Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:04

İsrafil İsrafilov: «Ədəbiyyat yox, teatr dramaturq yetişdirməlidir!»


İsrafil İsrafilov
İsrafil İsrafilov
«Biz tamaşaçıdan diqqət, hörmət və gördüyümüz işlərə mehriban və dözümlü münasibət gözləyirik».

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramının «Tamaşaçılar Milli Teatrdan nə umur?» mövzusunda açdığı müzakirəyə qatılan Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov söylədi. İsrafil bəy bir saatlıq canlı yayımda birillik fəaliyyətlərinə nəzər saldı və dinləyicilərin suallarını cavablandırdı.

BARIŞA EHTİYAC VARDI

İ. İsrafilovun fikrincə, uzun illər idi ki, teatr ictimaiyyəti, cəmiyyət Milli Dram Teatrının fəaliyyətindən narazı idi, küskün idi:

«Tamaşaların bədii-estetik səviyyəsi, qoyduğu problemlər, ustalıq səviyyəsi tamaşaçıları qane etmirdi. Bu da ona gətirib çıxardı ki, tamaşaçıların böyük bir qismi teatrdan uzaqlaşdı. Bir barış yaratmaq lazım idi. Həm yaşlı, həm orta, həm də gənc nəsli teatra bağlamaq ictimai ehtiyaca çevrildi».

İ. İsrafilov bu məsələdə bir estetik ehtiyacın olduğunu da düşünür:

«Artıq gənclik internet vasitəsilə başqa mövzulara yol tapmışdı. Azərbaycan müstəqil ölkə kimi dünyaya çıxırdı, nüfuzu artırdı, mədəniyyətimizin ayrı-ayrı sahələri Avropanın möhtəşəm salonlarında səslənirdi. Belə bir zamanda teatr sənətinin geriləməsi qəbuledilməz idi».

CİDDİ DƏYİŞİKLƏRƏ EHTİYAC VARDI

Qonağımız teatrın uzun illər bir qədər süst, biganə halının, cəmiyyət həyatından geri qalmasının sonda ciddi dəyişikliklərin başlanması ilə nəticələndiyini dedi:

«Dövlət başçısının təsdiq etdiyi Dövlət Proqramı var –«Azərbaycan teatrı 2009-2019-cu illərdə», bu proqramda teatrın dəyişməsi məsələsi ortaya qoyulub. Hər şey nəzərdə tutulub. Və biz onun yerinə yetirilməsinə başladıq».

TƏKƏR İCAD ETMƏDİK

Vaxtilə Adil İsgəndərovun yaratdığı teatr sistemini bərpa etdiklərini deyən İ. İsrafilov bu işə intizamdan başladıqlarını vurğuladı:

«Əmək intizamı və yaradıcılıq intizamını möhkəmləndirməliydik. Teatrda bu sahədə problemlər vardı. Bu kiminsə xoşuna gəlməyə bilərdi. Biz prinsipiallıq göstərdik, əsas hədəfimizdən yayınmadan bu problemi çözməyə girişdik.
Akademik Milli Dram Teatrı
Həm Mədəniyyət Nazirliyi, həm də teatr cəmiyyəti biz dəstəklədi».

REPERTUAR SİYASƏTİNİ DƏYİŞDİK

Direktor pərakəndə repertuar siyasətini sistemli hala salmağa çalışdıqlarını qeyd etdi:

«Aktyorların yaradıcılıq potensialını üzə çıxarmaq, dünya teatr məkanına çıxmaq üçün tamamilə başqa yanaşmaya ehtiyac vardı. Odur ki, repertuar sahəsində də ən ciddi prinsiplərə əməl etməli olduq».

Həm tərcümə ədəbiyyatına, həm də klassikaya yeni yanaşma tələb olunduğunu deyən İ. İsrafilov dünya teatrlarının bu sahədə çox-çox irəli çıxdığını da xatırlatdı:

«Azərbaycan teatrı isə öz çərçivəsində fəaliyyətini sürdürürdü. Özünə qapanaraq yaşamaq artıq mümkün deyildi».

STRUKTUR DƏYİŞİKLİKLƏRİNƏ BAŞLADIQ

İ. İsrafilov bir teatr mövsümü ərzində kollektivlə müqavilələr bağlandığını xatırlatdı:

«Kontrakt üsuluna keçdik. Teatrın strukturunda yeni şöbələr yarandı. Prodüser fəaliyyəti nəzərdə tutuldu. Rejissorları təhkimçilikdən çıxardıq. Onlara imkan verdik ki, digər teatrlarda da tamaşalar qoysunlar. Aylıq maaş yox, qonorar sisteminə keçdik. Dünyanın məşhur rejissorlarının teatrımızda tamaşa qoyması da gündəmdədir. İtaliyadan, Polşadan, Gürcüstandan, Türkiyədən olan rejissorlarla artıq razılıq əldə olunub. Rusiya rejissorları ilə danışıqlar aparırıq. Öz rejissorlarımızdan da istifadə edirik».

TEATR DRAMATURQ YETİŞDİRMƏLİDİR!

Yaradıcılıq atmosferi yaratmağın çətinliyini qeyd edən direktor bu istiqamətdə tədbirlər gördüklərini də qeyd etdi:

«Müəlliflərlə söhbətlər edirik. Tərcümə problemimiz var. Yaxşı tərcüməçilərimiz yoxdur. Elə bir məqam gəlib çatıb ki, Azərbaycan teatrı yenə dramaturq yetişdirməlidir. Təkrar edirəm: Ədəbiyyat yox, teatr dramaturq yetişdirməlidir! Bütün dünyada belədir. Dənizdən kənarda dayanıb balıq tutmaq mümkün deyil».

İ. İsrafilov Afaq Məsudla, Orxan Fikrətoğlu ilə yaradıcılıq əməkdaşlıqlarına başladıqlarını bildirdi:

«Yeni dramaturq nəsli gəlib. Bugünkü problemləri bilən, cəmiyyətin həyatını duyan, dünyagörüşü geniş olan, Azərbaycana kənardan baxmağı bacaran, gerçəklikləri dünya ilə paylaşmağı
«Özünə qapanaraq yaşamaq artıq mümkün deyildi»
bacaran müəlliflərə çox ehtiyacımız var».

--Dünyaca məşhur Avropa teatrlarına baş çəkən, ünlü rejissorlarla görüşən İsrafil İsrafilov orada hansı nəticəyə gəldiyini söylədi?

--Azərbaycan teatrının ən çox hansı baxımdan axsadığını etiraf etdi? Səbəblərini necə sıraladı?

--Teatra ilk gəlişində aktyorları hansı psixoloji durumda gördü?

--İsrafil bəy teatrda yolpulusu olmadığı üçün məşqə gələ bilməyən aktyorlar olduğunu söyləyənlərə nə cavab verdi?

--Avropa teatrı aktyorlarının aylıq qazancından nə dedi?

--Avropa meyarlarına uyğunlaşmaq üçün nələrin gərək olduğunu söylədi? Bu yolda nəyə can atdıqlarını vurğuladı?

--Teatr tamaşaçılardan nə gözləyir? Teatr direktoru Azərbaycan tamaşaçılarını nədə günahlandırdı?

--Kirayədə və yataqxanada yaşayan teatr işçiləri barədə nə dedi? Onlara nələr vəd etdi?

--Teatrın verdiyi həzzi niyə gülün ətri ilə müqayisə etdi?

--Dinləyici suallarını necə cavabladı?

«Can Bakı» qarşınızdadır.

XS
SM
MD
LG