Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 18:24

Nizami Gəncəvi. Leyli və Məcnun (70)


əvvəli

MƏCNUNUN QƏZƏL OXUMAĞI


"Canan, hardayıq biz, de hardasan sən?
Biz ki, səninkiyik, sən kiminkisən?
Yoxsulluq mülkünün yolçusuyuq biz,
Buyurun, dost olaq, layıq görsəniz.
Bizik can sataraq yoxsulluq alan,
Xəzləri dağıdıb palasda qalan.
Zamanın qeydindən azadıq, azad,
Qəm bizimlə şaddır, biz qəm ilə şad.
Ciyərimiz susuz, suya qərq olan
Şəbkoruq, günəşə yoldaşıq, inan.
Azdıq yolumuzu, qismətdir bu da,
Kənddən qovulsaq da, bizik kəndxuda.
Möhrəsiz və gözsüz oyun çıxardar,
Ayaqsız, miniksiz çapmağımız var110.
Bir sənin qəminlə yüklənirik biz,
Qəm ki, səninkidir, yoxdur qəmimiz.
Olsaq da aləmdə süst tərpənənlər,
Buradan keçməkdə bizdədir hünər.
Deyirsən, qəmindən xar olub ölüm,
Hələ qəm yeməklə məşğulam, gülüm!
Çox çəkməz, sevgilim, vaxtı gələndə,
Öz köçmək təblimi çalaram mən də.
Sən, ey hər işində əyyar olan yar,
Aşiqin olmuşdur səndən də əyyar.
Əyyar boğazını sıxırsa əgər,
Özünü düşməndən əvvəl öldürər,
Bir kəs ki, özünün qanından qorxmaz,
Öldürər nə yaxşı, nə pisə baxmaz.
Sürüdən qorxarsa əgər canavar,
O üstündə keçə, palas da saxlar.
Gəlməmiş getməyin, de, nə adətdir?
Əkməmiş biçməyin nə qiyamətdir?
Mənə: "Gecən xeyir" söyləmə, canan,
Sənsiz xoş keçərmi gecəmiz bir an?
Uyuşmaz qədəmin canımla mənim,
Iki can saxlaya bilməz bədənim.
Əlinlə canımı almadıqca sən,
Qurtara bilməzsən bu bəhanədən.
Min minnət yükünü çəkir bu bədən,
Sənsə azad eylə onu bu işdən.
Bundan daha yaxşı bir can ver mana,
Uğurlu bir işə ayaq bassana!
Sənin dodağından gəlməyən bir can
Canımda yerləşməz, çıxar dodaqdan.
Dodağın olarsa can xəzinəsi,
Kəsilməz dünyadan o canın səsi.
Bilirəm, qarşında çox qulların var,
Heç biri mən kimi baş əyməz, ey yar.
Sənin varlığınla mən də azadam,
Daima xoşbəxtəm, daima şadam.
Camalın düşərsə könlümdən uzaq,
Könlüm viran olar gözündən iraq.
Bu gündən mən sənəm, sən isə mənsən,
Bir könül yurdudur bu iki bədən.
O da sənin könlün qoy olsun, dilbər,
Yoxdur öz könlümdə həyatdan əsər.
Bir könlüm, yüz canım olmasa əgər,
Səninlə yaşamaq olmaz, ey səhər.
Sap birdir, səni öz sapıma düzsəm,
Bir can olmalıyıq ikimiz hər dəm.
Bil ki, vahid olsa bizim sikkəmiz,
Ikilik nəqşini qaralarıq biz.
Gözəl sikkəli hər badamın bil ki,
Bədəni bir olur, məğzisə iki.
Mən sənəm, başqa şey nə varsa, canan,
Bir başmaq tayıdır düşmüş ayaqdan.
Səndən işıq alır bütün varlığım,
Yoxdur səndən özgə bəxtiyarlığım.
Söylə, bu məqamda nəçidir bədən?
Adını sikkənə nəqş eyləyəsən.
Sənə qurbanlığa baş layıq deyil,
Bayrağın altına sığınmaz o, bil.
Arada tərpənən quru bir candır,
O da mənim deyil, sənə mehmandır.
Sən məndən azadsan, ey pərizadə,
Sərvdən daha çox ol sən azadə.
Mən bir kimsəsizəm, hər xidmətinə
Kəmər bağlamışam gül kimi yenə
Məhləyin küləyi əsdikcə səhər,
Can verib, könlümün pasını silər.
Mumya arasında əzgin bir bədən
Dincəldiyi kimi, dincəlirəm mən.
Itüzlü olsa da gözətçin müdam,
Sən olan küçənin yol torpağıyam.
It saxlamağını çox bəyənirəm,
Odur ki, onlara olmuşam həmdəm;
Yəni yanımdakı bu yırtıcılar
Itdir, hamısının it dırnağı var.
Mən yoxsul olsam da, varlısan, ey yar,
Mən tamam xaliyəm, sənin xalın var.
Sən qızıl içində olursan hər dəm,
Xalxalın qızıldır, xalın da dirəm.
Dirəmə bənzəyən xalını görcək,
Aldım xalxalını dirəmlə, gerçək.
Bir növbahar üçün bulut ağladı,
Məcnun da ağlayıb qara bağladı.
Hindli qaraulda dayanıb, gəzər,
Məcnun da yanında hinduya bənzər.
Çərx gözəllik alar ayın üzündən,
Məcnun da fal açar üzünlə bəzən
Bülbül gül eşqiylə dolanar bağı,
Məcnun da olmuşdur hicran dustağı.
El, oba ləl üçün mədənə gedir,
Məcnun da səninçin cana qəsd edir.
Sən meyil göstərsən mənə, ey nigar,
Bir allah bilir ki, bu çox xoş olar.
Aydınlıq gecədə səninlə qoşa
Duraydıq gülşəndə, verib baş-başa.
Səninlə yanaşı əyləşəydim mən,
Qədəh qaldıraydıq qədəh üstündən
Basaydım bağrıma saz kimi səni,
Olaydı qucağım ləlin mədəni.
Nərgiz gözlərindən olaydım xumar.
Məst olub saçını hörəydim, ey yar.
Kaman qaşlarını qulağa qədər
Əlimlə çəkəydim, ey nazlı dilbər.
Döşündəki nara sığınaydım mən,
Əlimlə tutaydım alma çənəndən.
Gah bir alma kimi əzib narını,
Gah da dişləyəydim alma barını.
Dağıdıb döşünə saçlarını mən
O qulaq sırğanı çəkəydim, bəzən.
Gah varaqlanaydı əynində paltar,
Bədihə deyəydim xurmana, ey yar.
Bənəfşə düzəydim gül üzünə mən,
Gah da gül dərəydim o bənəfşədən.
Gah səni qoynumda yerləşdirəydim,
Gah qəm məktubunu sənə verəydim.
Ilahi, qalmazdı möhnətdən əsər,
Həqiqət olsaydı bu düşüncələr.
Qulağa xoş gəlir çaldığım hava,
Lakin ortalıqda tel qırılmasa.
Başımı qovğaya salma bu qədər,
Inan ki, varlığım məhv olub gedər.
Sən olduğun yerə çağırma məni,
Xoşdur bu seçdiyim sövda məskəni.
Burda nə düşmən var, nə də əğyar var,
Bizim işimizə qarışmaz onlar.
Burda əyləşsək də, qalsaq da əgər,
Bizə irad tutmaz bunu bir nəfər.
Yanımda iki-üç dilsiz heyvan var,
Yaxşını, yamanı unutmuş onlar.
Quyunun dibində tək olsaq da biz,
Yalnızlıq özü də gözəldir, şəksiz.
Əlindən tutanın olmasa bir az,
Ayağından tutub çəkən də olmaz.
Burda olmasa da bir dostun sənin,
Arxanca sallanıb gəlməz düşmənin.
Nə var can qorxusu olan o yerdə?
O yaman üzlərə sən baxma bir də.
Burdadır abadlıq, şadlıq hasarı.
Sən də gəl bu yerdə bir şadlan barı.
Nə qədər ki, sağam, yaxın gəl, ey yar,
Hər vaxtın işi var, işin vaxtı var.
Çeşməni gün kimi göstərmə, aman,
Sərab tək aldatma məni uzaqdan.
Hüsnündən su içmək istərkən ürək,
Oldum parça-parça sənin xalın tək.
Xızırın çeşməsi səndədir, dilbər,
O həyat suyundan mənə də göndər.
Təsəlli vermədən arpa boyda sən,
Mənə xalvar-xalvar qan içdirirsən.
Sənsiz qəm yesəm də, ey nazlı sənəm,
Səninlə şərab da içə bilərəm.
Yəqin, yadındadır, bir məsəl də var:
Dovşan yügürdüyü qədər də yatar.
Nə olar, sevgilim, şərab gətirsən.
Yenə mi qanlı su içməliyəm mən?
Şərab məclisində nuş olur cana,
Halaldır behiştdə şərab insana.
Saqi, dəryanı da əlindən içsəm
Ondan bir udum da qoymaram bu dəm.
Içsəm sağlığına, getmərəm huşdan,
O zəhər olsa da, nuş olar, inan.
Qoy sərxoşun olsun aşiqin indi,
Sən də qədəh qaldır sərxoşlar kimi.
Şərabı içməzlər xumar olmadan,
Səhər şərabı da içilməz pünhan.
Bağ tacı axtaran o sultan belə,
Gəzir xəzinəni şəbçiraq ilə.
Qaranlıq gecədə xəzinə gəzən
Əziyyət çəksə də, oğrudur, bilsək.
Çıraqsız bir evi soruşsan: nədir?
O bir bağ da olsa həbsxanədir.
Sənin qəm nərdində uduzdu könlüm
Bir əl də atıram, qurbanın olum.
Xoşdur, sərxoş olub, ey nazlı dilbər,
Qıvrım saçlarını öpsəydim əgər
Ya sərxoş halımda tutub telindən
Yavaşca məclisə gətirəydim mən
Bir nalə çəkəydim hər addım başı,
Bir təpik vuraydı mənə hər naşı
Yarəb, o dünyanı yaxan gözəllə
Mənə belə bir gün sən qismət eylə!"
Məcnun bu sözləri deyərək əlan,
Çöllərə üz qoydu ürəyində qan
Pərişan ürəyi qəmlərlə dolu
Qayıtdı çadıra o sərv boylu

davamı
XS
SM
MD
LG