Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:31

Yazmağa nə üçün və necə məcbur oldum


Bu kitab onillərlə davam edən strateji düşüncələrimin son məhsulu, yazmamın daxili siyasi-mənəvi imperativə çevrilməsinin nəticəsidir. Onun imperativə çevrilən yazılması fikri cəmiyyətin sosial-psixoloji və sosial-siyasi ehtiyacından doğub... Cəmiyyətimizdə strateji – uzunmüddətli, geniş və dərin düşüncə çatışmazlığının ortadan qaldırılması ehtiyacından yaranıb.

Milli problemlərimiz haqqında uzunmüddətli strateji düşüncələrimin sonunda gəldiyim başlıca tarixi-siyasi nəticələr bu oldu ki, onların əsas qaynaqları:

Birincisi, milli tarixi-siyasi inkişaf inkişaf prosesimizin kənar zorakı müdaxilə ilə pozulması;

Ikincisi, milli dövlətçiliyimizin yaranması, inkişafı və davamlılığının qarşısının alınması;

Üçüncüsü, müasir tarixi-siyasi inkişaf – demokratik inkişaf yolundan çıxarılmağımızdır.

Dövlətçilikdə ən başlıca məsələlərdən biri davamlılıqdır, çünki dövlətçilikdə davamlılıq əsasdır. Dövlətçilikdə davamlılıq milli siyasətin – dövlət siyasətinin davamlılığını tələb edir. Bu da dövlət siyasətinin davamlılığını təmin edən nəsillərin davamlı olaraq yetişdirilməsini tələb edir. O da öz növbəsində milli siyasət məktəbinin yaradılmasını və davamlı olaraq fəaliyyət göstərməsini tələb edir.

Milli siyasət məktəbini isə milli-strateji düşüncəli professor, müəllim heyəti, milli-strateji düşüncə məhsulları olan dərsliklər, əlavə dərs vəsaitləri və elmi-siyasi ədəbiyyat olmadan təsəvvür etmək mümkün deyil. Bax bu cür strateji alqoritmlə davam edən yorucu siyasi düşüncələr nəticəsində kitabın yazılması artıq daxili imperativə çevrildi...

Təbii ki, biz davamlı olaraq dünya təcrübəsini öyrənməli və yenilikləri izləməliyik. Lakin öz milli siyasət məktəbimizi yaratmalı və dövlətimizi idarə edəcək yeni siyasətçi, diplomat, hərbçi, kəşfiyyatçı və güvənlikçilər nəsillərini məhz özümüz yetişdirməliyik.

Dünyamız getdikcə daha sürətlə qloballaşır, “kiçilərək darısqallaşır”, millətlər və dövlətlərarası rəqabət isə amansızlaşır. Bu amansız rəqabətdə yetərli strateji insan qaynağı – yetərli sayda azad və yaradıcı insanları olanlar qalib gələcək, bəşəriyyəti və dünyamızı idarə edəcəkdir. Biz də, gec olsa da, başımızı qaldırmalı, gələcəyə, mümkün qədər uzaq gələcəyə baxmalıyıq. Çünki gələcək görənlərin, zəfər inananlarındır.

Bizim quracağımız milli siyasət məktəbi də bu amansız rəqabətə davamlı, gələcəyi görən və inanaraq zəfərə yürüyən gələcək nəsillərimizi:

- fiziki cəhətdən tam sağlam;

- əqli cəhətdən üstün zəkalı, tənqidi və analitik fikirli, strateji düşüncəli;

- azad ruhlu və yaradıcı ləyaqətli şəxsiyyətlər nəsillərini yetişdirməlidir.

İstədim ki, milli vəzifəmiz hesab etdiyim bu müqəddəs işdə mənim də, əgər millətimiz qəbul edərsə, kiçik bir töhvəm olsun...

Millətimiz və dövlətimiz üçün xeyirli və uğulu olması arzusu ilə,

Sülhəddin Əkbər

XS
SM
MD
LG