Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 15:57

Süleyman Sani Axundov. Cəhalət qurbanı


Uşaqlıq xatiratımdan nağılına şüru etdiyim bu vaqiə məndə ələ bir dərin təsir buraxmış, qəlbimdə ələ silinməz nəqş bağlamışdır ki, sanki uzun müddət əvvəl yox, dünən vaqe olmuşdur.

Səkkiz yaşında uşaq ikən "Seyidli" adlanan kəndimizdə başaçıq, ayaqyalın, təbiətin mərhəmətli qucağında, məişətin ağır və zəhərli hallarından xəbərsiz yaşardım.

Bir gün əmim oğlunun altı yaşlı oğlu ilə həyətimizdə oynarkən palanlı ata minmiş bir qocanı dərvazamızın ağzında durmuş gördüm.

- Baba, kimi istəyirsiniz? - deyə soruşdum. Cavabından məlum oldu ki, əmim
oğlu ilə görüşmək istəyir. - Buyurun içəriyə, - deyə mən əmim oğluna xəbər
verməyə qaçdım. Qoca, əmim oğlu ilə görüşdü, salamlaşdı. Mən də yoldaşım ilə
oynamağa məşğul oldum. Bir qədər söhbətdən sonra salamatlaşıb, "allah sizdən
razı olsun, mən qocanı ümidsiz qaytarmadınız" – deyə atını minib getdi.
Bundan bir neçə gün sonra həmin qoca, üstünə on dörd yaşında bir qız minmiş
yüklü atın cilovunu çəkərək, yanında da on yeddi yaşlı digər bir qız ilə həyətə
girdi.

Əmim oğlu onlara xoşgəldin elədi. Qoca, kiçik qızı atdan düşürtdü və sonra ata
çatılmış iki mafraşı açıb yerə saldı. Bu mafraşlarda bir qədər qab-qacaq və qeyri ev
şeyləri vardı. Əmim oğlu həyətimizdəki bir əski komanı göstərib dedi:
- Budaq baba, məskəniniz bu koma olacaqdır. Atı axura çək, rahat et, sonra
uşaqlarınız ilə otağa buyurun, bizə qonaq olun.
- Çox razıyam, sizə zəhmət vermək istəmirəm. Qızlarım komanı təmizləyib
palaz salarlar, rahat olarıq.
- Budaq baba, yol gəlmisiniz, yorulmusunuz, həm də acmısınız, buyurun, bizdə
yemək yeyin, bir qədər rahat olun, sonra mənzilinizi səliqəyə salarsınız.
Bu sözlərə anam da şərik olub qızları otağımıza apardı. Budaq baba da atı rahat
edib, əmim oğluna qonaq oldu. Anam qızlara yer göstərib oturtdu və sonra bacımı
və məni göstərərək tanış etdi:
- Bu mənim qızım və bu da kiçik oğlumdur, böyük qardaşları Tiflisdə oxuyur.
Sizin böyük bacınızı tanıyıram. O, Şelli kəndində olur. İndi siz birbaş
Kürdüstandanmı gəlirsiniz?

- Xeyr, biz Kürdüstandan Şelliyə gəldik, bacımızın yanında mənzil tapmadıq,
buraya gəldik, - deyə böyük qız cavab verdi.
- Ananız sağdırmı?
- Yox, bir ildir ki, ölübdür.
- Anasız uşaqların günü pis keçər, ananın yerini heç kəs verə bilməz. Balalarım,
mənim uşaqlarım da körpə ikən ataları öldü. Amma mən özüm uşaqlarımı bəsləyib
böyüdürəm.
Anam qızlar ilə mehribanlıqla danışaraq yemək hazır etdi və süfrəyə qoyub
təam yeməyi təklif elədi. Lakin onlar utanaraq, yerlərindən qımıldanmadılar.
- Utanmayın, qızlarım, irəli gəlin, çörək yeyin.
Bacım qalxıb, bacıların əllərindən tutdu və süfrə başına apardı. Onlar da utanautana
yemək yeməyə başladılar. Qonaqlarımız yeməyə məşğul ikən, mən də
onların bir ata-ana övladı olaraq əsla bir-birlərinə bənzəmədiklərinə diqqət edirdim.
Böyük qız ucaboylu, incəbelli, iri qara gözlü, uzun qara saçlı, dodaqlarında
müdam bir təbəssüm, nəzakətli bir Kürdüstan gözəli olduğunu sübut edirdi.
İkinciyə gəldikdə alagözlü bu qız göyərçinə bənzəyirdi. Bu bənzəmə mənim
fikrimi o qədər cəlb etmişdi ki, özumü saxlaya bilməyərək:
- Sənin adın göyərçindirmi? - deyə kiçik qızdan soruşdum. Qəflətən verdiyim
bu sual qadınların gülüşməsinə səbəb oldu.
- Xeyr, mənim adım Gülbənd, bacımınkı Tamamdır, - deyə böyük qız cavab
verdi və sonra mənə diqqət yetirərək dedi:
- Göyərçin adı sizə daha artıq yaraşır.
Anladım ki, Gülbənd mənim abı mahud çuxama, çal papağıma işarə edir.
Mənim sualını indiyə qədər davam edən sükutu pozdu.
- Mənim qardaşım nağıla qulsaq asmağı çox sevər. Ona yemək vermə, içmək
vermə, bolluca nağıl söylə. Gecələr məni rahat qoymur. "Bacım yenə nağıl de" –
deyə yalvarar, mən də Məlik Məmməd, Qırat nağıllarından ayrısını bilmirəm, -
deyə bacım şikayətləndi.
- Mən de nağıl bilməyirəm, ancaq bacım Tamam çox bilir. Kür-düstan aşıqları
söylədikləri nağılların hamısını döşünə yığıb, elədirmi, bacım? – deyə Gülbənd
soruşdu.
Tamam isə qızararaq, başını aşağı salıb cavab vermədi. Mən də anamdan
soruşdum:
- Ana, Tamam bizim evdə olacaqdır, eləmi?
- Yox, oğlum, Gülbənd əmioğlungildə qalacaqdır, Tamam da əmiqızının
uşağını saxlayacaqdır. Budaq baba ilə emioğlun belə sözləşmişlər.
- Bəs Məmmədrza nədir? Qoy əmiqızımın oğlunu o saxlasın. Tamam da bizdə
qalsın, - deyə anamdan rica etdim.
- Kişi xaylağı körpə uşaq saxlaya bilməz, bu arvad işidir. Sən darıxma,
hamımız bir həyətdə oluruq, hər saatda da Tamamla görüşəcəksən, o da sənə gözəl
nağıllar söyləyəcəkdir, - deyə anam məni sakit etdi.
Qızlar yeməklərini bitirib ayağa qalxdılar. "Sağ olun", - deyə anamdan getməyə
izin istədilər.
- Gedin, qızlarım, mənzilinizi səliqəyə salın. Bu gün rahat olun, sabahdan da işə
başlarsınız.
Qızlar çıxdılar, mən də onların arxasınca. Həyətdə Tamama yaxınlaşıb dedim:
- Tamam, doğrusunu de, yenə nağıl deyəcəksənmi?
- Deyəcəyəm, hələ sənə yaxşı oyunlar da öyrədəcəyəm, - deyə məni arxayın
etdi. Sonra əlini çiynimə qoyaraq, məsumanə bir təbəssümlə:
- İndi de görüm, sənsən göyərçin, ya mən?
- Əlbəttə, sənsən. Mən paltarımı dəyişsəm, heç göyərçinə bənzəmərəm, - deyə
mən cavab verdim.
- Doğrusu, göyərçini sevirəm, adım göyərçin olsaydı, artıqca xoşlanardım.
Anam mənə dağkeçisi deyərdi, çünki qayalara keçi kimi dırmaşardım. Tamam
adını mənə atam qoyub.
- Tamam, bundan sonra mən sənə Göyərçin deyəcəyəm, razısanmı?
- Razıyam, indi gedim bacıma kömək edim, sonra söhbət edərik, -deyə Tamam
qaçaraq komalarına getdi.
Meyvə bağları ilə əhatələnmiş güllü, bağçalı böyük həyətimizdə bizdən başqa
iki əmioğlumun da ailəsi yaşayırdı.
Kiçik əmioğlum hərçənd evli deyildi, lakin dul bacısı və onun iki yaşında oğlu
ilə bir ailə kimi ayrıca yaşayırdılar, Tamam da bunlarda işləyəcəkdi. Kürdüstan
dağlarında bəslənmiş bu iki çiçək bu ailələr içərisinə girməklə onlarda bir yenilik,
şadlıq vücuda gətirdisə də, digər tərəfdən nifaqa və ondan törəyən faciəli hadisələrə
də səbəb oldu; lakin burada onlardan bəhs etməyib hekayəmizin qəhrəmanı olan
Tamam qızcığazın ürəkdeşən faciəsini yazacağam.

* * *

Yazın qızğın günləri idi. Biz uşaqlar vaxtımızın çoxunu meyvə bağlarında
keçirərdik. Gah yetişmiş meyvələri dərib yeyərdik, gah quş yuvalarından bala
düşürüb oynardıq. Gah da cələ qürub ana quşları tutardıq. Bu pis hərəkətləri bizə
tərk etməyə Tamam, səy və qeyrət edərdi. Bunların əvəzində bizə cürbəcür oyunlar
öyrədib məşğul edərdi.
Heç unutmaram. Bir gün bibim evinə getmişdim. Onların bağında, gözümə
ağac deşiyində qayrılmış bir alacəhrə yuvası sataşdı. Cəld ağaca dırmaşıb əlimi
yuvaya soxdum və tüksüz ətcə balaların üstündən ana alacəhrəni tutub sevincək bir
halda ağacdan endim. Daha bibimə görünməyib evimizə qaçdım. Həyətimizdə
Tamama rast gəldim.
- Bibin sənə nə verdi? – deyə Tamam soruşdu.
- Heç zad vermədi, - deyə cavab verdim.
- Yalan söyləyirsən, bibin səni çox istəyir, yəqin yenə də ciblərini qənfet ilə
doldurubdur. Bax, onun üçün də əllərini cibindən çıxarmayırsan, heç qorxma, mən
səndən zor ilə almayacağam. İstərsən verərsən, istəməzsən verməzsən. Ancaq
sözlərimin yalan olduğunu bu gün mənə sübut etdin, - deyə Tamam məni utandırdı.
Mən həqiqətən Tamamı çox istəyirdim və heç bir şeyi ondan müzayiqə
etməzdim. Bunu özü də bilirdi. Lakin bu sözlərdən məqsədi nə olduğunu
anlamadım. Sol cibimdən əlimi çıxarıb dedim:
- İndi özün bax, gör, cibimdə bir şey varmı?
- O biri əlini cibindən çıxart, qənfet oradadır, - deyə Tamam təklif etdi.
Əlacsız qalıb mən alacəhrəni çıxarıb ona göstərdim və nə üsul ilə tutduğumu
söylədim.
- Mən bunu əvvəldən bilirdim. İndi mən sənə o anasız qalmış balaların halından
bir neçə kəlmə söyləyəcəyəm, qəlbin yanarsa, balaca quşcığazlara yazığın gələrsə,
analarını buraxarsan, - deyə Tamam elə bir maraqla, elə bir qəlbyandırıcı sözlərlə
anasız qalmış quşcığazların halını təsvir etdi ki, mən ixtiyarsız ovcumu açdım və
quşcığaz da şad bir səslə uçub getdi.
Tamam mənim gözlərimdəki yaşı görüb, "indən sonra bir daha quşlara əziyyət
verməyəcəyəm", sözlərini eşidib məni qucaqlayıb öpdü.
Bu ittifaqdan sonra mən bu pis adəti tərk etdim. Belə üsul ilə, əsla zor etmədən,
Tamam, bir çox çirkin hərəkət və adətləri mənə tərk etdirdi. İndi bu uzun müddət keçdikdən sonra uşaqlıq xatiritamı yad etdikdə Kürdüstan dağlarında bəslənmiş elmsiz, tərbiyə görməmiş bir qızcığazda bu qədər rəhmdilliyə, onun uşaqlara tərbiyə verməkdə bu qədər ustad olmağına heyran qalıram.
Payız yetişdikdə biz uşaqlar üçün yeni bir məşğuliyyət əmələ gəldi. O da
bağlarımızdan meyvə dərib damlarda asmaqdan ibarət idi. Anam məni
həvəsləndirib deyirdi:
- Dur, oğlum, dur, qışın uzun gecələrində buxarımızı yandıracağıq, onun başına
toplaşacağıq, Tamam da bizə gözəl nağıllar söyləyəcək, biz də bu meyvələri şirinşirin
yeyəcəyik.
Bəli, anam vədə verdiyi günlər gəlib çatdı, ağappaq qar kəfən kimi yeri
qucaqladı. Soyuq külək heyvanları isti tövlələrə, insanları buxarının başına topladı.
Gecələr qadınlar, uşaqlar otağımıza yığılıb buxarının başına toplaşırdılar. Anam da
çərəz gətirib qoyardı. Biz də şirin söhbət edərək yeyərdik, danışardıq, gülüşərdik,
axırda da Tamam maraqlı nağıllarını başlardı. Yeri gəldikdə özünü el aşıqlarına
oxşadaraq, həzin bir səslə oxuyardı. Bəzi vaxt söhbət əcinnədən, şeytandan,
divdən, hal anasından düşərdi. Hər kəs bunlardan əcaib, qəraib şeylər nağıl edərdi.
Gülbənd bacısı Tamamın hər şeydən ziyadə xaraba qəbiristandan qorxduğunu
söylərdi. Qadınlardan bəzisi ölülərin xortlamağından bəhs edərək Tamamın xofunu
haqlı bilərdi. Anam biz uşaqların gözlərində qorxu əlamətini görərək söhbəti
dəyişdirərdi. Onun əvəzində xidmətçi Bəxtiyara qaval çaldırıb bizləri oynadardı...
Bu il yay tətili münasibətilə böyük qardaşımla bir yerdə vətənə övdət1 etmiş
dayım mənimlə görüşdükdə anama dedi:
- Bunun da oxumaq zamanı çatmış. Gedəndə özümlə aparacağam.
- Yox, qardaşım, birini dartıb qərib vilayətə apardığın yetər, daha bunu
vermərəm, - deyə anam dayımın təklifini rədd etdi.
- Verməyib nə edəcəksən? Özün bilirsən ki, oğlunun atası, əmiləri, hamısı ölüb,
böyük mülkünüz əlinizdən çıxıb, cinsli ilxılarınız sahibsizlikdən tələf olub, sən bir
dul arvad, buna nə tərbiyə verəcəksən?
Böyüdüb çobanmı edəcəksən? Nə üçün övladının bədbəxt olmağına səbəb
olursan?
Belə dəyərli sözləri ilə dayım bacısını yola gətirmək istəyirdi. Lakin anam razı
olmayıb deyirdi:
- Övladımı nə üçün elmsiz qoyuram?! Bu ildən mollanın yanına göndərib
oxutduracağam...
- Onda, bu işi uşağın özünə burax, istər biz ilə təhsilə gedər, istəməz, sən anası
və bacısı ilə burada qalar.
Anam buna razı oldu; çünki ondan ayrılmayacağıma şübhə etməyirdi. Lakin hər
şey dayım tərəfə keçməyə səbəb oldu. Birisi mollanın çubuq və falaqqa qorxusu,
digəri qardaşımın və qeyri məktəbli qohumların gözəl formalı məktəb paltarı və
söylədikləri əcaib şeylər idi.
- Mən dayım ilə oxumağa gedəcəyəm, - deyə razılıq verdim.
Anam naçar qalıb bir şey demədi. Lakin yenə də ümidini kəsməmişdi, çünki
məktəblərin açılmağına iki ay qalmışdı, ona kimi mən fikrimi dəyişdirəcəyəm
ümidində idi.
Bir gün Tamam məndən soruşdu:
- Doğrudanmı, oxumağa gedəcəksən?
- Bəli, gedəcəyəm, yoxsa sən razı deyilsən?
- Mən razıyam, amma xanım məni öyrədir ki, səni bu fikirdən daşındırım. Sən
heç kəsə qulaq asma, get, oxu, böyük adam ol, get burada çalış, ancaq yazıq
kəndlilərə əziyyət vermə. Amma bu dediklərimi anana söyləmə, yoxsa xanım
məndən inciyər.
Zavallı anacığım, ümid bağladığın Tamam da sənin bərəksinə gedir. Axır
ayrılıq zamanı gəlib çatdı. Anamın və bacımın göz yaşlarına davam edə
bilməyirdim. Əgər Tamam olmasaydı, mən anamdan ayrılmayacaqdım. Tamam
mənə yanaşıb dedi:
- Heç qüssələnmə, doqquz aydan sonra yenə gələcəksən, burada şad
görüşəcəyik. Sən də gördüyün şəhərlərdən, oxuduğun kitablardan bizə nağıl
edəcəksən. Amma burada qalsan, heç bir zad bilməyəcəksən.
Bu sözlərlə Tamam mənə təsəlli verərək sakit edirdisə də, titrək səsindən,
ağarmış çöhrəsindən, yaşla dolmuş şəhla gözlərindən məlum olurdu ki, bu ayrılıq
ona da böyük təsir edir.
Axır gözü yaşlı anam, bacım və sair əqrəbam ilə əlvida edərək yola düşdüm.
* * *
Vətəndən xaric qapalı pansion, dörd divar içində yeknəsəq yaşayış, hər bir
tutulacaq işin çınqraq ilə olmasını bir xəyalınıza gətirin ki, belə bir yerdə, asudə,
gözəl təbiət içində bəslənmiş bir uşağın halı necə olardı? Gündüzlər dərslərə, idmana, oynamağa və sair işlərə məşğul olaraq, belə məişətin ağırlığını bir o qədər hiss eləməyirdim, dərin sükuta dalmış uzun gecələri isə göz yaşı tökərək xəyal ilə keçirirdim... Nəhayət, yay tətili gəlib yetişdi.

Bir para yoldaşlarımla vaqona minib vətənə üz qoyduq, üç gündən sonra gəlib
evimizə çatdıq. Mən anam, bacım və sair qohumlarımla görüşdüm, öpüşdüm.
Lakin nə həsrətini çəkdiyim Tamam və nə də Gülbənd onların arasında yox idi. Bu
isə məni iztiraba salırdı. Soruşmağa da cəsarət eləməyirdim. Axırda görüşə
gələnlər dağıldıqdan sonra anamdan soruşdum:
- Tamam və Gülbənd haradadırlar? Nə üçün mənimlə görüşməyə gəlmədilər.
Anam çaşqın bir hal ilə dedi:
- Bilmirəm nə üçün, əlbəttə, eşidib gələrlər, görüşərlər... Onlar səni çox
istəyirlər.
Anamın belə dolaşıq cavabı məni daha da qorxu və şübhəyə saldı.
- Ana, nədən isə doğrusunu demək istəmirsən, söylə görüm, onların başına nə iş
gəlmiş?
- Bir şey yox, onlar buradan köçmüşlər... Gülbənd də, Tamam da ərə
getmişlər... Sonra başlarına nə qəziyyə gəlmişdir, bilmirəm.
Anladım ki, anam da, bacım da həqiqətən məndən gizləyirlər. Ona görə artıq
sual vermədim və işin həqiqətini bilmək üçün başqa yollar aramağa səy etdim.
Əmioğlumun xidmətçisi Məmmədrza, uşaqlıqdan bu üç ailə içində yaşadığına
görə, hamımız ona bir külfət üzvü kimi baxırdıq, ondan gizli bir sirrimiz olmazdı.
Məmmədrza üçün dünyada qəm-qüssə yaranmamışdı. Həmişə deyən, danışan,
gülən, zarafatçı bir şəxs idi. Həmişə də "Bu dünya beş gündür, beşi də qara, əbləh
odur, onu qəm-qüssə ilə keçirə..." sözlərini təkrarlarla söyləyirdi. Sabah ertə böyük
bağımızı gəzmək bəhanəsilə Məmmədrzanı yanıma salıb getdim. Yol uzunu
Məmmədrza məzhəkə söyləyərək məni güldürürdü.
Bağımızı seyr etdikdə Məmmədrzadan soruşdum:
- Lələ, səndən bir şey soruşacağam, məndən gizləmə, doğrusunu söylə. Nə üçün
Budaq baba buradan köçmüş? Tamam ilə Gülbənd necə olmuşlar?
Bu sualımdan Məmmədrzanın gülər üzü qara bulud kimi tutuldu. Bir az
fikirdən sonra:

- Bu göy ot üstə oturaq, mən də sənə onların faciələrini söyləyim, - deyə təklif
etdi.
Oturduq, Məmmədrza da kürd qızlarının başlarına gələn müsibəti nağıl etməyə
başladı. Gülbənd ilə kiçik əmioğlumun sevişdiklərini bilirdim, lakin onu zor ilə bir
kürd oğluna verib əmioğlumdan uzaqlaşdırmağı iridi, Məmmədrzanın nağılından
bildim.
Məmmədrza Tamamın faciəli qəziyyəsini nağıl etdikdə mən davam edə
bilməyib başımı otların arasında gizlətdim və göz yaşım neysan yağmuru kimi
tökülüb otları islatdı.
Gülbəndin qəziyyəsindən sonra Budaq baba, böyük qızmın yanına köçməyə
məcbur olur. Yazıq Tamam bizim ailəyə öyrəşdiyindən ayrılmaq istəməyirmiş,
lakin əmioğlularının aralarına nifaq düşməsinə səbəb olmamaq üçün anam onun
getməyinə izin verir.
Seyidli kəndi, ona qədər başqa kəndlərlə bitişən iki dağın arasında düşmüşdür.
Bu kəndlilərin meyvə bağları təxminən 12-13 kvadrat kilometr yer tutaraq,
uzaqdan baxdıqda böyük bir meşəyə bənzəyirdi. Qərb tərəfə uzanan dağlar
getdikcə qaralıb, əskidən bina olmuş Əsgəran qalasına çatdıqda yarım kilometr
qədər bir-birlərinə yaxınlaşırlar.
Bu iki dağın arasında Qarqar çayı axır. Kəndlilərin bağları, bostanları, tarlaları
bu çaydan sulanır. Seyidli kəndinin səkkiz verstliyində, Əsgəranın yaxınlığında
Bozdağ adlı bir otlaq mövcuddur. Bahar fəsli maldar kəndlilər buraya köçüb
alaçıqlar qurarlar və orada yaya qədər qalıb mallarını otladarlar. Sonra yaylaqlara
köçərlər.
Həmin Bozdağda, yol kənarında əski xaraba bir qəbiristan vardır, kəndlilər
burada ölülərini dəfn edirlər. Zavallı Tamamcığazın faciəsi də bu yerlərdə zühur
etmiş. Belə ki, bir mallı, dövlətli kəndlinin cavan oğlu şiddətli surətdə dəli olur.
Hətta onu zəncirlə bağlamağa məcbur olurlar. Nə qədər dua yazdırırlar, pirə
aparırlar və bu kimi avamca müalicə edirlərsə də fayda verməyir. Axırda kim isə:
"Belə dəliyə bir məsumə qız gəlin olarsa sağalar" deyə ata-anasını inandırır. Onlar
da elə bir qız axtarmağa başlarlar. Lakin hansı bir fağır kəndliyə böyük pullar
vədəsilə təklif edirlərsə, heç kəs qızım belə dəliyə vermək istəmir. Axırda arayıb
Budaq babam tapırlar və böyük pul ilə onu razı edirlər.
Zavallı Tamamın, "Səni bir gözəl dövlətli cavan oğlana veririk", -deyə
məcburən razılığını alırlar, kəbinin kəsirlər. Sonra toysuz, gizlincə dəliyə gəlin
aparırlar. Tamam baxıb görür ki, onu aldadıb dəliyə vermişlər. Bunu bildikdə yazığın bütün bədəni titrəməyə başlar. İttifaqən həmin gecə göy üzünü qara buludlar tutub şiddətli yağmur yağmağa başlar. Dağlardan axan sellər alaçıqlara dolub bəzilərini yumalayıb aparır. Adamların başı buna qarışdıqda Tamam fürsət tapıb qaçar.

Gecənin qaranlığı, göyün dağlara səda satan dəhşətli şaqqıltısı, dərələrdən axan
sellərin gurultusu Tamam kimi bir qızı yox, bütün kişiləri də xofa salar. Başaçıq,
ayaqyalın küləkdə boğuşa-boğuşa, sellərlə əlləşə-əlləşə Tamam qaçır. Dəli əmin
ürəyinə elə bir qorxu salmışmış ki, zavallı qızcığaz indiki halına şad imiş. Onun
fikri o imiş ki, adamlar duyuq düşüncə Qarqar çayını keçib meşədə gizlənsin.
Lakin bir qədər qaçdıqdan sonra daşlara dəyib yaralanmış ayaqları yağmurdan
islanmış, bədəni külək ilə əlləşməkdən tabdan düşmüş əzası, daha hərəkətdən qalır.
O zaman bir pənah yeri arayır ki, gizlənib dincəlsin, haranı tapır, bilirsinizmi? Hər
şeydən artıq xof etdiyi qəbiristanı.
Tamam, üstü günbədli bir əski məzar tapır və içində gizlənir.
İttifaqən axşamlamış bir qoca dilənçi, yoldan keçərkən, həmin gün-bədii məzarı
görür. İçəri girmək məqsədilə qapısına gəlir. Bu zaman dəhşətli bir qışqırıqdan
diksinərək çəkilir. Qoca heyrətdə ikən Tamam dişarı çıxır və sərsəri, qorxunc bir
qəhqəhə çəkərək, ildırım kimi çaya tərəf qaçır. Dilənçinin bütün bədəninə bir lərzə
yayılır. Bismillah, deyərək qəbiristandan qaçmağa üz qoyur.
Səhər olcaq Tamamı aramağa başlayırlar. Xeyli aradıqdan sonra meyidini
Qarqarın o biri sahilində tapırlar.
XS
SM
MD
LG