Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:37

Aİ Moldovaya hərbi dəstəyi gücləndirməyə boyun olur


Şarl Mişel (solda) və Maya Sandu
Şarl Mişel (solda) və Maya Sandu

Sandu qeyd edib ki, Moldovanın “bədbin ssenarilər” üçün planları var, amma onu da əlavə edib ki, “yaxın gələcək üçün risk görmürük”.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Moldovaya hərbi yardımı gücləndirmək vədi verib. Ötən həftə Moskvanın dəstəklədiyi separatçı Dnestryanı regionunda bir neçə insident baş verib və Rusiyanın bu keçmiş sovet respublikasında sabitliyi pozmağa çalışması, onu Ukraynaya qarşı müharibəyə cəlb etməsilə bağlı ittihamlar səslənib.

“Bu il Moldovanın silahlı qüvvələrini əlavə hərbi avadanlıqla təmin etməklə bu ölkəyə dəstəyimizi əhəmiyyətli şəkildə artırmağı planlaşdırırıq”, – Mişel mayın 4-də Kişinauya səfəri zamanı Moldova Prezidenti Maya Sandu ilə mətbuat konfransında deyib. O, əlavə detalları açıqlamayıb.

Gərginlikdən qaçmaq, sabitliyi qorumaq

Mişel Moldovaya kiberhücumlar və dezinformasiyaya qarşı da dəstək vəd edib. O deyib ki, Dnestryanıda gərginlikdən qaçmaq çox vacibdir.

“Sabitliyi qorumalıyıq”, – deyən Mişel onu da qeyd edib ki, qonşu Ukraynada müharibə getdiyi bir vaxtda 27 üzvlük blokun Moldovaya yardım göstərmək məsuliyyəti var.

Moskva fevralın 24-də Ukraynaya hücuma başlayandan Moldovaya yüzminlərlə ukraynalı qaçqın gedib. Mişel deyib ki, Aİ Kişinaunun “Rusiyanın Ukraynadakı təcavüzünün fəsadlarını yoluna qoymasına kömək edəcək”.

Sandu “yaxın gələcək üçün risk görmür”

Sandu öz növbəsində qeyd edib ki, Moldovanın “bədbin ssenarilər” üçün planları var, amma onu da əlavə edib ki, “yaxın gələcək üçün risk görmürük”.

Onun sözlərinə görə, Dnestryanıdakı insidentlərə oradakı “müharibəpərəst qüvvələr səbəb olub” və “belə insidentləri önləməyə çalışırıq”.

Dnestryanıdakı separatçılar ötən həftə bir neçə partlayışın baş verdiyini iddia etdilər. Moskva bunları “terror aktı” adlandırdı.

Ukrayna isə bildirdi ki, Rusiya hərbi müdaxiləyə əsas yaratmaqdan ötrü regionda sabitliyi pozmaq istəyir.

Dnestryanı 1990-cı ildə Kişinaudan müstəqilliyini elan edib. Tərəflər 1992-ci ildə qısamüddətli müharibə aparıblar. Rusiya separatçıların tərəfindən münaqişəyə müdaxilə edib. Moskvanın regionda 2 minədək əsgəri var.

Rusiya generalı bu yaxınlarda deyib ki, Moskvanın işğalının məqsədi Ukraynanın cənubundan Dnestryanıya quru dəhlizi açmaqdır.

XS
SM
MD
LG