Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:42

Həyat yoldaşını öldürməkdə suçlanan qadın azadlığa buraxıldı


2020-ci ildə Azərbaycanda ailə münaqişələri nəticəsində 59 nəfər qəsdən adam öldürmənin qurbanı olub.
2020-ci ildə Azərbaycanda ailə münaqişələri nəticəsində 59 nəfər qəsdən adam öldürmənin qurbanı olub.

Həyat yoldaşını öldürməkdə suçlanan Sevda Babayeva məhkəmə zalından azadlığa buraxılıb. Məhkəmə belə nəticəyə gəlib ki, Babayeva özünümüdafiə edərkən bu hadisəni törədib. Ona CM-in 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə verilən ittihamı məhkəmə CM-in 123-cü (zəruri müdafiə həddini aşmaqda adam öldürmə) maddəsinə tövsif edib. Babayevaya bu maddə ilə 1 il 6 ay həbs cəzası kəsilib. Azərbaycanda noyabrın 8-də qəbul edilən Amnistiya Aktı şamil olunaraq o, məhkəmə zalından azadlığa buraxılıb.

Hadisə 2021-ci ilin aprelində Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib. 1994-cü il təvəllüdlü Elvin Əsgərzadə bir bıçaq zərbəsindən ölüb. Zərbə onun ürəyinə dəyib.

26-yaşlı Babayeva məhkəmədə ifadəsində danışıb ki, evlilikdən öncə Elvinlə 7 il sevgili olublar. Hətta valideynlərinin narazılığına baxmayaraq, onunla ailə qurmağa qərar verib. Evləndikdən cəmi il yarım sonra bu hadisə baş verib. Onların 1 yaş 6 aylıq bir qızı var.

Əri tərəfindən öldürülən Fəridənin anası: '7 bıçaq zərbəsi amansız qətl sayılmır?'
Gözlə

No media source currently available

0:00 0:04:33 0:00

"Nəsə deyəndə də döyülürdüm, söyülürdüm"

Babayevanın dediyinə görə, evlənəndən sonra aralarındakı münasibət kəskin dəyişib, aralarında tez-tez mübahisələr, davalar olub. Təqsirləndirilən şəxs deyir ki, əri ailə ilə maraqlanmır, onu tez-tez döyür, təhqir edirdi: "Kirayə qaldığımız evin pulunu ödəmirdi, ona görə hamilə olduğum dövrdə bizi evdən çıxardılar. Başqa evə köçdük, yenə eyni vəziyyət təkrarlandı. Məcbur qalıb Lökbatanda atamın həyətində olan əlavə evə köçdük. Orada qalanda da uşağın yeməyini belə almırdı. Fəhlə işləyirdi, amma bilinmirdi ki, qazancı hara gedir. Buna görə nəsə deyəndə də döyülürdüm, söyülürdüm".

Qadın deyir ki, bir həyətdə yaşasalar da, həyat yoldaşı ilə aralarındakı problemləri, zorakılığa məruz qalmasını valideynlərinə bildirmirdi. Həm ailəsinin dağılmasını istəmirdi, həm də öz seçimi idi deyə, susurdu. Onun sözlərinə görə, zaman-zaman ərinin başqa qadınlarla münasibətlərinə görə də aralarında mübahisələr olub: "Hamama girib telefonla danışırdı, soruşanda da deyirdi ki, yaxşı eləyirəm. Məni şillə, yumruq, təpiklə elə döyürdü ki, adam arasına çıxası halım olmurdu. Narkotikdən istifadə etməyə başlamışdı...".

'Dözməyib gecə iki uşaqla Bakıya qaçdım' - Zorakılıq qurbanı
Gözlə

No media source currently available

0:00 0:05:28 0:00

"Necə vurmuşam, heç bilmirəm"

Hadisənin necə baş verməsinə gəlincə, Babayeva bildirib ki, həmin gün də əri onu döyürdü. Qaçıb mətbəxə girib, amma qapısını bağlamağa imkan tapmayıb, Elvin də arxasınca gəlib. Qadının sözlərinə görə, həyat yoldaşı başını mətbəxdəki şkafa vurub, ardınca onu tutub boğmağa başlayıb: "Onun əlindən canımı qurtarmağa çalışırdım. Elə vəziyyətdə idim ki, indi də o məqamı tam xatırlaya bilmirəm. Əlimi atdım, bıçaq mətbəxdə stolun üstündə idi. Necə vurmuşam, heç bilmirəm. O, çıxıb getdi. Az sonra atamgilə keçəndə gördüm ki, qapının ağzında uzanıb".

Sevdanın qışqırığına ata-anası gəlib, dərhal təcili yardım çağırıblar. Gələn həkim Elvin Əsgərzadənin artıq öldüyünü deyib.

Elnur Salmanov
Elnur Salmanov

Sevda Babayevanın vəkili Elnur Salmanov hadisənin necə baş verdiyini təhlil edərək müvəkkilinin bu əməli affekt vəziyyətində törətdiyini vurğulayıb.

"Mən onu bilərəkdən öldürməmişəm, özümü müdafiə eləmişəm", – Babayeva hökmdən öncə son sözündə belə deyib.

Hadisə günü marixuana qəbul edib

Ekspertiza Babayevanın üzərində xəsarətlərin, o cümlədən boynunda boğulmaya xarakterik izlərin olması barədə rəy verib. Həmçinin mərhum Əsgərzadənin meyitini müayinə edən ekspert onun hadisə günü narkotik maddə olan tiryək qəbul etdiyi nəticəsinə gəlib.

Mərhumun atası Pənah Əsgərov zərərçəkmişin hüquqi varisi qismində tanınıb. O, gəlinindən şikayətçi olub və cəzalandırılmasını tələb edib.

Rəsmi açıqlamalara görə, 2020-ci ildə Azərbaycanda ailə münaqişələri nəticəsində 59 nəfər qəsdən adam öldürmənin qurbanı olub. Ölənlərdən 43-ü qadın (iki hamilə), biri uşaq olub. Ailə münaqişəsi nəticəsində qurbanlardan bir qadının özünüöldürmə həddinə çatdırıldığı vurğulanır. 793 qadın və beş uşağın isə qəsdən sağlamlığa yüngül zərər vurma cinayəti ilə üzləşdiyi bildirilir.

XS
SM
MD
LG