Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 19:38

Almaniya partiyasını Kremlə xidmətdə ittiham edirlər


Almaniya üçün Alternativ partiyasına qarşı etiraz aksiyasının plakatlatından biri
Almaniya üçün Alternativ partiyasına qarşı etiraz aksiyasının plakatlatından biri

Almaniya hökumətini təşkil edən üç koalisiya partiyası parlamentdə xüsusi iclasın keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Bundestaqda Çexiya mediasında yayılmış informasiya müzakirə olunub.

Söhbət ilk növbədə Almaniya üçün Alternativ (AA) partiyasının Avropa Parlamentinə əsas namizədi Maksmilian Kradan və bu partiyadan olan ikinci namizəd Petr Bıstrondan gedirdi.

Hər iki populist siyasətçi Voice of Europe adlı platformada müsahibə vermişdilər.

Çexiya sözü gedən platformanı Kremlin maraqlarını yaymaqda şübhəli qurum kimi sanksiya siyahısına salıb.

Denik N qəzetinin verdiyi məlumata görə, belə görünür, Bıstron bu xidmətlərinə görə rusiyayönlü şəbəkədən pul alıb.

Rusiyaya "pullu-pulsuz" xidmət

Bundestaqdakı bütün başqa fraksiyalar da AA-nı “Rusiyaya yaxınlıqda və Almaniyanın maraqlarına xəyanətdə” ittiham ediblər.

Xristian Demokrat İttifaqı Partiyası fraksiyasının eksperti Kristof de Vris açıq bəyan edib ki, AA-nın bir çox deputatları pullu-pulsuz Rusiyaya xidmət edirlər.

Deputat vurğulayıb ki, bu millət vəkillərinin simasında “Putin Almaniyada özü üçün faydalı ipləmələr və icraçılar tapıb”.

Bıstron bu iclasda iştirak etmirdi. Bir çox çıxış edənlər təqsirsizlik prinsipinin mühümlüyünü vurğulasalar da, AA-nın Rusiyaya prinsipial yaxınlığından danışırdılar.

Belarusa niyə gedibmiş?

Almaniya Sosial-Demokrat Partiyası sədrinin müavini Dirk Vize AA-nı bu parlament platformasından istifadə edərək Petr Bıstronun Belarusa səfərinin məqsədini izah etməyə çağırıb.

Deputat rəsmən Litvaya səfər etdiyini bəyan etsə də, əslində Belarusa gedib.

Vize vurğulayıb ki, AA siyasətçiləri bir qayda olaraq seçkilərinə İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatını buraxmayan ölkələrin seçkilərində müşahidəçilik edirlər.

Deputat daha sonra üzünü zaldakı AA üzvlərinə tutub:

“Siz demokratik yolla seçilsəniz də demokratik deyilsiniz. Siz diktaturaların carçısısınız”.

AA adından parlament iclasında fraksiya sədrinin müavini Ştefan Koyter çıxış edib. O ittihamları “əcinnə ovu” adlandırıb. Onun sözlərinə görə Bıstron heç bir qanunsuzluğa yol verməyib.

Amma ASDP deputatı Mayya Valşteyn deputat Koyterə Bıstronun nasist salamı verən Hitlerin fotolarını WhatsApp şəbəkəsində paylaşdırğını xatırladıb.

“Aysberqin ucu”

Başqa deputatlar AA-nı Rusiyanın dezinformasiya kampaniyalarında iştirakda ittiham ediblər.

Azad Demokratiya Partiyasının deputatı Konstantin Kule bildirib ki, o Rusiyanın Almaniyada demokratiyanı sarsıtmaq üçün göstərdiyi müntəzəm cəhdlərdən narahatdır.

O Kra və Bıstronla bağlı epizodu “aysberqin yalnız ucu” adlandırıb.

Almaniyanın Der Spiegel məcmuəsi martın sonlarında yazırdı ki, Çexiya hökuməti Avropanın 6 ölkəsində Rusiyanın nüfuzunu yayan böyük əməliyyatın üstünü açıb.

İddia edilir ki, xüsusi xidmətlərin köməyi ilə yaradılmış şəbəkə sağ təmayüllü siyasətçiləri və belə görünür, Almaniya üçün Alternativin üzvlərini maliyyələşdirirmiş.

Der Spiegel yazırdı ki, Voice of Europe platformasının eyni adlı xəbər saytı Avropa Parlamentinə Moskvaya rəğbətli namizədlərin maliyyələşdirilməsinin orta zənciri rolunu oynayıb.

XS
SM
MD
LG