Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:05

Ursula von der Leyen və Josep Borrel Kiyevə gəldilər


Ursula von der Leyen (solda) və Hosep Borrel
Ursula von der Leyen (solda) və Hosep Borrel

Ukrayna bildirir ki, Kiyev ətrafından qüvvələrini çəkən Rusiya yenidən qruplaşır, şərqi Donetsk və Luqansk regionlarını tam nəzarətə almağa çalışır

Avropa Komissiyasının rəhbəri və Avropa İttifaqının baş diplomatı Ukrayna prezidenti Volodimir Zelenskiyə dəstək və bloka üzvlük zəmanəti vermək üçün Kiyevə gəliblər.

Reuters agentliyinin xəbərinə görə Brüsseldən Kiyevə qatarla səfər edən Ursula von der Leyen bildirib ki, o Zelenskiyə Ukraynanın “Aİ cığırında” olmasına dair zəmanət gətirib:

“Avropa İttifaqı Şurasının hansısa ölkənin üzvlük ərizəsini qəbul etməsi adətən illərlə davam edir. Ukrayna bunu bir-iki həftəyə etdi və mən onu mümkün qədər tez hərəkət etməyə çağırıram”.

Avropa Komissiyasının rəhbəri əmin olduğunu bildirib ki, Ukrayna bu müharibədən “demokratik ölkə” kimi çıxacaq.

Avropa İttifaqının xarici işlər komissarı Josep Borrel deyib ki, onların Kiyevə səfəri Ukraynanın öz ərazisinə nəzarət etməsinin və hökumətin fəaliyyətdə olmasının göstəricisidir:

"Ukrayna istila və ya ram edilmiş ölkə deyildir. Onun xaricdən gələn müsafirləri hələ də qəbul edən hökuməti var və Kiyevə gəlmək mümkündür”.

Avropanın bir nömrəli diplomatı əlavə edib ki, Avropa İttifaqı qarşıdan gələn günlərdə Ukraynaya daha 500 milyon avro yardım edəcək.

Borrel habelə deyib ki, bu səfərdən məqsəd Aİ-nin Rusiyanın təklənməsi üçün gördüyü tədbuirlərin nümayiş etdirilməsidir.

Slovakiya Ukraynaya S-300 sistemləri verir

Slovakiyanın Baş naziri Eduard Heger ölkəsinin Ukraynaya sovet istehsalı S-300 havadan müdafiə sistemləri verdiyini deyir.

Zelenski ötən ay ABŞ konqresmenləri qarşısında videoəlaqə ilə çıxış edəndə S-300-lərin də adını çəkib, Ukraynanın səmasını Rusiya hərbi təyyarələri və raketlərinin üzünə “qapadacaq” müdafiə sistemləri istəyib.

NATO üzvləri Bolqarıstan, Slovakiya və Yunanıstanda olan S-300-lər yüzkilometrlərlə məsafəyə raket ata, qanadlı raketləri, eləcə də hərbi təyyarələri vura bilir.

Slovakiya daha öncə də bildirmişdi ki, uyğun əvəzləmə olarsa, S-300-ləri Ukraynaya verə bilər.

Kramatorsk vağzalı zərbədən sonra
Kramatorsk vağzalı zərbədən sonra

Kramatorsk vağzalına raket zərbəsində azı 50 nəfər həlak olub, 100-dən çox insan yaralanıb. Ukrayna Prezidenti Volodimir Zelenski bunu dinc sakinlərə bilərəkdən hücum hesab edir.

“Döyüş cəbhəsində qarşımıza çıxmağa gücləri və cəsarətləri çatmır, həyasızcasına dinc əhalini məhv edirlər”, – Zelenski bəyanatında deyib.

Zelenski Finlandiya parlamentinə videomüraciətində isə qeyd edib ki, hücum vaxtı vağzalda Ukrayna əsgərləri olmayıb.

Kramatorskun meri Aleksandr Honçarenko hücum vaxtı vağzalda 4 minədək insanın olduğunu bildirib.

Rusiyanın Müdafiə Nazirliyi hücuma görə məsuliyyəti götürməyib.

Vağzalın əsas binası yaxınlığına düşən böyük raketin qalıqları üzərində rusca “uşaqlarımıza görə” sözləri yazılıb.

***

Ukraynanın şərqində Kramatorsk dəmiryolu vağzalının Rusiyanın raket zərbəsi vurulması nəticəsində 30-dan çox adam həlak olub, 100-dən çox yaralı var.

“Kramatorsk dəmiryolu vağzalına iki raket atılıb”, – Ukrayna Dəmiryolları İdarəsi bəyanatında bildirib.

Sosial mediada yayılmış video və fotolarda əl çantaları və çamadanların yayında onlarla dinc sakin meyiti görünür.

Ukrayna Prezidenti Volodimir Zelenski vağzalın Toçka-U ilə vurulduğunu bildirib.

Rusiya tərəfdən hələlik, hücumla bağlı açıqlama verilməyib.

Aİ rəsmiləri Kiyevə Zelenski ilə görüşə gedir

Slovakiyanın Baş naziri Eduard Heger də Aİ rəsmiləri ilə Kiyevə gedir. O, tvitində yazıb ki, onlar Zelenski və hökumətinə ticarət və humanitar yardım təklifləri verəcəklər.

Onun sözlərinə görə, bir təklif “buğda daxil, dənli bitkilərin daşınması variantlarıdır”. Ukrayna dünyada böyük buğda təchizatçısıdır və Ukraynaya qarşı müharibə özəlliklə Yaxın Şərqdə qıtlığa səbəb olur.

Heger əlavə edib ki, onlar Ukraynaya Aİ ilə daha sıx əlaqələrdən ötrü “İslahatKomandası yaratmaq”la kömək etmək istəyirlər.

Bu arada Ukraynanın şərqindəki Kramatorsk şəhərinə Rusiyanın iki raket atdığı, itkilər olduğu barədə məlumatlar gəlir. Rusiya qüvvələrinin bombardman etdiyi ərazilərdən dinc sakinlər bu vağzal vasitəsilə evakuasiya olunurlar.

***

Apreli 8-də Avropa İttifaqının (Aİ) iki aparıcı rəsmisi Ukrayna paytaxtı Kiyevə Prezident Volodimir Zelenski ilə danışıqlara gedir. Həftənin əvvəlində Buça şəhərində rusiyalıların törətdiyi bildirilən vəhşiliklər haqda məlumat yayılandan bəri Qərb liderləri ilk dəfədir Ukraynaya səfərə çıxırlar.

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və birliyin baş diplomatı Cozep Borrel Polşanın kiçik, Ukrayna sərhədinin 13 km-də yerləşən Przemısl şəhərindən qatarla yola düşüblər. Ukraynanın hava məkanı müharibəyə görə bağlıdır.

Martın ortasında Polşa, Sloveniya və Çex Respublikasının baş nazirləri qatarla Kiyevə getmişdi. Ötən həftə isə Avropa Parlamentinin Prezidenti Roberta Metsola orada olub.

Yeni sanksiyalar gəlir

Qərb Kiyevdən şimalda yerləşən Buçada dinc sakinlərin qətlini pisləyib, Rusiyaya sanksiyaları sərtləşdirib. Rusiya isə ittihamları rədd edir, bunu Ukraynanın “provokasiyası” adlandırır.

Yerli rəsmilər Rusiya qüvvələrinin Buçada 300-dən çox insanı öldürdüyünü, onlardan 50-nin edam olunduğunu deyir.

Von der Leyen bu vəhşiliklərə cavab olaraq aprelin 5-də Rusiyaya beşinci sanksiya paketini təklif edib.

Mənbələrin dpa-ya dediyinə görə, Aİ-nin 27 üzvünün təmsilçiləri aprelin 7-də axşam layihəni dəstəkləyiblər. Layihəyə kömür, ağac, vodka idxalına qadağa da daxildir.

Borodyanka

Zelenski aprelin 7-də axşam deyib ki, Kiyevdən şimal-qərbdə Rusiya qüvvələrindən geri alınmış Borodyankada vəziyyət Buçadakından “xeyli daha qorxuludur”.

Borodyankadan yayılmış videoda xilasedicilər uçmuş binanın dağıntıları arasında qazıntı işləri aparırlar. Orada yüzlərlə insanın basdırıldığı güman edilir.

Şəhərlər atəş altında

Ukrayna bildirir ki, Kiyev ətrafından qüvvələrini çəkən Rusiya yenidən qruplaşır, şərqi Donetsk və Luqansk regionlarını tam nəzarətə almağa çalışır. Bu regionların bir hissəsi 2014-cü ildən Rusiyanın dəstəklədiyi separatçıların nəzarətindədir.

100 mindən çox insanın qaldığı bildirilən Mariupol liman şəhəri də hədəfdədir.

Britaniya Müdafiə Nazirliyinin aprelin 8-də yaydığı məlumata görə, Rusiya şərq və cənub hissələrdə şəhərləri atəş tutur. Rusiya qüvvələrinin öz nəzarətlərində olan İzyum şəhərindən cənuba doğru irəlilədikləri xəbər verilir.

Ukrayna bu gün dinc sakinlər üçün 10 humanitar dəhliz açmağı planlaşdırır, amma mühasirədə olan Mariupoldan sakinlər şəxsi maşınlarla çıxmalı olacaqlar.

Baş nazir müavini İrina Vereşçukun elan etdiyi 10 təhlükəsiz dəhlizin hamısı Ukraynanın cənub və şərq hissələrində açılmalıdır.

XS
SM
MD
LG