Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:29

Gözəl Bayramlının həbsi, xəstəxanadan xəstələrin qovulması və...


Mətbuat icmalı
Mətbuat icmalı
«Azadlıq» qəzeti «GÖZƏL BAYRAMLININ HƏBSİ CƏMİYYƏTİ SİLKƏLƏDİ» başlıqlı məqalədə AXCP sədrinin müavini G. Bayramlının 5 sutkalıq həbslə cəzalandırmasından yazır. Hüquq müdafiəçiləri və ziyalılar onun həbsini qadınlara təhqir sayıblar.

G. Bayramlı məhkəmədə bildirib ki, saxlanılarkən polislər ona qarşı zorakılıq edib. 4 polis onun qollarını arxadan burub, polis idarəsində isə onun hüquqlarını müdafiəsi üçün heç bir şərait yaradılmayıb:

«Məni dünəndən polis idarəsində ac-susuz saxlayıblar. İndi məhkəməyə də ac gətirilmişəm. AXCP üzvü olduğuma görə daim təzyiq və təqiblərə məruz qalıram. Bütün bunlara baxmayaraq, mən bir qadın kimi ölkəmizdə demokratiya uğrunda mübarizənin daim önündə olmağa çalışmışam. Bundan sonra da olacağam...».

«RESPUBLİKA KLİNİK XƏSTƏXANASINDAN XƏSTƏLƏRİ QOVDULAR» başlıqlı məqalə «Yeni Müsavat» qəzetində çıxıb. Qəzet yazır ki, xəstəxananın əksər şöbələri xəstələri qəbul və müayinə etməkdən imtina ediblər. Müalicə alan onlarla xəstə müəssisədən zorla çıxarılaraq bayıra atılıb:

«Xəstəxananın əksər şöbələrinin xəstələrin üzünə bağlandığının şahidi olduq. Müəssisənin ikinci korpusu isə tamamilə bağlanıb. Korpusun qapıçısı bildirdi ki, buradakı bütün şöbələr bağlanıb. Həmçinin, dünəndən etibarən xəstəxanada cərrahiyə əməliyyatları da həyata keçirilmir. Söhbətləşdiyimiz xəstələr və həkimlər şöbələrin bağlanmasını xəstəxananın pulsuz xidmət göstərməyə məcbur edilməsi ilə izah etdilər».

Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə qəzetə bildirib ki, ikinci korpus tamamilə bağlanmayıb. O deyib ki, korpusun ikinci və üçüncü mərtəbəsində təmir işləri başlanıb. Bu mərtəbələr müvəqqəti olaraq digər mərtəbələrə köçürülüb. Təmir gedən mərtəbələrdəki cərrahiyə şöbələri başqa mərtəbələrdə fəaliyyət göstərir.

«Bizim yol» qəzeti Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzovla müsahibə dərc edib. Qəzetin «hakimiyyətdə narahatçılıq varmı» sualına cavabında S. Novruzov belə cavab verib: «Hakimiyyət kimdən, nədən çəkinəcək? Biz qanunsuzluqlara öz etirazımızı bildiririk. Yoxsa kimdənsə qorxmuruq. Azərbaycanda hakimiyyətin dayaqları xalqdır».

«Yeni Azərbaycan» qəzeti yazır ki, 17 aprel hadisələri radikal müxalifətin tam iflasa uğradığını bir daha sübuta yetirdi:

«Aprelin 17-də «İctimai palata» adlanan qondarma müxalifət qurumunun keçirməyə cəhd göstərdiyi «kütləvi» aksiya radikal müxalifət düşərgəsinin hansı vəziyyətdə olduğunu bir daha aydınlığa qovuşdurdu. Uzun müddətdir ki, qəzet səhifələrində pafosla təbliğ edilən, guya ciddi hazırlıq işləri gördükləri barədə uydurma məlumatlar yayan müxalifətin bu qanadının liderləri üçün yəqin 17 aprel aksiyası növbəti dərs oldu. Çünki məhz, bu «aksiya» radikal müxalifət qüvvələrinin hansı potensiala sahib olduqlarını sübuta yetirdi...».
XS
SM
MD
LG