Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:42

Rizvan Talıbov: «Əli İnsanovun da təşəbbüsü yoxdur»


Rizvan Talıbov
Rizvan Talıbov
Dörd il müddətinə azadlıqdan məhrum edilmiş Rizvan Talıbov dünən azadlığa çıxıb. Onun cəzası aprelin 19-da başa çatıb.

R. Talıbov sabiq səhiyyə naziri Əli İnsanovun Hüquqlarının Müdafiə Komitəsinin və Qərbi Azərbaycana Qayıdış Birliyinin sədridir.

Onun AzadlıqRadiosuna müsahibəsini təqdim edirik.

TOZLU HƏBSXANADA GÖZLƏRİ ZƏİFLƏYİB

- Dörd illik həbs həyatınızda hansı izləri buraxdı ?

- Həbsxanaya düşmək olar. Amma baxır nəyin üstündə. Cinayət eləsən bununla barışmaq olar. Amma cinayət törətməmiş birini şər-böhtanla, ittihamla həbsə atdırıb, sonrasa 4 il qəddarlıq nümayiş etdirib, ən ağır şərtlər altında, Azərbaycanda ən ağır rejimə malik, ekoloji baxımdan pis, tozanaq bir həbsxanada - 14 saylı cəzaçəkmə müəssisəsində saxlamaq... Vallah, mən bunu insanlığa sığışdırmıram. Çox çətin günlər oldu. Ancaq Allahın bu gününə min şükür. Səhhətimdə bəzi problemlər yaransa da, sağ-salamat döndüm. Ailəmin-uşağımın, bizi istəyənlərin içinə döndüm.

- Səhhətinizdə hansı problem yaranıb?

- Gözüm zəifləyib. Həmin həbsxana çox tozlu yerdir. Orda 600-dən yuxarı dustaq cəza çəkir. Əslindəsə bu həbsxana insan saxlamaq üçün qeyri-münasib yerdir. Orda məhkum saxlamaq insanlığa sığışmır. Dörd tərəf daş karxanasıdır. Karxanadan çıxan toz cəzaçəkmə müəssisəsinin içinə çökür. Məhkumlar o tozla qidalanır, çay-su içir, həm də nəfəs alırlar. Bu da onların səhhətində problemlər yaradır, tənəffüs sistemini, ciyəri sıradan çıxarır. Məndə də ciddi fəsadlar yaratdı. İndi müalicə alıram. Ümumən səhhətimdə zəiflik yaranıb.

«BUNA GÖRƏ 6 AYDAN YUXARI İŞ DÜŞMÜRDÜ»

- Sizi xuliqanlıqda ittiham etmişdilər. Bu ittihamla bağlı nə deyə bilərsiz?


- Mənə irəli sürülən ittiham gülünc idi. Xuliqanlıqda ittiham olunmuşdum, 221.2 maddə ilə. Mən tanımadığım bir adamın ittihamı ilə həbs olundum. Həmin şəxsi tanımırdım. Sonradan eşitdim-öyrəndim ki, o, dəfələrlə məhkum olunmuş, polisin əlində alətə çevrilmiş, narkotik aludəçisi biriymiş (Sonradan onu da eşitdim ki, məni şərləyən bu adam qardaşının evindəki məclisdə yüksək dozada narkotik qəbul edərkən ölüb). Şahidlər də polisləriydi. Bununla da 4 il azadlıqdan məhrum edilmişəm. Çox təəccüblüdür ki, məhkum olduğum müddətdə həmin maddəylə 2 ildən, 2 il yarımdan artıq cəza alan görmədim. Yalnız mənə qəddarlıq edib 4 il azadlıqdan məhrum etmişdilər. Hətta onların mənə irəli sürdükləri saxta ittihama görə də mənə 6 aydan yuxarı iş düşmürdü. Amma heç bir məhkəmə buna məhəl qoymadı. Xuliqanlıq etməməyimlə bağlı ciddi sübutlarım olsa da.

- Rizvan bəy, özünüzü günahkar bilmirsiz. O zaman həbsinizi nəylə izah edirsiz? Siyasi baxışlarınızla və ya Əli İnsanovun Hüquqlarını Müdafiə Komitəsinin sədri olmağınızla?

- Xatırlayırsızsa, biz onda - aprelin 22-nə Azadlıq Meydanına mitinq təyin etmişdik. Söz yox, Əli İnsanov faktoru da vardı. Amma onu 2 il idi müdafiə edirdim. Buna görə olsaydı, daha tez tutardılar. Biz onda əsirlikdəki yurdlarımızı anma günü təyin etmişdik. Geniş tədbir olmalıydı. Aparıcı partiyalar bizi dəstəkləməliydi, iqtidar partiyasına da müraciət etmişdik. Məqsədimizi işğal altındakı torpaqları, həm Qərbi Azərbaycanı, həm Dağlıq Qarabağı xatırlamaq idi. Bunu ümummilli məsələ kimi qaldırmaq, beynəlxalq qurumlar qarşısında tələblər qoymaq idi. Amma bunu başqa tərəfə yozdular. Guya biz kütləvilikdən istifadə edib nəsə eləmək istəyirik. Ona görə də aprelin 19-da məni həbs etdilər. Mənim iqtidarın ünvanına çıxışlarımın da təsiri olmuşdu.

«DAYANDIRILDIĞIMIZ YERDƏN DAVAM EDƏCƏYİK»

- Sizi ictimaiyyət daha çox Əli İnsanovun Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri kimi tanıyıb. Yenə o komitəyə rəhbərlik edəcəksizmi? Onunla əlaqələriniz qalırmı?


- Düzdür, o komitəni mən yaratmışam. Amma mən həbsdə olanda, komitə iflic vəziyyətə düşdü. Üzvlər də fəaliyyət göstərmədilər. Ona görə də 2009-cu ildə komitədən istefa vermişəm. O komitəni bərpa etməyə bu gün zərurət yoxdur. Çünki Əli İnsanovun özünün də bunda marağı, təşəbbüsü yoxdur.

- Bəs bundan sonra siyasi fəaliyyətinizi davam etdirmək niyyətiniz varmı?

- İnşallah. Birincisi, Allahın köməyi ilə yaxın həftələrdə səhhətimlə məşğul olacam. Siyasi fəaliyyətisə başlamışıq, bir yoldur gedirik. Qanunsuz, zorla dayandırıldığımız yerdən davam etdirəcəyik. Mübarizəmizi aparacağıq. Həm Qərbi Azərbaycana Qayıdış Birliyinin rəhbəri kimi, həm də başqa layihələr var. İndi məsləhətləşmələr aparırıq. Bu gün kimlərsə ölkədə problem olmadığını deyirsə, xalqın başının altına yastıq qoymaq istəyirsə, bilin ki, bu ölkənin düşmənidir. Ölkədəki problemlərin həllinə çalışanlarsa bu xalqın dostudur. Mən də bu xalqın dostunun yanında olacam.
XS
SM
MD
LG