Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:26

Leyla Mustafayeva: 'Azərbaycana gəlməyim əllərinə kart verəcək'


Leyla Mustafayeva. Tbilisi. 31may2017
Leyla Mustafayeva. Tbilisi. 31may2017

“Çalışıram məsələnin üstündən su içilməsin. Əlimdən gəldiyi qədər də çalışacam məsələ unudulmasın, Azərbaycana da, Gürcüstana da beynəlxalq təzyiqlər davam etdirilsin”.

Həbsdəki jurnalist Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayevanı iyunun 27-də Gürcüstan prezidenti Giorgi Margvelashvili qəbul edib. O, görüş haqda AzadlıqRadiosu-na bunları söyləyib:

Buna da bax:​ Gürcüstan prezidenti Muxtarlının xanımını qəbul edib

– Görüş çox yaxşı keçdi. Ona Əfqanın işiylə bağlı Azərbaycanda, eləcə də Gürcüstanda baş verənlər, bəzi detallar haqda məlumat verdik. Prezident prosesləri izlədiyini, Əfqanın oğurlanması ilə bağlı Prezident Administrasiyasının öz mövqeyini açıqladığını, bu mövqeyi gələcəkdə möhkəmləndirəcəklərini bildirdi.

Leyla Mustafayeva Gürcüstan prezidenti Giorgi Margvelashvilinin qəbulunda. Tbilisi, 27 iyun 2017
Leyla Mustafayeva Gürcüstan prezidenti Giorgi Margvelashvilinin qəbulunda. Tbilisi, 27 iyun 2017

– Leyla xanım, Giorgi Margvelashvili Əfqan Muxtarlı haqda danışarkən məhz “oğurlanma” ifadəsini işlətdi?

– O, Əfqanla bağlı əvvəlki çıxışlarında da, üç dəfə bildirib ki, oğurluq hadisəsi Gürcüstanın dövlət suverenliyini təhlükə altına alıb. Elə bugünkü müzakirələrdə də həmin oğurluq haqda danışdıq, xırda detallara qədər müzakirə aparıldı.

Buna da bax: Xanımı: 'Əfqan Muxtarlının məsələsi Gürcüstan cəmiyyətindən asılıdır'

– Gürcüstan tərəfin prosesi nəzarətə götürdüyünü demək olarmı? İyunun 27-də Gürcüstanın prokuroru da Əfqan Muxtarlının cinayət işini Azərbaycan tərəfdən istədiyini və onu dindirmək üçün müraciət etdiklərini bəyan edib.

“Azərbaycana gəlməyim əllərinə kart verəcək, Əfqanı ona verilən ittihamları boynuna götürməsi üçün mənimlə, həbsimlə şantaj edəcəklər”.

– Gürcüstan tərəf Avropa Parlamentinin məlum qətnaməsindən sonra nəsə etməyə çalışır. Amma Əfqanın dindirilməsinə gəldikdə, mən onun oğurlanması barədə Gürcüstan polisinə nəyi demişəmsə, hamısını Əfqanın dilindən öyrənib çatdırmışam. Əslində, Gürcüstan hüquq-mühafizə orqanlarının Əfqanın dindirilməsi üçün Azərbaycana müraciət etməsi vaxt itkisidir, çünki o, mən dediyimdən fərqli nəsə söyləməyəcək. Gürcüstanda Əfqanın aparıldığı yollardakı kameralardan görüntülərin götürülməsi, kəsilməsi, polisin bu işə müdaxiləsi, nəyisə gizlətməsi sonra da gedib Əfqandan ifadə almaq istəmələri... vaxt uzatmaqdır. Və bu da Azərbaycan tərəfinin xeyrinədir, əlbəttə. Bu, sadəcə, imitasiyadır. Düzdür, Gürcüstana daha çox təzyiqlər var. Ancaq indiki proseslər bizi qane etmir.

Buna da bax:​ Gürcüstan Leyla Mustafayevaya dövlət mühafizəsi ayırıb [video]

Leyla Mustafayeva: "Azərbaycana gəlməyim əllərinə kart verəcək. İstəmərəm Əfqanı daha çətin vəziyyətdə qoyum"
Gözlə

No media source currently available

0:00 0:08:12 0:00
Direct-ə keçid

– Prezidentlə görüşdən sonra sizdə hansı təəssürat yarandı? Bu görüş proseslərə hansısa formada təsir edə bilərmi?

"Gedib Əfqandan ifadə almaq istəmələri... vaxt uzatmaqdır..."

– Gürcüstan prezidentiylə görüşmək mənim təşəbbüsüm idi. Gürcüstanın digər rəsmilərindən fərqli olaraq, prezident Əfqanın oğurlandığını bildirdi. Məhz onun möhkəm mövqeyinə və üstəlik də Əfqan ona təşəkkürünü göndərdiyinə görə görüşmək istədim.

– Prezidentdən bir istəyiniz, bir tələbiniz oldumu?

– İstək budur ki, bu məsələni gündəmdən düşməyə qoymasınlar. Məsələ aktual qalsın. Üstəlik də prosesi nəzarətdə saxlasınlar, istintaqın gedişatı ilə maraqlansınlar. Prezident də mövqeyini həmişəki kimi bildirsin. O da dedi ki, mövqeyi həmişəkindən daha gücləndirilmiş olacaq. Düzdür, Gürcüstanda güc-qüvvə hökumətdədir. Prezidentin Azərbaycandakı kimi geniş səlahiyyətləri yoxdur. Amma əlbəttə, prezidentin mövqeyi də bir mövqedir. Onun məsələni nəzarətdə saxlayacaqlarını deməsi mövqeyinin baş nazirin, hökumətin mövqeyindən fərqli olduğunu göstərir, onlar, yəni hökumətdəkilər məsələni ört-basdır etməyə çalışırlar. Əfqanın həbsindən bir həftə sonra təhqiqata başlayıblar. Yəni belə görünür ki, beynəlxalq təzyiq olmasa, heç nə etməyəcəklər. Açığı, polis Azərbaycanın xeyrinə işləyir, məsələni yubadırlar. Bu da Bakının Əfqana ittiham verib həbs etməsinə gətirib çıxaracaq.

Buna da bax:​ ‘Həyat yoldaşımın oğurlandığı ölkənin vətəndaşı olmaram’

Gürcüstan prezidenti Giorgi Margvelashvili ilə görüş. Tbilisi, 27 iyun 2017
Gürcüstan prezidenti Giorgi Margvelashvili ilə görüş. Tbilisi, 27 iyun 2017

– Azərbaycan rəsmiləri isə Gürcüstanın müstəqil dövlət olduğunu, ona təzyiq göstərə bilməyəcəklərini bildirirlər.

– Onlar qarşılıqlı şəkildə işləyirlər, bir-birlərinin açığını bağlamağa çalışırlar. Buna əminəm.

– Azərbaycana gəlməyi düşünmürsüz?

– Azərbaycana gəlməyim əllərinə kart verəcək, Əfqanı ona verilən ittihamları boynuna götürməsi üçün mənimlə, həbsimlə şantaj edəcəklər. İstəmərəm Əfqanı daha çətin vəziyyətdə qoyum.

– Qızınız necədir?

"Onların bizim ailəyə kömək niyyətləri olsaydı, başqa qərar verərdilər, Əfqana vətəndaşlıq verərdilər"

– Yaxşıdır, bağçaya gedir. O gələnə kimi işimi bitirməyə çalışıram. Çətindir. Amma çatdırıram. Çalışıram məsələnin üstündən su içilməsin. Əlimdən gəldiyi qədər də çalışacam məsələ unudulmasın, Azərbaycana da, Gürcüstana da beynəlxalq təzyiqlər davam etdirilsin. Gürcüstanın ucqarlarından adi adamlar evimizə qədər gəlib dəstək verirlər, eləcə də jurnalistlərin, vətəndaş cəmiyyətinin dəstəyi çox böyükdür.

Buna da bax:​ AB həbsdəki jurnalist və fəalların azadlığını istəyir

– Əfqan Muxtarlının həbsinə həm Avropa Parlamenti, həm də Avropa İnsan Haqları Məhkəməsi çevik reaksiya verdi. Müsbət nəticəyə ümidiniz varmı?

– Əmin deyiləm. Avropa İnsan Haqları Məhkəməsi ilə bağlı presedentlər var çünki, məsələn, İlqar Məmmədov və başqalarının azad edilməsi ilə bağlı qərarlar olsa da, hökumət onları icra etməyib. Əfqanla bağlı da eyni mövqeni sərgiləyə bilərlər.

"Bir aydan sonra birinci dəfə telefonla danışa bildik"

– Əfqan Muxtarlı həbs edilən ilk günlərdə gürcü hökuməti sizə vətəndaşlıq təklif etdi və siz onu rədd etdiniz. Yenidən eyni təklif gəlsə, cavabınız dəyişə bilərmi?

– Fikrim də dəyişməyib. Bu, gürcü hökumətinin dağılan imicini toparlamaq cəhdi idi, bu, mənə yox, özlərinə hesablanmış addım idi. Üstəlik də məni bu yolla susdurmaq istəyirdilər. Onların bizim ailəyə kömək niyyətləri olsaydı, başqa qərar verərdilər, Əfqana vətəndaşlıq verərdilər, onun müdafiəsinə başlayardılar. Mən uşaq deyiləm, hər şeyi anlayıram. Onlar asan variantı seçdilər, mən də buna imkan vermədim. Amma hələ burdayam.

Buna da bax:​ Gürcüstanın baş naziri Georgi Kvirikashvili Əfqan Muxtarlı ilə bağlı rəsmi bəyanat verdi

– Əfqanla danışa bilmisinizmi?

– Bu gün – iyunun 27-də uşaq da, mən də danışdıq. Bir aydan sonra birinci dəfə telefonla danışa bildik. Uşaq soruşur ki, “ata, niyə gəlmirsən?” İzah etdim ki, hələ işləri var, hələ evimizə gələ bilməz...

– Özü necədir?

– Əfqan dedi ki, yaxşıdır, bilirəm ki, məni sakitləşdirir. Burda olanda belə səhhətində ciddi problemləri vardı, bunun birdən-birə, özü də həbsdə yoxa çıxdığına inana bilmərəm. Üstəlik, əlimizdə tibbi arayışlar var, Əfqanın şəkəri, qan təzyiqi yuxarı həddədir.

XATIRLATMA

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Ə.Muxtarlının bildirməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib. Sərhədə gətirilərək Azərbaycana təhvil verilib. Onun deməsinə görə, sərhədə cibinə 10 min avro da qoyulub.

Buna da bax:​ Əfqan Muxtarlı işi Gürcüstanda gündəmdən düşmür

Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Bakıda rəsmi qurumlar iddia edir ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil. Üstəlik, onlar vurğulayırlar ki, Ə.Muxtarlı saxlanarkən hüquq mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib.

Buna da bax:​ Gürcü fəallar Əfqan Muxtarlıya görə hökümətdən hesabat tələb edir

Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı bir sıra araşdırma yazılarının müəllifi idi.

XS
SM
MD
LG