Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:46

ABŞ Türkiyədən Rusiyanın S-400 komplekslərini ala bilər?


S-400 kompleksinin ilk dəsti Türkiyəyə 2019-cu ilin iyulunda gətirilib
S-400 kompleksinin ilk dəsti Türkiyəyə 2019-cu ilin iyulunda gətirilib

Senata ötən həftə təqdim edilmiş qanun dəyişikliyi ABŞ-ın Türkiyədən onun Rusiyadan aldığı S-400 havadan müdafiə sistemlərini almasına yol aça bilər.

Newsweek jurnalının yazdığına görə Senatın respublikaçı çoxluğunun vəzifəli millət vəkili John Thune tərəfindən 2021-ci il ABŞ Milli Müdafiə Qanununa (National Defense Authorization Act of 2021) təklif edilən bu düzəliş ABŞ ordusuna S-400 raket sisteminin Türkiyədən alınması səlahiyyətini verə bilər.

Lakin burada mühüm şərt budur ki, Türkiyə bu alqı-satqıdan əldə olunmuş vəsaiti NATO alyansının uyğunsuz hesab etdiyi silahlara xərcləməmək barədə öhdəlik götürməlidir.

Məqalədə deyilir ki, belə bir sövdələşmə Vaşinqton və Ankara arasında ötən il bu raketlərin Rusiyadan alınmasına görə başlanmış gərginliyi aradan qaldırardı.

Türkiyə tərəfi Rusiyadan hərbi texnologiya aldıqdan dərhal sonra ABŞ Ankaranı F-35 Birgə Qırıcı Təyyarə proqramından xaric etmiş və əvvəlcə Türkiyənin bu təyyarənin tikintisində iştirakdan da uzaqlaşdırılacağı ilə hədələmişdi.

Ən müasir döyüş təyyarələri olan F-35 qırıcılarının bəzi hissələri Türkiyədə yığılır.

Əvvəlcə F-35 hissələrinin Türkiyədə yığılmasına mart ayında son qoyulmalıydı, lakin sonradan bu möhlət ilin sonunadək uzadılıb.

Türkiyə üzərinə ABŞ sanksiyaları

Sözü gedən qanuna başqa bir düzəlişi respublikaçı senator James Risch təklif etmişdi. Bu düzəliş Rusiyadan S-400 sistemləri aldığına görə Türkiyə üzərinə sanksiyaların qoyulmasını nəzərdə tutur.

Senat Xarici Əlaqələr Komitəsi sədrinin düzəlişinə əsasən prezident Donald Trump Amerikanın Düşmənlərinə Qarşı Sanksiyalar Qanununa uyğun olaraq Ankara üzərinə “beş və daha artıq” böyük sanksiyalar qoymalıdır.

Belə bir düzəliş qəbul edilərsə, prezidentin Türkiyə üzərinə sanksiyaları elan etməsi üçün 30 gün vaxtı olacaq.

Newsweek bildirib ki, senatorlar Thune və Risch hələki onun sorğularına cavab verməyiblər.

Ötən ilin sonlarında Donald Trump bildirmişdi ki, onun administrasiyası Türkiyənin Rusiyadan S-400-lər alması ilə bağlı Ankara üzərinə sanksiyalar məsələsinə “baxır”.

Bundan bir ay əvvəl Ağ Evin mill təhlükəsizlik müşaviri Robert O'Brien eyni xəbərdarlıqla çıxış etmişdi:

"Əgər Türkiyə S-400-ləri başından eləməsə, ona qarşı böyük bir ehtimalla sanksiyalar qoyulacaq... qanuna uyğun olaraq sanksiyalar Konqresdən hər iki partiyanın dəstəyi ilə və böyük səs fərqi ilə keçəcək və o zaman Türkiyə bu sanksiyaların ağırlığını hiss edəcək”.

O'Brien bəyan etmişdi ki, NATO-da Rusiyanın böyük hərbi avadanlığına “yer ola bilməz”.

Moskva əleyhinədir

BBC-nin Rus xidməti yazır ki, Moskva raket komplekslərinin Rusiyanın icazəsi olmadan üçüncü ölkəyə ixracının mümkün olmadığını bildirib.

Rusiya federal hərbi-texniki əməkdaşlıq xidmətinin sözçüsü Maria Vorobyova deyib:

"Bizim hərbi texnikamızın satılması üçün alıcı ölkə Rusiya tərəfinə son istifadəçinin sertifikatını təqdim etməlidir. Buna görə də texnikanın ötürülməsi və ya re-eksportu Rusiya tərəfinin icazəsi olmadan mümkün deyil”.

Rusiya və Türkiyə S-400 sistemləri barədə ilkin kontraktı 2017-ci ildə imzalamışdılar. O vaxt prezident Recep Tayyip Erdoğan rusyalı həmkarı Vladimir Putinlə söhbətində demişdi ki, S-400 razılaşması Moskva və Ankara arasında münasibətlərin yeni mərhələsinə yol açır.

Lakin Türkiyənin bu addımı ABŞ və onun NATO müttəfiqləri tərəfindən kəskin pislənmişdi.

Şimal alyansı Rusiyanın S-400 kompleksinin NATO sisteminə uyğun gəlmədiyini və əksinə F-35 qırıcılarının vurulması üçün yaradıldığını bildirmişdi.

XS
SM
MD
LG