Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:03

Fransada bu tibb işçiləri işdən kənarlaşdırılır


Avstraliya
Avstraliya

Rəsmilər xəstəxanaların peyvənd olunmamış xəstələrlə dolduğunu, tibb bacılarının çatışmadığını deyir

Fransada COVID-19-a qarşı peyvənd olunmamış tibb işçiləri işdən müvəqqəti kənarlaşdırılır.

Tibb sahəsi, evdə sosial xidmət və fövqəladə xidmət işçiləri üçün vaksinasiya məcburidir və sentyabrın 15-i birinci dozanın vurulması üçün son tarix qoyulmuşdu. Oktyabrın 15-dəksə hər iki doza vurulmalıdır.

Peyvənd olunmayan tibb işçilərinin ya ödənişləri dayandırıla, ya da işdən kənarlaşdırıla bilərlər.

Əməkdaşlarının vaksinasiya statusunu yoxlaya bilməyən şirkətlər və işəgötürənləri 135 avro cərimə gözləyir. Təkrar pozuntuya görə cərimə 3 min 750 avroya qalxa bilər.

Hökumət parlamentin təsdiqlədiyi bu tədbirlərin pasiyentləri və ictimaiyyəti COVID-19-a yeni yoluxmalardan qorumaq məqsədi güddüyünü bildirir.

Fransada koronavirusdan indiyədək 113 mindən çox insan ölüb. Səhiyyə orqanları son vaxtlar xəstəxanaya yerləşdirilənlərin peyvənd etdirməyənlər olduğunu bildirir.

300 minədək tibb işçisi peyvənd olunmayıb. Bu, ümumi sayın 10 faizi deməkdir. Xəstəxanalar peyvənd qaydasının onlara personal çatışmazlığı yaşadacağından qorxurlar.

***

Birləşmiş Ştatlarda yoluxmalar, ölüm artır

Birləşmiş Ştatlarda COVID-19-a yoluxma və ölüm halları ötən qışdan görünməmiş səviyyəyə qayıdıb. Rəsmilər buna delta ştammının və peyvənd olunmayan amerikalıların səbəb olduğunu deyirlər.

Hazırda ölkədə günə 1800-dən çox ölüm və 170 min yeni yoluxma qeydə alınır. Yanvarda pik yoluxma 250 min, ölüm isə 3 min 400-ə yaxın olmuşdu. Amma vaksinasiya başlanandan 9 ay sonra qeydə alınan rəqəmlər tibb sektoru liderlərini çətin duruma salmaqdadır.

Tibbi personal qıtlığı

Florida və Luiziana kimi ocaqlarda vəziyyət düzəlsə də, Kentukki, Corciya, Tennessi kimi yerlərdə yoluxmalar artır. Səbəblər sırasında uşaqların məktəbə qayıdışı, maskadan az istifadə və vaksinasiya göstəricilərinin zəifliyi göstərilir.

Rəsmilər xəstəxanaların peyvənd olunmamış xəstələrlə dolduğunu, tibb bacılarının çatışmadığını deyir, qeyri- COVID-19 xidmətlərinin təxirə salına biləcəyi ilə bağlı xəbərdarlıq edirlər.

Bütün bunlar pandemiya ilə mübarizədə aylarla əldə olunmuş proqresi geri atır, tibb peşəkarları isə bunun qarşısını almağın mümkün olduğunu deyirlər.

Xəstəxanaların 70 faizində...

“İndi problem odur ki, biz elm əsasında bilgi verməyə çalışırıq, amma bilginin çoxu faciə, şəxsi faciə əsasında öyrənilir”, – Kentukkidə Leksinqton şəhərində reanimasiya həkimi Ryan Stanton deyib.

Kentukki xəstəxanalarının 70 faizində əsas heyətin çatışmadığı xəbər verilir ki, bu da pandemiya dövrünün ən yüksək göstəricisidir.

Hindistan kimi əhalisi çox olan ölkələrdə də gündəlik yoluxma və ölüm halları yüksək olaraq qalır. Hazırda ölkədə günə 32 minədək yoluxma qeydə alınır.

Müsbət xəbərlər gələn yerlər də var. Avstraliyanın Sidney şəhəri ətrafında 2 milyondan çox adamı əhatələyən komendant saatı sentyabrın 15-də başa çatır. Amma digər lokdaun məhdudiyyətləri yüngülləşdirilməyəcək.

Avstraliyanın koronavirus rəqəmləri bir çox ölkələrlə müqayisədə aşağıdır. İndiyədək 78 min 600 yoluxma, 1116 ölüm qeydə alınıb.

Brodvey açılıb

Nyu York şəhərində isə Brodveyin işıqları 18 aylıq görünməmiş qapanmadan sonra yenidən yanıb. Sentyabrın 14-də bəzi məşhur müzikllər oynanılıb.

Ötən ilin martında ABŞ-da pandemiyadan dolayı qapanmalar başlananda Brodvey ən son bağlanan məkanlardan idi. İndi isə ən son açılanlardandır. Teatrlar aylardır havalandırma sistemlərini təkmilləşdirir, səhnədə sosial məsafəni necə saxlamağı götür-qoy edirlər.

“Talking Heads”in qurucularından Deyvid Börnin “American Utopia” müzikli sentyabrın 17-də açılır. O, izləyicilərin teatrların açılmasından sevincini belə təsvir edib:

“Tamaşaçılar teatra qayıtdıqları, digər insanlarla bir yerdə olduqları üçün sevincdən, həyəcandan əl çalırlar”, – o, “Reuters”ə deyib.

XS
SM
MD
LG