Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:24

Aİ-də dəyişikliklər ili: Şarl Mişel gedir, Orban gəlir. Amma dərhal yox


Aİ Şurasının prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan liderləri ilə. May, 2023-cü il
Aİ Şurasının prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan liderləri ilə. May, 2023-cü il

Avropa İttifaqı (Aİ) üçün yeni il Aİ Şurasının prezidenti Şarl Mişelin bəyanatı ilə başlanıb. O, Belçika mediasına müsahibəsində deyib ki, iyunda Avropa Parlamenti seçkilərinə qatılacaq. AzadlıqRadiosunun Avropa İttifaqı məsələləri üzrə müxbiri Rikard Jozviyak bu haqda yazır.

Bu isə deməkdir ki, Mişel hazırda tutduğu vəzifədən istefa verməli olacaq.

Şarl Mişel Aİ Şurasının ən fəal rəhbərlərindən biri sayılır. O, ötən iki ildə, 44 günlük müharibədən sonra Azərbaycan və Ermənistan liderlərini danışıqlar masasında bir araya gətirib.

Ermənistanın baş naziri Nikol Paşinyan münaqişə tərəflərinin mövqelərini son dərəcə yaxınlaşdıran bəyanatları Şarl Mişelin vasitəçiliyi ilə İlham Əliyevlə danışıqlarından sonra verib.

Baş nazir Azərbaycanın Qarabağ da daxil ərazi bütövlüyünü belə görüşlərdən biri zamanı tanıdığını deyib.

Lakin Avropa İttifaqında gözlənilən dəyişiklik təkcə Mişelin vəzifəsindən mümkün gedişi deyil.

Məsələ burasındadır ki, bu il iyulun 1-dən Avropa Şurasında rotasiyalkı sədrlik 6 ay müddətinə Macarıstana keçəcək.

Ötən il, Rusiyaya qarşı sanksiyalar, İsveç və Finlandiyanın NATO üzvlüyünə namizədliyi və ən mühümü Ukraynaya hərbi və maliyyə yardımları sahəsində fərqli mövqe tutan və konsesusu pozan ölkənin baş naziri Viktor Orban AŞ-yə sədrlik edəcək.

Burası da var ki, Mişelin gedişindən sonra onun yerinə başqa bir namizəd tapılmasa, həmin 6 ay ərzində AŞ sədrliyi də Macarıstanda olacaq.

Şərq-Qərb balansı

Viktor Orbanın ölkəsi ittifaq daxilində qanunun aliliyi prinsipinin pozulmasına görə sistematik tənqid edilir. Məhz bu səbəbdən Aİ-dən Macarıstan üçün ayrılmış böyük məbləğdə vəsaitlər dondurulub. Jozviyakın yazdığına görə yeganə təsəlli budur ki, bütün bunlar ilin ikinci yarısında baş verəcək və Ukraynaya yardımlar da daxil bir sıra problemlərin həlli üçün hələ vaxt var.

Bundan başqa Avropa Parlamentinə seçki 6-9 iyunda bütün ittifaq ölkələrində keçiriləcək. Mişelin deputat seçilməsi onun indiki reputasiyası nəzərə alınarsa real görünür. Amma o seçildiyi təqdirdə Avropa deputatı kimi yalnız 16-19 iyulda and içəcək. Bu isə o deməkdir ki, o Avropa İttifaqının iyunda keçiriləcək iki sammitinə sədrlik edəcək.

Bu il ərzində Avropa İttifaqındakı üç mühüm vəzifənin – Avropa Komissiyasının prezidenti, Aİ Şurasının sədri və Avropa İttifaqı xarici işlər komissarının vəzifələri bölüşdürüləcək. Bu isə qədər də asan məsələ deyildir. 2019-cu ildə Şarl Mişel, Ursula von der LeyenJozep Borrel üçlüyü müəyyənləşdiriləndə Şərqi Avropanın payına sanballı vəzifə düşməmişdi. Jozviyakın fikrincə bu dəfə Brüssel bu balansı düzəltməyə çalışacaq.

Orban niyə veto qoya bilməyəcək?

Çoxluğu Avropa İttifaqına üzv ölkələrdən ibarət NATO-nu da dəyişiklik gözləyir. Baş katib Yens Stoltenberq onillik müddətdən sonra bu oktyabrda postundan gedəcək. Onun xələfi isə NATO-nun 9-11 iyulda Vaşinqtonda keçiriləcək sammitinə qədər bəlli olmalıdır.

Jozviyak yazır ki, Aİ və NATO bir-birindən tam ayrı təşkilatlar olsa da, onlar eyni siyasi mozaikanın bir hissəsidirlər.

Müxbir yazır ki, digər təsəlli Aİ-dəki vəzifələrə seçkilərin adi çoxluqla keçirilməsdir. Bu isə o deməkdir ki, kiminsə vəzifəyə seçilməsi üçün Avropa deputatlarının Avropa əhalisinin 65 faizini təmsil edən 55 faizinin səsi kifayətdir. Başqa sözlərlə Orban bu məsələdə özünün veto hüququndan istifadə edə bilməyəcək.

Aİ Şurasının sədri Şarl Mişelə gəlincə isə onun mandatı faktiki olaraq noyabrın 30-da bitir. Əgər qaydalar dəyişərsə, şuranın yeni prezidenti artıq bu yay vəzifəsinə başlaya bilər. Orban burda da veto hüququna malik olmayacaq, çünki yenə də adi çoxluq tələb olunur.

XS
SM
MD
LG