Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:49

Litva Rusiyanı 'terrorçu dövlət' elan edən qətnamə qəbul etdi


Litva Seymi aprelin 12-də videobağlantı ilə Volodimir Zelenskini alqışlayır
Litva Seymi aprelin 12-də videobağlantı ilə Volodimir Zelenskini alqışlayır

Ukrayna polisi Buçada dinc sakinlərin çoxunun güllə yarasından öldüyünü bildirir. Qurbanların bəzilərinin əlləri arxadan bağlı olub.

Litva parlamenti – Seym Rusiyanı “terrorçu dövlət” elan edən və Moskvanın Ukraynaya səbəbsiz və əsassız müdaxiləsini “Ukrayna xalqının soyqırımı” adlandıran qətnaməni yekdilliklə qəbul edib.

Mayın 10-da səsə qoyulmuş qətnamədə millət vəkilləri Ukraynadakı müharibəyə görə məsuliyyət daşıyan Rusiya rəsmiləri üçün II Dünya Müharibəsindən sonra müttəfiqlərin nasist Almaniyası üçün qurduğu Nürnberq tribunalına bənzər məhkəmənin yaradılmasına çağırırlar:

"Silahlı Qüvvələri mülkiləri bilərkdən və sistematik bombardman edən Rusiya Federasiyası terrorizm aktlarına dəstək verən və belə aktları həyata keçirən dövlətdir”.

Ekspert: Ukraynada müharibənin yeni mərhələsi başlayır
Gözlə

No media source currently available

0:00 0:02:53 0:00

SSRİ-nin “xortlaması”

Rusiya prezidenti Vladimir Putini sovet diktatoru İosif Stalinə bənzədən qətnamədə müasir Rusiyanın Sovet İttifaqının “xortlaması” olduğu vurğulanır.

Qətnamə BMT-ni, Avropa Parlamentini, AŞPA-nı, NATO Parlament Assambleyasını, xarici parlament və hökumətləri Rusiya Federasiyasının soyqırım, müharibə cinayətləri və insanlığa qarşı cinayətlər törətməsini tanımağa və onu mühakimə etməyə çağırır.

Ötən ay digər iki Baltik ölkəsi – Estoniya və Latviya da Rusiyanı Ukrayna xalqının soyqırımında ittiham edən qətnamələr qəbul edib.

Bundan başqa Rusiyanın Ukraynaya müdaxiləsinin rəmzinə çevrilmiş “Z” və “V” işarələri Baltik ölkələrinin hamısında qadağan edilib.

Almaniya, Niderlandın xarici işlər nazirləri Ukraynada olublar

Almaniya və Niderlandın xarici işlər nazirləri Ukraynaya qəfil səfər ediblər. Onlar ötən ay Rusiya qüvvələrinin Kiyev ətrafından geri çəkilərkən hərbi cinayətlər törətdikləri bildirilən Buça və İrpində olublar.

“Bu qurbanlar biz ola bilərdik”

Almaniyanın baş diplomatı Annalena Baerbok niderlandlı həmkarı Vopke Hoekstra ilə birlikdə bu gün Ukrayna prezidenti Volodimir Zelenski və Xarici işlər naziri Dmitro Kuleba ilə görüşməlidirlər.

Rusiya qüvvələrinin Buçadan və Kiyev yaxınlığındakı digər şəhərlərdən çəkilərkən qətllər, işgəncə törətməsinə, döyüşlərdə dinc sakinləri vurmasına, eləcə də kütləvi məzarlıqlara dəlillər var. Bir sıra ölkələr, o cümlədən BMT, Beynəlxalq Cinayət Məhkəməsi törədilənlərin hərbi cinayət olub-olmadığını araşdırmağa çağırıb.

Ukrayna polisi Buçada dinc sakinlərin çoxunun güllə yarasından öldüyünü bildirir. Qurbanların bəzilərinin əlləri arxadan bağlı olub.

Baerbok qurbanlar üçün ədalətin təmin olunmasına çağırıb.

“Bu qurbanlar biz ola bilərdik”, – o, Ukraynanın baş prokuroru ilə Buçanı gəzəndən sonra deyib.

“Bu hərəkətlər cəzasız qala bilməz”

Rusiya hakimiyyəti Ukraynada dinc sakinlərin hədəfə alınmadığını deyir. Rusiyanın iddiasına görə, Buçada küçələrdəki meyitlər səhnələşdirilib, məqsəd Qərbin yeni sanksiyalarını əsaslandırmaq, sülh danışıqlarını pozmaq olub.

Hoekstra İrpin küçələrində olub, Baerbokun mümkün hərbi cinayətlərin araşdırılması ilə bağlı çağırışına qoşulub.

“Bombalanmış evlər və binalar müharibənin burada yaşayan kişilərin, qadınların və uşaqların həyatlarına təsirini göstərir”, – o, Twitter-də yazıb.

“Bu hərəkətlər cəzasız qala bilməz. Niderland həqiqətin tapılmasına və ədalətin təmin olunmasına sadiqdir”, – o deyib.

Kiyevlə Berlinin münasibəti

Bu səfər Kiyevlə Berlinin münasibətlərinin yenidən qurulmasının əlaməti ola bilər. Almaniya Prezidenti Frank-Valter Ştaynmeyer 2005-2009 və 2013-2017-ci illərdə xarici işlər naziri olanda Moskvaya qarşı yumşaq siyasətinə görə tənqid olunur. Amma sonradan həmin siyasi mövqeyinin səhv olduğunu etiraf edib.

Ştaynmeyer və Zelenski mayın 5-də telefonlar danışıblar. Bundan öncə Ukrayna Almaniya prezidentinin Kiyevə səfərinə razılıq verməmişdi.

Almaniyanın Kansleri Olaf Şolts da Kiyevə səfər etməyib. O deyib ki, Ştaynmeyer qəbul edilməyəndən sonra onun səyahət etməsi düzgün olmaz.

XS
SM
MD
LG