Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:41

Qara dəniz üzərində ABŞ dronu ilə Rusiya qırıcısı toqquşub


Kollaj: Су-27 və MQ-9 Reaper dronu
Kollaj: Су-27 və MQ-9 Reaper dronu

Rusiya səfiri Dövlət Departamentinə çağırılıb

Birləşmiş Ştatlar ona məxsus PUA-nın Qara dəniz üzərində Rusiya qırıcısı ilə toqquşduqdan sonra qəzaya uğramasına görə etiraz bildirmək üçün Rusiyanın Vaşinqtondakı səfirini Dövlət Departamentinə çağırıb.

Martın 14-də Dövlət Departamentinin sözçüsü Ned Prays deyib:

"Biz rusiyalılara birbaşa və yüksək səviyyədə müraciət edərək Rusiya təyyarəsinin təhlükəli və qeyri-peşəkar hərəkətlərinin ABŞ PUA-sının qəzası ilə nəticələnməsi ilə bağlı qəti etirazımızı bildirmişik”.

ABŞ-ın Moskvadakı səfiri isə baş vermiş insidentlə bağlı ölkəsinin etiraz notasını Rusiya XİN-ə təqdim edib.

Ned Prays baş vermiş hadisəni beynəlxalq qanunun aşkar pozulması adlandırıb.

Pentaqonun sözçüsü, briqada generalı Patrik Rayder bundan əvvəl demişdi ki, ABŞ hərbi hava qüvvələri zədəli dronu vuraraq Qara dənizə salıb.

Rayder deyib ki, insident zamanı Rusiya və ABŞ rəsmiləri arasında hər hansı radio kommunikasiyasının olması barədə məlumatı yoxdur.

Rusiyanın öz qoyduğu sərhəd?

Rusiyanın Müdafiə Nazirliyi insidentin baş verdiyini təsdiq edib.

Nazirlik bildirir ki, Rusiya təyyarələri PUA ilə radio əlaqəsinə giriblər.

Rusiya tərəfi iddia edir ki, dron “Rusiya sərhədinə doğru” uçurmuş.

Nazirlik bildirib ki, ABŞ dronu Rusiyanın “Ukraynada apardığı “xüsusi hərbi əməliyyatla” bağlı birtərəfli qaydada müəyyən etdiyi “müvəqqəti istifadə rejimi zonasının” sərhədini pozub və transponderləri bağlı olduğundan xəbərdarlıqlara cavab verməyib.

Nazirliyin məlumatında bildirilir ki, sözü gedən zona barədə “beynəlxalq hava məkanının bütün istifadəçilərinə beynəlxalq normalara uyğun xəbərdarlıq edilib”.

Rusiya tərəfi bildirir ki, onun hərbi hava qüvvələrinin iki qırıcısı havaya qaldırılıb və bu vaxt dron “idarəolulnmaz” uçuş rejiminə keçərək dənizə düşüb.

Moskva Su-27 qırıcısı ilə ABŞ dronu arasında birbaşa təmas olmadığını bildirir.

Lakin ABŞ hərbi hava qüvvələrinin generalı Patrik Rayder israr edir ki, belə bir toqquşma olub və ehtimalən Rusiya təyyarəsi də zədələnib:

"Biz qırıcının PUA-nın qarşısında yanacağını necə boşaltdığını görürdük. O PUA-ya o qədər yaxınlaşıb ki, nəticədə MQ-9-un pəri zədələnib...”

İnsident barədə bilinənlər

ABŞ xəbər verir ki, martın 14-də Qara dəniz üzərində ona məxsus MQ-9 Reaper kəşfiyyat dronu ilə Rusiyanın Su-27 qırıcı təyyarəsi toqquşub.

Xəbər verilir ki, beynəlxalq hava məkanında tapşırıq icra edən dronu bu toqquşmadan sonra vurub salmaq lazım gəlib.

ABŞ Müdafiə Nazirliyinin vizual informasiyanın yayılması xidmətinin məlumatında bildirilir ki, Rusiyanın iki Su-27 qırıcısı “təhlükəli və qeyri-peşəkar tərzdə” Amerika dronunu tutmaq cəhdi göstərib.

Rusiya təyyarələrindən biri dronun pərinə toxunub. Bunun ardınca ABŞ hərbi hava qüvvələri dronu vurub salmalı olub.

Bu da bildirilir ki, dron vurularaq neytral sulara salınıb.

Beynəlxalq hava məkanında

Avropa və Afrikadakı ABŞ hərbi-hava qüvvələrinin komandanı, general Ceyms Heker (James Hecker) deyib:

"Bizim MQ-9 PUA-mız beynəlxalq hava məkanında adi əməliyyat həyata keçirirdi. Aparat bu zaman Rusiya təyyarəsi tərəfindən tutulub və vurulub. Hadisə PUA-nın qəzaya uğraması və tam dağılması ilə nəticələnib”.

Generalın sözlərinə görə Rusiya tərəfinin hərəkəti hər iki aviasiya texnikasının qəzasına səbəb ola bilərdi.

Rusiya Müdafiə Nazirliyi insident barədə heç bir açıqlama verməyib.

Prezident Baydenə məlumat verilib

Reuters agentliyi xəbər verir ki, Avropadakı NATO qüvvələrinin komandanı general Kristofer Kavoli Qara dəniz üzərində baş vermiş insident barədə müttəfiq ölkələri məlumatlandırıb.

ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Körbi deyib ki, PUA heç bir təhlükə təşkil etmirdi.

Körbi PUA-nın beynəlxalq hava məkanında uçduğunu xüsusi vurğulayıb.

O əlavə edib ki, hadisə barədə prezident Co Baydenə məlumat verilib.

ABŞ nümayəndəsi bildirib ki, Rusiya qırıcılarının təyyarə və dronları “tutması” əməliyyatı əvvəllər də keçirilib, amma bu, PUA-nın Qara dənizə düşdüyü ilk hadisədir:

"Biz bu hava məkanında daim uçuşlar keçiririk və bunu etməkdə davam edəcəyik”.

MQ-9 Reaper hazırda ABŞ-ın hərbi hava qüvvələrində əsas zərbə dronu sayılır. Bu dron saatda 400 kilometrədək uça, 24 saat ərzində havada qala bilir.

XS
SM
MD
LG