Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:21

“Heydər Əliyev Ziynət nənəmin südünü əmib...”


Müğənni: "Ayaqyolu suyu qablarımın üstünə axır"
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

Müğənni: "Ayaqyolu suyu qablarımın üstünə axır"

Sınıq divanda yatan milyonçu nəvəsi

“Mən hələ də 90-cı ildə qonşu erməni qadının atıb getdiyi sınıq və çirkli divanda yatmağa məcburam....”

Bu sözləri AzadlıqRadiosunun “İz” proqramına Dövlət Muğam Teatrının solisti, əməkdar artist Ədilə Əflaki-Nəzərli söyləyib.

İz - «İz»də yeni dastan: «Bir sənətçinin yaşam savaşı»
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00

“ŞİKAYƏTİMİ PREZİDENTƏ ÇATDIRMIRLAR!”

Onun sözlərinə görə, mənzillə bağlı şikayətlərinə baxan yoxdur:

“3 gün əvvəl Əli Həsənova müraciət etmişəm ki, mənim məktubumu prezidentə çatdırmırlar. Siz mənim səsimi çatdırın! Məktubumu Bakı şəhər İcra Hakimiyyətinə və Fatma Abdullazadəyə göndərməyin. Yenə göndəriblər... Bakı şəhər İH deyir ki, bizdə dövlət binaları olmadığı üçün sizə mənzil vermək imkan xaricindədir. Ancaq sənət adamlarına prezidentin mənzil fondundan evlər paylanır. Neçə ildir müraciət edirəm, mənə heç nə verilmir. Halbuki mənim tələbələrimə, cavan və subay adamlara mənzil verilir. İcra Hakimiyyətindən də bir nəfər mənə dedi ki, Ədilə xanım, sizin bura şikayət məktublarınız gələndə, təəccüb qalırıq, evin şəkillərində armaturlar görünür. Siz toy çemodanlarının üstündə yatırsız. Necə olur ki, Aygün Kazımovaya ev verilir, mənə yox? Onun heç ehtiyacı da yoxdur”.

“DÜŞMƏNLƏRDƏN ƏDALƏT TƏLƏB EDƏNLƏR”

Ədilə xanım məmur ədalətsizliyindən gileylənir:

“Bəzi məmurlar düşmənlərimizdən ədalət tələb edir. O ədaləti özlərində də axtarsınlar! Mən illər boyu 60-70-90 manat məvacibə çalışmışam, səhnəyə xidmət eləmişəm. Qarabağ müharibəsində iştirak etmişəm. 45 illik fəaliyyətim dörd divara dəymədi? Bəzi məmur villalarının həyətinə döşənən plitələrin qiyməti 15-20 mindir... Mənə də dörd quru divar versinlər. Alanda yaxşıydı, verəndə yox?!”.

“BAŞ NAZİR BABAMIN MÜLKÜNÜN YERİNDƏ YAŞAYIR!”

Adilə Əflaki
Adilə Əflaki

Ədilə Əflaki hələ sovetlər dönəmində baba mülkünün sökülərək Nazirlər Kabinetinin işçiləri üçün bina ucaldıldığını deyir:

“Sahəsi 2 min kvadratmetrlik şəxsi mülkümüz əlimizdən alınıb. Orda Nəzərlilər soyadının davamçıları yaşayırdı. 8 bacı, bir qardaş və ata-anam. Atam müharibə iştirakçısıydı. Həm də, şəhid ailəsiydi. Vaxtilə İrəvanda, Göyçə mahalında bütün ailəsini qırmışdılar. 8 ailəyə 181 kvm mənzil verdilər! Mənə də oğlumla birlikdə 2 otaq yerinə 1 otaq verdilər. Odur ki, tələb edirəm! Dünya təcrübəsində şəxslərin əlindən alınmış əmlaklar nəvələrinə və varislərinə qaytarılır. Mənə düşən əmlakı geri qaytarsınlar! Demirəm ki, 100-150 kv-lıq mənzil versinlər. Qoy 2 otaqlı olsun... Baş nazir Artur Rəsizadə də babamın mülkünün yerində tikilən binada ev alıb. Bilirəm ki, onun neçə yerdə evi var. Heç orda yaşamır. Boşaltsın, mən öz mülkümün yerində yaşamağa gəlirəm. Mənim buna haqqım çatır!”.

ƏLƏKBƏR BƏY NƏZƏRLİ KİMDİR?

Ədilə xanım Əflakinin babası Ələkbər bəy Nəzərli 1882-ci ildə Bakıda doğulub. Məşhur musiqişünas, ustad qarmonçu olub. Dövrün ünlü musiqiçiləri onun evinə toplaşarmış. Ələkbər bəyin indi Ədilə xanımın haqqında söz açdığı böyük mülkü (İsmayıl Qutqaşınlı, 17) həmişə qonaq-qaralı olarmış- Cabbar Qaryağdıoğlu, Üzeyir Hacıbəyli, Bülbül, Cəfər Cabbarlı, Əliağa Şıxlinski... Hətta Mir Cəfər Bağırov! Ələkbər bəy həyətində musiqi muzeyi yaradıbmış. Orda musiqiçilər barədə sənədlər, proqramlar, afişalar və s. toplanıbmış. Yüzlərlə bar verən ağacı olan böyük həyətdə gül bülbülü, bülbül gülü çağırarmış. Üzeyir bəylə Cabbar əmi buranı “İsa bulağı” adlandırarmışlar. Ədilə xanım bildirir ki, baba mülkünün şəkli hətta “Muğam ensiklopediyası”na da düşüb. Opera teatrında çalışan Ələkbər bəy qardaşı Mehdi bəylə “Koroğlu” operasının ilk tamaşasını müşayiət edən musiqiçilərin arasında olub.

MÜLKÜ SÖKÜB YERİNDƏ BİNA UCALTDILAR

1981-ci ildə o mülkü söküb Nazirlər Kabineti üçün bina tikiblər və Ədilə xanıma bir otaq, atasına ikiotaqlı mənzil veriblər. İndi Ədilə xanım iki oğluyla həmin evdə qeydiyyatdadır. 16 kvadratmetrlik mənzil qəzalıdır. Ədilə xanım bu durumla bağlı müxtəlif təşkilatlara illərdir ayaq döysə də, heç bir nəticə yoxdur. Təkcə AzadlıqRadiosuna 6 il boyunca etdiyi müraciətlər “İz” proqramının bu sayında toplanıb.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

ƏDİLƏ XANIMIN ATASI

Ədilə xanım atasının da film kimi həyat hekayəsini AzadləqRadiosu ilə bölüşür:

“Atam uşaqlıq illərindən danışarkən kədərlənərdi. Atam Göyçə mahalında dünyaya gəlib. Erməni-müsəlman davası vaxtı Ziynət nənəm hamiləymiş, yəni atam anasının bətnində olub. Ermənilər kəndə basqın edəndə, hamını öldürüblər. Nənəm arabadan dərəyə yıxılıb. Bir erməni qadın onu xilas edib. Deyib, görürəm, hamiləsən. Sən səsini çıxarma, kim soruşsa, deyərəm ki, lal-karsan... Nə isə, Ziynət nənəmin doğuş ağrıları başlayır, atam Osman dünyaya gəlir, amma nənəm doğuşdan sağ çıxmır. Bu qorxudanmı olur, ya tibbi şərait olmadığındanmı-bilmirik. Hə, nənəm rəhmətə gedir, çağa da qalır ağlaya-ağlaya. Maraqlanırlar, soraqlaşırlar, öyrənirlər ki, bu uşağın həm ata, həm ana tərəfini qırıblar. Kənddə heç kimi yoxdur. Amma Gəncədə bir xalası var. Neyləsinlər? Uşağı kənddən çıxarıb Gəncəyə yollayırlar...”.

GƏNCƏNİN “YENİ İRƏVAN” KÜÇƏSİNƏKİ GÜLÜZ XALA...

Ədilə xanım atasının bu küçədə böyüdüyünü deyir: “Hazırda da o küçə qalıb. Orda atamın Gülüz xalası yaşayırmış. Veriblər onu övladı olmayan bu yaşlı xalaya. Süd istəyən ac uşaq ağladıqca, xala çarəsizcə ona baxırmış. Axırda dözməyib uşağı döşünə salıb. Və atam danışardı ki, onu o qədər əmmişəm ki, yaşlı qadının döşünə süd gəlib. Beləcə, Gülüz xala atamı boya-başa çatdırıb”.

OSMANIN BAKI SƏFƏRİ... İLK SEVGİ

Ədilə xanım atasının ilk sevgisindən də danışdı:

“18 yaşı olanda, atam Gəncədən Bakıya - “bibi” dediyi bir qadınla bazarlıq etməyə gəlir və anamı bazarda görür. Düşür ardınca... Məlum olur ki, bu Ələkbər bəy Nəzərlinin qızıdır. Tanınmış soyaddır. Rəssamlar, heykəltəraşlar, musiqiçilər yetişib bu nəsildən. Hə, atam qızı görən kimi ona aşiq olur. Anamın da gözəl, burma saçları olub, başında beret. Tibb Texnikumunda oxuyurmuş. Atam hər gəlişdə babamın mülkünə gəlir, qızın yolunu gözləyirmiş. Axırda həmin bibidən xahiş edir ki, qıza elçi getsin. Bibi gedib atamın başına gələnləri danışır Ələkbər bəyə. Deyir yetimdir, ata-anasını öldürüblər, Gəncədə bizim yanımızda qalır. Sizin qızı istəyir”.

“QOY MAL-MÜLKÜM BU YETİM OĞLANA QALSIN!”

Ələkbər bəy düşünüb-daşınır və qərar verir:

“Babam həm də xeyriyyəçiydi. Deyir, mənim oğlanlarım da sağ qalmayıb-ölüblər. İki qızım var. Qoy elə mal-mülk bu yetim oğlana qalsın. Savabdır. Görün, o vaxt necə kişilər olub?! Atam evlənir, böyük ailə sahibi olur. 9 övladı dünyaya gəlir. Nağıllardakı kimi, 8 qız, bir oğlan. Babam rəhmətə gedəndən sonra anam açır sənədləri və baxır ki, babam mülkü atamın adına yazdırıb”.

“Heydər Əliyev Ziynət nənəmin südünü əmib...”

Ədilə xanım maraqlı bir fakta da toxundu:

“Atam Elmlər Akademiyasında sürücü işləyirdi. Elə olur ki, Bakıda akademik Həsən Əliyevlə görüşür. Necə olursa, hal-əhval tuturlar və məlum olur ki, onların ata-anaları yaxın olub. Hətta Heydər Əliyev mənim Ziynət nənəmin südünü əmib... Anasının südü azmış. Bunu atama Həsən Əliyev deyib və əlavə edib ki, Osman, biz səninlə qan qardaşıyıq. Atamla Həsən Əliyevin bir yerdə şəkilləri də var ailə albomumuzda. Mən böyük qız idim, xatırlayıram ki, Həsən Əliyev bizə qonaq gəlirdi. Sonra Əziz Əliyev, Yusif Məmmədəliyev, Nəsir İmanquliyevin gəlişini xatırlayıram. Son zamanlar Aida xanım İmanquliyeva da gəlirdi. Albomumuzda Aida xanımın gözəl bir şəkli də olmalıdır. Yadıma gəlir, qardaşımın kiçik toyunda, - evimiz çox böyük idi, -elə bil şadlıq eviydi. Sentyabrın 20-də oldu kiçik toy. Aida xanım da gəlmişdi o toya...”.

XS
SM
MD
LG