib keçdi.
Budur, balaca uşaqdır. Ata və anası ona hər gün bir şey bağışlayırlar ki, onu şad
etsinlər. Budur, əvvəlinci dəfə məktəb formasını geyib məktəbə gedir, anası onu
qucaqlayıb şirin-şirin öpür və sevindiyindən ağlayır... Ah, o gözel günlər nə tez
keçdi... Qara günlər başlandı. Anası öldü, Gülpəri gəldi. Atası öldü, İmamverdi
gəldi. Sonra Bahar... Köç... Əmiraslan... Yenə İmamverdi... Yenə Əmiraslan...
Gülpəri... Püstə qarı. Qəm və qüssə, zavallı yetimin ürəyini elə aldı ki, daha səbir
eləməyib hönkürtü ilə ağlamağa başladı. Bu ağlamaq Nurəddinin ürəyini boşaldıb
sakit etdi. Bir azdan sonra Nurəddin yenə yuxuya getdi. İkinci dəfə Nurəddini
qarğalar yuxudan oyatdı.

Demə Nurəddin yatan ağacın başında bir qarğa yuvası varmış. Sübh vaxtı ana
qarğa balaları üçün yem dalınca uçanda qəflətən ağacda bir qaraltı gördü. Qarğa
əvvəl səssiz, budaq-budaq atılıb diqqət yetirdi ki, görsün bu qaraltı nədir. Elə ki,
düşməni olan insan olduğunu yəqin etdi, bir elə qarıltı saidı ki, bir-iki dəqiqənin
ərzində meşənin qarğalarını yuvasının başına cəm etdi. Köməyə gələn qarğalar
bunun səsinə səs verib elə qarıltı saldılar ki, deyəsən bu saat meşəni dağıdacaqlar.
Nurəddin əvvəl gözlərini açanda harada olduğunu bilmədi. Sonra huşu özünə
gəlib ağacda yatdığı yadına düşdü. Nurəddinin tərpənməsi qarğaların qarıltısını
artırdı. Ələlxüsus ata və ana qarğa Nurəddinin başı üstünü alıb elə həşir saldılar ki,
deyəsən bu saat onu dimdikləyib yerə salacaqdılar. Nurəddin işi belə görəndə
ağacdan enməyə başladı. Qarğaların səsinə yol ilə gedən bir qoca dilənçi oraya
gəldi. Nurəddin bunu gorüb, ağacdan düşmək istəmədi. Yolçu dedi:
- Oğlum, quşun yuvasını dağıtmaq günahdır.
- Mən yuva dağıtmıram əmi, - deyə Nurəddin cavab verdi.
- Bəs bu səhər ertəsi orada nə qayırırsan?
- Mən bu gecə burada yatmışdım.
- Nə üçün ağacda yatmışdın, oğlum?
- Gündüz yolu azıb meşədə qaldım, onun üçün burada yatmışdım.
- Ağacdan düş, oğlum, mən səni evinizə apararam. Nurəddin bu təklifdən
qorxub titrəyə-titrəyə belə cavab verdi:
- Mənim evim yoxdur, əmi. Mən atasız-anasız bir yetiməm. Dilənçi
Nurəddinin titrəməsini görüb dedi:
- Məndən qorxma, oğlum, mən də elsiz-obasız bir qoca yolçuyam.
Kəndlərdə dilənirəm. İndi şəhərə gedirəm.
Dilənçinin açıq üzündən və mehriban danışığından Nurəddin ürəklənib düşdü.
- İndi söylə gorüm, oğlum, sən kimsən və haraya gedirsən?
- Əmi, acından ölürəm, qabaqca bir şeyin varsa ver yeyim, sonra əhvalatımı
sənə nağıl edərəm.
Dilənçi dağarcığından bir qədər quru çörək və soğan çıxarıb Nurəddinə verdi.
Nurəddin alıb şirin-şirin yeməyə başladı. Nurəddinə ömründə heç bir xörək belə
ləzzət verməmişdi.
Aclığını bir qədər dəf edəndən sonra Nurəddin bəlalı başına gələn hadisələri
tamamilə dilənçiyə nağıl etdi.
- Əmi, məni evimizə çatdırsan, Bahar sənə hər nə istəsən verər, - dəyə
Nurəddin dilənçiyə yalvardı.
- Qorxma, oğlum, səni aparıb evinizə verərəm. Ancaq gərək səbir edəsən.
Sizin şəhər buradan xeyli uzaqdır, pul da yoxdur ki, vaqon ilə gedək. Buranın iki
yüz verstliyində bir böyük şəhər var. Orada mənim bir qohumum var. Onun yanına
gedərik, bəlkə ondan pul tapdıq. İndi gedək.
Bu halda dilənçinin nəzəri Nurəddinin paltarına düşdü:
- Yox, belə yaramaz gərək üstünü dilənçi üstünə oxşadaq, - bunu deyən
yolçu, qoltuğundakı köhnə paltarı ki, ona allah payı vermişdilər, Nurəddinə
geyindirdi və bir cındır yaylıq ilə başını örtdü.
- Hə, indi hazırsan, gedək.
Hər ikisi yola düşdü. Dilənçi paltarı Nurəddini elə dəyişdirmişdi ki, onu
tanımaq mümkün deyildi. Yol ilə bir saata qədər getmişdilər ki, daldan bir çaparaq
atlı goründü. Nurəddin dönüb baxanda canına titrəmə düşdü.
- Əmi, bu gələn Əmiraslandır. Məni axtarır, Durma qaçaq.
Nurəddin qaçmaq istədikdə, dilənçi onun əlindən tutub qoymadı.
- Ağılsız, nə etmək istəyirsən? Elə yaramaz. Qorxma, o səni bu paltarda
tanıya bilməz.
Əmiraslan bunlara çatıb qocadan soruşdu:
- Kişi, bir on yaşında, o yanındakı boyda; başında nişanlı papaq, əynində
boz mahuddan paltar, boynu yaşıl məxmər paltolu uşaq gördünmü?
- Yox, ağa, görmədim. Budur nəvəm ilə səhər ertədən bu yol ilə gedirik,
amma elə uşağa rast gəlməmişik.
Əmiraslan bir az fikirli dayanıb atın başını geri döndərdi və qamçılayıb gözdən
itdi. Nurəddinin ancaq indi ürəyi sakit oldu.
- Əmi, nə yaxşı ki, paltarımı dəyişdin, yoxsa Əmiraslan məni öldürüb, bu
meşəyə atacaqdı.
Dilənçi dedi:
- Oğlum, indi gərək adını da dəyişdirəsən, çünki Əmiraslan sənin itməyini
yəqin divana məlum edəcəkdir. Hərgah səndən sual etsələr ki, kimsən, adın nədir,
de ki, Əlaəddindir və özüm də dilənçiyəm, anladınmı?
- Bəli, baba, anladım, - deyə Nurəddin cavab verdi.
Günortaya bir saat qalmış, meşənin qurtaracağında, Cənnətəli ilə Nurəddin
ocaq qalayıb, meşədən yığdıqları göbələyi bişirib, dadlı moruq ilə yeməyə
başladılar. Nahardan sonra uzanıb bir qədər rahat oldular. Axşama bir saat qalmış
yolçular gəlib şəhərə çıxdılar və gecə orada qalıb, səhır yola rəvan oldular.
Kəndbəkənd dilənə-dilənə, on iki gündən sonra yolçular gəlib Cənnətəli deyən
böyük şəhərə çatdılar.
Bədəninin və üst başının çirkindən və pasından, indi o gözəl və zərif Nurəddini
tanımaq olmazdı. Zavallı uşaq, qızdırma azarından yeni qalxmış adam kimi ayaq
üstündə dayana bilmirdi.
Cənnətəli Nurəddin ilə bərabər beş gün qohumunu axtardı amma gördüm deyən
olmadı. Axırda bir adam, iki ay bundan əqdəm öldüyünü və heç bir şeyi
olmadığına görə camaat pulu ilə basdırıldığını onlara xəbər verdi. Bundan ümidləri
kəsildi.
Bir dəfə Cənnətəli xəstə olduğuna gorə küçənin bir tinində oturub, Nurəddini
dilənməyə göndərdi. Nurəddin indiyə kimi hec vaxt əl açıb dilənməmişdi, çünki
qoca həmişə özü dilənib yığardı. Bir-iki küçə dolandısa da Nurəddin həya edib bir
kəsə əl uzada bilmədi. Bu tərəfdən də əliboş qayıtmağa qocadan xəcalət çəkirdi.
Axırda Nurəddin bir geniş küçəni keçərkən, ayağı büdrəyib yıxıldı. Bu halda daldan fayton içində bir adam iti gəlirdi. Faytonçu atları saxlaya bilməyib Nurəddini basdırdı. Bunu görcək adamlar qışqırıb yüyürüşdülər. Nurəddini hərəkətsiz və qan içində gördükdə birisi dedi:
- Yazıq dilənçi öldü.
O birisi dedi:
- Hərgah zəfərli yerindən basılmayıbsa heç zad olmaz. Bu halda adamlar
geri çəkilib Rəhimə təzim etdilər.
- Boş-boş danışmaqdansa, bu yazıq uşağa kömək vermək yaxşı deyilmi,
cəld götürüb bunu faytona qoyun.
Bir neçə adam Nurəddini götürdülər və Rəhimin faytonuna qoydular. O da
minib dedi:
- Tez sür evə!
Evə çatan kimi Rəhim şəhərin məşhur cərrahını çağırtdı. Həkim Nurəddini
soyundurub hər yerinə baxdı. Sonra yaralanan yerlərini yuyub sarıdı və dedi:
- Qorxulu yarası yoxdur. Beş-on günə kimi sağalıb durar. Ancaq uşağın özü
çox zəif və bədəni də çox çirklidir. Bunlara əlac etməlidir.
Hələliyə nə hamama göndərmək və nə də vannaya salmaq olmaz.
Ancaq yerinin içində bulud1 və sabun ilə bədənini təmizləmək lazımdır.
Həkim gedəndən sonra Rəhim, arvadı Rəhiməni çağırıb dedi:
- Arvad, evə qayıdarkən bu uşağı basdırıb ölüm halına salmışam.
Bu halda Nurəddin gözlərini açıb təəccüb ilə ətrafına baxırdı və harada
olduğunu anlamırdı. Rəhimə onun başını sığallayıb, dedi:
- Oğlum, adın nədir?
Rəhim dedi:
- Arvad, hələ o lazım deyil, uşaq çox zəifdir, danışdırma. Tez ol isti su,
sabun və bulud hazır et. Uşağın bədənini yumaq lazımdır. Həkim belə əmr edibdir.
Qulluqçu bunları hazır etdi. Uşağı soyundurub yumağa məşğul oldular. Rəhimə
Nurəddinin boynundan parçaya tikilmiş bir dua çıxartdı. Bu duanın parçası həm
çirkli və həm də köhnə olduğundan bunu təzə parçaya tikmək məqsədilə cırdı.
İçindən bir balaca kitab çıxdı.

- Kişi, gör bu nədir, - deyə Rəhimə kitabı Rəhimə uzatdı. Rəhim ona baxıb
dedi:
- Şükür olsun, axırda tapdım. - Sonra üzünü uşağa tərəf tutub dedi:
- Sənin adın Nurəddindirmi, oğlum?
- Bəli, - deyə Nurəddin zəif səslə cavab verdi. Bunu eşidən Rəhimə
soruşdu:
- Kişi, sən bunun adını haradan bildin?
- Rəhimə, bu uşaq axtardığımız, Hacı Nəsirin oğlu Nurəddindir. Bu
əlimdəki də sənə nağıl etdiyim "Gülüstandır".
- Bunu allah bizə övlad göndərmişdir.
- Afərin Rəhimə, yaxşı anlamısan, - deyə Rəhim Rəhimənin sözünü təsdiq
etdi. Rəhim və Rəhimə Nurəddini yuyub, qurtardılar. Nurəddin rahat olub yuxuya
getdi.

* * *

Rəhim, Nurəddinin atası mərhum Hacı Nəsirdən aldığı puldan maya tutub
ildən-ilə alış-verişinin dairəsini artırmışdı. Sonralar dəri alış-verişinə girişmişdi.
İşinin xatiri üçün Buxaraya köçmüşdü. Orada da dəri alış-verişindən əlavə ipək
işinə də girişmişdi. Üç-dörd ilin ərzində Rəhimin işi tutub yaxşı qazanmışdı, ancaq
övladları qırılıb vərəsəsiz qalmağına görə özünü xoşbəxt hesab etmirdi. Axırda
arvadının təkidi və təklifınə görə, altı ay idi ki, almalısını alıb, satmalısını satmışdı;
Rəhimənin vətəni olan bu şəhərə köçmüşdü. Burada işi rast gətirib, tərəqqiyə
başlamışdı.
Həkim təyin etdiyi vaxtdan da irəli. Nurəddin sağalıb ayağa durdu. Rəhim və
Rəhimə Nurəddindən bu dilənçilik halına düşməyinin səbəbini ancaq indi
soruşdular. Nurəddin başına gələni tamamilə nağıl etməyə başladı. O, nağıl etdikcə
rəhimdil qocalar ah çəkirdilər. Nurəddin nağılını tamam edib Rəhimdən təvəqqe
elədi ki, onu evlərinə, Baharın yanına göndərsin. Rəhimə Nurəddini öpüb dedi:
- Oğlum, Nurəddin, budur bir həftədir sən bizdəsən, mən o qədər şadam ki,
özümü göydə hiss edirəm. Oğlum, hər nə istəyirsən verək, ancaq bizi atıb getmə.
Kim bilir, yenə başına nə gələcəkdir.
Rəhimə sözünü qurtarmamışdı ki, Rəhim Nurəddinin kitabını əlinə götürüb
dedi:
- Oğlum, bu kitabın əhvalatını bilirsənmi?
- Bəli, atam söyləyibdir, - deyə Nurəddin cavab verdi.
- İndi al, onun cildində yazılan yazını oxu. Nurəddin alıb oxudu.
"Yaxşılıq elə balığı at dəryaya balıq bilməsə xalıq bilər". İmza: Rəhim".
- Oğlum, o Rəhim mənəm. O zaman üç yüz manat itirib körpünün üstündə
ağlayan Rəhiməm. Sənin atan Hacı Nəsir mənə bir yaxşılıq etmişdi, indi onun
borcunu qaytarıb sən oğluna verirəm, - dedi. -
Bizim övladımız yoxdur. Hərgah səni indi evinizə göndərsəm. Gülpəri qəyyum
olduğuna görə səni yenə yanına aparacaqdır. Bahar səni mühafizə edə bilməz;
çünki o bir qulluqçu adamdır. İndi sən razı olsan Bahara da yazaram gələr.
Nurəddin çox şadlıq ilə bu təklifi qəbul etdi. Bu gündən Nurəddin üçün yeni bir
məişət başlandı. Rəhim Nurəddini edadi məktəbinə qoydu. Nurəddin bu gündən
atasının sağlığında olduğu kimi, hər gün dərsə getməyə başladı. Bir dəfə dərsdən
qayıdarkən Nurəddin küçədə Cənnətəlini gordü. Çox sevindi, onunla görüşdü.
Ondan ayrılandan sonra başına gələni yol uzunu nağıl etdi.
- Baba, sən mənə yaxşılıq etdin, indi də mən sənə yaxşılıq edəcəyəm.
Rəhim Nurəddinin bu hərəkətindən şad olub dedi:
- Həmişə belə et, oğlum. Fəqir-füqaranı yaddan çıxartma.
Cənnətəliyə təzə libas geyindirib bağçaya bağban etdilər.
Rəhim Nurəddinə verdiyi sözə əməl edib, Baharın dalınca adam göndərmişdi.
Bir axşam Nurəddin, Rəhim və Rəhimə ilə çay içdiyi zaman, Bahar qapıdan içəri
girdi və Nurəddinə təəccüblə və çaşmış bir halda baxıb dayandı. Nurəddin cəld
qalxıb dedi:
- Bahar, məni tanımırsanmı? - Bu sözü deyib özünü onun üstünə atdı. Bahar
ancaq indi ayılıb dedi:
- Vay, Nurəddin sağ imiş. - Bunu deyib Nurəddini bərk qucaqladı. Bunları
bu qayda ilə görüşmələri iki qocanın gözlərini yaşartdı. Bahar bir az rahat olandan
sonra dedi:
- Nurəddin, bilirsənmi ki, səni hamı, hətta divan da ölmüş bilir. Sən itəndən
üç gün sonra kəndçilər papağını çaydan tapıb Əmiraslana vermişlər. O da divana
məlum edib, sənin ölməyini təsdiq etdirmişdir. Bir azdan sonra bir də gördüm ki,
Əmiraslanla Gülpəri budur gəldilər, evin yerdə qalan şeylərini yığışdırıb kəndə
göndərdilər və mənə də dedilər:
- Bahar, indi sən bizə lazım deyilsən. Haraya istəyirsən gedə bilərsən. Bu
vaxt mən bir ilin ərzində ürəyimə yığılanın hamısını ağlaya-ağlaya və qışqıraqışqıra
boşaltdım. Qonşular səsimə cəm olmuşdular.
- Camaat, Nurəddinin ölümünə bais bu iki şəxsdir! - deyə qışqırdım. Axırda
Əmiraslan qaradavoy çağırıb məni qovdurdu. İndi gərək sağ olmağını divana
məlum edib, onlardan hesab alasan.
- Yox, Bahar, hələ bunlar lazım deyildir. Öz vaxtında bunlar olacaqdır. İndi
mənim var-yoxum Nurəddinindir. Onun pula, dövlətə ehtiyacı yoxdur.
Çaydan sonra ər və arvad Bahar ilə Nurəddini söhbət edən qoyub o biri otağa
keçdilər. Nurəddindən cəmi əhvalatı biləndən sonra Gülpəri ilə Əmiraslandan
intiqam almaq qəsdi Baharın ürəyində daha da möhkəmləndi. Baharın xasiyyətini,
ləyaqətini və evdarlığını Rəhimə bəyənib evin cəmi ixtiyarını ona verdi.

* * *

Bu nağıl etdiyimiz zamandan on il keçdi. Baharın axın idi. Rəhimin evində
səhər tezdən böyük qonaqlıq tədarükü görülürdü. Bu qonaqlıq, Nurəddinin edadi
məktəbini birinci dərəcədə təhsil edib qurtarması münasibətilə yoldaşlarına verdiyi
ziyafət idi. Bahar, Rəhimə və Rəhim süfrənin zinnətinə məşğul idilər. Hətta
Cənnətəli də bağçadan öz əlinin zəhməti ilə bitirdiyi güllərdən dərib süfrəni
bəzəməkdə onlara kömək edirdi. Bu qonaqlığın baisi olan Nurəddin isə o biri
otaqda tezə tələbə libasını geyib güzgünün qabağında özünə ziynət verirdi. Bir
azdan sonra Nurəddin təzə paltarını göstərmək qəsdilə yemək otağına girdi. Rəhim,
Rəhimə, Bahar hər üçü heyrətə gəlib Nurəddinin gözəlliyinə valeh və heyran
qalmışdılar.
- Allah səni bədnəzərdən saxlasın, oğlum, - deyə Rəhimə Nurəddinin
boynunu qucaqladı. O da, onu əllərinə götürüb körpə uşaq kimi gəzdirdi.
Saat iki tamamda, otaq gonc qonaqlar ilə dolmuşdu. Bir azdan sonra Nurəddin
qonaqlarını yemək otağına təklif etdi.
İndiyə kimi Rəhimin evi belə şad deyib-danışmaq, oxuyub-gülmək, cavan
səsləri eşitməmişdi. Səsdən, gülməkdən nahar vaxtı çalınan tanrı səsi eşidilmirdi.
Axşama iki saat qalmış, qonaqlar dağılmağa baş ladılar. Nurəddin də özünü bir qədər havaya vermək üçün şahər bağına gəzməyə getdi. Axşam vaxtı, külfət hamısı çay süfrəsində hazır olan vaxt Nurəddin içəri girib dedi:
- Ata, sizə bir qonaq gətirmişəm, təvəqqe edirəm qəbul edəsiniz.
- Sənin qonağın bizə həmişə əzizdir, oğlum, - deyə Rəhim cavab verdi.
- Bilirəm, ata, ancaq qonaq elə şəxsdir ki, qorxuram qəbul etməyəsiniz.
- Edərəm, oğlum, de içəri gəlsin. - Nurəddin çıxıb bir dilənçi arvadın
əlindən tutub içəriyə saldı. Dedi:
- Ana, bilirsənmi bu dilənci arvad kimdir?
- Gülpəridir, - deyə Bahar qışqırdı və gözlərində intiqam odu parladı.
- Bəli, Bahar, Gülpəridir, ancaq tamaşa et gör ondan intiqamımı necə
alıram. - Bu sözü deyib, Nurəddin Gülpəriyə tərəf döndü və dedi:
- Gülpəri, indiyə kimi mənə etdiyin zülm və cəfanın əvəzində mən sənin
bütün təqsirindən keçib bağışlayıram. Mənim ürəyimdə indi sən bədbəxtə rəhmdən
başqa qeyri şey yoxdur.
Bunu eşitcək Gülpəri ağlaya-ağlaya Nurəddinin ayağına yıxıldı və dedi:
- Nurəddin, rəhmli cavan, allah-təala sənə etdiyim zülmün əvəzində məni
bir elə bəlaya düçar etdi ki, yeməyə çörək tapmayıb küçələrə düşdüm.
Nurəddin Gülpərini qaldırıb oturtdu. Gülpəri başladı:
- Doğrudur, sənin dövlətinə malik olmaq istəyirdim, ancaq ölümünü
istəmirdim. Məni yoldan çıxardan o şeytan Əmiraslan oldu.
Axırda Əmiraslan sözü bu yerdə qoydu ki, səni quyuya salıb öldürsün.
Bahar bunu eşidib dedi:
- Onun üçünmü məni min bəhanə ilə şəhərdə qoydun, ay zalım?
Nurəddin dedi;
- Bahar, sakit ol, qoy nağıl etsin.
Gülpəri dedi:
- Papağın sudan çıxandan sonra yəqin etdik ki, çayda boğulub ölmüşsən,
yazıq atam bu xəbəri eşidən kimi vəfat etdi.
Nurəddin bunu eşidib ah çəkdi. Gülpəri dedi:
- Sonra sənin malına sahib olduq...
- Amma yeyə bildinmi? - deyə Bahar sordu.
- Yox, bir-iki ilin ərzirtdə Əmiraslan qumara uduzub qurtardı. Sonra əvvəl
şəhərdəki və ondan sonra kənddəki evləri satıb tələf etdi. Her şey əldən çıxandan
sonra Əmiraslan məni qovub özü də qaçaq dəstəsinə qoşuldu. Bir neçə müddət
quldurluq edəndən sonra divan tərəfindən tutulub asıldı.
Bahar dedi:
- Məşhur məsələdir deyərlər: "Su çanağı suda çatlar".
Gülpəri:
- Məni de bir kişi alıb bu şəhərə gətirdi və bir azdan sonra məni atıb yox
oldu. İndi o gündən küçələrə düşüb dilənçilik edirəm. Bu yolda nələr çəkdiyimi bir
allah bilir...
Gülpəri başını aşağı salıb yenə ağlamağa başladı. Rəhim dedi:
- Gülpəri, ağlama, sən Hacı Nəsirin arvadı və Nurəddinin analığı olmuşsan.
Bunların xatiri üçün və Nurəddinin özü sənin günahından keçdiyi üçün burada
qalıb rahat olacaqsan. - Sonra üzünü Nurəddinə tərəf tutub dedi:
- Oğlum, indi rahat ola bilərəm, çünki sənə verdiyim tərbiyənin meyvəsini
bu gün gördüm. Mən səni oğulluğa götürməklə böyük bir hünər etmədim, çünki
mən ancaq yaxşılığa yaxşılıq etdim. Bu isə hər kişinin işidir. Amma sən yamanlığa
yaxşılıq etdin. Bu isə ancaq sənin kimi ər kişinin işidır. - Bunu deyən Rəhim
Nurəddini qucaqlayıb öpdü.
Hacı Səməd nağılını tamam edib soruşdu:
- İndi deyin görüm, övladlarım, kimin nağılı yaxşıdır?
- Əlbəttə, səninki, səninki yaxşıdır, - deyə Məmməd və Fatma cavab
verdilər.
XS
SM
MD
LG