Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:32

Reuters: ABŞ Türkiyənin S-400-ləri geri qaytarmasına çalışır


S-400 raketləri
S-400 raketləri

Birləşmiş Ştatlar Türkiyəni Rusiyadan aldığı raket sistemlərindən istifadə etməməyə inandırmağa çalışır.

Dövlət Departamentinin vəzifəli rəsmisi Reuters agentliyinə deyib ki, bu istiqamətdə danışıqlar dayanmayıb.

O eyni zamanda qeyd edib ki, Türkiyəyə əks halda sanksiyalarla üzləşə biləcəyi barədə xəbərdarlıq edilib.

Adının çəkilməsini istəməyən həmin rəsmi agentliyə deyib:

“S-400-lərlə bağlı görüləcək işlər qalır. Biz türklərin bu sistemləri söndürməsinə, geri qaytarmasına, hətta məhv etməsinə çalışırıq. Bu məsələ hələ açıq qalır. Biz təkrar vasitəçilikdən, təkrar müzakirədən, təkrar barışıqdan danışırıq. Bu məsələ masadan qaldırılmayıb”.

S-400 batereyaları Türkiyəyə iyul ayından gətirilsə də, hələlik işə salınmayıb.

Türkiyənin NATO müttəfiqləri və ABŞ S-400-lərin Rusiyadan alınmaması üçün çoxdan bəri idi ki, Ankara ilə qarşıdurmada idilər.

ABŞ bildirir ki, S-400 NATO sisteminə uyğun deyil və Amerikanın Lockheed Martin F-35 stels qırıcılarına təhlükə təşkil edir.

Vaşinqton bundan əvvəl Ankaraya S-400-ləri alarsa, sanksiyalarla üzləşəcəyi barədə xəbərdarlıq etmiş, Türkiyəni F-35 proqramından çıxarmışdı.

Həmin rəsmi deyib ki, S-400 raketdən müdafiə sistemləri barədə məsələyə Türkiyənin Suriyanın şimalına hücumu ilə bağlı müzakirələr zamanı da toxunulub.

Türkiyə ABŞ-ın vasitəçiliyi ilə kürdlərin həmsərhəd bölgədən çıxarılmasına nail olduqdan sonra Suriyanın şimalına hücumu dayandırıb.

Bu arada Ankara Suriyanın şimalında təhlükəsiz zona yaradılmasına dair Moskva ilə ayrıca razılaşma əldə edib.

Rəsmi deyib ki, prezident Türkiyəyə atəşi kəsmək şərtilə ilə sanksiyaların qaldırılmasını təklif etmişdi və belə də oldu, lakin Ankara sanksiya təhlükəsindən hələ tam çıxmayıb.

Rəsmi bunu da bildirib ki, Türkiyəyə Patriot raket sistemləri verilə bilər.

Bunu oktyabrın 23-də Reuters agentliyinə Türkiyənin müdafiə naziri Hulusi Akar da demişdi.

O bildirmişdi ki, bu məsələ prezident Recep Tayyip Erdoğanın noyabrın 13-də Vaşinqtona səfəri zamanı müzakirə oluna bilər.

Dövlət Departamentinin rəsmisi deyib ki, “Türkiyə hökumətində hamı Erdoğan deyil”.

Onun sözlərinə görə “hökumətdəki bir çox türklərin” özləri deyirdilər ki, “Rusiyanın nüfuzu altına düşmək riskindən uzaq olmaq lazımdır və biz özümüzü NATO-dan təcrid etməməliyik”.

Rəsmi deyib ki, indi artıq iş-işdən keçib və alınmış S-400-lərin “neytrallaşdırılması, zərərsizləşdirilməsi” haqqında düşünmək lazımdır.

XS
SM
MD
LG