Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:58

Rusiya-Ukrayna müharibəsi haqda 30 il öncə xəbərdarlıq olunubmuş


Ukrayna, arxiv fotosu
Ukrayna, arxiv fotosu

1993-cü il yanvarın 5-də, yeni prezident seçilmiş Bill Klintonun (Bill Clinton) andiçmə mərasiminə günlər qalmış, vəzifəsindən getmək üzrə olan dövlət katibi Lourens İqlburger (Lawrence Eagleburger) iki həftə sonra onun yerini tutacaq xələfinə 23 səhifəlik memorandum yazıb.

Bundan iki gün öncə İqlburgerin rəisi Prezident Corc Buş (George Bush) Rusiya Prezidenti Boris Yeltsinlə silahlara nəzarət sazişi olan START II-ni imzalamaq üçün Moskvaya səfər etmişdi. Buş administrasiyasının hakimiyyətdən getmək ərəfəsində son anda əldə etdiyi diplomatik qələbə sayılan bu saziş Soyuq müharibə dövrü nüvə gərginliyinin sona çatması demək idi. Bir çoxları bu sənədi Moskva ilə Vaşinqton arasında yeni münasibətlərin başlanğıcı kimi görürdülər.

Uorren Kristoferə (Warren Christopher) yazılmış memorandumda dünyadakı qaynar nöqtələr və gərginlik yaşanan yerlərdən, habelə problemlərlə birlikdə yaranan imkanlardan söz açılırdı. Təbii ki, sənəddə 13 ay öncə süqut etmiş Sovet İttifaqının qalıqları olan ərazilərdən də yan keçilməmişdi.

Silahlı münaqişə xəbərdarlığı

Siyahıya keçmiş Yuqoslaviyada müharibə təhlükəsi, habelə “Rusiyada islahatların uğursuz olacağı və müəyyən formada avtoritar idarəçiliyə qayıdış” da salınmışdı. Sənədə bundan başqa “Rusiya ilə periferiyasındakı …dövlətlərdən hər hansı biri arasında” silahlı münaqişə haqda xəbərdarlıq da daxil edilmişdi.

"Ukrayna bunlardan ən çox ehtimal olunanı olmasa da, ən təhlükəli ehtimaldır”, – İqlburger yazırdı.

Memorandumun yazılmasından otuz il keçmiş Rusiyanın Ukrayna üzərinə tammiqyaslı hücumu və II Dünya müharibəsindən bəri Avropada ən böyük yerüstü müharibənin şahidi oluruq.

Memorandum ötən həftə ABŞ Milli Təhlükəsizlik Arxivinin üzərindən məxfilik statusunu götürdüyü bir neçə sənəddən biridir. Milli Təhlükəsizlik Arxivi Vaşinqtondakı Corc Vaşinqton Universitetində yerləşən qeyri-hökumət təşkilatıdır. Qurum Klinton administrasiyası dövrünə, xüsusən də ABŞ-ın Moskva ilə münasibətlərinə aid başqa sənədlərin də məxfiliyinin aradan qaldırılmasına nail olub.

Diqqət Rusiyaya yönəldi

İqlburgerin Ukrayna ilə bağlı qeydinə rəğmən, SSRİ-nin süqutundan sonrakı ilk illərdə ABŞ siyasəti açıq-aydın Rusiyaya fokuslanmışdı. Sovet dövründə ABŞ-nin Moskvadakı səfirliyində xidmət etmiş, 2000-ci illərin ortalarında isə Ağ Evin Milli Təhlükəsizlik Şurasının direktoru olmuş Tomas Qraham (Thomas Graham) belə deyir.

"Rusiyaya göstərilən diqqətə az da olsa yaxın bir şeyin Ukraynaya yönəldilməsi xeyli gecikdi”, – o deyir.

Klintonun inauqurasiyasından cəmi üç gün sonra yazılmış başqa bir sənəddə Klintonla Yeltsin telefon söhbətində keçmiş Yuqoslaviyadakı böhranı, İraqı və Rusiyanın sovet dövründən uzaqlaşmasını müzakirə edirlər.

"Biz Rusiyada demokratik islahatların uğur qazanması üçün bacardığımızı etməyə qərarlıyıq”, - Klinton Yeltsinə deyir.

Ekoloji deqradasiya, AIDS-in yayılması

Daha bir sənədsə yenə İqlburgerin Kristoferə yazdığı memorandumdur. İqlburgerin dövlət katibi vəzifəsindəki qısa xidməti Buşun daha üzün müddət xidmət etmiş baş diplomatı Ceyms Beykerin (James Baker) kölgəsində qaldığı üçün o qədər çox xatırlanmır.

Beyker təkcə Yeltsinlə deyil, daha öncə, 1980-ci illərin sonlarında SSRİ-nin dağılmağa başladığı dövrdə Qorbaçovla da danışıqların əsas fiqurlarından biri idi. O, Almaniyanın yenidən birləşməyə çalışdığı dövrdə dəfələrlə həm Qorbaçov, həm də Avropa liderləri ilə görüşüb. Bu dövrdə ABŞ və NATO rəsmiləri qoşunların Şərqi Almaniyada yerləşdirilməsinə icazə verib-verməmək haqda düşünürdülər.

Kristoferə ünvanladığı bu memorandumda İqlburger ekoloji deqradasiya, AIDS kimi xəstəliklərin yayılması kimi daha böyük qlobal məsələləri də müzakirə edir. O həmçinin Yaponiya, Avropa, Çin, Şimali Koreya və Vyetnamla “yeni tərəfdaşlıqlar yaratmaq” haqda danışır.


İqtisadi problemlər

Keçmiş Sovet İttifaqı ərazisindəki yeni müstəqil dövlətlərin potensial problemlərinə də toxunan İqlburger Ukraynanın üzləşdiyi iqtisadi problemlərin “asanlıqla Rusiya ilə təhlükəsizlik məsələləri ətrafında gərginliyi artıra biləcəyini” yazır.

O bu gərginliyin səbəblərindən biri kimi SSRİ-nin Qara dəniz donanmasının Kiyevlə Moskva arasında bölünməsi zamanı yaranan fikir ayrılıqlarını göstərir.

Sənəddə Ukrayna ərazisində qalan sovet nüvə silahlarının taleyindən də söz açılır. ABŞ rəsmiləri onların itirilə, oğurlana, yaxud hətta qara bazarda satıla biləcəyindən narahat idilər. Rusiyanın nüvə silahları ilə bağlı da oxşar narahatlıqlar var idi.

"Biz indi Ukraynanı əsas hesab etdiyimiz Rusiya ilə münasibətlərə əlavə kimi görərək deyil, onunla …mühüm oyunçu kimi davranaraq onu ram … edə bilərik. Eyni zamanda ukraynalılar ciddi qəbul edilmək istəyirlərsə, anlamalıdırlar ki, nüvə silahına malik olmaq üstünlük deyil, məsuliyyətdir”, - İqlburger yazır.

Yanlış addım?

1994-cü ildə Ukrayna Budapeşt memorandum adı ilə tarixə düşən sənədi imzaladı. Sənəddə Ukrayna, Belarus və Qazaxıstana ərazilərində qalan nüvə ehtiyatlarını Rusiyaya göndərmələri müqabilində bir sıra təhlükəsizlik qarantiyaları nəzərdə tutulurdu. Razılaşmanı bu üç ölkədən başqa ABŞ, Rusiya və Britaniya imzalayıb.

Bəzi Ukrayna rəsmiləri və Qərb müşahidəçiləri retrospektiv olaraq Kiyevin həmin silahları verməsinin səhv olduğunu deyirlər. Onlara görə, bu silahlar indi Rusiyanı hücum etməkdən çəkindirə bilərdi.

"Sovet İttifaqı dağılanda ABŞ keçmiş SSRİ boyu münaqişənin meydana gələcəyindən narahat idi. Buş administrasiyası keçmiş Sovet İttifaqında da Yuqoslaviya ssenarisinin baş verəcəyindən qorxurdu. [Bu cür münaqişələrin] ən fəlakətlisi Rusiya ilə Ukrayna arasında ola bilərdi. Biz vəziyyəti çox yaxından monitorinq edirdik. Bunun baş verəcəyini demirdik. Bu barədə düşünməyə ehtiyac var idi, ancaq heç kim bunu öncədən görə bilməzdi”, - Qraham AzadlıqRadiosuna müsahibəsində deyir.

XS
SM
MD
LG