Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 19:02

Albaniyanın sabiq prezidenti Meta korrupsiya ittihamlarına görə saxlanılıb


Albaniyanın keçmiş prezidenti və müxalif Azadlıq Partiyasının hazırkı lideri İlir Meta polis maşınına mindirilir.
Albaniyanın keçmiş prezidenti və müxalif Azadlıq Partiyasının hazırkı lideri İlir Meta polis maşınına mindirilir.

Albaniya polisi Korrupsiyaya Əleyhinə Xüsusi Prokurorluğun sorğusu əsasında ölkənin sabiq prezidenti İlir Metanı oktyabrın 21-də saxlayıb.

2017-2022 illərdə ölkə prezidenti olmuş Meta Tiranada korrupsiyada, çirkli pulların yuyulmasında, əmlakın açıqlanmaması və gizlədilməsində şübhəli bilinərək həbs edilib.

Metanın keçmiş həyat yoldaşı Monika Krimadiyə qarşı da eyni ittihamlar irəli sürülüb. Vəkilə və Azadlıq Partiyasının keçmiş liderinə polisə könüllü təslim olmaq əmri verilib.

İttihamçılar onlara və daha iki nəfərə qarşı çirkli pulların yuyulması və korrupsiya ittihamlarını hələ ki irəli sürməyiblər.

"The Associated Press" Metanın vəkili Qents Yokutaya istinadən bildirir ki, keçmiş prezidentə qarşı iş siyasi motivlidir. Metanın sözçüsü Tedi Bluşi mətbuat konfransında həbsi "məsuliyyətsiz addım" sayaraq Korrupsiyaya Əleyhinə Xüsusi Prokurorluğun öz hərəkətləri ilə müxalifəti məhv etməyə çalışdığını söyləyib: "İki müxalifət liderinin siyasi motivlərlə həbsi onlara qarşı savaş açılması deməkdir".

"Siyasi motivlidir"

Krimadi mediaya açıqlamasında özünə və keçmiş ərinə qarşı ittihamları rədd edib və onları "siyasi motivli" adlandırıb.

Meta indiki hökuməti "kleptokrat rejim"ə başçılıq etməkdə suçlayıb ("kleptokrat" dedikdə "oğruların hakimiyyəti" nəzərdə tutulur -red.) O, qanunvericilik, inzibati və məhkəmə orqanlarındakı bütün hakimiyyətin baş nazir Edi Ramanın əllərində cəmləşdiyini deyib.

İlir Meta
İlir Meta

Albaniya siyasətinin veteranı sayılan Meta kommunizmin çöküşündən sonra müxtəlif yüksək vəzifələrdə çalışıb. O, qatılacağı mətbuat konfransından öncə öz avtomobilində Kosovadan qayıdarkən üzümaskalı, mülkigeyimli polislər tərəfindən saxlanılıb.

Zor işlədilib

Polisin sözlərinə görə, maşını tərk etmək əmrinə tabe olmadığına və polis əməkdaşları ilə məhkəmə rəsmilərinə qarşı təhqiramiz ifadələr söylədiyinə görə Metaya qarşı zor işlədilib.

Albaniya polisi həbsin Korrupsiya Əleyhinə Xüsusi Prokurorluğun sorğusu əsasında və qaydalara uyğun gerçəkləşdiyini deyib. Xüsusi Prokurorluq bildirib ki, Metanın həbsi beş il sürən istintaqın nəticəsidir.

Prokurorların sözlərinə görə, Meta ABŞ-də lobbiçilik üçün yararlandığı 460 min dollar barədə hesabat verməyib. Meta və Krimadi qanunsuz yolla əldə etdikləri pullarla əmlak almaqda suçlanırlar.

Aİ və ABŞ-nin dəstəyi ilə yaradılan Albaniya institutları korrupsiyaya qurşandığı iddia edilən sabiq hökumət rəsmilərinə qarşı bir neçə istintaq işi başladıb.

Aİ-nın Albaniyadakı sabiq səfiri Romana Vlahutin həbsi alqışlayıb və deyib ki, bu, Albaniyada heç kimin qanundan üstün olmadığının bir işarəsidir.

XS
SM
MD
LG