Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:10

ABŞ generalı: Yardım olmasa, Ukrayna silah sarıdan Rusiyadan 10 dəfə geri qalacaq


Kristofer Kavoli
Kristofer Kavoli

ABŞ-nin Avropadakı qoşunlarının komandanı, ordu generalı Kristofer Kavoli ötən həftə Konqresə məruzəsində bildirib ki, Konqres tezliklə Kiyevə daha çox silah və sursat göndərilməsini təsdiqləməyin bir yolunu tapmasa, həftələr içərisində Ukraynanın Rusiyaya qarşı silah gücü 1:10 nisbətinə düşəcək.

Kavoli və müdafiə nazirinin beynəlxalq güvənlik məsələləri üzrə köməkçisi Selesta Uollanderin məruzəsi Konqresin Ukraynaya yardımın təsdiqlənməsi baxımından önəmli həftələrə qədəm qoyduğu dövrə təsadüf edir. Di gəl, yardımın vaxtında təsdiqlənəcəyinə heç bir təminat yoxdur.

"The Associated Press" yazır ki, Konqres 60 milyard dollarlıq əlavə yardım paketinin təsdiqini ertələyəndən bəri Ukrayna silah-sursata qənaət etməyə başlayıb.

"Hipotetik danışmırıq"

"Hazırda Rusiya tərəfinin silah sayı onların sayını beş dəfə ötür, yəni ruslar ukraynalılara onların cavab verə biləcəyindən beş dəfə çox top mərmisi atırlar. Bir neçə həftə içində bu say dərhal 10-a qalxacaq. Biz aylardan danışmırıq. Biz hipotetik danışmırıq", - Kavolinin sözləridir.

Nümayəndələr Palatasının respublikaçı sədri Mayk Conson bu paketin qəbulunun yolunu tapmağa çalışır. Sözügedən qanun Ukraynaya daha çox silah-sursat verilməsi ilə yanaşı, bu silahları istehsal edən ABŞ şirkətlərinin ciddi qazanc əldə etməsi deməkdir. Conson bu qanunu Palatanın səsverməsinə çıxarmağa çalışır, ancaq daxili ehtiyacları, o cümlədən sərhəd güvənliyi məsələsini bəhanə gətirən konqres üzvlərinin dirənişi ilə üzləşir.

Mayk Conson
Mayk Conson

Spiker həm də vəzifəsini itirmək qorxusu ilə üz-üzə qalıb. Corciya ştatından seçilmiş respublikaçı konqresmen Marcori Teylor Qrin bu məsələ ilə bağlı onun vəzifəsindən azad olunmasını təklif edib.

Kapitolidə siyasi döyüşlər sürərkən, Ukraynadakı döyüş meydanında durum get-gedə daha da pisləşir.

"Ukraynanın mərmiləri bitərsə..."

Kavoli millət vəkillərinə deyib ki, bu münaqişədə ABŞ-nin təchiz etdiyi 155 millimetrlik artilleriya mərmiləri həyati önəm daşıyıb: "Döyüş meydanında ən böyük qüvvə artilleriyadır. Çox münaqişələrdə belədir, bu münaqişədə isə dəqiq belədir. Ukraynanın mərmiləri bitərsə, biz göndərməyi dayandırdığımız üçün bitəcək, axı o mərmilərin əsas hissəsini biz göndəririk".

Rusiyanın öz mərmi istehsalı artıb və ölkə bir neçə gündən bir irimiqyaslı hücumlar gerçəkləşdirə bilir. Kavoli deyib ki, Ukraynanın havadan müdafiə ehtiyatları tükənərsə və ABŞ onları önləyici təyyarələrlə təchiz etməzsə, "bu hücumlar Ukraynanın iqtisadiyyatını, mülki cəmiyyətini və ordusunu tam iflic edəcək".

"…Onların indi əldə saxladıqları əraziləri və hava sahələrini müdafiə etmək qabiliyyətləri sürətlə azalacaq", - general belə söyləyib.

ABŞ ordusunun komandanları eyni gündə Nümayəndələr Palatasının Müdafiə ödəmələri üzrə alt komitəsinə bənzər xəbərdarlıq ediblər. Onlar bildiriblər ki, əlavə təchizatın azlığı istər Ukrayna, istərsə ABŞ ordusu üçün ciddi problemdir.

Rendi Corc
Rendi Corc

"Yolpulumuz yoxdur"

ABŞ ordusunun Baş Qərargah rəisi general Rendi Corc bildirib ki, ayrılacaq maliyyə Ukraynaya uzunmənzilli silah və havadan müdafiə sistemləri göndərməkdən ötrü lazımdır. Bu silahlar Ukraynanın həyati önəmli infrastrukturunu və cəbhə xəttindəki əsgərlərini qoruya bilməsi üçün vacibdir.

Ordu naziri Kristin Vormut və general Rendi Corc bildiriblər ki, Konqres yardım paketini tezliklə təsdiqləməsə, ordunun Avropada təlim keçən Ukrayna əsgərlərini geri qaytarmaq, Ukrayna hissələrini təlim keçməyə ABŞ-a gətirmək üçün pulları yoxdur.

"Onların yenidən döyüş meydanına aparılmasından ötrü yolpulunuz yoxdur", - Vormutun sözləridir.

Kiyevin yenilməsi NATO-nun Baltikboyu üzvlərini təhlükəyə ata və potensial olaraq ABŞ-ni Avropada savaşa sürükləyə bilər.

XS
SM
MD
LG